Təbiətə dönüşün
poeziyası
YAXUD "LALƏLƏR YAMACDA TONQAL OLANDA"...
Şair Vəliyulla Novruzun geniş mütaliəsi
var. O, həyata və
insan hisslərinə dərindən bələd
olan bir şairdir.
Klassiklərimizin xeyli sayda şeirini
əzbər bilir. Gözəl diksiyası
var. Elə bil dediyi şeirlər onun səsinin üstə yazılıb.
Rast gəlinən hər bir həyat faktına şeir deyir. Fikirlərini şeirlə əsaslandırır.
Bölgədə yaşamasına baxmayaraq,
müasir ədəbi
prosesə yaxından bələddir, dövri mətbuatda yeni şeirləri ilə daim çıxış edir.
Yaradıcılığı haqqında tanınmış
tənqidçilər dövri
mətbuatda məqalələr
yazıblar.
Onunla
ilk dəfə şeirləri
ilə tanış
olmuşam. Sonra tədbirlərin birində yaradıcılıq
taleyimiz bizi görüşdürdü. Xeyli ordan-burdan, şeirdən-sənətdən
söhbət etdik.
Gördüm ki, Vəliyulla
müəllim həyatda
nizam-intizamlı olduğu
kimi, şeirlərində
də səliqəlidir.
Şeirlərinin qafiyə tutumu,
morfologiya və sintaksisi çox zəngindir. Hətta bəzi
şairlər ərindiyindən
şeirin bəndlərində
1-ci misra ilə
3-cü misranı qafiyələndirmirlər,
adətən 2-ci misra
ilə 4-cü misranı
qafiyə edirlər.
Amma Vəliyulla müəllimin
şeirlərində 4 misranın
hamısı qafiyə
üzərində bərqərar
olur. Çünki
müəllim olduğu
üçün onda saat və dəqiqə dəqiqliyi var. Nə bir dəqiqə dərsə gecikər, nə də dərslərində bir bir dəqiqə boş oturar. Bütün bunların hamısı zəhmətlə istedadın
cilalanmasından irəli
gəlir.
Vəliyulla Novruzun şeirlərinin ən başlıca xüsusiyyəti bədiliyi
ilə yanaşı, həm də yüksək axıcılığa
malik olmasıdır. Fikir vermişəm,
Vəliyulla müəllim
o şeirləri əzbər
bilir ki, orda axıcılıq başlıca şərtdir.
Şairin aşağıdakı
şeirinə diqqət
yetirək:
Yazın
müjdəcisi gəlir
qaranquş,
Dağların başına çəkilir
bu qış.
Ağaclar gör necə pucurlayıbdı,
Qönçənin dodağı uçuğlayıbdı.
Köçəri quşlar da qayıdır geri,
Köhnə yuvaların isinir
yeri,
Günəş də üfüqdən
durub boylanır,
Təbiət yuxudan indi oyanır.
Açır yaxasını nərgiz,
bənövşə,
Güllərin xoş ətri yayılır döşə,
Çiçəkdən-çiçəyə qonur arılar,
Çölə xalısını sərir
ilk bahar.
Baxırsan hər yana nur ələnibdi,
Körpə fidanlar da pöhrələnibdi,
Lalələr yamacda tonqal tək yanır,
Təbiət yuxudan indi oyanır.
("Bahar duyğuları")
Bu şeirin axıcılığına
heyran qalmaya bilmirsən. Azərbaycan dilinin gözəllikləri
bu şeirin misralarında çiçəklər
kimi sərgilənib.
Mən deyərdim ki, Vəliyulla müəllimin
"Bahar duyğuları"
şeiri Azərbaycan ədəbiyyatında bahar
haqqında yazılmış
10 şeirdən biridir.
Çünki bu şeirdə
təbiət lövhələri
nə qədər canlı və gözəldir.
Vəliyulla Novruz misra şairi
deyildir. Onun şair həqiqəti misralarda görünmür,
şeirin bütövlüyündə,
məzmununda yerini
oxuculara nişan verir. Məhz buna görə
onun şeirlərindən
sitat gətirəndə
mətni misralara və ya bəndlərə
bölə bilmirsən,
şeiri bötüv təqdim etmək məcburiyyətində qalırsan.
Aşağıdakı şeirə
baxaq:
Yamanca kövrəldim, yamanca düzü,
"Mən sizi görəndə özümü
gördüm."
Gəzdim
qarış-qarış yamacı,
düzü,
O yerlərdə itən izimi gördüm.
Ay Çökəm, Vələsim,
Qızılağacım,
Nədən tonqal kimi durub
yanırsız?
Siz mənim ümidim, dərdim, əlacım,
İndi
yarpaq-yarpaq alovlanırsız .
("Çoxdan bu yerlərə gəlməmişdim
heç")
Vəliyulla müəllim nədən
yazırsa-yazsın orda
təbiətə bir dönüş var. Təbiətin
gözəlliklərinə qayıtmaq, onu şeirə gətirmək,
oxucuların könül
düyğularını təbiətlə
bağlamaq istəyi şairin ən böyük uğurudur.
60-cı illər ədəbiyyatı
keçmiş sovet məkanında bir dönüş nöqtəsi
olsa da, şeirimizi təbiətdən
bir az
uzaqlaşdırdı. Əsas
fikir milli azadlıq duyğuları olduğundan təbiət duyğuları Səməd
Vurğun və Hüseyn Arifdən sonra bir az kənara çəkilmiş oldu. Indi Vəliyulla Novruzun
təbiət şeirləri
Səməd Vurğunun
"Bahar" şeiri
ilə birləşir,
ona qol-qanad verir.
Vəliyulla Novruzun bütün şeirlərində keçmişə
qayıtmaq instiki var.
Bu insana, təbətə,
kəndə, elə -
obaya, folklora, xalq dilinə, hecaya, mükəmməl qafiyə sisteminə qayıdışdır.
Özü də bu qayıdış orjinal bir şair səciyyəsi
ilə özünü
göstərir.
Gəldim,
qədəm qoydum torpağına mən,
Çinar vüqarımla ucaldım göyə.
Haqqım
var, səninlə öyünüm, Vətən,
Bu kökə, torpağa bağlıyam,- deyə.
Mən öz dincliyimi, sakitliyimi,
Sənin varlığında, qəlbində
tapdım.
Unudub bir anlıq dərdi-sərimi,
Həyatda ən böyük arzuma çatdım.
("A doğma kəndim")
Bu şeir qoyub gəldiyimiz yerlərə təkcə
fiziki mənada qayıtmaq deyil, həm də mənəvi anlamda qayıtmaqdır.
Bu, həm də
mənəviyyatın, şeirin
qələbəsidir.
Vəliyulla Novruz ən adi bir şeirində
də təbiətlə
üz-üzədir. Son zamanlar insan təbiətdən uzaq düşüb.
Milliləşmə və qloballaşma dövründə biz təbiətə
ziyan vurmuşuq. Göyün Ozan
qatı artıq deşilmək üzrədir.
Bütün dünyada istiləşmə
gedir. Meşələr yanır, çaylar,
bulaqlar quruyur, balinalar, balıqlar okeandan kənara atılıb intihar edir. Şairin şeirlərindəki insan
( müasir şeirimizin içindəki
insan) təbiəti əldən buraxmaq istəmir.
Artıq o, həqiqəti dərk edib. Təbiətdən kənar insan
düşüncəsi mövcud
deyil.
Bu gecə gecənin içindən keçdim,
Gördüm ki, hər tərəf
geyinib qara.
Dağlara dırmanan cığırı
seçdim,
Yorulmaq bilmədən
yüyürdüm ora.
Bu gecə gecənin içindən keçdim,
Tamam islanmışdım
şehli çəməndə.
Üzümü ətirli otlara sürtdüm,
Yeni bir həvəs də oyandı məndə.
("Bu gecə gecənin içindən keçdim")
Yenə də təbiət, onun cığırı, izi, şehli çəmən, ətirli
çiçəkləri, dağların dumanı və sair təbiət
duyğuları şairi
düşündürür və həyəcanlandırır.
"Buna da min şükür, Nəsir müəllim"
şeirində yenə həmin duyğular bizi salamlayır. Şair:
"Ovlaqda ov yeri necə gözəldi - deyir. Təbiət o zaman gözəl
olur ki, qoynunda ov etmək
mümkün olsun.
Amma biz neyləmişik? Bütün
heyvanları, quşları
az qala
məhv etmişik. Qoymamışıq ki, "Çala"
yerində Kəkliyin bir balası da qalsın. Artıq damazlıq da yoxdur.
Ovlaqda ov yeri necə
gözəldi,
Hər kəs öz yerini tanıdı, bildi.
Ördəklər birbəbir hədəfə
gəldi,
Buna da min şükür,
Nəsir müəllim.
Turac yoxa çıxıb
"Çala" yerində,
Qırıb qurtardılar bala yerində.
Nola bir damazlıq qala yerində,
Buna da min şükür,
Nəsir müəllim.
Vəliyulla Novruz yaşamağın gücünü dərənin
dərinliyində, dağın
ucalığında tapır. Çayın sürətində, bulağın
soyuqluğunda axtarır.
Kəkliyin səkməyində, Ceyranın süzməyində
görür. Əgər bunlar
yoxdursa, demək, insan yaşamaq gücünü, ağlını
itirib.
Nə yaxşı arxalı bu dağlar varmış,
Axarlı, baxarlı bulaqlar varmış.
Arxamca əl edən budaqlar varmış,
Gözəldir yurdumun çölü,
çəməni,
Bir arzu, bir ümid yaşadar
məni.
Vəliyulla Novruzun şeirlərindəki "iç və çöl" tərəfləri bir-birini tamamlayır. Sən demə çöldəki duman içdəki acı tüstünün dumanı imiş. Tarazlıq o zaman pozulur ki, insanın içi ilə çölü bir-birinə ziddir. Necə ki, insanın qəlbindəki tüstü onun yolunu kəsən dumana çevrilir. Bu, onu göstərir ki, təbiəti qorumaq əxlaqı ən çox bəşər ovladının içindən gəlməlidir.
İçimi göynədən acı tüstü də,
Yolumun üstündə dumana dönüb.
Vəliyulla Növruzun yeni kitabında xeyli ictimai məzmunlu şeirləri yer alır. Bayaq təbiətin qoynunda sakit yaşamaq istəyən şair indisə başqa bir arzudadır.
Dünənimdən güc almışam,
Bu günümə ucalmışam.
Ağlamağı bacarmışam,
Gülməyi öyrədin mənə.
Kim çəkibdi mən çəkəni,
Tanrı söküb mən tikəni.
Əlimdəki son tikəni,
Bölməyi öyrədin mənə.
Bəli, biz son tikəni bölməyi öyrənəndə onda təbiət də yaşayacaq, insanlıq da. Əgər o tikəni bölə bilsək, bölməyi bacarsaq, insanın, acgözlüyünə, nəfsinə, nifrətinə və müharibə ehtiraslarına son qoyulacaq. Şairin yeni kitabındakı əsas ideya elə budur. Uğur olsun deyirəm!
Qəşəm NƏCƏFZADƏ
525-ci qəzet.- 2016.- 8 dekabr.- S.8.