Ədəbiyyat
İnstitutunda Milli Kitabxananın nəşr etdiyi
biblioqrafiyaların təqdimatı olub
M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanası tərəfindən son
on ildə nəşr edilən biblioqrafiyalar Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat
İnstitutuna hədiyyə edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə dekabrın 7-də Ədəbiyyat İnstitutunda keçirilən tədbirdə bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli ölkəmizdə kitab və kitabxana işinin təşkili və inkişafı sahəsində görülən işlər barədə məlumat verib.
Akademik İ.Həbibbəyli Azərbaycan Milli Kitabxanasının son illərdə həyata keçirdiyi əhəmiyyətli layihələrdən, elmin, mədəniyyətin tədqiqində əvəzsiz rol oynayan fundamental biblioqrafiyaların çapının əhəmiyyətindən, kitabxananın ölkənin ictimai həyatında fəal iştirakından, ədəbiyyatımızın və mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğində rolundan danışıb.
İ.Həbibbəyli kitabxana tərəfindən instituta təqdim olunan biblioqrafiyaların ədəbiyyatımızın təbliğində və tədqiqində böyük rol oynayacağını bildirib.
Milli Kitabxananın direktoru Kərim Tahirov iki qurum arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayib. Qeyd olunub ki, Ədəbiyyat İnstitutuna təqdim edilən 42 adda 168 nüsxədən ibarət biblioqrafiya Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından çap olunan, N.Gəncəvi, Ü.Hacıbəyli, İ.Əfəndiyev, Q.Qarayev, S.Vurğun, B.Vahabzadə, Elçin haqqında biblioqrafik məlumatlar və digər fundamental biblioqrafiyalar, eyni zamanda elm, mədəniyyət və başqa sahələrə aid sahəvi və şəxsi biblioqrafiyalardır.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova instituta hədiyyə olunan nəşrlərin Milli Rəqəmsal Yaddaşa da daxil edilməsinin vacibliyini vurğulayıb.
Professorlar Şirindil
Alışanlı, Asif Rüstəmli və
digər çıxış edənlər Milli
Kitabxana ilə əməkdaşlığın
elmimizə faydasından danışıblar.
525-ci qəzet.- 2016.- 8 dekabr.- S.7.