"Səməd Vurğun
xatirələrdə" təqdim olundu
Ötən gün Səməd Vurğunun Ev Muzeyində "Səməd Vurğun xatirələrdə" kitabının təqdimatı və şairin 110 illiyinə həsr olunan elmi konfrans keçirilib.
Tədbiri muzeyin direktoru Nüşabə Vəkilova
açaraq şairin yubileyi münasibətilə
təşkil edilən
silsilə tədbirlərdən
söz açıb:
"Bu münasibətlə həm ölkəmizdə,
həm də xaricdə bir sıra tədbirlər keçirildi.
Azərbaycan Dram Teatrında da,
TÜRKSOY-un təşkilatçılığı
ilə Türkiyənin
bir sıra mərkəzlərində də
şairin xatirəsi yad edildi. Ankarada ikən
Milli Kitabxanada və TÜRKSOY-un mərkəzində
görüşlərimiz oldu.
Bugünki görüşümüz isə həmin tədbirlərin davamıdır".
N. Vəkilova şairlə
bağlı xatirələr
toplusu barədə deyib ki, kitabın
gənclər arasında
yayılması və
təbliği vacibdir:
"Hər bir şəxsə onun yaşadığı tarixi
reallıqdan yanaşmalıyıq.
Bunu gənclərə izah etmək, yanlış təsəvvürləri aradan
qaldırmaq lazımdır".
Filologiya
üzrə fəlsəfə
doktoru Aslan Salmansoy kitabın ərsəyə gəlməsindən,
istifadə olunan mənbələrdən danışıb:
"Səməd Vurğun
haqqında çoxlu miflər uydurulan, barəsində ən çox xatirə yazılan sənətkarlardan
biridir. Ancaq yaranan miflərin
hər biri müəyyən gerçəkliyə
söykənir. Kitabdakılar isə şairin yaxınları və tanınmış qələm
adamlarının xatirələridir".
Şair
Oqtay Rza S. Vurğun poeziyası barədə fikirlərini
bölüşüb: "Onun şeiriyyətində
axıcılıq, oynaqlıq,
musiqililik, dərinlik və fəlsəfilik var.
Səməd Vurğun
poeziyasının cazibədarlığı,
füsunkarlığı da
elə bunlardadır".
Şairin yaradıcılığından söhbət açan
professor Məmməd Əliyev
qeyd edib ki, böyük bir ədəbi məktəb yaradan Səməd Vurğun XX əsr Azərbaycan poeziyasının ən böyük nümayəndələrindən
biridir.
Tədbirdə ədəbiyyat və mətbuat nümayəndəri
iştirak ediblər. Çıxışçılar şairin həyatı
və ədəbi fəaliyyətindən bəhs
ediblər.
Qeyd edək ki, Səməd Vurğun haqda xatirələr toplusunu nəşrə A.Salmansoy hazırlayıb. Kitab "Xan" nəşriyyatının "Xatirə ədəbiyyatı" silsiləsində çap olunub.
MÜŞFİQ
525-ci qəzet.- 2016.- 8 dekabr.- S.7.