Yaxşılıq
etmək missiyası...
Şair Taleh Həmid
haqqında xatirələrim
Çox qorxurdum. Bir gün o zəngin gələcəyindən
və o xəbəri eşidəcəyimdən qorxurdum. Xəstə idi,
ağrıyırdı, açıq ürək əməliyyatı
keçirmişdi, şəkərdən, təzyiqdən, digər
xəstəliklərdən əziyyət çəkirdi. Bunları bilirdim... Bildiyim
üçün də qorxurdum. Belə bir insanı itirmək,
əslində, tək ailəsi üçün, onu
tanıyanlar, dostları üçün itki ola
bilməzdi. Bu, insanlığın itkisi olacaqdı...
Və o zəng gəldi...
Noyabrın 1-i saat 9 radələrində
işə catıb, binaya daxil olmağa
hazırlaşırdım ki, telefonuma zəng gəldi. Ekranda "Taleh müəllim"
yazıldığını gördükdə "bəli,
Taleh müəllim" deyə zəngə cavab verdim. Adəti
üzrə, "Salam,necəsən
qadası, ağrımırsan?" sualını gözlədiyim
halda həyat yoldaşı İradə xanımın həyəcanlı
səsini eşitdikdə bir anlıq hər şeyi unutdum. Demək
o zəng bu gün gəlməliymiş... "Anar,
Taleh müəllimi çağırıram, mənə hay
vermir, silkələyirəm, oyanmır. Deyəsən,
Taleh müəllim...". Sonrasını
eşidə bilmədim, ya İradə xanımın səsi zəifləmişdi
ona görə, ya da mənim qulaqlarımda kəskin bir
uğultu əmələ gəlmişdi. Başqa
heç nə yadımda deyil, "tez təcili yardım
çağırın, gəlirəm" deməyimdən
başqa...Gözlərim qaraldı, gec-tez bu xəbəri
eşidəcəyimdən qorxsam da, hazır deyildim. Bəlkə
də son aylar baş verənlərlə özümü
aldatmağa çalışdığım
üçün...
Tez işçilərdən birinin
maşınına əyləşib, Taleh müəllimin
yaşadığı ünvana yola düşdüm. Əslində, məsafə çox az idi, amma nə üçün bu qədər
gec getdiyimizi başa düşə bilmirdim. Yəqin
ki, bu, daha tez çatmaq, axır nəfəsində olsa belə,
uzunillik dostumu, hər addımımda diqqət və
qayğısını hiss etdiyim qardaşımı görmək
istəyimlə bağlıydı. Bəlkə də...
Mənzil başına çatana qədər
Taleh müəllimlə
tanışlığımızın və dostluğumuzun
tarixcəsi bir lent kimi gözlərim önündən gəlib
keçdi.Xatirələrim çoxdu, lap çox, beş igidin, on igidin ömrünə
sığacaq qədər...
Ötən əsrin sonlarında, daha dəqiq
desəm, 1997-ci ilin sonlarında tanış
olmuşduq Taleh Həmidlə...Həmin vaxt müəyyən
səbəblərdən çapı
dayandırılmış, rəhbərliyində mənim də
təmsil olunduğum bir qəzetin nəşrinin bərpasına
çalışırdıq. Tələbə
yoldaşım Mübariz yayım direktoru kimi
çalışdığı qəzetin təsisçisi və
baş redaktoru olan Taleh Həmidə mənim haqqımda
danışdığını və onun mənimlə
görüşmək istəyini bildirdi. Əlavə
etdi ki, ətrafı, dostları çoxdu, sözü hər
yerdə keçir, sizə də kömək edə bilər.
Bu söhbətdən bir neçə gün
sonra Taleh Həmidlə rəhbəri olduğu "Müstəqil
qəzet"in İçəri Şəhərdə yerləşən
redaksiyasında görüşdük. Bir saatdan çox
davam edən görüşümüzün sonunda Taleh müəllim
mənim sonrakı həyatımı dəyişəcək
gözləmədiyim bir təklif etdi: "Bizim qəzetin də
nəşri müvəqqəti olaraq dayanmışdı. İstəyirəm, bu dəfə qəzetimizin nəşrinə
sənin redaktorluğunla başlayaq". Taleh
müəllim haqda qiyabi olaraq eşitsəm də, onu
yaxından tanımırdım. Yaşımın az olmağına baxmayaraq, artıq mənə
bir neçə baş redaktor və təsisçi ilə
işləmək qismət olmuşdu. Hərəsində bir kapriz
görmüş, bu səbəbdən işdən
uzaqlaşmalı olmuşdum. Həm buna görə,
həm də öz qəzetimizin nəşrinin bərpasına
ümid bağladığımdan "Müstəqil qəzet"ə
rəhbərlik təklifindən imtina etdim.
Taleh müəllimlə növbəti
görüşümüz 1998-ci ilin yanvarında onun istəyi
ilə baş tutdu. Hər
şey haqqında məlumatı olduğunu, qəzetimizin
çapını bərpa edə bilməyəcəyimizi dedi
və etiraf edim ki, ilk dəfə məni təəcübləndirdi.
Əvvəlki təklifinin üstündə
dayandığını və mənim "Müstəqil qəzet"ə
rəhbərlik etməyimi istəyini bildirdi. Beləliklə, birgə işimiz və
dostluğumuz başladı. Tam 19 il. İş yoldaşlığımız dostluğa,
dostluğumuz qardaşlığa çevrildi. Demə,
qardaş olmaq üçün bioloji qohumluq vacib deyilmiş...
Qısa bir vaxtda Taleh
müəllimin necə böyük bir insan olduğunu,
hamının qayğısına qaldığını,
öncə qarşısındakını, sonra
özünü düşündüyünü
gördüm. O qədər istiqanlı, yüksək yumor
hissinə sahib bir insan idi ki, onunla bir neçə gün təmasda
olan hər kəsə elə gəlirdi ki, Taleh Həmidlə
illərin yoldaşıdı...
Şəxsi
həyatında böyük faciələr
yaşamışdı.Çox sevdiyi, bir an belə
unutmadığı, unuda bilmədiyi, omrünün sonuna kimi
adı dilindən düşməyən gözəl
balasını, 12 yaşlı səsli-küylü, gülərüz
Sevincini fələk əlindən almışdı. Bu faciənin
yanğısı soyumamış qardaşı Maliki
itirmişdi.
Fikrimcə, Tanrı hər
bir insanı müəyyən missiya ilə bu dünyaya gətirir.
Taleh Həmidin missiyası yaxşılıq etməkdən
ibarət idi. O, yaşadıqlarına rəğmən,
yaxşılıqlar etmək, kömək umana əl uzatmaq
missiyasından bir gün belə aralana bilmədi...
...Həmin
ilin yayında Taleh müəllimə kiçik bir sürpriz
etmək ağlıma gəldi. İyunun 17-si onun doğum
günü idi. Özünün xəbəri olmadan kətan
üzərində portretini hazırlatdırdıq,
İçəri Şəhərdə yerləşən
"Kiçiq qala" restoranında məclis təşkil
etdik. Həyat yoldaşı İradə
xanımı və oğlu Cəlalı da məclisə
çağırdıq. Sürprizimiz baş tutdu, gözəl,
şən, yaddaqalan bir ad günü keçirdik...
Bu il də televiziyada
çalışan dostlarımla birgə Taleh müəllimə
sürpriz hazırlamağı düşünürdüm.
Özünün xəbəri olmadan 65 illiyinə film
hazırlamaq istəyirdik. Şeirlərini səsləndirib,
haqqında sənədli film hazırlayacaqdıq. Amma həyat
19 ildən sonra mənə ikinci dəfə sürpriz etməyə
imkan vermədi...
Taleh Həmid haqda
keçmiş zamanda danışmaq çox çətindi,
könül sirdaşı olmuş biri kimi çox
ağrılıdı. Amma neyləyək ki, bunu dəyişmək
iqtidarında da deyilik. Yuxarıda qeyd etdim: elə ilk
tanışlığımızda Taleh müəllim məni
təəccübləndirmişdi. Amma dostluğumuzun davam
etdiyi illərdə Taleh Həmid bəlkə də dostluq illərimizin,
aylarımızın sayı qədər məni təəccübləndirdi,
heyrətləndirdi... Bu gün - Taleh müəllim
haqq dünyasına köçdükdən sonra baxıram ki,
demə, həyatımın elə bir anı,
atdığım bir addım, əldə etdiyim elə bir
uğurum yoxdur ki, o boyük insan hansısa formada orda
iştirakçı olmasın. Mətbuat
sahəsində qazandıqlarımda - Taleh Həmid baş
rolda, universitet fəaliyyətimdə - səbəbkar Taleh Həmid,
elmi fəaliyyətim və elmi dərəcə almağım
- əsas ilhamverici qüvvə yenə Taleh Həmid, hətta
hazırda çalışdığım işlə
bağlı təqdimatım - yenə Taleh Həmidin əvəzsiz
xeyirxahlığı...
Taleh müəllimlə
tanışlığımızın elə ilk illərindəcə
hiss etdim ki, o, sonralar mənim həyatımda oynayacağı
rolu bu gün bir çoxlarının həyatında
oynayır və həm də ən ümdəsi təmənnasız
olaraq... Lakin müşahidələrimə əsasən təəssüflə
deməliyəm ki, bir çoxları ona dönük
çıxdı, hətta bəziləri
yaxşılığa yamanlıqla cavab verdi...
Taleh Həmid böyük
şair idi, yaddaqalan poetik nümunələrin müəllifi
idi...Mən onun şerlərini təhlil etməyə
çalışmayacağam. Bu ədəbiyyat
adamlarının, şairlərin, yazıçıların,
tənqidçilərin işidir. Amma Taleh Həmidin şair
taleyinə düşən ağrı-acıları
xatırlamaya bilmərəm.
Atasını çox erkən
itirmişdi. Gözəl şair imiş, Dəllək Həmid
imzası ilə şeirlər yazırmış....
Övladını
itirmişdi, özü çox cavankən sinəsinə
övlad dağı çəkilmişdi, Sevincini öz əlləri
ilə qara torpağa vermişdi...
Qısa bir aralıqla,
özünün də dediyi kimi, qardaşdan çox dost hesab
etdiyi qardaşıyla, istedadlı şair Malik Həmidlə əbədi
olaraq ayrılmışdı...
Yaxşılıq etdiyi, əlindən
tutduğu, arxa-dayaq olduğu, dost dediyi bəziləri işləri
düzəlincə arxa çevirmişdilər Taleh Həmidə.
Amma
şairin bir böyuk xoşbəxtliyi vardı, məncə...Üzləşdiyi
dərdləri, faciələri onunla birgə yaşayan və
onu sınmağa, ruhdan düşməyə qoymayan həyat
yoldaşı hər an yanındaydı. İradə
xanımla ailə qurması onun həyatda ən böyük
xoşbəxtliyi idi.
Tanışlığımızdan
bir neçə il sonra Taleh müəllim ağır xəstələndi,
uzun illər yataq xəstəsi oldu. Bir neçə
il davam edən ağır xəstəlik dövründə
Taleh müəllimin nəinki Bakıda, hətta Rusiyada belə
döymədiyi qapı, üz tutmadığı xəstəxana
qalmadı. Hətta bir ara Bakıdakı həkimlər münəccimlik
edərək, "artıq tibb acizdi, xəstənizi
aparın, heç olmasa, evində dünyasını dəyişsin"
demişdilər. Amma nə yaxşı ki, dünya
düzgün yol göstərən, insana qayğı ilə
yanaşanlardan xali deyilmiş. Həyat yoldaşının təkidilə
müalicələr Rusiyada davam etdirildi. Sonralar Taleh müəllimlə
söhbətlərimizdə özü də qeyd edirdi ki, mən
ikinci dəfə həyata göydə Allahın köməyi,
yerdə İradə müəllimənin iradəsi,
dözümlülüyü, diqqəti və
qayğısı sayəsində qayıtmışam. Bir
neçə il əvvəl Taleh müəllim yenidən xəstələnib,
ürək əməliyyatı keçirəndə də
başının üzərində İradə xanım
dayanmışdı. Öz diqqəti, qayğısı və
əyilməz mətanəti ilə...
Əməliyyatdan
çıxandan sonra Taleh müəllim, nədənsə, ilk
olaraq "Anarı görmək istəyirəm, onu
çağırın" demişdi. Yanına getdim, yeni
ayılmışdı, hər görüşəndə
etdiyim kimi, üzündən öpdüm. "Bilirdim ki,
burdasan, gəlmisən. Hamıya de, narahat
olmasınlar",- dedi.
"Taleh Həmid hələm-hələm Əzrayıla can
verən deyil" , - deyə zarafatından da qalmadı...
Gözləmə
otağına qayıdanda hamının baxışlarından
bir intizar, bir narahatlıq yağırdı.
"Yaxşıdı, dedi, heç kim narahat olmasın"
cümləm bu narahatlığa su səpdi sanki. Mən həmin
gün İradə müəllimənin gözündə fərqli
bir sevgi, fərqli bir məhəbbət gördüm. O, Taleh
müəllimi sevirdi, amma sanki ananın övladına bəslədiyi
sevgiydi bu sevgi...
Vəfatından
bir il öncə, 2015-ci ilin noyabrında son on il ərzində
çalışdığı, bütün enerjisini,
gücünü, həvəsini həsr etdiyi iş yeri müəyyən
səbəblərdən bağlanmışdı. Bir neçə
ay işsiz qaldı. Hesab edirdi, əslində, biz
hamımız hesab edirdik ki, Taleh Həmid
kimi bir insanın dostları, ətrafı bilən kimi onu
işsiz qalmağa qoymayacaq. Təəssüf, Taleh müəllim
başda olmaqla hamımız yanılmışdıq.
Qüruru, mənliyi bir döydüyü qapını bir də
döyməyə imkan vermirdi.
Bu ilin əvvəllərində
bir söhbətimiz olmuşdu, onda hələ bir yerdə
işləmirdik. "Anar, çox sürətlə
dostlarımı itirirəm mən", -demişdi, həmin
görüşümüzdə. Düzü, tam başa
düşməmişdim o vaxt bu sözlərin dərin mənasını.
Növbəti görüşlərimizin birində, iş
tapmaq məqsədilə böyük yaxşılıq etdiyi,
əlindən tutub irəliyə apardığı
yüksək vəzifəli bir insanın yanından
çıxdıqdan sonra görüşmüşdük,
dediyi sözlərdən sonra anladım nə demək istəyirmiş,
"dostlarımı itirirəm" deyəndə Taleh müəllim.
"Anar, demə insan xəstələnəndə,
yaşlananda heç kimə lazım olmurmuş, mən bunu
bilirdim, amma öz dostlarımla bağlı eyni fikri yaxına
buraxmaq, qəbul etmək istəmirdim", - dedi Taleh Həmid
o görüşümüzdə. Çox pis olmuşdum, pis
təsir etmişdi insanların biganəliyi mənə,
xüsusilə, Taleh Həmid kimi bir insana qarşı...
Həmin
görüşümüzdən qısa bir vaxt sonra hər
zaman minnətdar olacağım böyük bir insanın
köməkliyi ilə Taleh Həmidlə yenidən bir
kollektivdə çalışmaq qismət oldu mənə...
Beş ay, həyatının son gününə kimi bir yerdə
işlədik. Həmin günlər ərzində Taleh müəllimdə
yaşamaq, yaratmaq eşqi gözlərim qarşısında
anbaan artırdı, çoxalırdı. Son günlərdə
isə xüsusilə... Yəqin onda baş verən bu dəyişikliklər
məni aldatmışdı, hələ uzun müddət bir
yerdə çalışacağımıza inam
yaratmışdı...
Vəfatından bir
müddət əvvəl hansısa həkim Taleh müəllimə
"bu ağrılardan, əzablardan bir dəfəlik qurtarmaq
istəyirsinizsə, ürək transplantasiyası
olunmalıdır" demişdi. Qarşısındakı
insanın kim olduğunu bilmədən, ona "sən ürəyini
dəyişməlisən" sözlərinin necə təsir
edəcəyini fikirləşmədən... Çox piş təsir
etmişdi Taleh müəllimə həm bu təklif, həm də
bu fikrin səsləndirilməsinə baiskar olan səhhətindəki
problemlər. "Necə yəni ürəyimi
dəyişməliyəm, mən öz ürəyimlə
ölmək istəyirəm Anar", - deyə üsyan
etmişdi Taleh müəllim həmin vaxt söhbətimizdə.
"Mən başqasının ürəyi ilə necə
yaşaya bilərəm, necə həmin Taleh Həmid ola bilərəm.
Ola bilərəmmi", - sualını cavabsız
qoymuşdum, cavab tapa bilmədiyimçün. Bu da taleyin bir
qismətidi, öz ürəyi ilə dünyasını dəyişdi,
Taleh Həmid ürəyi ilə...
Düşüncəmə
görə, bu dünya, bəşəriyyət yüksək
insanı keyfiyyətlərə malik, mənəvi dəyərlərə
sahib, insanlıq üçün nümunə olanların
çiyinləri üzərində dayanır. Bu insanlar bəşəriyyətin
istinad nöqtələri, söykəndiyi sütunlardı.
Taleh müəllim vəfat etdiyi gün bəşəriyyət
istinad nöqtələrindən, dayaqlarından birini itirdi.
Dünya durduqca belə insanlar çox gələcək, bəşəriyyətin
istinad nöqtələrinə çevriləcəklər.
Amma onların heç biri Taleh Həmid ola bilməyəcək,
onun yeri hər zaman görünəcək...
Və son olaraq...
Taleh Həmidlə
tanışlığımızdan bir müddət
keçmişdi. Qızı Sevincin vəfatının
ildönümü ərəfəsiydi. Artıq aramızda qəribə,
həm hörmətə, həm sevgiyə, həm etibara
söykənən bir dostluq formalaşmışdı. Həmin
gün birgə nahar edib İçəri Şəhərdə
yerləşən redaksiyaya tərəf gedirdik. Qoşa Qala
Qapısının yanında qoluma girdi, "gəl, bir az
oturaq söhbət edək", dedi. Yaxınlıqdakı
çayxanaya burulduq, yaman kövrəlmişdi. "Sevinclə
bütün sevincim, şənliyim getdi, qardaşımın
ölümüylə dünyam dağıldı. Amma
artıq elə bilirəm Malik dirilib, Malik qayıdıb. Biz səninlə
qardaşıq", - dedi. Sonralar o sözü Taleh Həmiddən
çox eşitdim, çoxlarına dedi bizim
qardaşlığımızı. Son gününə kimi
heç birimiz o qardaşlığa xəyanət etmədik,
arxa çevirmədik. Noyabr ayının 1-də mən
qardaşımı itirdim, BÖYÜK qardaşımı.
Bu dünyada əbədi
heç nə yoxdu. Amma Taleh Həmidi tanıyanlar
yaşadıqca onun xoş, işıqlı xatirəsi də
yaşayacaq.
Allah Sizə rəhmət eləsin, Taleh
müəllim. Siz bir
nur idiniz, qəbriniz də nurla dolsun...
Anar ƏLIYEV
"Vergilər" qəzetinin
baş redaktoru,
tarix
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2016.- 9
dekabr.- S. 8.