Şeirimizin Bahadur Fərman itkisi
Ədəbiyyata yenicə maraq, mehr salırdım. Hardasa iki il əvvəlin söhbətidir,
ilk getdiyim ədəbi
ocaq AYB-nin Gəncə filialı idi...
Ora ilk getdiyim gün heç vaxt yadımdan çıxmaz. Özümü
Nizami Gəncəvi zənn etdiyim günlərdi...
Axı uşaqlıq
dövrü belə olur...
İlk dəfə
gedəndə cızma-qaralarımı
böyük fəxarətlə,
həvəslə oxudum
və səbirsizliklə
təriflər gözləyirdim...
Həmin
gün Bahadur Fərman məni o qədər tənqid elədi ki, "Nizami" olmadığımı
ordaca anladım.
Bahadur Fərman hər dəfə şeirlərimi
haqlı şəkildə
tənqid edirdi və mən də həqiqətən heç vaxt incimirdim. Bilirdim ki, nə deyirsə mənim xeyrimə deyir. Sonralar şeirlərimi Bahadur Fərmanın tənqid etməsindən qürur duymağa başladım.
O qədər xoşxasiyyət, yumşaqqəlbli
bir insan idi ki, tənqid
edəndə üzümə
də baxmırdı.
Başını aşağı
salıb otaqda gəzə-gəzə danışırdı,
ürək qırmaqdan
çox qorxurdu...
Aradan xeyli zaman keçdi
Bahadur müəllimi
5-6 ay idi ki, görmürdüm. İyun ayında yenə
AYB-nin Gəncə filialında qarşılaşdıq,
sevincimdən yerə,
göyə sığmadım,
qucaqlaşıb görüşdük.
Təzə şeirlərimi dinlədi,
istedadlı olduğumu
söyləsə də,
tənqidindən qalmadı.
Mənə qarşı olan
bu sevgisi məni çox sevindirirdi. Çünki,
sevməsə, tənqid
etməzdi...
Çoxdandı görmürdüm Bahadur müəllimi. Avqust ayının sonu
idi. Müəllimin şeirləri haqqda
"Çölə ha tökülməyib,
bir dənədir Bahadur" adlı məqalə yazdım,
"Harmoniya.az" saytında dərc olundu. 3-4 gün keçdi
Bahadur müəllim mənə telefon açdı, çox xoşhal olduğunu söylədi, təşəkkür
etdi. Həmin gün sanki
dünyaları mənə
vermişdilər.
Mənə elə gəlir ki, qocaman şairlər haqda gənclər nəsə yazanda onlar çox sevinirlər...
Onu yenidən görmək üçün ürəyim
getsə də, görüşə bilmirdik.
AYB-nin Gəncə filialına gedirdim ki, nə
ola orda
qarşılaşaq, görəm.
Qarşılaşmırdıq, görüşə bilmirdik.
Son vaxtlar
səhhətinin qaydasında
olmadığını bilirdim. Dost-tanışdan
əhvalını soruşurdum
tez-tez...
Çox narahat idim müəllim üçün...Ən çox onu istəyirdim ki, müəllim təzə şeirlərimi oxusun heç olmasa bircə tərif desin. Mənə ən əziz
tərif müəllimin
tərifi idi. Başqa idi Bahadur Fərman...
Dekabr ayının 5-i elə bir xəbər aldım ki, varlığım sarsıldı. Özümü itirdim bir neçə
saat. Ən çox güvəndiyim
insanlardan birinin Bahadur müəllim olduğunu anladım.
Həmən gün Bahadur
Fərman haqqına qovuşmuşdu. İstədim
ki, qaçam gedəm Gəncəyə,
dəfnə yetişəm,
gördüm ki, daha gecdir...
Sabahı gün Məzahir Hüseynzadə ilə görüşüb hüzn
içərisində gəldik
Gəncəyə. Öncə qəbrinə,
sonra ocağına getdik gözümüz dola-dola. Bahadur müəllimin şəkli
asılmışdı mağarın
başından. Ən çox
bu silkələdi məni orda. Nəfəsimiz "ah" olub çıxırdı
ciyərimizdən. Doğmalarına başsağlığı verdik,
qayıtdıq Şəmkirə.
Yolda Məzahir müəllim dedi ki: "O ürəklə
hələ çox yaşadı Bahadur".
Məhəmməd TURAN
525-ci qəzet.-
2016.- 9 dekabr.- S. 8.