Dünyadan qaçan
İşıq əmi
Fikrət Sadıq da bu dünyadan qaçdı.
Özü demişkən, dünyanı başına götürən yalandan,
ola-ola olmayandan, olmaya-olmaya olandan qaçdı. Təbii, o, bir daha gələn deyil. Kim qayıdıb
ki? Amma o, dönməyəcəyinin səbəbini
bilən adam
idi. Odur ki, sözünü ürəyində saxlamadı,
işığını götürüb
qaçdı...
...Xəbərini
onun doğma ocağında - Azərbaycan
Yazıçılar Birliyində
eşitdim. Ürəyimdə
"İşıq əmi
getdi", dedim. Həmin günü Birlikdə dərin bir sükut vardı. "Natəvan" klubundan başqa. Orada kitab təqdimatı keçirilirdi. Mən də
dəvətli olduğumdan
üçüncü mərtəbəyə
qalxdım. Birtəhər yer tapıb əyləşdim. Düzü, kimlər
nə danışdı,
bilmədim, çünki
o mərasimdə "yox"
idim. Amma "Natəvan" klubu Fikrət Sadıqla bağlı xatirələrimi mənə
apaydın göstərən
məkana çevrildi.
Onu elə ilk dəfə Birliyin pilləkənində
görmüşdüm. Elə bil yanımdan bir işıq ötüb keçmişdi.
Sonradan bu "işığın"
kimliyini xalam Arifə Əliyevadan öyrəndim. Yazını oxuyan, məni yaxından tanımayanlar üçün deyim ki, xalam 40 ilə
yaxındır AYB-də
məsul vəzifədə
çalışır. Bu baxımdan, AYB də
mənə olduqca doğma yerdir. Yadımdadır, xalam ondan danışanda gözləri
parladı, üzü
işıqlandı. İndi
isə gözləri dolub boşalır...
Çox keçmədi
ki, Fikrət müəllimlə yaxından
tanış oldum. Elə bil illər
sonra doğma babamı tapdım. Düzdür,
onunla nəvə-baba kimi uzun-uzadı söhbətlər etmədim.
Nədənsə, vaxtını almağa
utanırdım. Elə indi
də düşünürəm
ki, söz adamının zamanından
götürmək, sətirlərə
düşə biləcək
fikirlərin qol-budağını
sındırmaq kimidir.
Lakin qısa görüşlərdə
onun həlim səsi, aydın, məntiqli nitqi məsləhətlərini yaddaşıma
ötürürdü. Deyim ki, xalamla qonşu
otaqda oturduğuna görə, bəzən ona çayı mən aparırdım.
Nəinki xalam, elə
mən də şairin qulluğunda dayanmaqdan böyük qürur duyurduq. Niyə də yox? Axı, o, yalnız iş saatında deyil, bütün günü sözün keşiyini çəkənlərdən
idi. Özü də vicdanla.
Səmimi deyim ki, bu cür insanların
qədrini bilməyi özümə həmişə
borc bilirəm. Təəssüf, indi sözə
həssas olanların sayı sürətlə azalır. Bir də axı,
insan həmişə
işıq gələn
tərəfə gedir.
Fikrət Sadıq da bir nur parçası
idi.
Qəribədir, günlərin bir günü onun haqqında haradasa oxudum ki, demə,
o hələ tələbə
olmazdan öncə montyor işləyibmiş. Şamaxının kəndlərinə yollanıb,
evləri çıraqban
edirmiş. Ona görə
də kənd uşaqları onu "İşıq əmi"
deyə çağırırmışlar.
Bunu oxuyanda ifadə ürəyimə elə yatdı, o gündən Fikrət müəllimə
özlüyümdə "İşıq əmi"
deməyə başladım.
Xatirələr məni çalışdığım
"Pəncərə" jurnalına aparır.
Jurnalımızın hər nömrəsində
şeir və fotolar təqdim edirdik. Beşinci nömrəni hazırlayanda
baş redaktorum Günel Anarqızı Fikrət Sadığın
şeirlərini vermək
istədi. Həvəslə İşığın yanına
getdim. Həmişəki kimi "Salam, ay bala!"-dedi. Jurnalımızın adını eşidəndə
ürəyi açıldı,
pəncərə fəlsəfəsini
anlatdı. Axırda
dedi ki, "Bala, pəncərəniz həmişə açıq
olsun!". Bir neçə gündən sonra şeirlərə görə
yenidən yanına gedəndə mənə bir kağız parçası verdi.
Əlavə etdi ki, "Xeyir-dua"nı jurnalınız
üçün yazmışam:
Ta əzəldən
evin gözü olubdu,
Olsun indi elin gözü
- "Pəncərə".
Şüşələri yoğrulubdu
mehrdən
Taybataydı qocalara, gənclərə.
Jurnalın çapından sonra bir neçə nüsxə götürüb yanına getdim. Təbii, sevindi. O gündən hər dəfə məni görəndə qayğıkeşliklə "Pəncərə"ni soruşurdu. Bir müddət sonra jurnalla bağlı yenə də otağına yollandım. Bu dəfə Orxan Fikrətoğlunun hekayəsini istəyirdim. Oğlunun adını eşidən kimi sanki qanadlandı, ayağa qalxıb şkafdan kitabını götürdü. Həvəslə onun hekayələrindən danışdı. Amma hekayə vermədi. Orxanın özüylə məsləhətləşməyimi istədi. Belə də etdik...
Yazdıqca xatirələr bir-bir yaddaşımdan boylanır. 2009-cu ildə kitabım yenicə nəşr olunmuşdu. Bir nüsxə götürüb yanına getdim. Növbəti dəfə görüşəndə hekayələrimi oxuduğunu söylədi. Pritçalarım yaman xoşuna gəlmişdi. Ona görə də həmişə "yaz", deyirdi. Günlərin bir günü isə mənə "Bugünnamə 2" kitabını hədiyyə etdi. İçini yazdı: "Qələm təcrübələrini oxuduğum, bəyəndiyim, gələcəkdə gözəl nasir olacaq (indi də gözəldir) Ülviyyə xanıma Fikrət Sadıqdan bir baba yadigarı! 2009". İndi o yadigarı yanımdadır. Hərdən sözlərinə baxıb, ürəyini oxuyuram. Dördlüklərində bir narahatlıq var... Ümümiyyətlə, o, narahat adam idi. Elə ona görə də ürəyini rahat etmək üçün həmişə hamını Allaha tapşırırdı.
Axırıncı dəfə onu xalamın otağının qapısını açıb sağollaşarkən gördüm. Hər zamankı kimi "Allah amanında bala!" dedi. Sonra dəhlizdən onun əsasının səsi gəlməyə başladı. İndi əsa səsini başqa səslər əvəz edir. Haradasa, iki ilə yaxın idi ki, Fikrət müəllimi görmürdüm. Bir neçə dəfə ona baş çəkmək istəsəm də, günü-günə satırdım. Amma onu görmək, dilindən "bala" sözünü eşitməyi çox istəyirdim. Bir də istəyirdim ki, qələm tutan əlindən öpüm...
Bağışla məni, İşıq əmi, əlindən öpə bilmədim. Amma mən də bu dünyadan qaçana kimi misralarını öpəcəyəm.
Ülviyyə HEYDƏROVA
525-ci qəzet.- 2016.- 9 dekabr.- S. 7.