Vaşinqtonda Azərbaycan mədəniyyəti
nümayiş etdirilib
Dekabrın 7-də Azərbaycanın ABŞ-dakı
səfirliyi tərəfindən
Vaşinqtonun ən böyük inzibati tikilisi olan Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzində
ölkəmizin zəngin
mədəniyyət nümunələri
bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə, media təmsilçilərinə və
geniş ictimaiyyətə
təqdim olunub.
Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzi tərəfindən
təşkil edilən
"İllik Qış
Beynəlxalq Səfirlik
Sərgisi" çərçivəsində
baş tutan tədbirin məqsədi Vaşinqtonda akkreditə olunmuş xarici ölkə səfirliklərinə
öz milli mədəniyyətlərini, mətbəxlərini,
ölkələrinin görməli
yerlərini təbliğ
etmək üçün
imkan yaratmaqdır.
Tədbir çərçivəsində Azərbaycan səfirliyi tərəfindən ölkəmizin
mədəniyyətini əks
etdirən kiçikölçülü
xalça nümunələri,
milli geyimlər, müxtəlif eksponat və suvenirlər, habelə qədim tarixi abidələri, ölkəmizin müasir infrastrukturunu və turizm potensialını özündə əks etdirən şəkillər
nümayiş etdirilib. Ziyarətçilər, həmçinin Azərbaycanın
zəngin mətbəxinin
müxtəlif təamlarına,
şirniyyatlara və içkilərə qonaq ediliblər. Səfirliyin əməkdaşları
ölkəmiz, onun iqtisadi, mədəni və turizm potensialı barədə ziyarətçilərə geniş
məlumat verib, Azərbaycan haqqında müxtəlif kitablar, jurnal və bukletlər paylayıblar.
Qeyd edək ki, ölkəmiz
bu sərgidə ən iri stendlərdən
biri ilə təmsil olunub. Azərbaycanın mədəniyyəti və
mətbəxi olduqca böyük ziyarətçi
marağına səbəb
olub.
Hər ilin dekabrında keçirilən və geniş ictimaiyyətə
açıq olan bu sərgi Vaşinqtonun
mədəni həyatında
ən böyük və maraqlı tədbirlərdən hesab
olunur. Builki tədbirdə
37 dövlət təmsil olunub və sərgini
üç min nəfərədək
qonaq ziyarət edib.
525-ci qəzet.-
2016.- 9 dekabr.- S. 7.