Pedaqoji Universitetdə ədəbi-elmi müzakirələr - Foto
Professor Təyyar Salamoğlu "Azərbaycan
ədəbiyyatı və ədəbiyyatşünaslığının
aktual problemləri" mövzusunda
məruzə edib
Bugünlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev lektoriyasında, ədəbi-elmi müzakirələr keçirilib.
Dekabrın 6-da Filologiya fakültəsində
fakültə dekanlığının, “Azərbaycan və
dünya ədəbiyyatı” kafedrasının təşkilatçılığı ilə
“Azərbaycan ədəbiyyatı
və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda professor-müəllim heyətinin,
tələbələrin və mütəxəssis qonaqların iştirakı ilə
tədbir keçirilib.
Tədbiri “Azərbaycan
və dünya ədəbiyyatı” kafedrasının
müdiri, professor Himalay Qasımov açaraq müstəqillik
dövründə ictimai-siyasi,
mənəvi-əxlaqi və
pedoqoji sferalarda ölkəmizin qazandığı
böyük uğurlardan
danışıb. Milli müstəqillik
dövründə dövlətçiliyimizin
təməlində duran
vətəndaşlıq düşüncəsinin
formalaşmasında ədəbiyyatın
müstəsna rolunu vurğulayıb. “Azərbaycan ədəbiyyatı
və ədəbiyyatşünaslığının
aktual problemləri” mövzusunun bu mənada son dərəcə
aktual və müasir olduğunu qeyd edib.
Professor Himalay Qasımov müəyyənləşdirilmiş
mövzu ilə bağlı kafedranın əməkdaşı, professor
Təyyar Salamoğlunun
məruzə edəcəyini
bildirib. Həmçinin
o, professor T.Salamoğlunun respublikamızda
nüfuzlu ədəbiyyatşünas
və tənqidçi
kimi tanındığını,
mövzu ilə bağlı tədbir iştirakçılarına əhatəli
məlumat verəcəyinə
əminliyini dilə gətirib və qeyd edib ki,
Təyyar Salamoğlu
“Pedaqoji mühit və uşaq ədəbiyyatı”, “Faciəli
talelər (Azərbaycan
repressiya və mühacirət şeirinə
dair portret – oçerklər)”, “Müasir
Azərbaycan romanının
poetikası (XX əsrin
80-ci illəri)”, “Müasir
Azərbaycan romanı:
janr təkamülü
(XX əsrin 80-ci illəri)”,
“Ən yeni Azərbaycan ədəbiyyatı
məsələləri”, “Tarixi
və çağdaş
ədəbi prosesə
dair araşdırmalar”
monoqrafiyalarının, ”Ədəbi
tənqid tarixinə dair portret – oçerklər”, “Müasir
Azərbaycan ədəbiyyatı”
adlı vəsaitlərin,
200-ə yaxın elmi məqalənin müəllifi,
“Azərbaycan klassik uşaq ədəbiyyatı
antologiyası”, “Ömrü
şərəflə yaşayanda”
kitablarının, “Ən
yeni Azərbaycan ədəbiyyatı” fənninə
dair tədris proqramlarının tərtibçisidir.
Bir sıra beynəlxalq elmi konfransın iştirakçısıdır. Bir çox xarici ölkələrdə elmi
məqalələri çap
olunub.
Professor T.Salamoğlu
mövzu ilə bağlı qırx dəqiqəlik məruzəsində
Azərbaycan ədəbiyyatının
öyrənilməsi, tədqiqi
ilə bağlı ədəbiyyatşünaslığın qarşısında duran vəzifələrdən söhbət
açıb. O, məruzənin
mövzusunun son dərəcə
geniş olduğunu nəzərə aldığını,
buna görə də məruzədə ancaq XX əsr Azərbaycan ədəbiyyatının
öyrənilməsi ilə
bağlı problemlərə
aydınlıq gətirməyə
çalışacağını vurğulayıb. Məqsədini elmi şəkildə
gerçəkləşdirmək üçün o, XX əsrin
əvvəlləri və
Sovet dövrü ədəbiyyatına elmi-nəzəri
və metodoloji münasibətin əsas konturlarını ümumiləşdirib
və qarşıda duran vəzifələrdən
danışıb.
Professor T.Salamoğlu
həm XX əsrin əvvəlləri, həm
də Sovet dövrü ədəbiyyatına
yeni ədəbiyyatşünaslıq
düşüncəsi ilə
yanaşmağı zəruri
hesab edərək, bu düşüncəni gerçəkləşdirən konsepsiyasının mahiyyətini
açıqlayıb. O hər
bir bədii mətnə “yenidən oxu və dərk
et” prinsipi ilə yanaşmağı və həmin mətnləri,
postmodernist estetikada deyildiyi
kimi, “bitib tükənməz məna
potensialı” prizmasından
dərk və izah etməyi əsas elmi yol kimi təqdim
edib. M.Ə.Sabirin, C.Məmmədquluzadənin, Mir Cəlalın,
M.Hüseynin, İ.Şıxlının
və b. sənətkarların
yaradıcılığından nümunələr əsasında
“yenidən oxu və dərk et” konseptinin sözü gedən dövrün ədəbiyyatında
mətnlərin alt qatlarında,
gizli laylarında əks olunan milli düşüncə
sisteminin və bəşəri dəyərlərin
ifadəsini aşkarlamağın
mümkünlüyünü sübut edib.
Məruzədən sonra Filologiya fakültəsinin
dekanı professor Buludxan
Xəlilov, şair-publisist
Əli Rza Xələfli, professor Seyfəddin
Rzasoy, professor Əzizxan
Tanrıverdi, folklorşünas
alim Qalib Sailov, dosent Gülçöhrə Alıyeva
və digərləri
məruzə ilə bağlı fikirlərini bölüşüblər, mövzu
ətrafında müzakirələr
aparıblar.
Dekabrın 7-də Filologiya
fakültəsinin tələbələrinin
və “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının
əməkdaşlarının iştirakı ilə
professor İslam Qəriblinin
“Məhəmməd Hadinin həyatı və yaradıcılığı” məruzəsi ətrafında müzakirələr keçirilib. Tədbiri giriş sözü ilə açan professor Himalay Qasımov professor İslam Qəribli haqqında geniş məlumat verib və onun Məhəmməd Hadi yaradıcılığını geniş araşdırdığını, bu mövzuda dəyərli tədqiqatlar və kitablar müəllifi olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, İslam Qəribli Hadi dünyasına addım-addım yaxınlaşaraq bu böyük sənətkarın tədqiqinə böyük əmək sərf edib. Professor H.Qasımov İslam Qəriblinin tədqiqatlarının, araşdırmalarının Hadişünaslıq elmində önəmli yer tutduğunu söyləyib: “Heç şübhəsiz ki, görkəmli alimlərimizdən Məmməd Cəfərin, Mir Cəlalın, Əziz Mirəhmədovun Hadi yaradıcılığı ilə tədqiqatları da İslam müəllimin bir Hadişünas kimi yetişməsində mühüm rol oynayıb. Onun “Məhəmməd Hadinin “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poeması adlı namizədlik, "Məhəmməd Hadinin ədəbi irsi Azərbaycan dövri mətbuatında (1905-1920-ci illər)" mövzusunda doktorluq dissertasiyaları ədəbiyyatşünaslıq elmində yeni bir hadisədir. Bundan əlavə o, "Məhəmməd Hadi yaradıcılığının "Həyat" və "Fyuzat" mərhələsi", "Məhəmməd Hadi və mətbuat", "Mən bir kitab, hər vərəqim min kitabdır" monoqrafiyalarının müəllifidir”.
Daha sonra professor İslam Qəribli geniş məruzə edərək böyük şair Məhəmməd Hadinin keşməkeşli həyat və yaradıcılıq yolu haqqında məlumat verib. Bu mövzu ətrafında uzunillik araşdırmalarının nəticələrini tədbir iştirakçıları ilə bölüşüb. Məhəmməd Hadinin faciəvi taleyi, çətin həyatı, əsərlərindəki ideya, maarifçi düşüncələri haqqında şəxsi qənaətlərini də diqqətə çatdırıb. Həmçinin məruzəçi romantik ədəbiyyatın nümayəndəsi olan Hadinin əsərlərinin alt qatında realist düşüncələrin, ideyaların olduğunu söyləyib: “Ümumiyyətlə, mən hər hansı yazıçını, şairi birmənalı olaraq hansısa cərəyana aid etməyin tərəfdarı deyiləm. Zənnimcə, metodlar və cərəyanlar məsələsinə yenidən qayıdıb daha dərin araşdırmalar aparmaq lazımdı. Məsələn, elə romantik ədəbiyyatın nümayəndəsi hesab edilən Hadinin əsərlərinin alt qatında realist ideyalar da az deyil. Məncə, romantizmdə realizmi, yaxud realizm içərisindəki romantizmi araşdırıb üzə çıxarmaq zamanıdır və mən gələcəkdə də bu istiqamətdə tədqiqatlar aparmaq fikrindəyəm”.
Geniş məruzədən sonra tədbir “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müdiri, professor Himalay Qasımovun, professor Elman Quliyevin, professor Təyyar Salamoğlunun, kafedranın müəllimi Pərvin Nurəliyevanın və digər iştirakçıların mövzu ətrafında müzakirələri ilə davam edib, bu cür görüşlərin gənc nəsilə, tələbələrə faydalı olduğu bildirilib.
PƏRVİN
Azərbaycan.- 2016.- 9 dekabr.- S.7.