Naxçıvan
mövzusu məşhur rus fotoqrafın
yaradıcılığında
XX əsrin əvvəllərindən
başlayaraq Tiflis Qafqazın inzibati və mədəni
paytaxtı olub.
Təxminən, 1828-ci ildən
Tiflisin ədəbi-ictimai mühiti Azərbaycanın və
onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın
milli mədəniyyətinin inkişafında böyük rol
oynayıb. Qeyd edək ki, 1840-cı ildən başlayaraq
"Kavkaz", "Novoye obozreniye", "Tiflisskoye
vedomosti", "Zakavkazskiy vestnik" qəzetlərində
Naxçıvan tarixi və mədəniyyəti, həmçinin
folklor nümunələri haqqında maraqlı məqalələr
çap olunub. Başqa sözlə, naxçıvanlı
müəlliflər ancaq Tiflis mühiti vasitəsilə
Rusiyada və Avropada yazdıqlarını təbliğ edə
bilirdilər.
Ədalət naminə deyək ki,
Tiflisdə yaşayan xalqların bütün nümayəndələri
birlikdə çarizmin müstəmləkəçilik siyasətinə
qarşı mübarizə aparıblar.
Gürcüstanın Qori şəhərindəki
Zaqafqaziya Müəllimlər Seminariyasının, Tiflis
Aleksandr Müəllimlər İnstitutunun və Nucabə
Qızlar Seminariyasının şöbələrində
naxçıvanlı gənclər təhsil alıb, Azərbaycanda
maarifin, həmçinin mədəniyyətin
inkişafında əvəzsiz xidmətlər göstəriblər.
Bu haqda Azərbaycanın tədqiqatçı alimləri xeyli
kitab və monoqrafiyalar yazıblar.
Amma Azərbaycanın ayrılmaz tərkib
hissəsi olan Naxçıvanın Gürcüstanla, onun mərkəzi
olan Tiflis mühiti ilə əlaqələri çox az tədqiq
edilib.
Hələ Naxçıvan
xanlığı dövründən başlayaraq
Gürcüstanla Naxçıvanın bir çox sahədə,
o cümlədən hərbi sahədə də sıx əməkdaşlığı
olub. Bu tarixi mövzu çoxəhatəli və genişdir.
Bunu bir-iki yazıya sığışdırmaq olduqca
müşkül məsələdir. Ancaq
Gürcüstanın arxivlərində XVIII əsrin
ortalarından başlayaraq XX əsrin əvvəllərinə
aid qiymətli arxiv sənədləri vardır.
Qeyd edək ki, Naxçıvan
tarixi, həmçinin Naxçıvanın görkəmli
şəxsiyyətləri ilə bağlı sənədlərə
Tbilisinin muzey fondlarında, sərgilərində rast gəlinir.
Vaxtında araşdırmalar aparılmadığından indi
bəzən obyektiv olaraq çətinliklərlə də
rastlaşmalı oluruq. Bu, əsasən, Naxçıvandan
aparılan döyüş bayraqlarına, fotoşəkillərə
və digər eksponatlara aiddir. Çünki bu fotoşəkillərin
xeyli hissəsi Kəngərli xanlarına və onların hərbçi
varislərinə aiddir. Bir vaxtlar Qafqaz Hərbi Muzeyində olan
həmin fotoşəkillər 1917-ci ildən sonra Tiflisdəki
muzeylərə göndərilib. Fotoşəkillərə aid
qeydlər silindiyindən onların kimə aidliyi çox ciddi
çətinlik yaradır. Belə bir vəziyyətdən isə
Azərbaycanı sevməyənlər sui-istifadə edirlər.
Buna görə də Tbilisidə kompleks axtarışları
dərinləşdiririk. Naxçıvan mühiti və
ziyalıları, hərbçiləri ilə bağlı
fotoşəkillərin əksəriyyəti məşhur
fotoqraf Dmitri İvanoviç Yermakov tərəfindən
çəkilib. Qeyd edək ki, onun yaradıcılıq
kolleksiyası çox zəngindir. Ondan 127 fotoalbom (bu albomda
22660 fotoşəkil var) və 15556 şüşə neqativlər
Qafqaz xalqlarına yadigar qalıb. Bu haqda bir az sonra.
İstedadlı fotoqraf Dmitri
İvanoviç Yermakov 1845-ci ildə Tiflisdə (bir sıra sənədlərdə
Naxçıvanda doğulduğu yazılıb) anadan olub.
Rus fotoqrafı, şərqşünası
və etnoqrafı, səyyahı Dmitri Yermakovun atası
Gürcüstanın məşhur memarı Lodoviko Kambiacodur. Sənədlərin
dili ilə desək, italyandır.
Gürcüstana gəlməzdən
əvvəl Odessa şəhərinin memarı olub. Odessa şəhərində
onun memarlığı ilə tikilən saray bu gün də
göz oxşamaqdadır.
1845-ci ildə Qafqaza canişin təyin
edilən knyaz M.S.Vorontsov-Daşkov Odessanın məşhur
memarlarını və digər mütəxəssislərini
özü ilə bərabər Tiflisə gətirir. O,
Novorossiyskin və Bessarabiyanın general-qubernatoru işlədiyi
vaxtlar ətrafına bacarıqlı mütəxəssislər
toplamışdı. Dmitrinin anası Avstriya-gürcü əsilli
qadın idi. (Bəzi mənbələrdə isə molokan
qızı olduğu yazılıb).
Sonralar o, həyat yoldaşından
ayrılaraq Rusiyaya köçüb və orada Yermakov
familiyalı şəxslə ailə qurub. Beləcə, Dmitri
Kambiaconun familiyası olub Yermakov, Dmitri
atalığının adını və familiyasını
daşıyıb. O, hərbi təhsil alıb.
1860-cı ildə 24 yaşlı
Dmitri Tiflisə gəlib və fotoqraflığa
başlayıb. 1870-ci ildə o, Naxçıvana gələrək
oradan da İrana səyahət edib. İranda uzun müddət
yaşayan fotoqraf çoxlu sayda etnoqrafik fotoşəkillər
çəkib. İran şahı onun çəkdiyi fotoşəkilləri
bəyəndiyindən ona "Əlahəzrət İran
şahının saray fotoqrafı" adını verib.
Müəyyən fasilələrlə fotoqraf 1870-ci ildən
etibarən 1915-ci ilədək İranda yaşayıb fəaliyyət
göstərib.
Professional kimi 1866-cı ildən
fotoqraflığa başlayan Yermakov tez bir zamanda Rusiya
Coğrafiya Cəmiyyətinin də rəğbətini
qazanıb.
Bir yerdə çox qalmağı
xoşlamayan fotoqraf İranda, Türkiyədə,
Krımın cənub sahillərində, Zakaspiyski vilayətində
də səyahətlərdə olub.
Əla fotoşəkillər
çəkdiyinə görə 1874-cü ildə ona Fransa
Fotoqrafiya Cəmiyyətinin mükafatı verilib. Yermakov
1877-1878-ci illərdə rus qoşunlarının tərkibində
Qafqaz cəbhəsinə ezam edilib. Həmişə hərbi
yürüşlərdə olan fotoqraf Bəyazid qalası ətrafında
gedən döyüşlərdə də maraqlı fotoşəkillər
çəkib. Əldə etdiyimiz məlumata görə,
İsmayıl xanla oğlu Aman xanın da fotoşəklini
çəkib. Həmin müharibələrdə vuruşan Kəngərli
süvarilərinin də fotoşəkilləri Yermakova məxsusdur.
1880-ci ildən atla və piyada səyahət
edən Dmitri yürüşlərdə fotoaparat çiynində
iştirak edib. Çoxlu ekspedisiyalarda və arxeoloji
qazıntılarda iştirak edən Yermakov Moskva Arxeoloji Cəmiyyətinin
fəxri üzvü olub. Yaxşı, maraqlı fotoşəkillər
çəkdiyinə görə İranın, Türkiyənin,
İtaliyanın və Moskva antropoloji (1878) sərgilərinin
mükafatlarını alıb. Yermakov həm də
yaxşı poliqlot idi. 10-a qədər dil bilirdi. Bir çox
vacib ekspedisiyaların yürüşlərində iştirak
edən Yermakov bu gün də öz əhəmiyyətini
itirməyən fotoşəkillərin yaradıcısı
olub. Dmitri Yermakov 1877-1878-ci illərdə hərbi müxbir
olub və 1880-ci ildə özünün şəxsi
fotostudiyasını açıb.
16 dekabr 1881-ci ildə Rusiya Arxeoloji
Cəmiyyətinin əməkdaş üzvü seçilən
D.Yermakov bir çox məşhur fotoşəkillərin də
sahibidir. Onun çəkdiyi fotoşəkillər 1882-ci ildə
Moskvada təşkil olunmuş ümumrusiya sərgisində
bürünc medal alıb. Tiflisdən başqa, onun Kislovodsk şəhərində
də fotoatelyesi olub.
Rusiyanın və xarici ölkələrin
36 mükafatını alan Dmitri Yermakovun yazımızın əvvəlində
qeyd etdiyimiz kimi, tarixi əhəmiyyətli zəngin
kolleksiyası var idi.
1918-ci ildə həmin qiymətli
kolleksiya Tiflis Universiteti və Gürcüstan Tarixi və
Etnoqrafiyası Cəmiyyəti tərəfindən əldə
edilib. Onun fotokolleksiyasının əsas hissəsi Tiflisdə
saxlanılır. Bir hissəsi Qaraçay-Çərkəz
Respublikasının Zelençuk rayonunun Bukovo və Nijni
Arxız qəsəbələrində fəaliyyət göstərən
memarlıq-arxeoloji muzeylərində saxlanılır. Bundan
başqa, fotoqrafın kolleksiyasına aid fotoşəkillər
Moskvada, Sankt-Peterburqda, Krasnodarda və digər şəhərlərdə
fəaliyyət göstərən muzeylərdə
nümayiş etdirilir.
Dmitri Yermakov dəfələrlə
Naxçıvana gəlib və keçmiş cəbhə dostları
general İsmayıl xanın, general-mayor II Kalbalı xanın
və onun oğlanlarının - Rəhim xanın, Cəfərqulu
xanın qonağı olub. Və onların, həmçinin
ailə üzvlərinin fotoşəkillərini çəkib.
Hətta Naxçıvanın bir çox
ziyalılarının da fotoşəkillərinin Yermakova məxsusluğu
fotoqrafın imzasından və fotonun arxasındakı
ünvandan bilinir. Qeyd edək ki, Əşrəf ağanın
və onun oğlu Əmirsuvar bəyin şəxsən
tanıyıb dostluq etdikləri Yermakov onların da fotoşəkillərini
çəkib. Həmin fotoşəkillər onların ailə
arxivlərində qorunur. Dmitri Yermakovun çəkdiyi
fotoşəkillərdən əlavə olaraq ikisinin kimliyi
tapıla bildi. Onların hər ikisi Milli Azərbaycan Tarixi
Muzeyində "Naxçıvanlı qadınlar" kimi
nümayiş etdirilir. Onlardan biri Cəfərqulu xan
Naxçıvanskinin ikinci həyat yoldaşı Bəyim Kəngərlinin
fotoşəklidir. Bəyim Kəngərlinin fotosunu Cəmşid
xan Naxçıvanskinin dayısı Həsən xan İrəvanskinin
Türkiyədə saxlanılan şəxsi albomunun köməkliyi
ilə dəqiqləşdirdik.
Axtarışlar zamanı məlum
oldu ki, 1969-cu ildən sonra şairə Qonçabəyimin
fotosu kimi təqdim edilən fotonun da müəllifi
D.Yermakovdur. Foto Naxçıvan şəhərində əsilzadə
ailəsində çəkilib. Tarix də fotoqraf tərəfindən
göstərilib: 1890. Deməli, bu fotoşəkil Nikolozun
1844-cü ildə məktubunda yazdığı 18
yaşlı Qonçabəyimə məxsus ola bilməz.
Gürcü romantik şairi Nikoloz Barataşvilinin məktubunda
təsvir edilən şairə Qonçabəyimin fotoşəklini
tapmalıyıq.
Qaldı D.Yermakovun çəkdiyi
fotoşəklə, yəqin ki, axtarışlar onun da kimliyini
üzə çıxaracaq. Bu işdə D.Yermakovun
kolleksiyası və N.Barataşvilinin ev-muzeyi kömək edə
bilər.
Fotoqraf Dmitri Yermakov 10 noyabr
(köhnə təqvimlə 28 oktyabr) 1913-cü il tarixdə
Tiflisdə vəfat edib. Tiflisdə Kukiya - katolik qəbiristanlığında
dəfn olunub. Çox mənalı bir işə
ömrünü sərf edən şərqşünas,
poliqlot, hərbi topoqraf və fotoqraf D.Yermakovun kolleksiyası
Qafqaz xalqları üçün əvəzsiz bir tarixi xəzinədir.
Musa
RƏHİMOĞLU (QULİYEV)
tarix üzrə
fəlsəfə doktoru
525-ci qəzet.-
2016.- 9 dekabr.- S.6.