Mühacirət ədəbiyyatı: təşəkkülü,
problemləri, şəxsiyyətləri - IV məqalə
“AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI” SİMPOZİUMUNUN 25 İLLİYİNƏ
GÜLTƏKİN
Azərbaycan ədəbi mühitində “Əmin Abid” və
“Gültəkin” adları sovet dövründə nadir hallarda
yanaşı çəkilib.
Əmin Abid bir nəzəriyyəçi, ədəbiyyat
tarixçisi, qorqudşünas və axundovşünas alim
kimi 1920-ci illərin ortalarından başlayaraq fundamental tədqiqatları
ilə tanınıb, 1938-ci ildə sovet repressiya
maşınının qurbanı olub. Gültəkin isə
20-ci illərin əvvəllərində Azərbaycan
mühacirət poeziyasının əsasını qoyanlardan
biri, hətta birincisi olub, şeirləri mühacirət mətbuatında
və “İstiqlal uğrunda” məcmuəsində dərc
edilib.
Ölümündən
təxminən on il sonra onun şeirləri İstanbulda “Buzlu cəhənnəm”
(1948) adı ilə dərc olunub və 30 ildən çox
siyasi mühacirətlə birlikdə vətənə
doğru yol gəlib. Ötən yüzilliyin
80-ci illərinin sonunda onun şeirləri yenidən milli arenada
səslənib. Uzun müddət bu iki
adın yanaşı çəkilməməsinə səbəb
Ə.Abidin Türkiyədə gizli imza (Gültəkin) ilə
çıxış etməsi, özünü mühacir
statusunda görməsi və alovlu istiqlal şeirləri
yazması olub. Yalnız Ə.Abidin istintaq
sənədlərində “Gültəkin” imzası ilə dərc
olunan şeirlərin müəllifi olması ilə
bağlı fakt özünə yer edib ki, bu da gizli arxiv sənədi
olduğundan ədəbiyyatşünaslara uzun müddət məlum
olmayıb. İstintaq materiallarında
Ə.Abid özü “Gültəkin” imzalı şeirlərin
ona məxsus olduğunu etiraf edib. O da aydın olur ki,
Gültəkin Azərbaycan siyasi mühacirəti ilə
yaxın əlaqədə olub, mühacirətdə “Azərbaycan
ideya”lı və ruhlu şeirləri ilə əsir
xalqını mübarizəyə səsləyib.
Əmin Abid poeziya yaradıcılığına hələ
Bakıda olarkən başlamış, müxtəlif
mövzulu şeirlər yazmışdır. Bu şeirlər
qardaşı Ə.Müznibin sahibi və redaktoru olduğu
“Şahabi-saqib”, “Zənbur”, “Dirilik”, “Babayi Əmir, “Bəsirət”
və s. qəzet və jurnallarda dərc edilmişdir. Yaradıcılığının bu mərhələsində
gənc şair poetik parçalarında vətənin gələcək
taleyi ilə bağlı narahatlıqlarını ifadə etməyə
çalışırdı. Şairin
Türkiyə şeirləri onun poetik
yaradıcılığında keyfiyyətcə dəyişən
ikinci mərhələsidir. Sovet Azərbaycanında
“Qızıl qələm” şairləri komminist
ideologiyasından çıxış edərkən Gültəkin
ölkədən kənarda “İstiqlal!” deyə haray çəkir,
xalqının azadlığa çıxması
üçün var gücü ilə mübarizə
aparırdı. Türkiyəyə təhsil
almağa, “Azərbaycan türklərinin ədəbiyyatı
tarixi” əsərini yazmağa gedən Ə.Abid - Gültəkin
öz poetik yaradıcılığı ilə Azərbaycan
mühacirət poeziyasının əsasını qoyur.
İlk dəfə olaraq Türkiyədə Azərbaycan
şairi vətənin istiqlal duyğularını poetik formada
dilə gətirir. Qızıl Ordunun Azərbaycanı
işğalından sonra vətəndən uzaqlarda, eləcə
də Türkiyədə iztirablı mühacirət həyatını
yaşayan azərbaycanlılar üçün siyasi
mübarizənin hələ təşkilatlanmadığı
bir dövrdə bu şeirlərin misilsiz xidməti olub.
Bu şeirlərdə şairin xalqı, vətəni
üçün ən ali arzu və istəkləri,
onun xoş gələcəyi ifadə olunurdu. Həmin
dövrdə yeni mərhələdə bir millətin iki ədəbiyyatının
yaranmasının əsası qoyulur: biri vətəndə,
digəri isə sərhədlərindən kənarda-mühacirətdə.
Əlbəttə, Gültəkin rəsmən
mühacir deyildi, İstanbulda təhsil alıb vətəninə
dönəcəkdi.
Onun İstanbulda olduğu dönəmdə M.Ə.Rəsulzadənin
rəhbərliyi ilə Azərbaycan siyasi mühacirəti
özünün təşkilatlanma mərhələsini
yaşayırdı. Azərbaycan idealı və milli
şüurun yaradılmasında isə mühacirliyin, hər
şeydən öncə, ictimai xarakter alması, siyasi cəhətdən
təşkilatlanması və mət-buat orqanlarının
yaradılması önəmli rol oynayır. “Yeni Qafqasiya” jurnalında özünün milli ruhlu
şeirləri ilə çıxış edənlərdən
biri də Gültəkin olur. İlk
baxışdan onun şeirlərini mühacirət şeirləri
sırasına daxil etmək mübahisəli görünə
bilər. Lakin o rəsmən mühacir olmasa da,
özünü mühacir statusunda görürdü və
buna görə də “Əmin Abid” deyil, “Gültəkin”
imzası ilə çıxış edirdi. Onun
şeirləri bir neçə onillik mühacirət
poeziyasının aparıcı məzmununu təşkil edərək
ona yön, istiqamət vermişdir. Mühacirətdə
Azərbaycan ədəbiyyatının inkişafından
söz açan M.Ə.Rəsulzadə “Çağdaş Azərbaycan
ədəbiyyatı” məqaləsində Gültəkin kimi
mühacir ədəbiyyatın nümayəndələrinin
yaradıcılığını yüksək qiymətləndirərək
yazırdı: “Millətin parlaq gələcəyinə
böyük ümidlər bağlayaraq hürriyyətə
susamış, mübarizə həyəcanının gərginliyini
daşıyan bu igidlərin əsl qəhrəmanlığı
ilə bizi həqiqi mənada tanış edən şeir
bolşevik senzurasından azad olaraq mühacirətdə nəşr
edilən Azərbaycan ədəbiyyatıdır. Bu ədəbiyyatda:
İstiqlal,
o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, ş ərəf,
şan.
İstiqlal,
o sönməyən müəbbəd bir məşalə,
Könüllərdə
tutuşur, gözlərdə sönsə, belə,-
deyən
Gültəkin adını daşıyan alovlu şairin
yazıları xüsusi yer tutur. Gültəkinin şeirlərində
biz həqiqi milli inqilab mübarizəsinin nəşidələrini
görürük... Gültəkin şeirlərinin
təfsilatı ilə araşdırılması bizi çox
məşğul edir, vaxtımız və
iclasımızın çərçivəsi buna imkan
vermir”.
M.Ə.Rəsulzadənin Gültəkin poeziyasına bu
cür yüksək qiymət verməsinin səbəbləri
vardı; bu səbəblərdən biri siyasi amillərlə
bağlıdır. Gültəkin öz şeirlərində
rus işğalına məruz qalmış xalqın istiqlaliyyət
ideallarını qələmə almışdır. İkincisi, yeni mərhələdə mühacirət
poeziyasının əsasını qoymuşdur. Üçüncüsü, poetik inkişaf
baxımından da bu ədəbi nümunələr ədəbiyyatın
yeni inkişaf istiqamətini müəyyənləşdirirdi.
Doğrudan da, istər 20-ci illərdə, istərsə
də 30-40-50-ci illərdə yaranan mühacirət
poeziyasının örnəyi məhz Gültəkinin
şeirləri olur. Lakin uzun müddət Gültəkinin
kim olması, bu istiqlal şeirlərinin
şöhrət ünvanının kimə tuşlanması məsələsi
gizli qalmışdır.
Gültəkinin Azərbaycan mühacirətinin yeni
yaranan mətbuat orqanları “Yeni Kafkasiya” dərgisində
şeirlərinin çap olunması, onun siyasi mühacirətlə
yaxın olmasını təsdiq edən kifayət qədər
əsaslı arqumentdir. Ən böyük arqument isə
Ə.Abidin hələ Bakıda ikən M.Ə.Rəsulzadəni
şəxsən tanımasıdır. Filologiya
elmləri doktoru İ.Ağayevin dediyinə görə, onlar
Sovetskidə yaşayarkən qonşu olublar. İstintaq sənədlərindən
aydın olur ki, Gültəkin mühacirlərin
yığıncaqlarında yaxından iştirak edir, həm də
“Yeni Kafkasiya”da çalışaraq oradan maaş
da alırmış. Bu barədə ədəbiyyatşünas
Əli Şamilin araşdırmaları vardır. Görünür, siyasi mühacirətə yaxın
dairələrdə, onların iclaslarında, müzakirələrində
Ə.Abidin Gültəkin adı ilə çıxış
etməsi onun rəsmi mühacir olmaması idi və
başqaları kimi öz adı ilə çıxış
edə bilməzdi.
Ə.Abidin mühacirət şeirlərini bu ad
altında çap etdirməsinin bir səbəbi də məhz
şeirlərin mühacirət mövzusunu təmsil etməsində,
onların məzmunundadır. Nəticədə Gültəkin
adı ilə çap olunmuş şeirlərin həqiqi
müəllifini çox adam
tanımamış, elə Gültəkin kimi məşhurlaşmışdır.
Beləliklə, uzun müddət Gültəkinlə
Ə.Abid ayrı-ayrı şəxsiyyətlər hesab
olunmuşdur. Ola bilsin, siyasi mühacirətə
yaxın olması onun Türkiyədə Gültəkin kimi
tanınmasına gətirib çıxarır. Həyat sübut etdi ki, Ə.Abid Gültəkin
adı ilə şeirlər çap etdirməklə Sovet Azərbaycanında
keçən həyatını nisbətən sığorta
edə bilmişdir. Hətta o dərəcədə
sığorta etmişdir ki, heç bir rəsmi sənədlərdə
Gültəkinin Ə.Abid olduğu birbaşa göstərilməmişdir.
Ə.
Abidin mühacirət şeirlərinin pafosunu Azərbaycan
istiqlalı və bu istiqlal uğrunda canından keçməyə
hazır olan gəncliyin mübarizəsi təşkil edir.
Əsarət zəncirini qırıb atmaq yolunda gəncləri
nə Sibirin “Soyuq və qorxunc dənizi” ,
nə də “buzlu cəhənnəm” qorxudur. Onlar yaxşı
bilir ki, “ hər donduran qışın
bahardır sonu”. Gültəkinin istiqlal poeziyası
XX əsrin əvvəllərində yayılmış bir
çox şeirlər kimi mücərrəd xarakter
daşımır, onun konkret mövzusu, qayəsi var. Bu
mövzu və qayə Azərbaycan istiqlalıdır. Artıq bir dəfə Azərbaycan bu istiqlala
çatmışdır. İyirmi
üç aylıq Azərbaycan istiqlalına
qırmızı bolşevik istilası son qoymuşdu. Bu şeirlərin yaranma tarixi Azərbaycanın yenicə
qazandığı istiqlalını itirməsindən
başlayır.
Azərbaycan Xalq Cümhuriyyəti zamanı Azərbaycan ədəbiyyatı
istiqlalının özünü yaşamaqdaydı. 1920-ci ilin
aprel işğalından sonra isə bu, istiqlal ədəbiyyatının
mövzusu oldu. İstiqlal məfkurəsi
siyasi mübarizəsində olduğu kimi, ədəbiyyatda da
yaşamını davam etdirdi. Lakin
istiqlalın yaşaması üçün həm siyasi
mübarizədə, həm də ədəbi fikirdə
imkanlar məhdudlaşdırılmışdı. İtirilmiş istiqlalın geri qaytarılması
üçün mübarizə aparanlar ya sovet zindanlarında
çürüyür, ya da uzaq Şimalın buzlu
şaxtalarının qurbanı olurdu. İşğalçılara
qarşı ədəbi fikrin mübarizəsi isə sovet
senzurası tərəfindən mətbuata və ədəbiyyata
çıxarılmırdı. Bunu nəzərdə tutan
M.Ə.Rəsulzadə yazırdı: “Sovet senzurasının
icazəsi daxilində Azərbaycan yurdsevərliyindən ancaq
bu qədər bəhs edilə bilər. Bundan
artığına hələ qırmızı rus
istilasına qarşı yönəlmiş həqiqi yurdsevərliyə
qətiyyən meydan verilməz. Qüvvəsini məmləkətin
tarixi və milli ənənələrindən alan
bu cərəyanın əlamətlərini bizə sovet əsirliyinin
tam mənzərəsini yaradan gizli şeirlər verirlər”.
Ona görə də istiqlal ideyasının ədəbiyyatımızda
intişarı mühacirət ədəbiyyatında
bütün dolğunluğu ilə üzə
çıxır. Mühacirət ədəbiyyatımızda istiqlal
ideyasını yaşadan Gültəkin Azərbaycanda hər
şeyin, ədəbiyyatın, incəsənətin, bədii
təfəkkürün belə bolşevikləşdiyi, XI
Qızıl Ordunun xilaskar ordu kimi qələmə verildiyi bir
zamanda “ Bolşevik” ( 1924) şeirində yazır:
Bürüdü
bir qorxunc yel kibi bizi,
Bu dağlarda oldu duman bolşevik.
Qanlara
boyandı Xəzər dənizi
Vermədi kimsəyə aman bolşevik.
Bolşevik
atını sürdü Araza,
Oğulsuz analar batdılar yasa.
Ey əziz
qardaşlar, bu yıl olmazsa
Gələcək yıl olur viran bolşevik.
Rəngini
tökdüyü qandan aldı o,
Dünyaya
bir yeni vəhşət saldı o,
Qafqaz onun
deyil, bizdən çaldı o,
Oldu bu gün bizə düşmən bolşevik.
Gültəkinin
istiqlal şeirləri Türkiyədə “Yeni Kafkasiya” jurnalının
ayrı-ayrı saylarında dərc olunmasına baxmayaraq, ilk dəfə
bir topluda cəmləşir. Azərbaycan tədqiqatçılarının
da istifadə etdiyi bu mənbə 1928-ci ildə İstanbulda
çıxmış “İstiqlal uğrunda” adlı şeirlər
məcmuəsidir. Burada Gültəkindən
başqa daha bir neçə istiqlal şairinin şeirləri
toplanmışdır. Gültəkinin məcmuədəki
şeirləri, olduğu kimi, yenidən M.B.Məmmədzadə
tərəfindən 1948-ci ildə “Buzlu cəhənnəm”
kitabında çap olunur. Kitaba yazdığı
“Gültəkin” adlı ön sözündə M.B.Məmmədzadə Türkiyədə
və onun xaricində istiqlal ideallarının bədii fikirdəki
roluna böyük qiymət verərək yazırdı: “Azərbaycan
türklərinin milliyyət, hürriyyət və istiqlal
uğrunda qızıl rus imperializminə qarşı qanlı
savaşını şeir vadisində təmsil edən
mühacirlərdən mühacirətdə yetişənlərin
başında Gültəkin gəlir”.
Gültəkinin,
eləcə də mühacirətdə onun yolunu davam etdirən
şairlərin istiqlal şeirlərinin çapına
mühacirətdə böyük ehtiyac duyulurdu: “Bir tərəfdən
hürriyyət və istiqlal eşqi ilə yanan gənc nəslin
ehtiyaclarını təmin etmək, digər tərəfdən
dağınıq bir halda bulunan bu şeirləri toplu bir hala gətirmək
surətiylə ədəbiyyatla iştiqlal edən
maraqlıların işini kolaylaşdırmaq məqsədiylə
“Mühacirətdə yetişən milliyyətçi Azəri
şairləri” ümumi adı altında bir şeir nəşrini
faydalı gördük. Şeirin birincisini
Gültəkin və onun şeirləri təşkil edəcəkdir.
Gültəkinin şeirlərini “Yeni Kafkaziya” məcmuasından
alıyoruz. Və
bunların ədəbi və milli dəyəri haqqında bir
fikir edilə bilmək üçün “
İstiqlal uğrunda” şeirlər məcmuəsindəki
müqəddiməyi, Gültəkinə aid olmayan çox az
sətirləri çıxmaq surətiylə, eynən
aşağıya nəql ediyoruz”.
Gültəkinin bu şeirləri əsasən proqram
xarakterlidir və milli azadlıq ideyasının
yayılmasına xidmət edir. Lakin həcmcə böyük
olmayan şeirlərin (cəmi 21 şeir) özü belə
mövzu, mündəricə baxımından yaxındır, həyatla
səsləşəndir. “Buzlu cəhənnəm”, “Azərbaycan
istiqlalı”, “Azərbaycan gəncliyinə”, “ Əsirələr
bəldəsi”, “ Qızıl rus şairinə”, “ Canavar”
şeirlərində süjetli lirikadan geniş istifadə
olunur. Kitab “Buzlu cəhənnəm” şeiri ilə
şairin “ruslar tərəfindən Sibiryaya nəfy
(sürgün) edilən Azəri qardaşlarıma” epiqrafı
ilə açılır. Şairin
azadlıq, müstəqillik yolundan dönməyən və bu
yolda apardığı mübarizə nəticəsində
Sibirə sürgün edilən azadlıq aşiqlərinə
şeir həsr etməsi təsadüfi deyildi.
Şeir Sibirə müraciətlə başlayır. O, “soyuq və qorxunc dəniz”,
“ yalnız qatilin deyil, haqq bağıran
daşın da qəbri olan yer” adlandırdığı Sibirdən
təmənna edir. Minlərlə, on minlərlə azadlıq
aşiqini öz soyuq
qucağına alan Sibirdən nə unmaq olar? Şairin təmənnası budur ki, o, ayağa
qalxaraq yeni gələn müsafiri qəbul etsin.
Hamısı xəstə və olan bu yaşayış
acı rüzgarların ilıq bir qucağı kimi onlara
açılsın.”
Düşün
ki, həpsini düşmən soldurmuş...
Hicran qəlblərinə bir damğa vurmuş.
Onları yollamış bədbəxt bir diyar.
Qəlblərində
kədər, gözlərində nəm,
Onları
incitmə, yetimdir onlar,
Ey soyuqla
yaxan buzlu cəhənnəm!
Sibirya - “Təbiətin bu zalım “Çeka”sında nəfəslər
tıxanır-sanki yer kürəsi boğulur. Eyni zamanda
ananın gözləri yaşla dolur. Nələr
düşünür o? Yerim
rahatsızdır, oğlumu xatırladı? Yox, oğlunu
düşünmə! O artıq buzlu üfüqlərin
qucağında olmasına baxmayaraq əməllə, işlə
yaşayır, soyuqları “ əmdikcə”
“daha ver!”-deyir. “Qəlbindəki alov” onu
yaşadır və əmin edir ki, qışdan sonra hökmən
bahar gəlir... Şeirin üçüncü hissəsində
şair gənclərə xitab edir:
... Və
siz ey ölümün qorxunc yolunda,
Dəmir
addımlarla yürüyən gənclər!
Siz ey bir
talehin gizli qolunda,
Yürürkən
baxtı da yürüyən gənclər!
Uzatınız
bana siz əlinizi,
Təbrik
edəyim bən yigidlər sizi!
Baş əymədiniz
siz haqq yiyənlərə,
Dediniz yaşamaz Azəri haqsız.
Sizi kəsmək
üçün enən xəncərə
“Hürriyyət istərsiz!” deyə yazdınız.
“Bayrağım
və istiqlalım”, “Vətənim və eşqim”, “Qürbətdə
bayram”, “Azərbaycan istiqlalı” şeirlərində
yaşanmış, lakin əldən verilmiş Azərbaycan
istiqlalının yenə də bizim olacağına dərin
ümidlər vardır. “Buzlu cəhənnəm”də
min bir əziyyətə dözən mübarizlər
bayrağı, istiqlalı, vətən eşqini qəlblərində
yaşadırlar.
“Bayrağın ölmədiyini, əgər ölərsə,
bu bayrağı ləğv edən ölkələrin özlərinin
torpağın altına keçəcəklərini” -deyən
şair Azəri oğludur. Onun adından şah damarından
axan qan var. Lakin bütün zülm və işgəncələrə
baxmayaraq, “Nerondan betər zülm yapan”, “türklüyün qəlbinə
neştər vuran” ölkəyə qarşı “intiqam” şüarı da qalacaq. Vətəni
yad əllərdən xilas etmək üçün bir yol var :
Kurtuluş,
ey nazlı, sevimli pəri,
Könüldən
vurğundur sana azəri.
Dişimlə
qırarım, bir gün gəlir də
Bağrına saplanan qanlı xəncəri.
Yaşa
ey həsrətlə doğan istiqlal!
Yaşa
ey türk, yaşa ey gözəl hilal!
“Sevgili
Bakıya” , “Annəmə”, “Qürbətdə
bayram” şeirləri də vətənin azadlığına
həsr olunub. Şair qürbətdə
düşünür: “Yenə sevimli Bakının üzü
solğundur, onun dərdinə acıyanlar yoxdur”. Xəzərin
sularından çox göz yaşı axıdan şair darda,
“ qəlbinə matəm bağlayan”,
“düşmən qucağında ağlayan” vətən
üçün öz qanını halal edir. İstanbuldan
yazdığı “Annəmə” şeirində uzaqda qalan
“Müşviq qucağı”nı axtarır, həyatda yalnız
bir sevgilisinin olduğunu bildirir. Bu sevgilinin adı Azərbaycandır!
O, anasından xahiş edir ki, sevgilisi- “Şən Azərbaycana”
çatdırsın ki, o hələ də “mənim gözəlim”
olaraq qalır:
Get onun
bağrına yüzünü sürt də
Rusun çeynədiyi torpağını öp.
Azəri
oğlunun böyük ümidlə,
Gömdüyü üçrəngli
bayrağını öp.
Bəlkə
də ölürüm qürbətdə annə!
Ruhumsa
qalmasın həsrətdə annə!
Gültəkinin istiqlal şeirlərinin bir neçəsi
birbaşa işğalçılara ünvanlanıb. “Qorxu”, “ Çeka”, “ Azəri
kommunistinə”, “ Qızıl rus şairinə”, “ Canavar”
(“Kommunizm “dəha”sına”, “Bolşevik” şeirlərində
istiqlalçı şairin hiddət və nifrəti, qəzəbi
coşur, aşıb - daşır. Bu şeirlərin əhəmiyyəti
bir də ondadır ki, əgər vətəndə kommunistlər
təriflənir, onların şəninə şeirlər
qoşulurdusa, mühacirətdə, əksinə, kommunistlərin
və rus imperiyasının iç üzü
açılırdı. Çar hökümətinin
yeritdiyi siyasəti, indi də Leninin yeni respublikalar adı
altında birləşdirdiyi Sovet hökuməti yeridirdi.
Siyasi partiya üzvlərinin ölkədə
kütləvi şəkildə həbs olunduğu, Sibirə
sürgünə göndərildiyi bir zamanda poeziyada siyasi
mövzulara yer ayrılması, hər şeydən əvvəl
ictimai - siyasi məfkurənin poeziyada yaşaması deməkdir.
Bu mənada Gültəkinin şeirləri
mühacir poeziyasının örnəyidir. Bu şeirlərin başlıca məqsədi yeni nəsli
istibdada, zülm və əsarətə qarşı
qaldırmaqdan ibarətdir. Ona görə də
şair bu duyğularında qətiyyən bədbinliyə, ruh
düşkünlüyünə qapılmır, əksinə,
mətanətlə hayqırır. “Çeka”ların
“süngü ninnisi”nə qarşı çıxır,
canavarı öz adı ilə çağırır.
Bu zülmün, istibdadın mənbəyini alovdan,
“ölüm saçan” diyar - Moskvanı hədələməkdən
belə çəkinmir:
O qandan, gəmidən
yoğrulan yerin,
Əlbəttə, olacaq sənin məqbərin.
Gün gəlir
hilalə baş əyir yenə
Göy bayrağı öpən məğrur
burcların.
Sən ey
xəyanətə, zülmə bir yuva,
Ey
qızıl Moskva, vəhşi Moskva!..
Eyni
xitabları Gültəkin “Azəri kommunistinə”,
“Qızıl rus şairinə”, “Kommunizm “dəha”sına” da
ünvanlayır. Şair respublikada “Çeka” quran “Azərbaycan
kommunisti”ni babasının “nankor oğlu” hesab edərək
onun göylərdə ucaldığını və ona
“qardaş” deməyə dili gəlmədiyini bildirir. Əgər ona qardaş deyərsə, millətin onu
töhmət edəcəyi qənaətində də şair
haqlıdır; çünki düşmənlə qardaş
olmaq çətindir, hiyləyə aldanmaq deməkdir. Gültəkin “Sən nəsin, nəçisin kimin
oğlusun?!” sualına “Bir çin fəlsəfəsinin adi
qulusun” qərarına gəlir və ona əlinin qanını
yumaq vaxtı çatdığı barədə xəbərdarlıq
edir. “Canavar” şeirində isə bu xəbərdarlıq
daha böyük siyasi mahiyyət alır, oxucunu zülmə,
zalıma qarşı çıxmağa
çağırır:
Qanlı
çöllərin bu azğın yolçusu
Bu yerdə nədən qurmuşdur pusqu?
Alov
görüncə o, tez qaçar geri,
Atəşgədəyi yax, durma Azəri!
İstiqlal şeirləri təkcə istiqlalçı məzmunla məhdudlaşmır, burada həm də ictimai motivli son dərəcə lirik şeirlər, marşlar da vardır. Lakin Gültəkin nədən yazır-yazsın, vətən, istiqlal bu şeirləri birləşdirən cəhətə çevrilir. “Sevgili Bakıya”, “Annəmə”, “Aldı getdi”, “Qafqaz türküsü”, “Gürcü kardeş” şeirlərində istiqlalın bədii coğrafiyası daha da genişlənir və zənginləşir. Qoşma janrında yazılan “ Aldı getdi “ şeiri isə həm lirik bir ovqat, həm də ictimai bir məzmuna malikdir.
Könül bağçasında bir qönçə vardı,
Onu da bir zalım yel aldı, getdi.
Orada hər
sabah şəbnəm ağlardı,
Şimdi o cənnəti sel aldı, getdi.
Azəri
qızı, ey nazənin gözəl,
Nə oldu bizləri yaşadan əməl?
Öpür
qoxlamadan yabançı bir əl
Saçından iki - üç tel addı. Getdi.
Ey qəlbinə
ələm dolan sevgilim,
Hər
addımda könlü solan sevgilim,
Öz
yurdunda qərib olan sevgilim,
O
yuvanı hangı əl aldı getdi?..
“Buzlu cəhənnəm”ə daxil edilən bütün
şeirlər yazılma tarixi etibarilə 1923-27-ci illəri əhatə
edir. Bu da onu göstərir ki, Gültəkin bu şeirlərin
hamısını Türkiyədə olarkən
yazmışdır. Gültəkinin tərənnüm
etdiyi şanlı Azərbaycan istiqlalı bu gün
yaşayır və bu istiqlalda onun Azalıq şeirlərinin
də xüsusi payı vardır. Bu
şeirlərin enerjisinə illərin soyuğu, şaxtası
belə heç bir təsir göstərə bilməyib.
Bədirxan
ƏHMƏDOV
525-ci qəzet.- 2016.- 10 dekabr.- S.18-19.