Füzulinin anadilli “Divan”ının
leksikası yeni tədqiqat
işığında
Azərbaycan ədəbi dilinin,
ümumiyyətlə Oğuz
türkcəsinin tarixi
leksikasının hazırlanmasında,
onun lüğət fondunun, sözlərin dövrlər üzrə işlənmə tezliyinin
öyrənilməsində, xüsusilə türk dilinin regional (Azərbaycan,
İrak-Kərkük, İran-Xorasan,
Türküstan) və
epoxal (qədim zamanlar, orta əsrlər, yeni dövr və s.) üslublarının səciyyəvi
əlamətlərinin müəyyənləşdirilməsində
müxtəlif vaxtlarda
və məkanlarda yaşayıb-yaratmış bədii
söz sənətkarlarının
ədəbi-bədii və
epistolyar irsinin lüğət tərkibinin
araşdırılaraq, xüsusi
elmi təhlil yolu ilə dərindən
tədqiqi vacibdir.
Bu baxımdan gənc araşdırıcı Sevinc
Əliyevanın bütün
dünyada “qəlb şairi” adlandırılan
“Füzuli” təxəllüslü
Molla Məhəmməd
Bağdadi əsərlərinin
poetik leksikasının
elmi təhlilinə həsr olunmuş “Məhəmməd Füzulinin
Azərbaycan-türk “Divan”ının
leksikası” (Bakı,
“Elm və təhsil” nəşriyyatı, 2016, elmi
redaktoru Sevil Mehdiyeva) kitabı mühüm əhəmiyyət
kəsb edir. Təkcə ona görə yox ki, Füzuli
“Azərbaycan şairlərinin
babasıdır” (F.Köçərli);
Yaxın Şərqdə
“yeni bir ədəbi məktəbin
əsasını qoyan
sənətkardır” (H.Araslı);
“Onun əsərləri
Azərbaycan bədii mədəniyyətinin zəngin
xəzinəsində ən
qiymətli incilərdən
sayılır” (M.Quluzadə).
Həm də ona görə ki, Füzuli ərəb-fars sözlərinin
hegemon olduğu yad mühitdə Oğuz türkcəsinin tamam yeni bir
regional poetik üslubunu
formalaşdırmış, bu üslubu əsasən başqa şərq-müsəlman dillərindən
alınmalar, qismən
də xalq dilindən götürmələr
hesabına zənginləşdirərək
yüksək bir zirvəyə qaldırmış,
türk dilində şeir yazmağın çətinliyini - “düşvarlığını”
asanlaşdırıb öz
mühitində bu dili bədii-fəlsəfi
düşüncənin, ilahi
və dünyəvi məhəbbətin, saf, təmiz sevgi hisslərinin, hicran əzablarının, vüsal
arzularının, ictimai-əxlaqi
fikirlərin, bütövlükdə
insan ruhunun aydın ifadəçisinə
çevirmişdir. Bütün
bunları incəliyinə
qədər öyrənən
Sevinc Əliyeva dahi şairin poetik dünyasına, sənət aləminə
daxil ola
bilmiş, Füzulinin
türkcə “Divan”ının
leksikası barədə
dolğun təsəvvür
yaratmağa çalışmışdır.
Giriş,
nəticə, istifadə
edilmiş ədəbiyyat
hissələrindən başqa
üç fəsildən
ibarət olan monoqrafiyada Füzulinin türkcə “Divan”ında
işlənən sözlər
həm tematik, həm mənşə, həm də leksik-semantik baxımdan qruplaşdırılaraq tədqiqata
cəlb olunur. Belə təhlil üsulu müəllifə öyrənmək
istədiyi məsələlərə
konkret yanaşmaq, Füzuli “Divan”ındakı
tematik və leksik-semantik söz qruplarına elmi təsnif vermək imkanı yaradır. Tədqiqatçı Füzuli
“Divan”ının lüğət
tərkibini tematik baxımdan məhəbbət,
təbiət, somatik, məişət və onomastik leksika adlandırdığı beş qrupa ayırır. Monoqrafiyada bu söz qruplarının hər biri konkret misallar
əsasında təhlil
edilir. Füzulinin məhəbbət şairi, aşiqanə sözün kamil ustadı olması barədə elmi sələflərinin - məşhur
alimlərin fikirlərinə,
şəxsi müşahidələrinə
və əsasən də şairin özünün etirafına
- “Mən aşiqəm,
həmişə sözüm
aşiqanədir” misrasına
istinadən Sevinc Əliyeva doğru yazır ki, Füzulinin söz tutumunun böyük hissəsini məhəbbət
leksikası təşkil
edir. Elə buna görə
o, şairin məhəbbət
leksikasının izahına
nisbətən geniş
yer ayırır.
Tədqiqatçı sevgi, məhəbbət
məzmunu ifadə edən izafət birləşməli və
mürəkkəb fellərdən
ibarət dil vahidlərini şairin məhəbbət leksikasının
örnəkləri hesab
edir ki, belə təqdimat mübahisəli görünür.
Çünki, əvvələn, izafətlər söz deyil, söz birləşmələridir; onlar
sintaktik vahidlərdir.
İkinci, tədqiqatçının
mürəkkəb fel
saydığı “yoxdur
etibar”, “damənin tutmaq”, “göz açmaq”, “ətəyin tutmaq”, “qulaq tutmaq”, “əziz saxlamaq” kimi ifadələr klassik poeziyada, eləcə də Füzuli “Divan”ında işlənmə
yerinə görə həm məcazi, həm də həqiqi - müstəqim məna ifadə edə bilir. Konkret misallar göstərmədən
belə, vahidlərin hamısını mürəkkəb
fel hesab etmək əsassızdır.
Kitabda təbiət
leksikası (bitki, ağac, gül-çiçək,
fəsil, quş, heyvan adları), somatik leksika (bədən üzvlərini
bildirən sözlər),
məişət leksikası,
onomastik leksika (antroponimlər, kosmonimlər)
habelə arxaik leksika, bu leksikanın
nitq hissələrinə
görə təsnifi,
“Divan”da təsadüf
edilən terminlərə
dair də məlumat verilir. Bəzən səthi,
sistemsiz, hətta natamam görünsə də bu məlumat
Füzuli dilinin lüğət tərkibi
haqqında dolğun elmi təsəvvür yaradır. Xüsusilə
gənc tədqiqatçının
yügüş, bəsi,
dışra, kəndi,
bolmaq, bəkləmək,
cizginmək, durğurmaq,
əsrümək, giryəmək,
qomaq, irişmək, sarmaq tipli arxaizmləri
müqayisəli elmi təhlilin mərkəzinə
gətirərək, onların
Füzulidən əvvəlki
və Füzulidən
sonrakı dövrün
Azərbaycan-türk ədəbi
dilində işlənmə
dərəcəsi barədə
söylədikləri elmi
mahiyyətinə görə
seçilir.
Füzuli “Divan”ının dil gözəlliyini, onun emosionallığını və
ekspressivliyini şərtləndirən
mühüm amillərdən
biri də şairin işlətdiyi sözlərin leksik-semantik
əlvanlığıdır. Poetik fikri
təsirli-emosional ifadə
etmək məqsədilə
sənətkar türk
“Divan”ındakı əsərlərində
leksik-semantik baxımdan
fərqlənən müxtəlif
söz qruplarından istifadə etmişdir.
Monoqrafiyada belə söz qruplarından üçü: sinonimlər,
omonimlər və antonimlər geniş təhlilə cəlb edilir. Sinonimlər nisbətən əhatəli
təhlil olunur. Tədqiqatçı qrammatik baxımdan
sinonimləri iki qismə ayırır.
Birinci qismə adlarla ifadə olunan sinonimləri, ikinci qismə feli sinonimləri aid edir.
Türkcə “Divan”da adlarla
ifadə olunmuş sinonimlər çoxluq təşkil etdiyindən S.Əliyeva onlara da nitq hissələrinə
görə daxili bir təsnif verir. Bu təsnifatdan
aydın olur ki, Füzulinin türkcə “Divan”ında
isimlərdən, sifətlərdən,
miqdar saylarından, əvəzliklərdən, zərflərdən,
fellərdən ibarət
sinonimlər çoxdur
və bunlar Füzuli dilinin poetik zənginliyini, estetik gözəlliyini əks etdirir. Oxşar təsnifat, şərh və təhlil üsulu tədqiqatçının
omonimlər və antonimlərə dair bölgüsünün də
mahiyyətində görünür.
O, omonimləri də leksik-semantik və leksik-qrammatik deyə iki, antonimləri də adlarla və fellərlə ifadə olunan iki qrupa ayırıb
təhlil edir. Fikir və mülahizələrini
əsaslandırmaq üçün
müəllifin Füzuli
“Divan”ından seçdiyi
nümunələr əsasən
uğurludur. Lakin bəzən
inandırıcı olmayan
mülahizələrə və
bu mülahizələri
sübuta yetirmək üçün verilən
yanlış örnəklərə
də təsadüf edilir. Misal üçün, tədqiqatçının al və
xun sözlərini sinonim sayması səhvdir. Guya, “Füzulinin dilində
qan, xun sözlərinə sinonim olan al sözü müasir ədəbi dilimizdə al-qan tərkibində işlənməkdədir”
(s.116). Belə deyil:
Füzulinin türkcə
“Divan”ının dilində
al sözü qan və xun sözlərinin
sinonimi kimi işlənməyib, monoqrafiya
müəllifinin özünün
də dediyi kimi, hiylə, məkr, qırmızı,
almaq mənalarını
bildirib. Müasir dilimizdə isə al - tünd sözünün
sinonimi olaraq işlənməkdədir. Tədqiqatçının
verdiyi nümunədə
də al sözü qırmızı mənasındadır:
“Ey gül, qəmində əşk ruxi-zərim etdi al”, yəni qəmindən saralmış sifətimi göz yaşı qırmızı etdi. Məsələyə belə
yanaşanda S.Əliyeva
doğru deyir ki, Füzulinin dilində hiylə, məkr və qırmızı mənalarını
bildirən al sözü
müasir ədəbi
dilimizdə arxaikləşmiş,
təkcə al qırmızı,
al yanaq (əlavə edək: al yaşıl, al
sarı) kimi birləşmələrdə omonim
məna özünü
saxlamışdır (s.126).
Monoqrafiyanın “Füzulinin Azərbaycan türk “Divan”ında söz yaradıcılığı” adlanan sonuncu fəslində şairin türkcə şeirlərindəki düzəltmə və mürəkkəb sözlərin əmələgəlmə üsulları şərh olunur. Morfoloji üsulla yeni söz düzəltmək üçün istifadə olunan şəkilçilərin həm vəzifə, həm də mənşə baxımından təsnifi verilir. Adlardan və fellərdən ad, adlardan və fellərdən fel düzəldilən leksik şəkilçiləri sadalayır, həmin şəkilçilər vasitəsilə yaranan sözlərə aid nümunələr verir. Bu fəsildə həmçinin mürəkkəb sözlərin, xüsusilə mürəkkəb adların və fellərin yaranma üsulları izah olunur. Müəllifin elmi baxımdan maraqlı, lakin xüsusi izaha və sübuta möhtac fikri budur ki, Füzuli “dövrün ədəbi dilinin qayda-qanunlarına riayət etməklə sözdüzəldici şəkilçilər vasitəsilə yeni sözlər yaratmışdır” (s.135). Bu cümlədəki fikri məntiqlə düşünəndə belə çıxır ki, tədqiqatçının sadaladığı leksik şəkilçilər vasitəsilə düzələn sözlər (məsələn, qanlı, sevdalı, pərişanlıq, qapulu, qayğulu, ağulu, uyğulu, sulu, sərgəştəlik, dəvasız, yoldaş və s.) Füzuliyə məxsusdur? Əslində isə bu sözlərin əksəriyyəti Füzulidən əvvəl də “Dədə Qorqud” eposunda, Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Xətai kimi şairlərin dilində işlənmişdir. Məncə, Sevinc Əliyevanın kitabında ən maraqlı səhifələrdən biri bilavasitə Füzulinin özünün yaratdığı, yaxud xalq danışıq dilindən, hətta başqa dillərdən götürüb Azərbaycan-türk şeirinə gətirdiyi yeni söz və ifadələr - neologizmlər haqqında bölmə olardı.
Məlumdur ki, klassik sənətkarların bir çoxu kimi Füzuli də alim şairdir. Onun əsərlərində, eləcə də türkcə “Divan”da müxtəlif elm sahələrinə: fəlsəfə, tibb, pedaqogika, ədəbiyyatşünaslıq, dilçilik, din, məntiq və sairəyə aid çoxlu terminlər vardır. Monoqrafiyanın birinci fəslində bu məsələ ötəri və səthi xatırlansa da, əhatəli tədqiqatdan kənarda qaldığı üçün təəssüf doğurur. Lakin belə bölmənin yoxluğu və deyilən qeydlər nöqsan deyil, müəllifi və həmkarlarını yenidən düşündürmək istəyidir. Bütövlükdə Sevinc Əliyevanın “Məhəmməd Füzulinin Azərbaycan-türk “Divan”ının leksikası” monoqrafiyası yaxşı bir tədqiqat əsəridir. Azərbaycan dilinin tarixi leksikasının yazılmasında bu əsərin mühüm əhəmiyyəti olacaq.
Zaman ƏSGƏRLİ
525-ci qəzet.- 2016.- 10 dekabr.- S.17.