“Taleh, ölməyin də ləzzəti
getdi...”
Ümidlər və ağrılar şairi
Taleh Həmidin vəfatından 40 gün keçir
Zəruri
xatırlatma
Tanınmış
şair Taleh Həmid (Babayev Taleh Həmid oğlu) 1952-ci il iyunun 19-da Şəmkir rayonunun Dəllər
Cəyir kəndində anadan olub.
1980-ci ildə Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsini bitirib. Sonralar “Ulduz” jurnalında işləyib,
təxminən on il bu jurnalda şöbə
müdiri kimi çalışıb.
Eyni zamanda ədəbi yaradıcılıqla məşğul
olub, kövrək, lirik şeirlər müəllifi kimi
tanınıb.
Ötən əsrin 80-ci illərinin ortalarında o
dövrün nüfuzlu Respublika Komsomolu mükafatına layiq
görülüb.
1989-cu ildə nəşrə başlayan “Yeni fikir” qəzeti
şair və publisist Taleh Həmidin daha bir keyfiyyətini -
redaktorluq istedadını sübut edib. Həmin
qarışıq dövrdə redaktorluq etdiyi “Yeni fikir” qəzeti
əsil ziyalı tribunasına çevrilib.
“Qapımı
bahar döyür”, “Dünya yaxşıdır hələ”, “Məni
gözləyən olsa”, “Təltifsiz bulud” (Moskva), “Bu gündən
sabaha”, “Mənə ürəyində yaz yeri saxla”, “Günəşdən
gizlənir yay çiçəkləri”, “Ömrün
payız sovqatı”, “Qarlı axşamların
işığı”, “Sənə məktublar yazıram” kimi
şeir və publisistik kitabları nəşr edilib.
2010-cu ildə şeir və poemalarından ibarət iki
cildliyi Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi
mükafatına layiq görülüb.
2015-ci ildə “Yəhya bəy Dilqəm” adlı ikihissəli
lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram
Teatrında tamaşaya qoyulub.
Ömrünün son günlərində Əhməd
Cavad haqqında mənzum pyes üzərində işləyib.
“Bakı ilə gecə söhbətləri” adlı
silsilə şeirlərini tamamlaya bilməyib.
Müsəllim
HƏsƏnov
Payızın
oğlan çağında - noyabrın 1-də Bakıda qəribə
bir yağış başlamışdı, soyuq bir
yağış...
O
yağışlı gündə biz şair dostumuz Taleh Həmidi
son mənzilə yola salmaq üçün Şəmkirə
aparırdıq. Və mənim qulağımda şairin bir
vaxtlar böyük şövqlə oxuduğu misraları səslənirdi...
Öz səsiylə...
Bu qəfil
başlayan payız yağışı
Yubatdı
hardasa tələsən qışı...
Onu torpağa tapşırdığımız növbəti
gün yağış dayandı, “yubatdı hardasa tələsən
qışı” və... gün çıxdı.
O günəşli
gündə biz Taleh Həmidi doğulduğu kəndin qəbiristanlığında
torpağa tapşırdıq. Bu dünyadan nakam köçən
qızı Sevincin yanında...
Taleh
Sevincin məzarından yaman nigaran idi...
Bu gecə
sübhədək
Uğuldadı yel.
Əsdi
tufan,
Yağdı
qar,
Ağ dona büründü
Cığırlar, yollar.
Unutdum
canımın
Azarını,
Uzaqdan-uzağa
Köksümə
sıxdım
Sənin üşüyən məzarını.
İsinə
bildinmi,
Qurbanın olum?!
İndi uzaqdan-uzağa sıxmayacaq köksünə o məzarı. Lap yaxına gəldi.
O məzarı isitmək üçün gəldi...
Daha
üşüməyəcək o nakam məzar...
Taleh 20 il idi ki, o məzara doğru gedirdi. Əvvəl qızının qayıdacağına
ümid edirdi. Deyirdi ki:
Sən
gedən payızın qışına dönüm,
Kövrək
gözlərinin yaşına dönüm,
Niyə eşitmirsən, başına dönüm?
Səni
gözləyirəm -
Qayıdacaqsan.
Qızı qayıtmadı. Ata ona doğru getdi...
Getdi ki,
hayan olsun balasına,
isitsin
onun məzarını...
Eh, bir də
yağmayacaq o yağış belə...
Yağsa
da... onu Taleh Həmid
görməyəcək...
Daha
heç ondan soruşan da olmayacaq ki:
Ömür
dediklərin keçir beləmi,
Ay Taleh,
yoruldun, bezdin, eləmi?
Amma o,
daha yorulmayacaq...
Heç
bezməyəcək də...
Çünki illərdən bəri həsrətində
olduğu arzusuna çatdı. Qızının məzarını
isitməyə getdi...
O, bu dəfə
Şəmkirə Bakı vağzalından getmədi. Bu dəfə
qatarla getmədi...
Bir vaxt
qorxduğu vaqeə başına gəldi:
Təkcə
ondan qorxuram -
Haçansa
da bir vədə
İşlər özgə olacaq.
Mənə
çatası bilet,
Bakı
vağzalı, səndə
Kiməsə satılacaq.
O
yağış yağan axşam yəqin ki, Bakı
vağzalında ona çatası bilet kiməsə
satıldı. Taleh bu dəfə Şəmkirə dəfn
karvanında getdi...
O, yeniyetmə
qızını da, cavan qardaşını da, əziz
anasını da qırx yaşdan bu yana
itirmişdi. Ona görə də deyirdi ki:
Dünənə
baxıram, yaxın, ya uzaq,
Bir az soyuğum var, bir az qarım var.
Qırx
yaşdan o üzə xatirələrim,
Qırx
yaşdan bu üzə ağrılarım var...
Qırx
yaşdan bu yana çəkdiyi
ağrı-acılar Talehin səhhətində çox ciddi
problemlər yaratmış, ömrünə qənim kəsilmişdi.
Bəzən bu dünyadan əlini üzüb, “yuxuda qəbrimi
görürürəm hərdən” desə də, qəlbində
həyat eşqi bir an belə sönməmişdi...
Mən
bütün yaşları bir yaşa qatdım
İçimdə sönməyən bir ocaq
çatdım.
Hər
gecə ölümlə baş-başa yatdım
Sabah
açılanda “min şükür” - dedim.
Hər sabahı “min şükür”lə açan Taleh
Həmid bir dəfə də ürək ağrılarına
etiraz eləmişdi. Ərkyana “hələ vaxtı deyil” demişdi:
...Darıxma
ürəyim, olanlar olur,
Bir
gün ağrımağın vaxtı gələcək,
İndi ağrımağın zamanı deyil.
Amma ürək ona qulaq asmadı. Ağrımağında
qaldı. Zamanı olmasa da...
Və o ağrıyan ürəyə bir gün damdı ki:
Şahlıq quşu!
O mənim çiynimə heç qonan deyil,
Göylərdən
balaca bir daş düşərsə,
Biçarə Talehdən yayınan deyil.
Noyabrın 1-i günü düşdü o daş
göylərdən. Və yayınmadı...
Və o gün yağış yağdı. “Bir də
yağmayacaq bu yağış belə...”- dedik. Talehsiz
dedik... Onun adından dedik, onun əvəzindən dedik...
Anladıq
ki, şair haqlıymış:
İnsan
buxarlanan
Sular
kimidi,
Bir vaxt
tapmayacan
Taleh Həmidi.
O
yağış yağan gündən tapmırıq Taleh Həmidi...
Tapmayacağıq!
Və biləcəyik ki:
Çalış-vuruş
Sonu nədi?
Həqiqətlər
dolu həyat
Sonda bir əfsanədi.
Sonu bir əfsanə olan bu həyatda Talehin üç
bacısı var idi. Bacılarının itkisi də Taleh Həmidin 40-dan bu yana olan ağrılarındandı. Bu
ağrılar təkcə yaxın adam,
bacı itkisi deyildi. Bu itkilər onunçün
ölümün də ləzzətini itirmişdi
(ölümün də ləzzəti olarmış, ilahi!):
İllər
il dalınca gör nələr etdi,
Ömrün nə bir taxtı, tacı qalmadı.
Taleh,
ölməyin də ləzzəti getdi,
Səni ağlamağa bacı qalmadı.
Taleh
ölməyin ləzzətinin getdiyi vaxtda - 64 yaşında
yağışlı bir payız səhəri dünyaya əlvida
dedi. Dedi və getdi. Kim bilir, bəlkə də onun son
pıçıltısı bu misraları olub:
Atlandım
atım yatdı,
Qurulu taxtım yatdı.
Mən
durdum bəxtim yatdı,
Dünya,
sənə əlvida!
Amma bundan çox-çox əvvəl Taleh Həmid
nikbin idi, dünyaya “əlvida” demək əhvalında deyildi. Moskvaya, onun
şeirlərini rus dilinə tərcümə edən bir
şairin (təəssüf ki, indi adını
xatırlamıram) 50 illik yubileyinə getmişdik. Üç-dörd gün o şəhərdə gəzdik,
dolaşdıq. Qonaqlıqlar, məclislər
Onda
şairin xoşbəxt vaxtları idi...
Redaktoru olduğu “Yeni fikir” qəzeti, necə deyərlər,
əl-əl gəzirdi.
Elə
sonralar da...
İndi dəqiq
xatırlamıram, 90-cı illərin əvvəlləri idi,
ya 90, ya da 91-ci il. Onun
maşını ilə Bakıdakı Qarabağ küçəsindən
keçirdik. Küçədəki nimdaş həyət
evlərindən birinin qapısında üzütüklü
bir kişi diqqətimizi cəlb elədi.
Taleh tez maşını saxlayıb, “düş, bu, hamı tərəfindən
unudulmuş istedadlı fantast yazıçı Namiq
Abdullayedir”, - dedi. Bir də soruşdu ki, “diktafon
üstündədimi”? “Hə” cavabım kefini bir az da açdı.
Onda biz “Yeni fikir” qəzetini buraxırdıq. Unudulmuş
yazıçı qəzet üçün maraqlı
müsahib ola bilərdi. Yazıçı
ilə hal-əhval tutduq, səliqəsiz otağına
keçib onu söhbətə çəkmək istəsək
də alınmadı. Taleh “siz bir az
söhbət edin, gəlirəm” deyib, tələsik
çıxdı. Tezliklə bir az
kolbasa-çörək və bir şüşə araqla
qayıtdı. Mən onda anladım ki, fantast
yazıçını araqsız
danışdırmağın mümkün
olmayacağını Taleh bilirmiş. Mən stolu səliqəyə
salıb iki kiçik stəkan da tapıb yudum... Və qəzetin növbəti nömrəsi
üçün böyük və maraqlı bir müsahibə
aldıq.
Namiq
Abdullayevin son sözləri belə oldu: “Mən ölmək
istəyirəm! Yaşayın, bu idbar
dünyada!”
Az sonra
Namiq Abdullayev dünyasını dəyişdi. Biz
yaşadıq bu idbar dünyada. Nələr
gördük, nələr eşitdik...
Və bir
yağışlı payız günü Taleh Həmid də
köçdü dünyadan...
O da Namiq
Abdullayev kimi köçməyə tələsirdimi?
İnanmıram!
Taleh Həmid son gününə qədər həyat
eşqiylə yaşayırdı. Vəfatından bir
neçə gün əvvəl verdiyi müsahibədə
Əhməd Cavad haqqında mənzum pyes
yazdığını xatırlatmışdı. “Bakı ilə gecə
söhbətləri” adlı silsilə şeirlər üzərində
işlədiyini demişdi.
Elə o ərəfədə - ölümündən
3-4 gün əvvəl bizə gəlmişdi. Köhnə
xatirələri yada saldıq. Bu
günkü mətbuatın vəziyyətindən
danışdıq, yazılmalı mövzuları
xatırladıq. Dedi ki, kim nə
deyir-desin, səviyyəli bir ziyalı qəzetinə indi də
ehtiyac var, oxucusu olacaq.
Mən də təsdiq elədim. Yenə də nikbin
idi. Deyəsən, ürəyindən belə
bir qəzet buraxmaq da keçirdi. Amma bu söhbətdən
bir neçə gün sonra Bakıda yağan
yağışın damlaları selə dönüb o
arzuları da apardı:
Bu
keçən payızda, gedən payızda,
Bəlkə
bu yağışdır yoxum, varım da,
Səsi nəğmə oldu qulaqlarımda.
Damlalar
hardasa döndülər selə
Bir də yağmayacaq bu yağış belə.
Bir də yağmayacaq bu yağış belə, Taleh Həmid!
Eh, bəlkə də yağacaq...
Sənsiz yağacaq...
Noyabrın 1-də yağdığı kimi...
O gün yağdı o yağış, onun dediyi yağış...
Apardı Taleh Həmidi. Qızının yanına apardı...
Bir təsəllimiz var. Yeri rahatdı. İstədiyi
ünvandı... Qızının məzarını
isidir. O, üşüməsin deyə...
Özü necə?
Üşüyürmü?
İnanmıram!
Çünki
anası, atası, qardaşları da yanındadır...
Elə
bil dünən yağmışdı o yağış...
Günlər uçub gedir. Talehsiz günlər…
Sabah Taleh Həmidin ölümündən
40-gün keçir...
Müsəllim
HƏSƏNOV
525-ci qəzet.- 2016.- 10 dekabr.- S.16.