... Qəfil qəribsəyir adam - qayıdırsan sevgilərin uşaq vaxtına...
qəfil qəribsəyir
adam -
qayıdırsan oturduğun
stulun ağac vaxtına
görürsən budaqların
hər haçasında
bir yuva
içində ətcə
balalar civildəşir...
qəfil qəribsəyir
adam -
qayıdırsan sevgilərin
uşaq vaxtına
görürsən müharibədə
itgin düşmüş
əmin
sol yanağından bir çimdik götürür
və gülümsəyərək
çıxıb gedir
yanağından bir çimdik də itgin düşür...
qəfil qəribsəyir
adam -
qayıdırsan yatağının
beşik vaxtına
görürsən tərləmisən,
anan əynini dəyişir
görürsən tərləmisən,
anan əynini dəyişir
görürsən tərləmisən,
anan əynini dəyişir
və qəfil əllərini tutub saxlayırsan...
lll
(bacım Almaraya)
Mən bilirdim qəriblik vətəndən deyil,
bədəndən başlar,
Almara.
bədəndən başlar
bütün sərhədlər.
bir də gördüm qərib oldum əllərimə,
qollarıma, gözlərimə
bir də gördüm yad bədəni döyərcəsinə
döyürəm qərib
əlləri
yorğun-arğın dizlərimə.
axı bu necə yadlaşmaqdı
ağlamaq da olmur bu soyuqluğu.
Nəğməli əllərin deyib
susuram, Almara...
Heç
düşündünmü, Almara
uşaqlar dəliləri
neyçün sevər?
böyüklər nə qədər qorxutsalar da
uşaqlar dəlilərlə
oynar, dəlilər uşaqlarla.
uşaqlar sevdiyindən
daş atarlar dəlilərə
dəlilər gülüb
keçər onların
atdığı daşlara
götürüb qaytararlar
özlərinə.
onların biri-birilərinə
atdığı daşlar
heç vaxt hədəfə dəyməz,
Almara
uşağını mənimlə
qorxutma,
Nəğməli əllərin deyib
susuram...
İndi
səninlə böyük
oyuncaq evlərdə
yanaşı oturmaq
palçıqdan düzəltdiyimiz
evciklərdəki
səadətə toxunmaqdı,
Almara
indi səninlə danışmaq
qonşu bağlarından
nar oğurlamaq həvəsidi
nənəmizin tütün
kisəsidi
odun sobasının üstündə
çörək dilimlərini
qızartmaqdı,
heyva qovurmaqdı.
indi səni sevindirmək
balaca daxmamızdakı
gizlənqaç oyununda
yerini bilə-bilə
“axtarmaq”, “tapmamaq” qədər
asan deyil, bilirəm
mən hər şeyi bilirəm Almara, amma
Nəğməli əllərin deyib
susuram...
İlk dəfə anamızın
məzarı üstə
gördüm səni,
ilk dəfə adamların göz yaşları arasından
sən necə də işıqlı görünürdün
onların saxta qulaqdeşən ağıları
arasından
sənin pıçıltı
hıçqırıqların necə də aydın eşidilirdi.
bir az yağış da vardı
yağışların bir qadına bunca yaraşdığını
ilk dəfəydi görürdüm,
Almara
mənə yanaşıb
- özünü soyuğa verəcəksən
- də dedin gileyli səslə
elə bu havalarda çevrilərdi
“səni sevirəm”lər
anamızın dilində
“əynini qalın elə”yə,
“çimib küçəyə
çıxma”ya,
“çimib küçəyə
çıxma”ya...
bir də nəsə deyəcəkdim,
unutdum
Nəğməli əllərin deyib
susuram, Almara
Nəğməli əllərin deyib
susuram...
lll
boğazımdan heç
nə keçməz demirəm
hər şey yaxşı olacaq.
mən sənə demirəm nə qal, nə də
ki...
yollarına baxmıram.
qurban olum arxayın get
deyirəm, darıxmıram...
niyə belə uzaqdasan qollarımdakı qadın,
nə olar ki bu ağacın
kölgəsinə qısılsaq?
bir az da doğmalaşsaq.
gözlərindən axan yaşın adı nədi bilmirəm
nə olar ki bu yağış
da yağmasa
bu külək də əsməsə
təbiət də yorulsa...
yağış yağmasın
nə olar
küləklər də əsməsin,
qoy bizi bu şəhərin küçələri unutsun
yarıyolda qalmayaq.
o qaraçı qızcığaz
da üstümüzə
gəlməsin
nə olar ki bircə dəfə
biz də “xoşbəxt
olmayaq”...
heç kəs başa düşmür bizi deyirsən
nə yadlar, nə doğmalar,
nə yağışlar,
nə küləklər,
nə də o qaraçı qız
neyləyək?
səni and verirəm
qurumamış qaranquş
yuvalarına,
belə olma...
bəlkə başa
düşər bizi adamlar
bu şəhəri
küçə-küçə ayaqyalın yerisək...
lll
Yağışlar yağıb qurtardı
küləklər əsib
getdilər,
yolunu gözlədiklərim
dənizlərin uzağında
gözdən itən
gəmilərtək
harasa üzüb getdilər,
arxalarıyca yellənən
bircə cüt əllərim qaldı...
Buludlar axdı çay kimi
göy üzü də duruldu,
biz günəşli gün görmədik
gözləməkdən yorulduq,
göyüzündə hər şey vardı
çömçəquyruq ulduzlar da,
bircə Allah görünmədi
ətəyinə uzanan
bircə cüt əllərim qaldı...
Bu nə ağacdı yıxıldı
kölgəsi özündən
qabaq?
yollar da burulub getdi
döngəsi özündən
qabaq,
bilmirəm bu nə bədəndi
yaşayıram içində
nə dostu var, nə düşməni
eləcə bağrına
basan
hər kəsi özündən qabaq
bircə cüt qolları qaldı...
lll
Mən
o biri dünyanın həqiqi olmasını istəyirəm,
istəyirəm sən boyda günaha görə
Allahın da qarşısında
cavab verə bilməyim...
lll
İllərdir isindiyimiz hənirlər
ocaq olmaq istəmədi nədənsə...
dizinə baş qoyub aldandığımız
qadın qolları
qucaq olmaq istəmədi nədənsə...
Mən
- nə it hürən
tərəfə getdim,
nə də işıq gələn tərəfə.
mən nə azdımsa, tanıdığım
yollarda azdım...
lll
Hər şeyi
təzədən başlamaq
lazım - ana bətnindən.
ağrılara ağlamaq
da adiləşib daha,
bir az da
bir az da yenicə doğulmuş körpəyə
qoşulub
ağlamaq lazım - xatirəsizcəsinə.
deyirəm, hər şeyi təzədən başlamaq lazım - beşikdən.
məsələn, ilk öyrəndiyimiz kəlmə
“ana” deyil, “qadın” olsun gərək,
bəlkə onda öyrənərik bütün qadınları
anamız kimi sevməyi həm də.
bəlkə onda öyrənərik
bütün qadınlardan bir az-bir az
bir az-bir az doğulmağı həm də...
Hər şeyi təzədən başlamaq lazım deyirəm,
məsələn,
pəncərə qarşısında heykəlcə dayanıb
baxışlarını eyni nöqtəyə zilləmiş qadının
gözlərinə pıçıldamaq lazım
Ki,
belə Təklik olmur, belə Yoxluq olur...
lll
qadın odur - təkcə yalanına deyil,
andına da inanırsan,
yağış odur - təkcə damlasına deyil,
səsinə də islanırsan,
ağac odur - təkcə gövdəsinə deyil,
kölgəsinə də söykənirsən,
sevgi odur - təkcə xəyalından deyil,
dodağından da asılırsan...
Şəhriyar del GERANİ
525-ci qəzet.- 2016.- 10 dekabr.- S.14.