Əlimərdan bəy
Topçubaşı sənədlərinin 2-ci cildi
də çıxdı
Çox fərəhli haldır ki, son illərdə Azərbaycan siyasi mühacirətinin görkəmli
nümayəndələri haqqında
dəyərli monoqrafiyalar
yazılır, onların
əsərləri tapılaraq
üzə çıxarılır
və nəşr edilir, fəaliyyətləri
haqqında sənədli
filmlər çəkilir.
Əlbəttə, siyasi mühacirlərimiz içərisində Parisdəki
Azərbaycan Sülh Heyətinin sədri Əlimərdan bəy Topçubaşının da
adı çox şərəfli yer tutur. O da xoşdur ki, Əlimərdan bəy irsinin öyrənilməsi və
təbliğində Moskvada
yaşayan həmyerlimiz,
görkəmli dövlət
xadimi Ramiz Abutalıbovun əvəzsiz
xidmətləri vardır.
Xüsusən, Ramiz bəyin gənc dostu, Parisdə çalışan professor Giorgi
Mamulia ilə əməkdaşlığı təkcə Topçubaşının
deyil, siyasi mühacirətimizin başqa
görkəmli nümayəndələrinin
də irsinin üzə çıxarılması
və nəşrində
önəmli rol oynayıb.
Artıq oxucularımıza bəlli
olduğu kimi, G.Mamulia və R.Abutalıbov Əlimərdan
bəyin Parisdə saxlanılan arxivindəki sənədlərin bir hissəsini “Ə.b.Topçubaşı. Paris arxivi. 1919-1940” adlı
möhtəşəm 4-cildlik şəklində tərtib
edərək nəşrinə
başlayıblar və
əsərin ilk cildi keçən il
Moskvada “Xudojestvennaya literatura” nəşriyyarında
yüksək poliqrafik
icrada işıq üzü görüb.
Bu yaxınlarda həmin
nəşriyyat əsərin
1921-1923-cü illəri əhatə
edən 2-ci cildi ilə Cümhuriyyət tariximizi öyrənmək
istəyənləri sevindirib. Tərtibçilər bu cilddə Topçubaşı arxivindən
götürülmüş 131 sənədin mətnini rusca tərcümədə
oxuculara təqdim ediblər.
Xatırladırıq ki, Topçubaşı arxivi 4-cildliyinin nəşri
H.Əliyev Fondunun maddi dəstəyi ilə gerçəkləşir.
MÜŞFİQ
525-ci qəzet.- 2016.- 10 dekabr.- S.12.