Ömürdən
keçənlər
Çoxlarının
(təbii ki, hamının yox...) ömrü-günü qədrini
qədərincə bilmədiyimiz Uca Yaradanın bir daha ələdüşməz,
təkrarsız Yerüstü yaşama payı müddətində,
bənzərsiz (bəzi hallarda nadir!) əhvalatlarla zəngin
olur, ömürlərin həyat ritmi ayrıca bir tarixçəyə
dönür, seçilir, fərdi-məxsusi ömürnaməyə
çevrilə bilir...
Mən də
ömrünün bu sonbahar ovqatında, səkkizinci onilliyinə
qovuşmağa az qalmış, heç də gur olmayan,
dumanlı, çiskinli, küləkli... havalarında belə
bir qənaətə gəldim ki, yaradıcı duyğular cəhətcə
çox da parlaq şansı olmayan, zənginliyilə heç
də seçilməyən (əlbəttə ki, maddi və mənəvi
ehtiyac ucbatından) bəxtimə adi bir həyat yaşamaq qisməti
düşmüş ömür yollarımda elə əhvalatlar,
hadisələr olub ki, belə olmuş keçmişləri qələmə
almamaq, necə deyərlər, ən azı tənbəllikdir,
laqeydlikdir, bəlkə də günahdır...
Və bu
yerdə böyük yazıçı Ernest Heminqueyin məşhur
bir fikri məni yerimdən oynatdı, mənə “tənbəlliyin
daşlarını tulla uçurumlara” - dedi:
“Yazıçının
vəzifəsi danışmaq deyil, yazmaqdır”...
Mən 60 ilə yaxındır ki, taleyimizin şəhəri,
dünya gözəlinə dönmüş Bakıda
yaşayıram. Ağdam şəhərində 1 nömrəli
orta məktəbi başa vurub üz tutmuşam paytaxta.
Oxumuşam, işləmişəm, evim olmadığı bir
vaxtda dağ çeşməsi kimi nurlu, apaydın, tərtəmiz
bir tələbə yoldaşımla evlənmişəm (ruhu
şad olsun!) dörd övladımız olub, iki qız, iki
oğlan, sonralar nəvələr, hələlik, Rəsul
adında bir balaca nəticə...
Bu
ötüb keçən illərdə o qədər dost,
qohum, tanış-biliş itirmişəm ki, həmin
adamların adlarını yada salıb sadalamaq özü bir əzabdır,
nisgildir və bununla belə, boy atıb yüksələn ( hər gün gözəlləşən!)
Bakımızın, digər şəhər və
rayonlarımızın bugününü görmək qismətinə
çatmayan, anamız, ruhumuz Qarabağın dəhşətli
faciəsindən əvvəl, şairlər demiş, bu bivəfa
dünyanın qapısını çırpıb getmiş
doğmalarımın, dostlarımın adını çəkməyə
bilmərəm, o istəkli adamların ruhu məndən
küsər, inciyər...
Ağdamdan Şuşaya qalxan yolun üstündəki məşhur Qaraağacı qəbirstanlığında 17 yaşında naşı bir həkimin laqeydliyindən vəfat etmiş əkiz qardaşlarımın birinin - Tofiqin bizlərdən nigaran qəbri var. O məzarıstanda babalarımın, nənələrimin, qohumlarımın, müəllimlərimin, dostlarımın ruhu dolaşır...
O qəbirstanlıqda Rasim Kərimov əbədiyyətə qovuşub.
Qəşəm Aslanovu, Oqtay Hüseynovu, Səyavuş Əliyevi, Səfər Cəbrayılovu, Asif Cəfərovu, Məmməd Aslanı, Şakir Kərimovu, Maqbet Məmmədovu, Aydın İbrahimovu, Maqsud və Davud Nəsibov qardaşlarını, Aydın Quliyevi, Arif Abdullazadəni, Şahid Abdulkərimovu, Rafael Kərimov, Şahmar Əkbərzadəni, Əhməd Elbrusu, Bəşarət Paşayevi, Ramiz Hümbətəliyevi, Həbib Bədəlovu, Kərəm Quliyevi, Yaqub Abdullayevi, Adil Abbasovu, Nizami və qardaşı Samil Qurbanovu necə unuda bilərəm ki...
Ağdamda uşaqlıq illərində dostlaşdığım və bu dünyadan çoxdan (lap çoxdan...) köç edib getmiş bizim məhəllə uşaqlarını - igid Reyi, əmoğlu Sabiri, Dadaşoğlu Eldarı, Səyyafı, çayçı Böyükkişinin oğlanlarını - Oqtayı, Arifi, Akifi... Dəli Xasayı, Dəli Elmanı xatırlayanda xəyalım quşa dönüb keçən əsrin əllinci illərinə qayıdır, o vaxtkı Vorosilov küçəsindəki həyət-bağçaları dolaşır...
O kişilərin sırasında rəhbər işçilər, şairlər, professorlar, polis-prokuror işçiləri, təsərrüfat rəhbərləri, tacirlər, mühəndislər, zavod fəhlələri, çayçılar və s. peşə sahibləri vardı...
“Mənim deməyə sözüm var, nəsə yazmalıyam, hökmən (Allah qoysa!..) yazmalıyam” - deyib bir payız günü yüngül ağ vərəqləri çinləyib, güc verib zindan kimi ağır qələmi yerindən qaldırmağa girişirəm...
Məşhur rus yazıçısı Anton Çexov yazıçı Vladimir Korolenko ilə söhbət vaxtı deyibmiş ki, bizim hər ikimiz ağzıbağlı butulka vəziyyətindəyik, indi həmin butulkanı təpəsi üstə çevirib qapağını açmaq vaxtıdır...
Mən də düşünürəm ki, çoxlarına məlum olmayan (bir az qapalı) hadisələri, faktları yazım, hövsələsi çatıb oxuyan oxusun, oxumayanın da canı sağ olsun...
Xalq şairi Süleyman Rüstəmin söhbətlərindən
Bu nikbin təbiətli, “Ələmdən nəşəyə” şeirinin yaradıcısı, çılğın, məğrur, bir az da ədalı və vüqarlı xalq şairi ilə mənim elə bir yaxınlığım, sıx əlaqəm-filanım olmayıb, desəm düz olar.
Amma Süleyman Rüstəmin şeirlərini, xüsusilə “Çapayev” şeirini hələ orta məktəb illərindən əzbərləmişdik.
Sonrakı illərdə bu maraqlı və coşğun şairin Güney Azərbaycan mövzusunda ustalıqla qələmə aldığı şeirlərini oxuyub heyran olduq. Onun “Təbrizim” şeiri necə də şirin, ahəngdar bir dillə yazılıb...
Ötən əsrin 70-ci illərində Süleyman Rüstəm həm də ictimai-siyasi xadim kimi məşhurlaşmışdı. O, Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilmişdi.
Mən həmin illərdə Azərbaycan Kommunist Partiyası MK-nin Siyasi Maarif evində çalışırdım və o vaxtlar Ali Sovetin sessiyaları Siyasi Maarif evinin iclas zalında keçirilərdi.
Mən də fürsətdən istifadə edərək, bu məşhur şairlə yaxından tanış olmaq məqsədilə onu otağıma dəvət edərdim, birlikdə çay içib söhbətləşərdik.
İlk görüşdə mən özümü ona təqdim edəndə, o, sözümü yarımçıq kəsib qayıtdı ki, dayan, bir dayan, hə, deməli o şeirlərini oxuduğum Ramiz Məmmədzadə sənsən? Mən də bizim Ramizə deyirəm ki (Ramiz Məmmədzadə bir vaxtlar Azərbaycan KP Mərkəzi Komitəsinin katibi vəzifəsində çalışmışdır. Süleyman Rüstəmlə dayıoğlu-bibioğludur, elmlər doktoru, professordur.), a kişi, sən şeir yazırsan, mənim də xəbərim yox. Ramiz də qayıdır ki, o şeir yazan başqa adamdır, mən deyiləm... Hə, beləliklə bu son dərəcə maraqlı şairlə ünsiyyət yarada bildim.
Növbəti görüşlərin birində Süleyman Rüstəm yenə çay süfrəsi ətrafında baməzə bir əhvalatdan söhbət açdı:
- Yayın cırhacırı idi, Səməd Vurğunla Novxanıda istirahət edirdik. (Süleyman Rüstəm əslən novxanalıydı). Günortadan sonra getdik dənizə, çimdik, sərinlədik, xoş bir ovqatla dəniz sahilindəki tut ağaclarının kölgəliyinə üz tutduq. Sıx yarpaqlı, budaqları çətir kimi kölgə salmış böyük bir tut ağacının altına dəsmal-filan salıb uzandıq.
Bir də eşitdik ki, pıtraq qara tut ağacının yuxarı budaqlarından səs gəlir, başımızı qaldırıb nə görsək yaxşıdı, 3-4 uşaq şirin-şirin tut yeyir.
Mən ucadan dedim:
- Alə, ay uşaq, görmürsüz, biz bu ağacın altında uzanmışıq, siz də tut yeyirsiniz, budaqlardan üstümüzə qara tut tökülür, üst-başımız batır. Tez düşün, gedin o biri ağaclara çıxın, tez olun.
Ağacdakı uşaqlardan biri qışqırdı:
- Ay dayı, zəhmət olmasa, siz gedin o biri ağacların altında oturun. Bu ağacın tutu çoxdur. Biz burdan düşən deyilik.
Mən də dedim ki, yaxşı, indi neyləyək, amma deyin görüm, siz şairlərdən kimləri tanıyırsınız?
Uşaqlardan biri başladı şairlərin adını sadalamağa:
- Səməd Vurğun, Süleyman Rüstəm, sonra...
Onun sözünü kəsib cəld ayağa qalxıb yanpörtü uzanmış, Günəşdən qaralıb az qala kömürə dönmüş Səmədi göstərib dedim:
- Bax, bu Səməd Vurğundur, mən də Süleyman Rüstəməm.
Elə bu sözləri demişdim ki, budaqların arasından bir qarabala sərçə kimi “hop” edib düşdü qarşımıza.
Əvvəlcə mənə, sonra Səmədə diqqətlə baxdı, əynimizdəki dizə qədər uzanmış qumlu qara sətin tumanı süzdü və başını yuxarı qaldırıb ağacdakı dostlarına dedi:
- Alə, mən ölüm, siz düşün bu çılpaq day-daylara baxın, utanmırlar deyirlər guya biri Süleyman Rüstəmdir, o biri də Səməd Vurğun, durun burdan gedin alə, yoxsa o söz - deyib yenidən atılıb tuta dırmaşdı...
Mariya İvanovnanın cavabı
- Böyük dostumuz, məşhur musiqi xadimimiz Şəmsi Bədəlbəyli filarmoniyanın direktoruydu, - deyə Süleyman Rüstəm söhbətini davam etdirdi. - günlərin bir günündə Şəmsi məni də, Səməd Vurğunu da filarmoniyaya bir tədbirə dəvət etmişdi. Səmədlə görüşüb getdik filarmoniyaya. Yazın cavan çağıydı. Filarmoniyanın qarşısındakı şabalıd ağaclarının ağ çiçəkləri “gəl-gəl” deyirdi. Səməd də, mən də xoş bir ovqatdaydıq...
Filarmoniyanın giriş qapısına yaxınlaşıb qapıda dayanan rus qadına “dobri” dedik və içəri keçmək istəyəndə həmin qadın dedi ki, dəvətnamənizi göstərin.
Mən qabağa keçib rus dilində dedim ki, nə dəvətnamə, Şəmsi bizi özü dəvət edib. Mən Süleyman Rüstəməm, bu yoldaş da Səməd Vurğundur. Hər ikimiz ordenli şairlərik.
Qapıçı qadın başını bulayıb ayağa qalxdı, bərkdən qışqırdı:
- Mane
olmayın, keçin yoldan, buraxmıram, vəssalam!
Bizi
tanıyanlar təəccüb içində salam
verib, çiyinlərini çəkib içəri
keçirdilər...
Nə isə, xəbər göndərdik Şəmsi
özü qapıya gəlib bizi gülə-gülə
qarşıladı, üzrxahlıq edib kabinetinə apardı.
Pərtlikdən
dilxor olmuş Səməd üzünü Şəmsiyə
tutub gileyləndi:
- Biz də
elə bilirik ki, xalq bizi tanıyır, ta sənə
sözüm yoxdu, bizi dəvət etmisən,
qapıçıya da tapşırmısan ki, bizi içəri
buraxmasın, biabır olduq.
Bu sözdən sonra Şəmsi qapıçı
qadını kabinetinə çağırtdırdı. Şəmsi rus dilində
qadına dedi:
- Mariya
İvanovna, siz yəni bu boyda məşhur şairləri
tanımırsınız, ayıb deyil, onlardan dəvətnamə
tələb etmisiniz?
Mariya
İvanovna çox sakit tərzdə direktora cavab verdi:
- Şəmsi Bədəloviç, mənə niyə
irad tutursunuz, mən bu şairləri hardan tanıya bilərəm
ki?
Sonra
qayıtdı ki, “ya projivayu na zavoqzalnom
rayone, poetomu ya ix neznayu”...
Hamımız qəh-qəh çəkib güldük.
Mariya
İvanovna sürətlə kabinetdən çıxdı...
Vəzifəli
adamın yalanı
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi
Aparatında məsləhətçi vəzifəsində
çalışdığım illərdə maraqlı,
yaddaqalan hadisələrlə, əhvalatlarla rastlaşmalı
olmuşam və mən bu yazıda vacib bildiyim baş
vermiş bir sıra hadisələrdən söhbət
açmağı məqsədəuyğun hesab etdim.
Unudulmaz Heydər Əliyev kimi azman bir siyasət nəhəngin
rəhbərliyi altında işləməyin özü
çox uğurlu, hər kəsə nəsib olmayan bir
şans idi və o illərin hər günü, ayı həyatın
bütün sahələrində yüksəlişə
doğru istiqamət götürmüş tarixi hadisələrin
zənginliyi ilə fərqlənirdi.
Bununla belə, o vaxtlarda da müxtəlif yollarla rəhbər
orqanlarda işə düzələ bilmiş kəmsavad,
eqoist, lovğa adamlarla üzbəüz gəlməli olurduq.
Belələri
həmişə pusquda durub... gözləyən pişiyə
bənzərlər, məncə...
Ötən
əsrin 70-ci illərində praktik partiya işində - rayon
partiya komitələrinin ideoloji sahə üzrə katibi vəzifəsində
işlərkən özlərini kollektivə qarşı
qoymuş iki nəfəri (bir qadın, bir kişi)
kimlərinsə tövsiyəsi ilə Mərkəzi Komitənin
Siyasi Maarif Evinə göndərmişdilər.
Onların hər ikisi elə ilk gündən kollektivə
qarşı mövqedə qərarlaşdılar. Hər ikisi
“rusdilli” idi, Azərbaycan dilində sərbəst danışa
və yaza bilmirdilər.
Mən ilk partiya təşkilatı katibi kimi onların
ezamiyyətə getməsinin tərəfində deyildim. Çünki savad, bilik bir yana qalsın, onların yerlərdə
narazılıqla qarşılandığını bilirdim.
Bununla belə, necə deyərlər, öküzün
buynuzu yavaş-yavaş görünməyə başladı.
O vaxtlar
İsmayıllı, Zərdab, Ağsu, Qazax, Şamaxı,
Əli Bayramlı (indiki Şirvan şəhəri), Kürdəmir
və digər rayon partiya komitələrinin mənimlə
qarşılıqlı şəxsi münasibəti olan
birinci katibləri şəxsən mənə zəng
açıb xahiş edərdilər ki, həmin
işçilər onların başçılıq etdikləri
rayonlara ezam edilməsin. Hətta o da yadımdadır ki, o illərdə
Zərdab Rayon Partiya Komitəsinin birinci katibi işləyən
rəhmətlik Qalası Cəfərov (maşın qəzasında
həlak oldu...) gecə evimizə zəng çalıb dönə-dönə
məndən xahiş etdi ki, nə edirsən et, filankəs
bizim rayona ezamiyyətə (məhkəmə seçkiləri
ilə əlaqədar) gəlməsin, başqa birisi gəlsin.
Əlbəttə, mən o rəhmətliyin xahişini
yerinə yetirə bilmədim, gücüm çatmadı.
Axı nə olmuşdu, o iki nəfər nədən
arzuolunmaz kəslərə çevrilmişdi? Əvvəla onlar auditoriya
qarşısında sərbəst danışa bilmirdilər,
bir ideoloji sahə adamı kimi dövrün tələbləri
səviyyəsində deyildilər, bütün bu cəhətlər
öz yerində, əsas dözülməz cəhət ondan
ibarət idi ki, hər iki işçi Mərkəzi Komitənin
kadr siyasətinə qarşı çıxış edirlər,
“filankəsi niyə işdən çıxartdılar”,
“filankəsovu niyə filan vəzifəyə qoydular” kimi
dedi-qodu ilə məşğul olurdular və s...
Mən o iki nəfərin hərəkətlərini
partiya iclasında müzakirəyə hazırladım və
bu barədə Mərkəzi Komitənin partiya təşkilat
katibi, MK-nın şöbə müdiri Cəfər Vəliyevə
rəsmi məlumat verdim. (Onda mən Aparatın partiya bürosunun
üzvü idim).
O ərəfədə
mən Beyləqan rayonunda ezamiyyətdə olarkən, mənə
Bakıdan zəng edib dedilər ki, sən təcili geri
dönməlisən, MK-nın katibi Kamran Bağırov səni
gözləyir.
Bu hadisə 1978-ci ilin avqust ayında olmuşdu, Kamran
Bağırov Sumqayıt şəhər Partiya Komitəsinin I
katibliyindən Mərkəzi Komitə katibi vəzifəsinə
gətirilmişdi. K.Bağırovun kabinetində MK-nın
şöbə müdiri C.İldırımzadə, onun
müavinləri Z.Hüseynzadə və V.Məmmədovu
gördüm.
K.Bağırova hər iki işçi haqqında ətraflı
məlumat verdim.
MK-nın
katibi şöbə rəhbərlərinə
tapşırdı ki, o işçilərin Aparatdan başqa
işə keçirilməsi ilə bağlı təklif
hazırlasınlar...
Şöbə müdiri MK katibinin sözünə əhəmiyyət
vermədi və mən belə qənaətə gəldim ki,
Aparatın partiya təşkilatının hesabat-seçki
iclasında bu barədə məlumat verim və adımı
çıxışa yazdıra bilim.
İclasa
bir gün qalmış (1978-ci ilin dekabr ayı) şöbə
müdirimiz məni kabinetinə dəvət edib
çıxışımın mətnilə tanış
olmaq istədiyini bildirdi.
Kiçik
qeydlərimlə tanış olan şöbə müdiri o
iki nəfər haqqında yazdıqlarımın mətndən
çıxarılmasını tələb etdi və dedi ki, yox, belə
olmaz, birinci katibimiz hörmətli Heydər Əliyev
yoldaşın iştirak etdiyi iclasda belə məsələ
qoymaq düz deyil, ayıbdır, onların hər ikisi tezliklə
Aparatdan gedəcək.
Və beləliklə
mən şöbə müdirinə inandım və səhv
etdim...
O iki nəfər
isə hələ 4-5 il işə gəlib-getdilər.
Siz Allah, mənə irad tutub qınamayın, elə
düşünməyin ki, mən kimlərinsə qiybətini
qırıram və ya kimlərləsə şəxsi-qərəzliyim
var, yox, qəti elə deyil.
Böyük
filosofumuz Abbasqulu Ağa Bakıxanovun məşhur bir fikrini
indi də özümün həyat devizim hesab edirəm: “Pis
adamlara yaxşılıq etmək, yaxşı adamlara pislik
etmək deməkdir!”
Xankəndinə
- işləməyə...
Milli təfəkkür duyğusundan uzaq olan, fərasətsiz,
boşboğaz Ə.Vəzirovun Qarabağ hadisələri
başlayanda Moskvadan Azərbaycana rəhbər göndərilməsi
özü millətimizə ağır bir zərbəydi. Bu faktı etiraf (!) etmək
gərəkdir və onun (təbii ki, Kremlin də) təşəbbüsü
ilə guya Qarabağ hadisələrini nəzarətdə
saxlayacaq və idarə edəcək “Təşkilat Komitəsi”
adlanan mənasız bir hoqqanın yaradılması əslində
siyasi bir oyun idi, vaxt qazanmaq, baş qatmaq, 1988-ci ilin
qışında ermənilərin başladığı
qiyamçılığı dərinləşdirmək siyasətinə
hesablanmışdı.
1990-cı ilin mart ayının 15-də Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin yuxarı mərtəbəsindəki
iclas zalında yığıncaq təşkil edilmişdi və
mən də, həmin aparatın işçisi kimi
yığıncaqda idim.
İclas zalında, aparat işçiləri ilə
üzbəüz iki nəfər əyləşmişdi. Mərkəzi
Komitənin I katibi A.Mütəllibov və II katib
V.Polyaniçko.
Moskvadan yenicə qayıtmış MK-katibləri məşhur
ermənipərəst, hiyləgər, murdar M.Qorbaçovla
görüşləri haqqında məlumat verirdilər.
A.Mütəllibov elə danışırdı ki,
Qarabağ məsələsini guya M.Qarbaçovla həll edib
qurtarmışdı.
O,
M.Qorbaçovla görüşdən elə arxayın və
məmnunluqla məlumat verirdi ki, bircə o qalmışdı ki, MK
işçiləri ayağa qalxıb “yaşasın
Qarbaçov” deyə bağırsınlar, “Ura!, Ura!” - deyə qışqırsınlar...
Mən əlimi qaldırdım, əvvəlcə
özümü təqdim etdim, hər iki MK-katibi təbii ki, məni
tanımırdılar.
Məni bənzərsiz siyasi xadim, milli iftixarımız,
unudulmaz Heydər Əliyev şəxsən qəbul edib
(1969-cu ilin noyabr ayında), məsləhətçi vəzifəsinə
götürmüşdü. Mən dedim ki, şəhərlərdən,
rayonlardan, partiya komitələrindən ideoloji işçilər,
təbliğatçılar zəng edib soruşurlar ki, “Təşkilat
Komitəsi” nə iş görür, hansı tədbirləri
həyata keçirir, xahiş edirəm, Təşkilat Komitəsinin
rəhbəri V.Polyaniçko yoldaş bu barədə məlumat
versin, biz də yerlərə çatdıraq...
Katiblər
aralarında nəsə danışdıqdan sonra A.Mütəllibov
dedi ki, V.Polyaniçko yoldaş qarşıdakı həftənin
birinci günü Qarabağa gedəcək, o, qayıdandan
sonra geniş bir iclas təşkil edib onu dinləyərik.
Həmin günün axşamı MK-dan evə zəng edib
tapşırdılar ki, hazırlaş, iki gündən sonra
V.Polyaniçko ilə Xankəndinə uçmalısan. Və beləliklə,
mən yeddi aydan çox bir müddət ərzində Xankəndində,
keçmiş vilayət partiya komitəsinin binasında mətbuat
rəhbəri işləməli oldum.
İndi də
düşünürəm ki, yaxşı ki, o sualı verdim,
yaxşı ki,
Xankəndinə getdim və yeddi ay orada
çalışdım. (Xankəndi hadisələrini
geniş şəkildə yazıb 1994-cü ildə “525-ci qəzet”də
çap etdirmişəm).
Mən MK aparatının işçilərindən
xahiş etdim ki, Xankəndində işləmək, mənə
kömək etmək üçün hökmən erməni
dilini (əlifbasını) mükəmməl bilən bir adama
zəruri ehtiyac var.
Onu da qeyd
etməyə məcburam ki, həmin ərəfədə mən
erməni dilini yaxşı bilən bir nəfərə təklif
etdim ki, gəl, Xankəndinə gedək, sənin getməyin
çox vacibdir...
Həmin
şəxs nə desə yaxşıdır:
- Məni
Ermənistanda tanıyırlar, sui-qəsd edə bilərlər
və s. və i.a.
Bir
sözlə getmədi...
Bakı şəhər Partiya Komitəsinin
işçisi Məhəddin Aydınov isə o çətin
günlərdə Xankəndinə gəldi, birlikdə erməni
və rus dillərində nəşr edilən “Sovet
Qarabağı” qəzetlərinə nəzarət etməyə
başladıq.
Bizim imzamız (razılığımız) olmadan qəzet
çapa getmirdi.
Həmin qəzetlərin materialları qəzetin nizamnaməsinə
əsasən, eyni mətndən ibarət olmalı idi. Yəni erməni
dilindəki yazı nöqtəsinə, vergülünədək
eynən rus dilinə tərcümə olunub çap edilməliydi.
1990-cı ilin aprel günlərində Məhəddin
müəllim həyəcan və qəzəblə mənə
bildirdi ki, qəzetlərin rus və erməni dillərindəki
materialları qəti bir-birini təkrar etmir. Əgər
rus dilindəki variant Ukraynada yaz əkinindən, Uzaq Şərqdə
balıq ovundan bəhs edirsə, erməni dilindəki variantda
Azərbaycana, Azərbaycan xalqına nifrət, iftira dolu
yazılar dərc edilir.
Biz qəzetin çapına qol çəkmədik, qəti
etiraz etdik.
Həmin gün Təşkilat Komitəsinin sədri
V.Polyaniçko hər ikimizi kabinetinə dəvət etdi.
Kabinetdə
ilk dəfə gördüyümüz ucaboylu bir nəfərə
bizi təqdim etdi və sonra üzünü bizə tutub dedi
ki, yoldaş Fedeev Baş katibin - M.Qorbaçovun şəxsi
nümayəndəsidir.
Belə
başa düşdük ki, V.Polyaniçkonun özünə
nəzarət edən adam gəlib oturub
Xankəndində.
Qəzetin
çapına razılıq verməməyinizin səbəbini
hər iki məmura izah edib otaqdan çıxdıq...
Qısa bir arayış
Xankəndində ləğv edilmiş vilayət partiya komitəsinin binasına daxil olan günün axşamı V.Polyaniçkonun 3-cü qatda kabinetinin qarşısındakı qəbul otağında oturub Bakıdan getmiş yoldaşlarla bərabər televizora baxırdıq. Elə bu zaman ağ xalat geyinmiş iki nəfər hərbi formada əllərində çanta içəri daxil olub mənim familyamı çağırdılar, mən özümü təqdim etdim.
Hər iki hərbiçi məni yandakı otağa (keçmiş büro otağına) dəvət etdilər. Onlardan nisbətən yaşlısı mənə dedi:
- Biz sizə iynə vurmalıyıq. General Safonov (hərbi komendat) tapşırıb, yoldaş V.Polyaniçkonun xəbəri var.
Mən, nə üçün? - deyə soruşdum. Həmən hərbiçi (hər ikisi rus idi) başladı izah etməyə ki, qab-qacaq təmiz yuyulmur, burada antisanitariya hökm sürür, siz xəstələnə bilərsiniz, “sarılıq” xəstəliyi yayılıb, qarşısını almalıyıq. Ona görə də sizə hökmən iynə vurulmalıdır.
Sonra çantalarını açıb dedilər ki, elə də ağrı hiss etməyəcəksiniz. Xarici, fransız iynələridir. Qorxulu bir şey yoxdur və s.
Mən qəti etiraz etdim və hər iki ağ xalatlını otaqdan qovdum.
Şübhəsiz ki, əgər mənə iynə vurulmasına razılıq versəydim, bu günlərə gəlib çıxmazdım.
Qismət beləymiş...
Şüvəlan, dekabr, 2016-cı il
Ramiz
MƏMMƏDZADƏ
525-ci qəzet.- 2016.- 10 dekabr.- S.10-11.