Heykələ dönmüş söz
sahibi
Tarixən öz həyatı və əməlləri
xalqın, millətin gözündə ucalıb heykələ
dönmüş şəxsiyyətlər çox olub.
Adı
heykəlləşən belə insanlardan biri də
Borçalı torpağının böyük oğlu, həmyerlilərinin
bu gün də haqqında ağız dolusu söz
açdıqları Ayvaz Dursun oğlu Həsənovdur.
Ayvaz Dursun oğlu 1929-cu ildə Marneuli rayonunun
Axar-Baxarlı Gorarxı kəndində Alget
çayının sahilində doğulmuşdu. Burada natamam orta təhsil
alıb Başkeçidə (Dümanisi) üz tutan, orada orta
təhsilini əla qiymətlərlə başa vuran Ayvaz Dursun
oğlu əvvəl Kənd Təsərrüfatı
Texnikumunu, sonra isə Kənd Təsərrüfatı
Institutunu fərqlənmə diplomu ilə bitirmişdi. 1957-ci
ildə Qullar Heyvandarlıq Atçılıq Sovxozunun
müdiri təyin olunan gənc mütəxəssis az müddətdə bu çətin sahədə
bir-birinin ardınca böyük nailiyyətlərə imza
atmışdı. Qısa zamanda onun rəhbərlik
etdiyi sovxozda bəslənən atların sorağı
Gürcüstanın sərhədlərini aşaraq
Avropanın yarış meydanlarından - cıdır düzlərindən
gəlməyə başlamışdı. Elə ona
görə də bir il keçməmiş onu Gürcüstan
SSR Kənd Təsərrüfatı Nazirliyində daha məsul
vəzifəyə
- nazirliyin baş zootexniki vəzifəsinə irəli
çəkmişlər.
Ayvaz Dursun oğlu Həsənov həmin illərdə Kənd
Təsərrüfatı İnstitutunun aspiranturasına daxil
olmuş, namizədlik dissertasiyası müdafiə edərək
alimlik dərəcəsi almışdı. Ayvaz Dursun
oğlunun əməyini yüksək qiymətləndirən
keçmiş Sovetlər Birliyinin rəhbərliyi onu bir
sıra orden və medallarla təltif etmişdi.
Ayvaz Dursun oğlu 1979-1981-ci illərdə
Gürcüstan SSR Kənd təsərrüfatı nazirinin
müavini işləyərkən böyük nüfuz sahibi
kimi bir sıra seçkili orqanlara seçilmiş, Tbilisi
şəhər əhalisinin dərin hörmətini qazanmış,
paytaxtın inkişafı üçün önəmli olan
bir çox məsələlərin həllində yaxından
iştirak etmişdi.
Ayvaz
müəllim hökumət tərəfindən verilən
tapşırıqları layiqincə yerinə yetirməklə
yanaşı, həm də sözünə bütöv rəhbər
olduğundan yuxarı dairələrdə bəzi bədxahların
qəzəbinə tuş gəlmiş, bir ara
haqsız yerə cəzalandırmışdı. Bu səbəbdən 1981-ci ildə vəzifəsini
aşağı salaraq onu geridə qalmış
Saraçlı sovxozuna direktor göndərmişdilər.
O, cəmisi bir il səkkiz ay müddətində
geridə qalmış bir sovxozun gəlirini iki dəfədən
çox artırmaqla Gürcüstanda ikinci yerə
çıxmasına nail olmuşdu. Bu gözlənilməz
nailiyyəti Gürcüstan hökuməti bu əməyini
yenidən yüksək dəyərləndirərək, onu
yenidən yüksək vəzifəyə irəli çəkmiş,
1983-cü ildə Heyvandarlıq Sənaye Trestinə müdir təyin
etmişdilər.
1989-cu ildə Borçalıda vəziyyət gərginləşəndə
Gürcüstan hökuməti Ayvaz Dursun oğluna daha
böyük ehtiyac duymuş, gərginliyi aradan qaldırmaq
üçün onu bölgəyə rəhbər təyin edərək
böyük səlahiyyətlər vermişdi. Onun gərgin və səmərəli
fəaliyyəti nəticəsində bölgədə əmin-amanlıq
bərpa olunmuş, ara
qızışdıranların körükləmək istədikləri
ocağın alovlanmasının qarşısı
alınmışdı.
lll
Ayvaz Həsənov
1990-cı il yanvarın 17-də vəzifə
başında qəfil ürəktutmasından
dünyasını dəyişdi.
Ürəkli
kişilərın ölümü də ürəkdən
olar, deyiblər...
Ayvaz Dursun oğlunun qısa ömür tarixçəsi
belədir. Lakin bu tarixçənin içində o qədər
zəngin ürəkaçan anlar, dəqiqələr, aylar,
illər var ki, söyləməklə bitən deyil. Onlardan bəzilərini dilə gətirmək,
xatırlamaq və xatırlatmaq istəyirəm.
Yaxşı
yadımdadır, ali məktəbə
hazırlaşırdım. Azərbaycan Sovet
riyaziyyatının banisi, 1961-1967-ci illərdə Elmlər
Akademiyasının prezidenti olmuş Zahid İsmayıl oğlu Xəlilov
evində məni sınağa çəkmişdi:
- A bala,
get gör çaynik qaynayırmı?
Mən mətbəxə
keçib qayıtdım:
- Yox, -
dedim - Zahid müəllim.
- Niyə?
-
Çaynikin lüləyindən buğ çıxmır,
qapağı da tərpənmir.
- Niyə?
-
Qaynamadığına görə...
Gülüb
susdu...
Eynən
buna oxşar əhvalat 17 il sonra yenidən
başıma gəldi. Bu dəfə məni
sorğuya çəkən Ayvaz Dursun oğlu idi.
Kəpənəkçi kəndində yas yeri idi. Mən də
o yasda iştirak edirdim. Həyətdə
oturub olub-keçənlərdən danışırdıq.
Ayvaz müəllim sovxozun işçiləri ilə
birgə bir qədər kənarda oturmuşdu. Bir
oğlan mənə yaxınlaşıb dedi ki, səni Ayvaz
müəllim çağırır. Başımı
qaldıranda onun mənə əl etdiyini gördüm. Yanına getdim. Oturmağa yer
göstərdi. Birinci sualı belə oldu:
- A bala,
de görüm, biz kartof tarlasını yetərincə
sulamışıq, gübrələmişik. Amma
inkişaf çox zəif gedir. Nədən
olar bu?
- Ayvaz
müəllim, bu yay il quraq keçir. Axı, bitki həm də yarpaqdan sax-şivəldən
içər suyunu.
- A bala,
biz bura yas yerinə, qırxa gəlmişik. Biz
özümüzlə kənd adətincə nə gətirməliydik?
-
Ölü götürülən günü adətən pul
salırlar. Sonrakı mərasimlərdə isə
çayotu, şəkər, düyü, imkan olsa, heyvan da gətirirlər.
Ayvaz
müəllim tərs-tərs oturanların üzünə
baxdı və dedi:
- Bunlar mənə
pul salarsınız demişdilər...
Hiss elədim
cavabım onu qane etmişdi.
Bir müddət sonra kartof yığımı hələ
başlamamış, çapar gəlib məni evdən
çağırdı. Dedi ki, təcili get, Ayvaz müəllim səni
"pavlion"un yanında, dörd yol
ayrıcında gözləyir. Getdim. Bazar günü idi. Ayvaz müəllim
"Qaz-24" maşını ilə gəlmişdi. Fəhlələrlə söhbət edirdi. Mən gəlib onunla görüşdüm və
yanında dayandım. Pavliyonda işləyən
bir nəfər ona podnosda "Borjom", yanında da bir stəkan
gətirdi. Ayvaz müəllim əsəbi halda dedi:
-
Görmürsən, burda iki nəfər var?
Xidmətçi
dərhal üzr istəyib geri döndü...
Bir azdan üç maşın gəldi. Birinci katib,
icraiyyə komitəsinin sədri və ikinci katib
maşından düşüb Ayvaz müəllimə
yaxınlaşdılar. Ayvaz müəllim
qalxıb başının dəstəsiylə irəli, yolun
ortasına tərəf çıxdı. Bir qədər
ayaqüstü söhbətdən sonra məni yanına
çağırdı və əlini çiynimə qoyub
dedi:
- İvan Temirazoviç, dediyim bu oğlandır.
O mənimlə
tanış olub əlavə etdi:
- Gəlsin,
Maarif şöbəsinə tapşıraram, səhər əmrini
alıb işləyər.
Təəccüb içindəydim. Məni hara təyin
edirdilər? Ayvaz müəllim
nigarançılığıma son qoydu. Məlum oldu
ki, məni məktəb direktoru təyin edirlər...
Ayvaz müəllimin bu yaxşılığı baş
tutmadı. Müəllimlərin bir qismi gecə ikən
tökülüşüb rayona getmişdilər ki, bəs
sovxoz direktoru, kənd sovet sədri və digər öndə
gedən qulluqçular hamısı qıraq kəndlərdəndir,
biz istəyirik öz rəhbərimiz öz içimizdən
olsun. Mən də Ayvaz müəllimə
bu barədə heç nə demədim və o səbəbdən
yaxşılıq baş tutmadı.
Bir müddətdən sonra Ayvaz müəllim Tbilisiyə
yeni qulluğa təyin edildi, biz bir-birimizlə çox gec
görüşə bildik.
1990-cı
il sentyabrın 17-də acı xəbər
ev-ev, kənd-kənd bütün mahala yayıldı. O
müdhiş gün hamı dərdlənir,
"Borçalımızın düşmən
toxmağı getdi", deyib heyfslənirdi...
O gündən
neçə illər keçib. Amma hələ də
"Düşmən toxmağı"nın
kədərli sözü-söhbəti davam edir. Kəndlərdə insanlar seyrəlib. Evlər qocalıb. Yollarda
çuxurlar əmələ gəlib. Bulaqların
suyu azalıb. Nə kartof tarlaları, nə
taxıl zəmiləri, nə bağ-bağatlar ürək
açandır, nə sıx-sıx, sürü-sürü
naxırlar, ilxı-ilxı at kişnərtiləri
eşidilir, nə də qoyun-quzu mələşmələri.
Hamı bir növ küskünləşib elə bil, iş bərkə düşəndə yenə
də Ayvaz Dursun oğlu xatırlanır...
Ayvaz Dursun oğlu ilk gündən at belinə qalxıb yəhər
qaşından boylananda da el-obasını, millətini
düşünən gənc süvari idi, pillə-pillə
qalxıb vəzifə kreslosunda oturub
işıqlı-yaraşıqlı kabinetlərin pəncərəsindən
baxanda da. Ona görə də millətindən, dinindən,
dilindən asılı olmayaraq hamı onu sevir, xatirini əziz
tuturdu.
Tanınmış dövlət xadimləri də Ayvaz Dursun oğlu haqda çox dəyərli sözlər demişdilər.
E.Şevardnadze: "Belə şəxsiyyətlər tez-tez yetişmir".
C.Patiaşvili:
"O, istedadlı alim, mehriban insan idi".
Nadar
Çitinova: "O, dostluğu qoruyurdu".
Q.Kapanadze:
"O, yüksək zövqə malik bir ziyalı idi".
Qayoz
Qiorqadze: "O, güclü şəxsiyyət idi".
lll
Ayvaz Dursun oğlunun həyatı bir romandır. Sağlığında
yazan olmadı o romanı... Mən buna görə
özümdən başqa heç kimi qınamıram.
Özümü, bir də dövrü, zəmanəni
qınayıram...
...Ayvaz Dursun oğlu hələ çox işlər
görəcəkdi, fəqət, bu cəngavər eloğlumuz
çox erkən heykələ döndü. Borçalı
bağlarının arasında, ulu Borçalı
dağlarının əhatəsində əbədi
yaşamaq üçün...
Nizami SARACLI
525-ci
qəzet.- 2016.- 13 dekabr.- S.8.