Texniki kitabxanaların
inkişafına dəyərli elmi töhfə
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Tədris-Metodik
Şurasının qərarı
ilə 2016-cı ildə
fakültənin dekan müavini, pedaqogika üzrə fəlsəfə
doktoru, dosent Mehmanəli Məmmədovun
"Azərbaycanda texniki
kitabxanaların inkişafı"
adlı monoqrafiyası
çap olunub.
Monoqrafiyanın elmi redaktoru Azərbaycan milli kitabxanaşünaslıq elminin
banisi, Əməkdar
elm xadimi, BDU-nun fəxri
professoru, tarix elmləri doktoru Abuzər Xələfov, redaktor Kitabxanaçılıq-informasiya
fakültəsinin dekan
müavini, pedaqogika üzrə fəlsəfə
doktoru, dosent Elçin Əhmədovdur.
Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə fəlsəfə
doktoru, dosent Azad Qurbanov və tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımi monoqrafiyaya rəy yazıblar. Belə bir yüksək
elmi səriştəyə
malik heyətin birgə əməyi nəticəsində Azərbaycanda
elmi-texniki kitabxanalar sistemi həm elmi, həm də təcrübi baxımdan tədqiq edilərək fundamental monoqrafik
əsər meydana gəlib.
Azərbaycanda elmi texniki kitabxanalar şəbəkəsi
müxtəlif vaxtlarda
müxtəlif alimlər,
tədqiqatçılar tərəfindən
araşdırılsa da
bu epizodik xarakter daşıyıb və ilk dəfə olaraq bu monoqrafiyada
dosent M.Məmmədovun
uzunmüddətli tədqiqatının,
gərgin əməyi
və böyük zəhmətinin nəticəsində
elmi texniki kitabxanaların formalaşması
və inkişafı tarixi, bütün fəaliyyət istiqamətləri
daha geniş və müfəssəl şəkildə əhatə
edilib.
Ön sözdə müəllif
respublikamızın böyük
tarixə malik olan müvafiq sahənin mütəxəssislərinin
informasiya tələbatının
ödənilməsində, ümumiyyətlə, ölkəmizdə
texniki kadrların yetişdirilməsində, elmi-texniki
tərəqqidə böyük
xidmətləri olan texniki kitabxana şəbəkəsinin tədqiqinin
əhəmiyyətini qeyd
edib, Azərbaycanda ilk
elmi-texniki kitabxananın
XIX əsrin axırları,
XX əsrin əvvəllərində
yaranması, neft sənayesi işçilərinə
xidmət edən
1895-ci ildə Qaraşəhərdə
açılan A.S. Doroşenko
adına kitabxana qiraətxana haqda məlumat verib, ayrı-ayrı texniki kitabxanaların yaranması
və bu günümüzə qədər
keçdiyi inkişaf
tarixinə bir nəzər salıb, son illərdə texniki kitabxanaların fəaliyyətində
mövcud durğunluq və problemləri də diqqətə çatdırıb.
"Azərbaycan respublikasının
texniki kitabxanalar sistemi" adlanan birinci fəsildə bölmələr üzrə
texniki kitabxanaların
funksiya və vəzifələri, elmi və elmi-texniki kitabxana şəbəkələrinin
formalaşması və
inkişafı, maddi-texniki
bazası və kadr təminatı, texniki kitabxanalarda kitabxana-informasiya texnologiyalarının
işlənməsi və
tətbiqi, kitabxanalararası
abonement (KAA) sisteminin və normativ texniki sənədlər fondunun təşkili məsələləri ətraflı
şəkildə əksini
tapıb.
İkinci
fəsildə "Elmi-texniki
kitabxana fondlarının
formalaşması" adlanır
və burada texniki kitabxanaların komplektləşdirmə xüsusiyyətləri,
fondun uçotu, elektron vasitələrlə
təşkili və mühafizəsi, məzmunca
və fiziki cəhətdən köhnəlmiş
ədəbiyyatın fonddan
çıxarılması, az istifadə
edilən ədəbiyyatın
depozitar fonda verilməsi, fondun yoxlanılmasından bəhs
edilib. Monoqrafiyanın
III fəslində elmi-texniki
kitabxanaların informasiya
resurslarının sistemli
təhlili verilib, elmi-texniki ədəbiyyatın,
patent və standartların,
mikroformatların işlənməsi
xüsusiyyətləri haqqında
geniş informasiya əhatə edilib.
Elmi-texniki kitabxanaların soraq-axtarış
aparatı, onun təşkili və strukturu, kataloq və kartotekaların təşkili, elektron nəşrlərin biblioqrafik
təsviri, biblioqrafik xidmətin əsas istiqamətləri barədə
məlumatlar monoqrafiyanın
IV fəslində təqdim
olunub.
"Elmi-texniki kitabxana şəbəkələrində mütəxəssislərə kitabxana-informasiya
xidmətinin təşkili"
adlı V fəsildə
elmi-texniki kitabxanalarda
xidmətin təşkili
xüsusiyyətləri, mütəxəssislərə
kitabxana- informasiya xidmətinin əsas istiqamətləri, forma və
üsulları, KAA ilə
xidmət və onun texnoloji baxımdan təkmilləşdirilməsi,
informasiyanın seçilmiş
yayılması rejimində
xidmət və sorğu-cavab rejimində xidmət prosesi haqqında geniş informasiya oxucuların nəzərinə çatdırılıb..
Metodik fəaliyyətin düzgün qurulması kitabxananın bütün istiqamətlər üzrə fəaliyyətinin yaxşılaşdırılmasına xidmət edir. Odur ki, monoqrafiyanın sonuncu fəslinin elmi-texniki kitabxanaların elmi innovasiya və metodik fəaliyyətinə həsr edilməsi məqsədəuyğun alınıb. Burada metodik təminatın məzmunu, əhəmiyyəti və vəzifələri, metodik fəaliyyətin funksiya və prinsipləri, metodik təminatın əsas istiqamətləri əhatə edilib.
Sonda Azərbaycan Respublikasında fəaliyyət göstərən texniki kitabxanaların qısa icmalı verilib. Monoqrafiyanın müsbət cəhətlərindən biri də odur ki, Azərbaycanda elmi-texniki kitabxanalar şəbəkəsi müfəssəl şəkildə bu əsərdə tədqiq edilərək təkcə nəzəri informasiyalar deyil, əyani vasitələr də diqqətə çatdırılıb, bu kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasına dair metodik tövsiyələr təqdim edilib, respublikada fəaliyyət göstərən texniki kitabxanalarla maraqlanan mütəxəssis-oxucular üçün icmal xarakterli faydalı məlumatlar təqdim olunub.
Belə monumental əsərin işıq üzü görməsi Azərbaycanda kitabxana işinin, elmi-texniki kitabxanalar şəbəkəsinin inkişafına, eləcə də milli kitabxanaçılıq resursları bazasına çox samballı bir töhfədir. Hesab edirəm ki, monoqrafiya sahənin mütəxəssisləri, elmi tədqiqatçılar, alimlər, tələbələr və geniş kitabxana ictimaiyyəti üçün faydalı elmi mənbə olmaqla yanaşı onların stolüstü kitabına çevriləcək və onların həm elmi, həm təcrübi, həm də tədris fəaliyyətində mükəmməl bir bələdçi olacaq.
Aidə ABDULLAYEVA
Azərbaycan Milli Kitabxanasının şöbə müdiri
525-ci
qəzet.- 2016.- 13 dekabr.- S.7.