"Şəki və onun tarixi hissəsi" Parisdə müzakirə olunub

 

Məlum olduğu kimi, nazir müavini Sevda Məmmədəliyeva Parisdə YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında iştirakla bağlı səfərdədir. Səfər çərçivəsində Sevda Məmmədəliyeva "Şəki və onun tarixi hissəsi"nin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Dünya İrs Komitəsinə üzv ölkələr ilə danışıqlar aparıb. Görüşdə komitə üzvləri tərəfindən Azərbaycanın komitədə üzv kimi fəaliyyətinin mədəni irsin həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə qorunmasının bariz göstəricisi olduğu bildirilib.

Görüş zamanı Sevda Məmmədəliyeva üzv ölkələrin diqqətinə çatdırıb ki, "Şəki və onun tarixi hissəsi"nin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Azərbaycan tərəfindən hazırlanan sənədlər toplusu peşəkarlar tərəfindən hazırlanmışdır və tələb olunan kriteriyaları özündə ehtiva edir.

Tövsiyə olunub ki, Azərbaycan tərəfi digər ölkələrin bu istiqamətdə təcrübəsini nəzərdən keçirsin və gələcəkdə ortaya çıxacaq suallara əvvəlcədən hazırlığı təmin etsin.

Qeyd edək ki, hazırda İçərişəhər memarlıq kompleksiQobustan dövlət tarixi-bədii qoruğu YUNESKO-nun Ümumdünya İrs Siyahısında yer alır.

 

525-ci qəzet.- 2016.- 14 dekabr.- S.7.