Əli Əmirlinin əsəri Kalmıkiya səhnəsində

 

Dekabrın 16 və 17-də Kalmıkiyanın paytaxtı Elista şəhərində Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin Kalmık Milli Dram Teatrının sifarişi ilə yazdığı "Zalamca" pyesi əsasında hazırlanmış "Gözlə məni" tamaşasının premyerası olacaq.

Dramaturq pyesi Kalmık ədəbiyyatının görkəmli nümayəndəsi, mühacirətdə yaşayıb-yaratmış Sandji Balıkovun "Zalamca" povestinin motivləri əsasında qələmə alıb.Janrını "tale dramı" kimi müəyyən etdiyi əsərdə dramaturq Don sahilində, ucsuz-bucaqsız Kalmık çölündə azadfiravan yaşayan qədim bir xalqın Oktyabr inqilabından əvvəlki xoşbəxt həyatını və inqilabdan sonrakı faciələrini, emiqrasiya və qaçqınlıq müsibətlərini konkret bir ailənin timsalında əks etdirib.

Atçılıqla məşğul olan varlı sahibkarın ərköyün qızı Zalamcanın dramatik həyatı, çətin sınaqlara məruz qalanbu sınaqlardan mənəvi qələbə ilə çıxan məhəbbəti əsərin əsas süjet xəttini təşkil edir.

Kalmık Milli Dram Teatrının aparıcı aktyorlarının iştirakı ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Azərbaycanın və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovdur.

Onu da deyək ki, görkəmli rejissor "Zalamca"dan əvvəl 2014-cü ildə həmin teatrda Əli Əmirlinin "Sevən qadın" əsərini rus dilində tamaşaya qoymuşdu.

 

525-ci qəzet.- 2016.- 14 dekabr.- S.7.