"Ay işığı düşdü göydən..."

 

 

 

Ədəbiyyatın bədii-fəlsəfi gücü onun "balaca boy" janrında - lirik poeziyadadır.

 

Təsadüfi deyil ki, min ildən artıq möhtəşəm bir dövrdə Azərbaycan ədəbiyyatı həm Şərq, həm də dünya ədəbi-tarixi prosesində əsasən şeirlə təmsil olunub. Yazılı klassik ədəbiyyatımızda qəzəl, qəsidə, rübai şifahi poeziyamızda, o cümlədən, zəngin aşıq şeirimizdə bayatı, gəraylı, təcnis... məşhur olub. Demək istəyirəm ki, poeziya xüsusən də lirik şeir min illərdir ki, ruhumuzun tərcümanı, qəlbimizin söz aynası olaraq yazılmaqda, oxumaqda və sevilməkdədir.

 

"Şeir haqqında yazmaq, şeir yazmaqdan çətindir" - deyirdi böyük nəzəriyyəçi, şərhçilik məktəbinin banisi Xətib Təbrizi (XI). Əlbəttə, şeir yazmaq da asan bir iş deyil. "Söz yaradanın mədhi-sənası, nəğməsidir" deyirdi dahi SÖZ ustası Məhəmməd Füzuli! Ona görə "şeir fəziləti də ayrı bir elm" idi.

 

Beləliklə, şeir insanlığa rəva görülmüş Allah əmanətidir, ancaq ilahi vergisi olan istedad sayəsində şairin qəlb aləmində yuva bağlayır, sözdən libas geyinib "köksün dar qəfəsindən ədəbiyyatın təmiz havasına çıxır". Bu sözlərin müəllifi məşhur tənqidçi V. Belinski bəlkə də elə buna görə deyirdi ki, "Şair sözü yüksək və müqəddəs bir sözdür. Bu sözdə ölməyən, əbədi bir şöhrət vardır".

 

Çağdaş Azərbaycan ədəbiyyatında şair sözünün müqəddəsliyini qoruyan əbədi şöhrət sahiblərindən biri Ramiz Rövşəndir. Onun həm qalın, həm də qalan "Nəfəs" kitabı çağdaş poeziyamızın ilahi nurundan süzülüb gələn ətirli nəfəsdir:

 

Mənim bu dünyayla bir alverim var

Aldığım, verdiyim nəfəsdi nəfəs.

 

Ramiz Rövşən də bizim hamımız kimi "anaların aldadıb bu dünyaya atdığ"ı müasirimizdir. Fəqət hamımızdan fərqli olaraq onun nəfəsi genişdir, dərin və güclü vulkan kimidir. Poeziya vulkanıdır Ramiz Rövşən. Çağdaş poeziyamız onun poetik nəfəsi ilə qızınır, nəfəs alır. Onun bir neçə şeiri bizə bu poetik düsturu açmağa imkan verir.

 

İnsan öz istəyi ilə şair olmur, insan şair doğulur. Şairlik peşə, sənət deyil, şairlik taledir. Füzuli, Puşkin, S. Vurğun, R. Berns, Bayron... şair doğulub. Şairin iki böyük enerji mənbəyi var: istedad və şəxsiyyət! Bu ikisinin tale evindəki izdivacdan dünyanın ən qiymətli gövhəri - SÖZ dünyaya gəlir. Ananın öz körpəsinə süd verməsi kimi sözə "ehya vermək"   şairin müqəddəs borcudur.  R. Rövşən sözə ehya verən müasir dünya şairidir:

 

Yıxılıram, yıxılıram

Özümdən yıxılıram.

Qəlbimdəki səbrdən

Dözümdən yıxılıram

Sığınmağa bir bucaq yox

Yıxılmağa qucaq yox.

Gözümdən yıxıldım, Allah.

Gözüm yaşından yıxıldım...

Sözün başından yıxıldım.

 

Ruhən ona doğma olan Rayner Rilkeyə ithaf olunan "Yıxılıram" şeiri R. Rövşənin öz daxili portretini əks etdirir: "Özümdən yıxılan", "Sözün başından yıxılan" şair. Dahi Füzulinin varisi məhz belə yazmalı idi.

 

Poeziya, xüsusən, bunun ən zərif və ən dərin forması olan lirika şairin şıltaq qız kimi çətin ələ gələn obraza doğru ehtiraslı can atmasıdır. R. Rövşənin ilk belə uğurlu və poetik obrazı Ay işığıdır. Əli Kərimin obrazı isti günəş, R. Rövşənin obrazı soyuq (fəqət buz kimi saf!) Ay işığıdır:

 

Ay işığı düşdü göydən,

Canımdan - qanımdan keçdi.

Gözümün içindən keçdi,

Özümün içindən keçdi.

Keçdi,dabanımdan keçdi,

Az qaldı ki,

İki yerə bölə məni,

Başımdan göyə mıxladı,

Dabanımdan yerə məni.

Ha istədim...

Addım ata bilmədim...

Aman,atam, o nə daşdı?!

O daş atan hara qaçdı?

İtlər canıma daraşdı,

Burax gedim, Ay işığı!

 

Ramiz Rövşənin lirik qəhrəmanı Ay işığının sevgisinə əsir düşmüş "evin mağmun uşağı" - xalqın böyük şairidir.

 

R. Rövşən Azərbaycan fəlsəfəsi - intellektual poeziya təmayülünün istedadlı və şəxsiyyətli nümayəndəsidir.

XX əsrdə xalq şairi Rəsul Rzanın başçılıq etdiyi bu unikal təmaylə B. Vahabzadə, M. Araz, F. Qoca, Ə. Salahzadə, Ç Əlioğlu daxildir. R. Rövşən bu təmayülün XX əsrdən - XXI əsrə, II minillikdən III minilliyə keçidinin banisi körpüdür. Bu fikirimə dayaq üçün dillər əzbəri - ruhlar sərkəri olan və bir oxucu kimi yaddaşımda əbədiləşən bir neçə şeirin adını çəkmək istəyirəm: "Qədrimi bilmədi, bu adam mənim", "Göy üzü daş saxlamaz", "İlan balası", "Çiçəklər doğulur, bu yaz gecəsi", "Ayrılıq", "Qara paltarlı qadın", "Nəfəs", "Lal" və "Qapı" silsiləsi... Bəlkə daha bir neçə şeiri də yada salmaq olardı...

 

Bilmirəm, hayandan tapdı ömrümü,

Bir dəli at kimi çapdı ömrümü,

Dağlara, daşlara çırpdı ömrümü,

Qədrimi bilmədi bu adam mənim,-

İlahi, al məni bunun əlindən!

Al məni, ver məni, özgələrə ver,

Sınıq aynalara, gözgülərə ver,

Bölünüm, yüz tikə, min tikə olum

Bu adam üzümə baxa bilməsin.

Məni aynaların qırıqlarından

Toplaya bilməsin, yığa bilməsin.

 

Ayna qırıqlarından boylanan şair obrazı! - maraqlı deyilmi? Heç vaxt birləşməyəcək çiliklənmiş güzgüdə əbədiyyətə qovuşmaq - bir də o adamla - bu dünyaya görüşməmək arzusu! - bizcə bu lirik qəhrəmanın ən düzümlü və ən dözümlü obrazıdır.

 

Göy üzü müqəddəsdir. Çünki, bəşəri təfəkkürə görə göy (7-ci göylər!) gözəgörünməz Allahın məkanıdır.

 

Göy üzünə daş atmazlar, salavat çevirərlər! - bizcə şairin estetik məramı budur:

 

Durub göy üzünə daş atan oğlan,

Göy üzü daş saxlamaz.

Baxırsan, göy üzü gözündən yekə,-

Durub göy üzünə daş atan oğlan.

Gözlərin böyüyər sən böyüdükcə

Gözündə yaş böyüyər.

Əllərin böyüyər sən böyüdükcə

Göy üzünə atdığın daş böyüyər.

Bir gün bu dünyada qəbrin qazılsa.

Bəlkə də, baş daşın göydən düşəcək.

 

Daş atanın başına düşüb, başdaşına çevrilən daş! - bir qədər R. Rövşən sələfi M.Ə. Sabirin "daş qəlbli insanları"nı xatırlatsa da, bu poetik obraz orijinal tapıntıdır. Dünya şair "mən"indən keçib, bütün gözəllikləri, eybəcərlikləri ilə şeirə çevrilir. Dünyanı özündən keçirib büllur kimi saf sözə çevirmək üçün şair daha hansı obrazlara çevrilmir?! Budur ən gözlənilməz obraz: ilan balası:

 

Ağlama, ağlama, ilan balası,

Baxtını qarğıma, ilan balası!

Bu da bir ömürdü, dözəsən gərək,

Beləymiş taleyin əmri, buyruğu;

Döşünün altında sevən bir ürək,

Dişinin altında zəhər tuluğu.

Tək bircə yol qalar sənə dünyada;

Başından quyruğunacan,

Zəhərli dişindən quyruğunacan

Tək bircə yol qalar, - o yol özünsən,

Özün öz yolunsan, ilan balası.

Yüz cür sifətiylə, yüz cür üzüylə

Dünya səndən keçib durulur bəlkə.

 

Özü öz yolu olan, yüz-yüz sifətli dünyanı özündən keçirib duruldan şairin öz obrazıdır. R. Rövşən şeirinin fəlsəfi təfəkkürlü lirik qəhrəmanı - dünyaya fəzadan baxan insan!

 

Şairin məşhur "Göy üzü daş saxlamaz" kitabına tənqidçi Kamil Vəliyevin yazdığı "Özün öz yolunsan" adlı yazıda isə Ramiz Rövşənin və ümumiyyətlə, 70-ci illər poeziyasının mühüm bir cəhəti lakonik şəkildə açıqlanıb. "Bu şeirləri fantastik hekayə kimi də oxuya bilərsən, yuxusunu danışmağa gücü çatmayan adamın əzabı kimi də".

 

Doğrudan da, R.Rövşənin şeirlərini oxuduqda onun müəllifinin keçirdiyi mifik əzabı duymamaq olmur və yeri gəlmişkən, ötəri də olsa, qeyd edək ki, bu mifik əzabın mənşəyi klassik Azərbaycan poeziyası, Füzuli kədəri, ümumbəşəri kədərlə bağlı olduğu dərəcədə müasir dünya ədəbiyyatı, bu ədəbiyyatda gedən proseslər, haqq-ədalət axtarışlarında əldən düşüb ümidsizləşmiş, dünyanın sərvətlə idarə olunan şər qüvvələri  tərəfindən tapdanıb əzilmiş, təhqir edilmiş və alçadılmış "sadə, səmimi" adamları mücərrəd şəkildə əks etdirən Kafka, Kamyu, Markes və bunlardan da öncə Dostoyevski yaradıcılığı ilə bağlıdır.

 

O öz köklərinə, öz ədəbi zəmininə, öz folkloruna qırılmaz tellərlə bağlı olan bir sənətkardır. Bu baxımdan onu və ümumiyyətlə, onun poetik nəslini "dəlidən doğru xəbər" Azərbaycan atalar sözünün varisi, yetişdirməsi hesab etmək olar. Və bu cəhətinə görədir ki, bəzən şairin lirik qəhrəmanının düşdüyü real vəziyyəti ətrafdakılar, "övladı olduğu dövrün" adamları anlamırlar, yaxud anlamaq istəmirlər, yaxud anlamağa qorxurlar. Anlamadıqlarına, anlaya bilmədiklərinə, anlamaq istəmədiklərinə, anlamağa qorxduqlarına görə də özlərindən hesab etmirlər. "Kim bizim kimi düşünmürsə, bizim kimi hərəkət etmirsə, yeganə düzgün olan bizim yolumuzla getmirsə, demək, o, dəlidir" - Sovet dövrünün, sosialist gerçəkliyinin bu məşhur postulatının əzici, üzücü təsirini Ramiz Rövşən də öz üzərində duyur, bəlkə yuxarıda qeyd etdiyimiz əzabı da elə bu babətdən çəkir:

 

Dedilər dəlidir, nədi,

Hərə bir ad verdi mənə.

Kimi baxıb kül elədi,

Kimi baxıb güldü mənə.

 

Lakin Ramiz Rövşənin ümumi poetik yaradıcılığında indiyə qədər üzərində durduğumuz cəhət yalnız bir meyil, bir tendensiya təşkil edir, başqa sözlə, yaradıcılığın aparıcı xətlərindən, istiqamətlərindən yalnız biridir.

 

Ədəbi nəslinin bütün nümayəndələri kimi, Ramiz Rövşənin də poetik palitrası rəngarəng, çoxcəhətlidir. Bu isə özlüyündə oxucunu yormamağa, onu intellektual simvol və ideyalarla yükləməməyə, bezikdirməməyə xidmət edir. Bu cəhətdən R.Rövşən obraz və metafora tapmaq, özü də gözlənilməz, poeziya həvəskarında sevinc və razılıq hissi oyatmağa nail olan obrazlar tapmağın ustasıdır.

 

Bu cür metafora və obrazlar şairin bir çox şeirlərində parlaq qiymətli daş kimi özünü büruzə verir və bu barədə K.Vəliyevin sözlərini sərrast və uğurlu hesab etmək olar:

 

"Ramizin metaforası şeir boyuncadır, ilhamının canında, ruhunda, mayasındadır; hər şeiri bütövlükdə metaforik obraza çevirəcək dərəcədədir... bu obrazlarda məntiqlə hiss bir-birini üzvi şəkildə tamamlamaqdadır".

 

İnsan həyatının müdriklik çağı kimi səciyyələndirilən qocalıq haqqında yazılmış şeiri bu cəhətdən xarakterik örnək kimi təqdim etmək olar:

 

İlahi, qocalıq buymuş deməli,

Dostlardan səssizcə qırılır adam.

Ömür bir bulanıq suymuş deməli,

Ömür azaldıqca durulur adam.

 

Bu şeirdə Füzuli poeziyasının hər beytinə, hər misrasına xas olan çoxmənalılığı və həyati reallıqla dəqiq və qırılmaz surətdə bağlılığı sezməmək olmur.

 

R.Rövşən poeziyasının başqa bir tərəfini yaşadığı dövrün ağrılı və aktual humanitar-siyasi problemlərinə reaksiyanı, onu "öz dövrünün övladı" kimi daha çox xarakterizə edən bu tendensiyanı da qeyd etsək, şairin poetik-fikri yaradıcılığının az-çox tamam mənzərəsini almış olarıq. R.Rövşənin siyasi lirikası öz həcminə və sanbalına görə onun yaradıcılığında önəmli yer tutur. İkinci Dünya müharibəsi mövzusunda yazılmış, Xirosimaya, Qarsiya Lorkaya və b. həsr edilmiş şeirlərində R.Rövşən öz dövrünün siyasi lirikləri kimi ümumilikdə insan ağrısının, insan kədərinin mənzərəsini verməyə nail olmuşdur.

 

R.Rövşən ideya və obrazlarında olduğu kimi, şeirin zahiri formal cəhətlərində də orijinallığa meyil edən sənətkardır. Bu cəhətdən də o, folklora müraciəti ilə seçilir, dastan poetikasından, nəsrlə nəzmin növbələşməsindən istifadə edir.

 

70-ci illərin bir protest, etiraz kimi doğurduğu Ramiz Rövşən fenomeni 80-ci illərin sonunda ayıq-sayıq ideologiya tərəfindən bir növ neytrallaşdırıldı. Bütün qadağan olunmuş mövzuların qadağalarına qadağan qoyulduğu kimi, indiki dövrdə isə etiraz istiqamətli sənətkarlar sanki öz stixiyalarından bir növ kənara düşmüşlər. 70-ci illər poetik nəslinin get-gedə tarixə çevrilməsini bəlkə də bunda axtarmaq lazımdır.

 

R. Rövşən sadəcə bir etirazçı deyil. O tarixin fəlsəfəsini şeir dilinə çevirir. Onun şeirləri zamanı un kimi üyüdən dəyirmana bənzəyir. Zaman şairin istedadına bu tərəfdən daxil olur, şeirə çevriləndə onun ancaq qırıq-sökük tikə-parçası qalır.

 

Qara paltarlı qadın kabus kimi, ölüm mələyi kimi H. Cavidin dramaturgiyasında var idi. XX əsr rus poeziyasına onu "gümüş dövrün" nəhəngi A. Blok simvolizmin qəhrəmanı kimi gətirdi. Və R. Rövşənin də ən yaxşı şeirlərindən biri məhz o qara paltarlı qadının sayəsində yarandı:

 

Kişilər bir olmur, atam balası

Qorxağı var, igidi var,

Amma hər kişinin öləndən sonra

Qəbri üstdə ağlamağa

Bir qara paltarlı gözəl bir qadına ümidi var

Sən öləndə kim olacaq gözlərini bağlayan?

Qardaşmı olacaq, yadmı olacaq?

Bu dunyada bəlkə sənə ən çox ağlayan,

Ən çox ağlatdığın qadın olacaq?!

İllər boyu ağlatdığım bu qadın

Görən necə saxlayıbdır

bu qədər göz yaşını?!

Bu qəbir də min qəbirdən biridir.

Baş daşımı bəsdir basdın bağrına,

Bütün mənə ağlayanlar kiridi,

Sən də kiri, qəbrim damır, ağlama...

 

Belə özünüifadə misilsizdir, poetik faktlar A. Blokda olduğu kimi təkcə fəlsəfi-simvolik yox, həm də sufistikdir: qara paltarlı (gözəl qadına!) ümid ən çox ağlayan,  ən çox ağlatdıran qadın; qara paltarlı gözəlin bağrına basdığı  (qara!) başdaşı; qəbrə daman göz yaşı! Bu poetik düsturların yaratdığı obraz işıqlı ümidə bükülmüş tragik kədərin xoşbəxt sifətidir. Lirika romantikasız ola bilməz. Romantika lirik poeziyamızın ətri, bahar nəfəsidir. Romantika şeirdə şair ehtiraslarının coşğun ilhamı, pafosudur. Elə Ramiz Rövşənin fəlsəfi-romantik "Nəfəs" şeirində olduğu kimi:

 

Mənim bu dünyayla bir alverim var;

       aldığım-verdiyim nəfəsdi, nəfəs.

Daha özgə bazar açan deyiləm,

        ölüncə bu alver mənə bəsdi, bəs.

Aldım nəfəsimi quş dimdiyindən,

         ocaq tüstüsündən, çiçək iyindən.

Üzümə çırpılan yağışa-qara,

        küləklərə verdim öz nəfəsimi.

Nəfəsim toxundu gül dodaqlara,

        aldı neçə-neçə qız nəfəsimi.

 

Bu romantik-fəlsəfi şeir sərt və amansız bir israrla bitir: "Son şair boğulub öləndə, - göydən// Ölü Allah düşəcək". R. Rövşən Füzuli poetik ənənələrinə sadiq SÖZ-ü bağrı çatlayana qədər fikirlə yükləyən, söz yuvasında ətirli güllər bitirən lirik, fəlsəfi-romantik şairdir.

 

Bu görüş sonuncu görüşdü daha

"Bu gün ayrılırıq" deyib gəlmişdin

 Bəs niyə mənimlə son ayrılığa

Ən gözəl donunu geyib gəlmişdin?

Bəs niyə o cürə gözəldin onda?

İndi bunu necə yozum bilmirəm.

Bəlkə də son dəfə mənim yadımda

Gözəl qalmaq idi arzun, bilmirəm.

Bir sevgi yarımçıq qırıldı o gün

Yağış da kəsildi bulud da getdi

Bir qızla bir kişi ayrıldı o gün

Hərəsi bir yana üz tutub getdi .

O qızdan gözəl qız tapılmaz daha

Daha o kişidən igidi yoxdur.

Amma bu dünyada xoşbəxt olmağa

Daha heç birinin ümidi yoxdur.

 

R. Rövşənin bu misraları bizi ülvi bir sevginin qəm çağına aparır. Sevib sevilməyin mümkünsüzlüyünü bu qədər aydın dərk etmək faciədir. İnsan qəlbini köksündən necə çıxardıb ata bilər?! Deyirlər ki, insan ölən anda gözəlləşir. Şairin sevgilisi də belədir. Əbədi ayrılıq anında gözəlliyin zəfər tacı ilə canlanır qarşımızda.

 

Və bu gözəllik ayrılığın böyüklüyünü son həddə qədər artırır. Az qala soruşmaq istəyirsən: belə bir gözəldən ayrılmaq olarmı? Bu ayrılığa dözmək olarmı? Elə sevginin əzəməti də, poeziyanın sehri də bu əbədi sualların heç vaxt tapılmayacaq cavabındadır...

 

...Dərsəm güllərini bu gələn yazın,

Sallanıb yellənsəm budaqlarından,

Eşitsəm adımı sevən bir qızın

Hələ öpülməmiş dodaqlarından, -

bu yaz gecəsində ölməyə nə var ?!

 

Həyata münasibətin bədii dəqiqliyinə SÖZ-ə yanaşma həssaslığına, gözlənilməz iradə tərzinə, şeirin və şəxsiyyətin aydınlığına görə üç şairi XX əsr lirik şeirinin üç novator mərhələsi hesab etmək olar: Mikayıl Müşfiqi, Əli Kərimi və Ramiz Rövşəni!

 

Ramiz Rövşən poeziyası adi poeziya deyil, heç adiliyin poeziyası da deyil. Bu səssiz-küysüz, fəqət qəzəbli və inadkar bir fəryaddır. Onun şeirində ağaclar saçlarını yolur, daşlar hıçqırıb ağlayır, qan yaddaşı daş yaddaşından süzülüb durulur, saflaşır. Onun şeirlərində bir bütövlük var, bu şeirlər normal doğulmuş körpə kimi bütöv, əlli-ayaqlıdır. Onlardan hansısa hissəni ayırıb misal gətirmək olmur. Bu şeirlər elə məntiqli bir poetik sistemdir ki, burada forma özü məzmun kimi çıxış edir.

 

Ramiz Rövşənin şeirini ölmüş allahlar və allahın özü ilə bir yerdə ölmüş dünya haqqında nikbin elegiyalar adlandırmaq olar.

 

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ

Filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2016.- 15 dekabr.- S.7.