Mədəniyyət və İncəsənət
Universitetində Ramiz Rövşən günü
Dekabrın 14-də Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində
(ADMİU) tanınmış şair Ramiz Rövşənin 70 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə ADMİU-nun beynəlxalq
əlaqələr və
tərbiyə işləri
üzrə prorektoru, filologiya elmləri doktoru, professor Gülşən
Əliyeva-Kəngərli açıb.
İştirakçıları salamladıqdan sonra şairə təşəkkür
edən çıxışçı
R.Rövşənlə bağlı
xatirələrini bölüşüb.
Şairin həyatı, yaradıcılığı,
ədəbiyyata və
poeziyaya münasibəti
barədə danışıb.
Bildirib ki, Ramiz Rövşən ədəbiyyata yön verən imzalardandır. Usta qələmilə
oxucuların qəlbinə
yol tapan ədib istər poeziya, istər nəsir, istərsə də kinematoqrafiyada özünəməxsusluğu ilə seçilir.
Daha sonra söz alan universitetin
"Ədəbiyyat və
dillər" kafedrasının
professoru, filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə
də həmkarının
sözlərinə qüvvət
verib.
Qeyd edib ki, Ramiz Rövşən
yaradıcılığı öz çoxistiqamətliliyi
ilə fərqlənir. Yaradıcılığında bir çox
"izm"lərdən faydalanan
şair eyni zamanda heç bir "izm"ə köklənmir. Ramiz Rövşənin
əksər şairlər
kimi eksperiment keçmədiyini dilə
gətirən N.Şəmsizadə
ədəbiyyatında Nizamisi,
Füzulisi olan ölkənin şairi olmağın çətinliyini
diqqətə çatdırıb.
Dəvətə görə minnətdarlığını bildirən R.Rövşən bildirib ki, ADMİU ona çox doğmadır. Bu universitetlə onu kifayət qədər xatirələr bağlayır.
O, dünyada və ölkədə baş verən hazırkı proseslər zəminində ədəbiyyatın bir qədər kölgədə qaldığını qeyd edib.
Əlavə edib ki, buna rəğmən həmişə sevildiyini, oxucularının kifayət qədər olduğunu, hətta gündən-günə artdığını görmək xoşdur.
Şair vurğulayıb ki, şeirlərini heç vaxt oxucu üçün yazmır. Amma oxucuların verdiyi qiymətə də biganə qalmır.
Ədibin fikrincə, ən böyük qiyməti zaman və oxucular verir. Qeyd edib ki, şair əslində cavab yox, sualdır:
"70 illik ömrümdə yazdığım heç bir şeir istədiyim kimi alınmayıb. Həmişə düşündüyümdən daha zəif olub".
Tədbir universitetinin bədii qiraət ustalarının, tələbələrin çıxışları ilə davam edib.
Sonda şair sualları cavablandırıb, şeirlərini səsləndirib.
Cavid QƏDİR
525-ci qəzet.- 2016.- 15 dekabr.- S.7.