Milli dəyərlərin təcəssümü:
ədəbi axtarışlar, ideoloji mübarizələr
(Əvvəli
ötən sayımızda)
Teymur Əhmədovun "Xatirə, sənədli
oçerk və etüd"lərdən ibarət ədəbi-bədii
əsərləri V cilddə toplanıb.
Müəllifin hələ gəncliyindən "Sovet
Ermənistanı" qəzetində işlədiyi vaxtlardan bədii
ədəbiyyatla məşğul olması, hekayələr, bədii-sənədli
oçerklər yazması, hələ o zaman onun İrəvan
ədəbi mühitində yazıçı kimi
tanındığını göstərirdi. 1961-ci ildə
nəşr olunmuş "Ülkər" adlı hekayələr
kitabı onun yazıçı pasportu olub. Bu mənada kitaba daxil edilmiş həmin əsəri,
sonrakı illərdə "Vedibasarın qanlı-qadalı
günləri", "Hekayə və oçerklər"i,
"Ssenarilər"i, müxtəlif mövzulu "Məqalələr"i,
"Ədəbi qeydlər"i, Teymur Əhmədovun
yaradıcılığını bir çox istiqamətdən
araşdırmağa, tədqiq etməyə imkan verir. Müəllifin "Xaqani Şirvani"
(qısametrajlı sənədli ədəbi film), "Nizami Gəncəvi"
(bir hissəli ədəbi tədris filmi), "Mirzə Fətəli
Axundov" (iki hissəli ədəbi tədris filmi) ssenariləri
ədəbiyyatşünas, yazıçı-publisistin ədəbi
yaradıcılığının fərqli bir istiqaməti
kimi də bizdə maraq doğurdu.
"Vedibasarın
qanlı-qadalı günləri"ndə milli münaqişələr
zəminində 1918-1920-ci illərin hadisələri,
soydaşlarımızın başına gətirilən faciələr,
doğma yurdlarından perik düşən, evləri
dağıdılan, yandırılan insanların faciəsi, bu
yerlərin hər qarışından ötrü Abbasqulu bəy
Şadlinskinin mübarizələr içrə keçən
həyatı, tarixi günlər müəllifin qələmində
reallıqların bədii təxəyyüldən gələn
hiss və həyəcanların ifadəsinə söykənmişdir.
Azğın ermənilərin azərbaycanlılar
yaşayan kəndləri dağıtması, camaatı
qanına qəltan edib ev-eşiklərini talan etməsi, həyat
salnaməsinin təqdim etdiyi bu gerçəkliklər qəlbimizi
ağrıdır. İndi adları dəyişdirilərək
unudulmağa məhkum olmuş kəndlərimiz, camaatın
başına gətirilən müsibətlər
yazıçı Teymur Əhmədovun nəsr
yaradıcılığında həm də tarixi bir əsər
olaraq xatırlanır. Bu əsərdən
aldığım təəssüratlar zəngindir, ən
başlıcası isə həyat gerçəkliklərini bədii
düşüncə, hiss və duyğularla əks etdirməsi
onların uzun zaman yaddaşlarda közərəcəyinə
zəmin yaradır. "İnsanlıq ərşə çəkilib",
"Qvardiya batalyonu", "Damcılı bulağın hekayəti",
"Şahbalı qırğını", "Ağ
göyərçinin hekayəti", "Qürbətdə"
kimi bədii axtarışların təcəssümü olan əsərləri
onun yaradıcılığında tam yeni bir nəfəsdə,
düşüncədə yaranmış ayrıca bir qoldur. Burda düşünürəm ki,
yaradıcılığın geniş üfüqlərində
həvəslə, məhəbbətlə, arayıb-axtarmaq
coşqusu ilə yazıb-yaradan Teymur Əhmədovun bədii əsərləri
xalqımızın tarixi taleyinin ən ünlü məqamlarını,
mənəvi-əxlaqi dəyərlərini, həyat gerçəkliklərini
ifadə etdiyindən səhih məxəzlər hesab edilməlidir.
Məhz bu səbəblərdən də həmin
əsərlər araşdırılmalı, təhlil
olunmalı, ədəbiyyat tariximizdə yeri və rolu göstərilməlidir.
Burda onu
da xatırlatmaq yerinə düşər ki, T.Əhmədov Azərbaycan
ədəbiyyatında təxminən 20-30 il
əvvəl formalaşmağa başlamış fotoalbom
janrının yeni məzmun, ideya kəsb etməsində ilk
cığır açmışdır. Bu
janrın ilkin nümunələrində
gördüyümüz fotolar və onları müşayiət
edən qısaca məlumatlardan fərqli olaraq, müəllifin
bu tipli əsərləri tamamilə yeni forma və məzmunda
işlənmişdir. Belə ki, ədəbi
şəxsiyyətlərin ömür yolu,
yaradıcılığı, ictimai fəaliyyəti, əsərlərinin
ideya-bədii xüsusiyyətləri ilə xalqın milli-mənəvi
sərvəti olması sistemli şəkildə, bəzən
bölmələr, fəsillər formasında qurulmuşdur.
Bir qədər də tarixi, bədii-publisist
salnamə xarakteri ilə fərqlənən bu əsərlərdə
onun təkcə tərtibçi kimi yox, müəllif kimi
görünməsi də axtarış əziyyətlərini
ortaya gətirir. Bu sahədə müəllifin son
işlərindən olan "Zəlimxan Yaqub", "Mir Cəlal",
"Mirzə İbrahimov"un həyat və
yaradıcılıq yolunu forma və məzmunca yeni istiqamətdən
tədqiq etdiyi əsərləri buna misal göstərmək
olar. Onun bütün
yaradıcılığı, elmi araşdırmaları, bədii-tarixi
əsərləri, publisistikası, ədəbi qeydləri,
xatirələri, fotoalbomları maarifləndirici xarakterə
malik olduğundan bütün zamanlar üçün
aktualdır, müasirdir.
Yaradıcılığının müdrik və
olduqca məhsuldar çağında yazdığı memuar ədəbiyyatı
janrında "Mənim həyatım" əsəri
(bildiyimə görə xatirələrin növbəti hissələri
də nəşrə hazırlanır) qədim İrəvan
torpağının taleyi ilə vəhdətdə olan şəxsi
taleyinin təcəssümü, gerçək ifadəsidir. Əslində
ömrün aqillik, ixtiyar çağlarında
yazıçıların qədim yurdumuzun tarixi fonunda qələmə
aldıqları tale-ömür yazıları onları
başqa bir prizmadan öyrənməyə, tədqiq etməyə
imkan yaradır. Burda ədəbi şəxsiyyət
olaraq onların mənəvi aləmi, həssaslığı,
ülvi hissləri, vətənsevərlik duyğuları,
yaşadıqları həyata münasibətləri öz əksini
tapdığından onlar ədəbiyyat tariximiz
üçün dəyərli əsərlər hesab edilməlidir.
Burda bizim üçün doğma, önəmli
olan qədim Oğuz yurdu İrəvan quberniyasında Azərbaycan
ictimai-ədəbi mühiti ilə
tanışlığımız xüsusi əhəmiyyət
kəsb edir. Əsərdə
soydaşlarımızın həyatı, arzuları, məişət
qayğıları munis xatirələrin istisində bədii
detallarla təsirli, rəvan bir dillə təsvir olunur. Teymur müəllim öz xatirələrində
itirilmiş torpaqlarımızın, azərbaycanlılara məxsus
yurd yerlərimizin sanki bədii xəritəsini çəkib.
Əsər uşaqlıq çağlarından
başlamış, maraqlı hadisələrin, munis xatirələrin
müşayiətilə yadda qalır. Bütün
əhvalat, hadisələr gerçək nağıllar qədər
insanı özünə bağlayır. Şirəli,
dolğun yazıçı dili-təhkiyəsi ilə cəlbedici
olan "Mənim həyatım" əsəri müəllifi
başqa bir prizmadan öyrənməyə, tədqiq etməyə
yol açır.
"Şahbalı
qırğını"nda müəllif daşnak Levon
ağanın fitnə-fəsadla, ürəyi, qəlbi təmiz
Şahbalı camaatını soyqırıma məruz qoymaq,
çirkin niyyətini hiylə ilə həyata keçirmək
planını faş edərək, soydaşlarımızın
yaşadığı hadisələri təsvir etmişdir. İrəvanın ən ucqar dağ kəndi olan
Şahbalıda baş verən qırğın
daşnakların həmin dövrdə törətdikləri əməllərin
bir qismidir. "El gücü" hekayəsi də
1918-ci il hadisələrinin qərbi Azərbaycanda
azərbaycanlılar yaşayan kəndlərdə törədilmiş
qırğınlardan bəhs edir. Əsərdə
təsvir olunmuş hadisələr, daşnaqların törətdiyi
fəlakətlərin gerçək mənzərəsi
hansısa rejissorun çəkdiyi bədii film deyil, düz bir
əsr əvvəl babalarımızın
yaşadığı qanlı-qadalı illərin yaddaş
tariximizdən silinməyən ağrılarıdır.
Professor Teymur Əhmədov bütün həyatı,
yaradıcılığı boyu mətbuatdan
ayrılmamış, ədəbi-publisist
yaradıcılığının yolayrıcında elmi tədqiqatlara
başlamış və böyük cəsarətlə, uzun
illərin axtarış əziyyətlərinə
qatlaşaraq ədəbiyyat və mətbuat tariximizi bir
çox dəyərli əsərləri ilə zənginləşdirmişdir. Onun ruhu ilə
bağlılıq təşkil edən elə mövzular var
ki, hər zaman tədqiqatçı alimi bu istiqamətdə
yeni axtarışlara sövq edir. Bu
mövzular ədəbiyyat tariximiz, milli mətbuatımızın
inkişaf yolları, milli münaqişələr zəminində
itirilmiş əzəli, qədim torpqlarımızın,
soyqırım hadisələrinin xalqın yaddaşında, tərcümeyi-hal
tarixində hər zaman oyaq saxlanması, unudulmamasından
ötrü yeni və mötəbər qaynaqlar kimi qiymətlidir.
Vətən və xalq üçün
mücadilə aparan vətənpərvər, maarifpərvər
ziyalıların həyat və yardıcılıq
yollarının yeni aspektdən öyrənilməsi ədəbiyyatşünas-alimin
60 ildən çox elmi, ədəbi-bədii
yaradıcılığının motivini ehtiva edir. Belə bir əhatəliliklə müşahidə
olunan yaradıcı ömür öyrənilməli, tədqiq
olunmalıdır.
Teymur Əhmədov tədqiqatları, elmi, jurnalistik fəaliyyəti
ilə, ümumilikdə Azərbaycan ədəbiyyatşünaslığına,
mətbuat tarixinə, ictimai fikrə öz töhfəsini
vermişdir.
Bu mənada ədəbiyyatşünas alim,
yazıçı-publisistin V cilddən ibarət
"Seçilmiş əsərləri"nin
ideya-bədii xüsusiyyətlərini belə dəyərləndirmək
olar:
Teymur Əhmədov neçə onilliklər boyu
apardığı çox ciddi araşdırmaları sayəsində
vətəninə məhəbbət və sədaqətini,
Azərbaycan sevgisini düşüncəsində, ruhunda və
əməllərində yaşadan Nəriman Nərimanovun həqiqi,
büllurtək saf obrazını yaratmaqla onu xalqına
qaytardı.
Eləcə də aktuallığını itirməyən bu
mövzuda yaradıcılıq işlərini davam etdirməklə
N.Nərimanovun fəaliyyətinə kölgə salan haqsız
ittihamları elmi-nəzəri tədqiqatları ilə rədd
etdi. T.Əhmədovun bu istiqamətdə
gördüyü işlərin miqyası olduqca geniş, həm
də davamlıdır. Və bu sahədə
aparılan tədqiqatların nəticəsi olan çoxlu
sayda əsərlərin meydana gəlməsinə çəkilən
zəhmətin bəhrəsi ədəbiyyatşünas alimin
N.Nərimanovun xatirəsinə yaratdığı ədəbi-əbədi
abidə olması ilə əhəmiyyətlidir.
Ötən əsrin 80-ci illərinin sonunda, milli oyanış dövrünün ilk illərində Azərbaycan demokratik mətbuatının yeni məzmun, ideya istiqamətində, ictimai-siyasi fikrin durulaşdığı zamanda milli jurnalistikamızın inkişafında və yeni dəyərlər kəsb etməsində T.Əhmədovun yaratdığı və redaktoru olduğu "Ata yurdu", "Vətən səsi", "Vətən həsrəti", "Hikmət", "Elturan" "Yeni fikir", "Füyuzat" kimi qəzet və jurnalların meydana gəlməsi, xalqın ictimai-sosial problemlərinin, didərginlik, qaçqınlıq, yurd itkisi ağrılarının işıqlandırılmasında bu mətbuat orqanlarının müstəsna rolu olmuşdur. Onun publisistikasının ruhundakı cəsarət, mübarizlik, vətənpərvərlik duyğuları ürəyinin işığı, xalqın dərdlərinə bütün varlığı ilə acımaq qəlbinin ağrılardı. Publisistikanın qiymətli nümunələri olan bu məqalələr yeniyetmə və gənclərin tərbiyə olunmasında, vətənpərvərlik ruhunun yüksəlməsində, eləcə də vətənin hər daşının qədrini, qiymətini bilməsində və onu qorumasında böyük əhəmiyyətə malikdir. Publisist milli-mənəvi dəyərlərimizə söykənmiş bütün hadisələrə, ictimai-siyasi, tarixi, mədəni sahələrə, bir sözlə, həyatımızı əks etdirən bütün mövzulara jurnalistika yaradıcılığı ilə öz münasibətini bildirməyə çalışmışdır. Onun bütün mövzuları ruhən, ictimai dəyərlər məcmusu baxımından bir-birinə çox bağlıdır. Onun publisistika yaradıcılığı özünün məfkurəvi mübarizəsi, bu yolda bir sıra ictimai-mənəvi problemlərin qaldırılması və çözülməsi prosesinin təməlçisi olması ilə dəyərlidir.
Professorun 5 cilddə toplanmış əsərləri, ədəbiyyatşünas-alimin, yazıçı-publisistin keçdiyi şərəfli yolu bizdə belə bir fikir yaratdı: O, ilk gəncliyindən ədəbiyyata könül vermiş, bu sahəni dərindən öyrənməyi, araşdırmağı, tədqiq etməyi, həmişə müasir səslənən, aktuallıq kəsb edən mövzularda dərin mündəricəli əsərlər yazmaqla millətə xidmət etməyi qarşısına məqsəd qoymuşdur. Onun ədəbiyyatşünas, ictimai xadim, milli mətbuatımızın öncüllərindən olaraq yaşadığı ömür zəngindir, ibrətamizdir.
P.S. Bu məqalədə məqsədimiz heç də filologiya elmləri doktoru, professor Teymur Əhmədovun tarixilik və müasirliklə müşahidə olunan əsərlərini təhlil etmək olmadı. İstəyimiz, neçə onilliklər boyunca onun ədəbiyyatşünas-alim, yazıçı-publisist fəaliyyətini ehtiva edən sənət dünyasına bir ədəbi ekskurs etmək arzusunu doğurdu. Və sonda bizdə belə bir əminlik yarandı ki, ədəbiyyatımıza, mətbuatımıza, ümumən xalqımıza elm xadiminin əsl ziyalı, vətəndaş xidməti hesab etdiyimiz bu əsərlər gələcəkdə tədqiqatçıların nəzər-diqqətindən yayınmayacaq, ədəbiyyatşünaslığın tədqiqat obyekti olacaq.
Şəfəq
NASİR
525-ci qəzet.- 2016.- 15 dekabr.- S.6.