Milli dəyərlərin təcəssümü: ədəbi
axtarışlar, ideoloji mübarizələr
Ədəbiyyat irili-xırdalı çayların qovuşduğu nəhəng dənizlərə bənzəyir və əbədiyyətdə qərarlaşır.
Ədəbiyyat cəmiyyətdə, xalqın taleyində kəsb etdiyi böyük mənaları - öyrətmək, tərbiyələndirmək, həyatı
daim öz inkişafı axınında yeniləmək, bütün mənalarda, əsasən də ibrətamizlik baxımından nizamlamaq, dövrün və zamanın ədəbi şəxsiyyətlərini yetişdirmək missiyasını ifadə edir. Odur ki, ədəbiyyatın rolu həyatın bütün sahələrində
çalışan insanların taleyindən təsirsiz
ötüşmür.
Bu sənətin özünün əhatə
etdiyi sahələrin - folklordan, xalq
yaradıcılığından başlamış, yazılı ədəbiyyatın
sonrakı inkişaf proseslərində nəsrin və
poeziyanın növ və janrlarında yaranan əsərlərin
bədii siqlətinin, ictimai-siyasi xarakterinin, milli-bəşəri
mahiyyətinin öyrənilməsi və bunların elmə gətirdiyi
yeniliklər bütün zamanlarda ədəbiyyatşünaslığın,
ədəbi tənqidin materialı olmuşdur. Bədii
yaradıcılıq istedadın - həyatı və insanları
öyrənməyin, müşahidə qabiliyyətinin, yazmaq
səriştəsinin təcəssümüdürsə, ədəbiyyatşünaslıq,
ədəbi tənqid, bunlar da ehtiva olunmaqla, mövzunun
araşdırılması, xarakterik təhlil və tədqiqin,
ümumiləşdirmə və müqayisələrin
axtarış əziyyətlərini ortaya qoyur. Bu mənada sahənin elmi-nəzəri, ictimai
yükünü çəkmək olduqca böyük zəhmət
tələb edir. Bütün bunların ədəbi təxəyyüldə,
düşüncədə xarakterizə olunması və
material üzərində işləmək vərdişi,
püxtələşmək üç ildə, beş ildə yox, uzun illər qət olunan
axtarış və tədqiqat yollarında formalaşır,
yetişir. Sənətə aşiqlik və
bağlılıq zaman-zaman ədəbi fəaliyyəti
genişləndirir, daha dəqiq desək, ömür boyu davam
edir.
XIX əsrin sonu, XX əsrin əvvəllərindən
formalaşmağa başlamış Azərbaycan ədəbiyyatşünaslığı
bütöv bir yüzillikdə böyük inkişaf yolu
keçmiş və bütün dönəmlərdə ədəbiyyat
tariximizin yeni səhifələri yazılmışdır. Sahənin
elmi-nəzəri problemləri bir şox istiqamətdən tədqiq
olunmuş, sonrakı mərhələlərdə ədəbiyyatın
araşdırılması, tədqiqi, yenilənməsi prosesi
ardıcıl şəkildə davam etdirilmiş, zaman-zaman
müasir düşüncəli, zəhmətkeş tədqiqatçılar
yetişmişdir. Onlar da öz növbəsində
Azərbaycan ədəbiyyatşünaslığının
elmi potensialını gücləndirməklə ictimai-ədəbi
fikrin inkişafına xidmət etmişlər. Ədəbiyyatımızın
müxtəlif növ və janrlarında davamlı olaraq xeyli əsərlər
meydana gəlmiş,
ədəbi şəxsiyyətlərin yaradıcılıq
yolları, əsərlərinin ideya istiqamətləri
bütün zamanlarda ədəbiyyatşünaslığın,
ədəbi tənqidin predmeti olmuşdur.
Bu ənənələri
özünün çoxşaxəli yaradıcılığı
ilə yeni, mükəmməl formada inkişaf etdirən ədəbiyyatşünas
alim, yazıçı, publisist professor Teymur Əhmədovun
60 ildən çox apardığı elmi-ədəbi
axtarışları, tədqiqatları ədəbiyyat
tariximizə yeni səhifələr yazmışdır. Son bir
neçə ayda alimin 5 cilddən ibarət
"Seçilmiş əsərləri"ni mütaliyə
etməyim bu zəhmətkeş insanın elmi-ədəbi fəaliyyətində
keçdiyi yola bir çox istiqamətdən nəzər
salmağıma, irsinə münasibət bildirməyimə əsas
oldu. O, ədəbiyyatşünaslıq sahəsində ərsəyə
gətirdiyi tədqiqat əsərləri ilə paralel ədəbi
yaradıcılığın bir sıra qollarında da
müntəzəm olaraq fəaliyyət göstərmişdir.
T.Əhmədov ömür yolunu nizamlayan
işgüzarlığı, çoxçeşidli fəaliyyətinin
özünəməxsus səliqə-səhmanı, qayda
qanunları ilə xeyli sayda ədəbi-bədii, tarixi,
publisistik əsərlər yazmışdır. Bunlar bütöv halda alimin ədəbiyyatşünaslıq
sahəsində ərsəyə gətirdiyi elmi-ədəbi
yaradıcılığına yeni məzmun və forma gətirmişdir.
Bu sırada müstəqillik uğrunda mübarizə
yollarında yeni, demokratik mətbuatın formalaşması,
inkişaf etdirilməsində özünün
yaratdığı və redaktoru olduğu qəzet və
jurnallarda ("Ata yurdu" (1989), "Vətən səsi"
(1990-1991), "Elturan" (Milli məsələlər - 1992),
"Vətən həsrəti", "Hikmət"
(1992-1993), "Yeni fikir" (1994-1995), "Füyuzat" (2007
- indiyədək) milli-bəşəri mövzularda qələmə
aldığı yüzlərlə məqalələri,
tarixi-bədii oçerkləri və portret
yazılarının da müasirlik və aktuallıq
prizmasından diqqət çəkməsi mühüm əhəmiyyət
kəsb edir. Buraya onun 1996-cı ildən bu
günədək mətbuat yaradıcılığında
xüsusi bir səhifə təşkil edən
"Respublika" qəzetində müstəqil dövlətimizin
möhkəmlənməsi, azərbaycançılıq
ideyalarının, milli-mənəvi dəyərlərin yeni ənənələr
zəminində inkişaf etdirilməsi istiqamətində
redaktorluq fəaliyyətini də əlavə edəndə
çəkilən zəhmətin miqyası göz
önündə canlanır.
Teymur Əhmədovun elmi-ədəbi
yaradıcılıqda genişəhatəli fəaliyyətinin,
tədqiqat axtarışlarının təməli universiteti
bitirdikdən sonra, 1954-cü ildə "Sovet Ermənistanı"
qəzetindən başladı. Yeni kitablar, kinofilmlər
haqqında düşüncələr, rəylər,
tanınmış şəxsiyyətlərin həyat yolunu
öyrənməkdə atılan ilk addımlar, sonradan
böyük araşdırmaların bünövrəsi oldu.
O vaxtdan vüsət alan elmi-ədəbi
yaradıcılıq sahəsində çalışmalar bu
gün də böyük şövqlə davam etdirilir.
Teymur Əhmədovun mətbuat
yaradıcılığı, qəzetçilik fəaliyyəti,
eləcə də bədii əsərləri ədəbi
ömrün başlanğıcından ona böyük inam
qazandırsa da, alimin yaradıcılıq mətbəxində
ictimai-siyasi xadim, yazıçı-publisist, doktor Nəriman Nərimanov
mövzusu axtarışlarının ən
uzunömürlü, sabit bir işi olmuşdur. Tədqiqatçı
böyük şəxsiyyəti yaddaşlarda yaşatmaqdan
ötrü onu yaradıcılığın fəxri
kürsüsündə yerləşdirmişdir. Burda onu
da xatırlatmaq yerinə düşər ki, Teymur Əhmədov
1961-1964-cü illərdə AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun aspiranturasında təhsil alarkən "Nəriman
Nərimanovun dramaturgiyası" üzərində işlədiyi
və 1966-cı ildə akademik Mirzə İbrahimovun rəhbərliyi
ilə namizədlik dissertasiyasını müvəffəqiyyətlə
müdafiə etdiyi vaxtlar bu böyük insana münasibət
nəinki birmənalı deyildi, hətta bu istiqamətdə
araşdırmalar aparmaq da çətin və əziyyətli
idi. Amma o, heç bir çətinlikdən
qorxmadan keçmiş SSRİ-nin bir çox şəhərlərinin
arxiv və kitabxanalarında aylarla axtarışlar apardı,
N.Nərimanovun millətin azadlığı yolunda mücadiləsini,
vətənpərvər, tərəqqipərvər bir şəxsiyyət
olaraq geniş miqyaslı fəaliyyətini
işıqlandıran qiymətli sənədləri aşkar
etdi. 1988-ci ildə "Nəriman Nərimanovun
yaradıcılıq yolu" mövzusunda doktorluq
dissertasiyası müdafiə edərək filologiya elmləri
doktoru elmi dərəcəsinə layiq görüldü.
Alim bundan sonra da yaradıcı ömrünün böyük
bir dövrünü ictimai-siyasi xadimin, ədibin mübarizələrdə
keçən həyatını, yazıçı-publisist,
ictimai-siyasi xadim kimi fəaliyyətini, xalqın taleyindəki
misilsiz xidmətlərini, yaşadığı mühitin
mürəkkəb, ziddiyyətli dövrünü xarakterizə
etməyə yol açan arxiv materiallarını yeni istiqamətdən
araşdırmağa, öyrənməyə və dəyərli
əsərlər yazmağa sərf etmişdir. Bu
genişmiqyaslı fəaliyyətin müqabilində də Nəriman
Nərimanovun ədəbi yaradıcılığını,
inqilabi fəaliyyətini daha dolğun, unikal sənədlərin,
faktların timsalında tədqiq edərək, onun
ictimai-siyasi xadim, yazıçı-publisist obrazını
yaratmış oldu. Bu mövzuda
yazdığı iri həcmdə tədqiqat əsəri
toplunun I cildində yer almışdır.
T.Əhmədov neçə
onilliklər boyu yaradıcılığın bir sıra
qollarını eyni vaxtda və yüksək peşəkarlıqla
apara bilmişdir. Qeyd etdiyimiz kimi, ədəbi fəaliyyətinin
ilk dövründən başlamış mətbuatla sıx əlaqəsi,
bədii yaradıcılığı, ədəbi-bədii
fikir tariximizin görkəmli nümayəndələrinin həyatı,
irsi və maarifçilik görüşlərinin
işıqlandırılması müəllifin
araşdırmalarının daim mərkəzində
olmuşdur. Mətbuat tariximizin müstəqilliyə
aparan çətin və məşəqqətli yollarında
özünün yaratdığı mətbuat orqanlarında
xalqın üzləşdiyi milli-ictimai bəlalar, eləcə
də azadlıq arzularını ifadə edən publisistik, ədəbi
qeydlər, üzdəniraq qonşularımızın xəyanəti,
daşnakların son 100 ildə törətdiyi faciələr,
qanlı əməllər, sənədli oçerk, etüdlər
və dolğun ömrə ədəbi zinət verən xatirələr
Teymur Əhmədovun, hər biri öz ampulasında,
sanbalında olan yaradıcılığına ictimai, bəşəri
məzmun vermiş, ideoloji mübarizəsini yeni istiqamətlərdən
dolğunlaşdırmışdır.
Bu mənada professor T.Əhmədov II cilddə
toplanmış əsərlərində - "Ədəbi-bədii
fikir tarixindən" Abbasqulu ağa Bakıxanov Qüdsidən
başlamış, poeziyamızın qaynar təbli, sinədəftər
şairi Zəlimxan Yaquba qədər, Cənub ədəbiyyatının
bir sıra görkəmli nümayəndələri
(Ə.Qaracadağı, M.Ə.Talıbov, M.Ə.Möcüz,
M.Şəhriyar, H.Billuri, H.Sahir, H.Cavan...) də daxil olmaqla Azərbaycan
ədəbiyyatı tarixinin neçə yüzilliklərdə
formalaşaraq, yeni məzmun və
məna kəsb etdiyini bu aydınların ideoloji mübarizələri
timsalında xarakterizə etmişdir. Bu məqalələrdə
professor ədəbi şəxsiyyətlərin həyat və
yaradıcılığını, eləcə də
onların yaşadığı dövrü, maarifçilik
görüşlərini, məfkurəvi mübarizələrini
də əhatəli şəkildə tədqiq etmişdir.
T.Əhmədov elmi
yaradıcılığında özünün geniş
diapazonu ilə yadda qalan, ümumən Azərbaycan ədəbiyyatşünaslığının
bir çox istiqamətdən, yeni və fərqli məzmunda
predmeti olan "Nəriman Nərimanovun yaradıcılıq
yolu"ndan bəhs edən başqa bir tədqiqat əsərinə
III cilddə yer vermişdir. Kitabın "Tənqid
və ədəbiyyatşünaslıq" bölməsində
isə müxtəlif mövzularda qələmə
aldığı ədəbi qeydlərlə yanaşı
müəllifin N.Nərimanovun ədəbi-tənqidi
görüşlərindən,
yaradıcılığından, dramaturgiyasından,
teatrşünas fəaliyyətindən bəhs etdiyi məqalələri
cildi daha da dolğunlaşdırmışdır. Vaxtilə alimin N.Nərimanovla
bağlı tədqiqatlarına, eləcə də daim
axtarışda olan zəhmətkeş qələm sahibinin
yaradıcılığına bir ədəbi ekskurs edən
Akademik Cəmil Quliyevin "Zəhmət və istedadın vəhdəti",
professor Xeyrulla Məmmədovun "Ədəbiyyatşünas
alimin yaradıcılığı" məqalələri ilə
açılan kitab özəlliyi ilə böyük əhəmiyyət
daşıyır.
Teymur müəllim tədqiqat
axtarışlarında olduğu kimi, jurnalistikada da
yaradıcılığın hamar yolu ilə getməmişdir. IV cilddə
bir araya gətirdiyi publisistik məqalələri də müəllifin
daim arayıb-axtardığı, ictimai-mədəni
maraqları ifadə etdiyi yüzlərlə tədqiqat
xarakterli əsərlərində aydın nəzər
çarpır. "Təlatümlü həyatın
əks-sədası" olan bu məqalələr milli mətbuat
tariximizin salnaməsində özünəməxsus yeri və
rolu olan əsərləri Teymur Əhmədovun jurnalistika
yaradıcılığını əsaslı şəkildə
ifadə edir. Bu məqalələrdə
ötən əsrin sonlarından başlamış milli
oyanış dövründə yaranan yeni düşüncə,
əxlaq formaları, ictimai-bəşəri mündəricəli
məsələlər böyük səylə və ədəbi
ustalıqla tədqiq edilmiş,
işıqlandırılmışdır. Meydan hadisələrinin
odundan qor alan ictimai fikrin durulmasında mətbuatdakı
çıxışları ilə özünün olduqca
ciddi, prinsipial mövqeyini bildirmişdir. Onun
pulisistikasında fikirlər dəqiqliyi,
dürüstlüyü, mübarizliyi, cəsarəti ifadə
etməsilə qüdrətlidir.
"Milli mətbuat tarixindən"
bölməsində ötən əsrin sonlarından
başlamış milli özünüdərkin yeni mərhələsində
yaratdığı və redaktoru olduğu qəzet və
jurnallarda vətənin və xalqın maraqlarını ifadə
edən, ictimai-sosial problemlərini açan, tarixin
ağır sınaqlarından çıxmış mətbuatın
keçdiyi yolu tədqiq edən müəllifin cəmiyyətdə
əks-səda doğurmuş əsərləri
toplanmışdır. Bu sətirlərin müəllifinin
"Müstəqillik uğrunda mübarizə
yollarında" ön söz əvəzi məqaləsi də
bütünlükdə T.Əhmədovun
publisistikasının xarakterini, inkişafı mərhələlərinin
işıqlandırılmasına yönəlmişdir.
Burda onu da xatırlatmaq yerinə
düşər ki, İsmayıl bəy Qaspiralı "Tərcüman"ı,
Mirzə Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"i,
Əli bəy Hüseynzadə "Füyuzat"ı, Əhməd
bəy Ağayev "Həyat"ı necə böyük
yanğı, məhəbbətlə yaratmışdısa,
Teymur Əhmədov da "Ata yurdu"ndan başlamış,
yuxarıda adlarını çəkdiyimiz qəzet və
jurnalları da elə bir yanğıyla, sevgi ilə
işıq üzünə çıxarmışdır. Bu
fikrin davamı kimi, belə bir qeydi də nəzərə
çatdırmağı vacib sanıram ki, T.Əhmədovun
publisistikasını əks etdirən əsərlərinə
göz yetirəndə onu Mirzə Cəlilin, Əli bəy
Hüseynzadənin, Üzeyir Hacıbəyovun, Məhəmməd
Ağa Şahtaxtının, mənəvi varisi, xələfi
saymaq doğru olar. Onlar yaratdıqları mətbu nəşrlə
xalqın yolunda necə bir maarif işığı
yandırmışlarsa, Teymur Əhmədov da maarifpərvər
ziyalı olaraq yaratdığı mətbuat orqanlarında sələflərinin
amallarını vətənpərvərlik, milli təəssübkeşlik
hissi, elmi-mədəni yüksəlişin tərənnümçüsü,
təbliğçisi kimi sözü, əməli ilə davam
etdirmişdir. Xalqın taleyinə, dərd-sərinə
sənətkar, bir ziyalı vətəndaş yanğısı
ilə yanaşan publisistin əzəldən
yaradıcılığı ictimai mənafeləri ifadəyə
söykənmişdir.
(Ardı var)
Şəfəq
NASİR
Filologiya üzrə
fəlsəfə dokrotu
525-ci qəzet.- 2016.- 14 dekabr.- S.6.