Nağıl kimi bir ömür: Nüsrət
Kəsəmənli
UNUDULMAZ ŞAİRİMİZİN 70
İLLİYİNƏ
Biri var
idi, biri yox idi, keçən əsrin ortalarında Azərbaycanın
qədim bölgələrindən biri olan Qazax
mahalının Kəsəmən köyündə
Adıgözəl adında bir kişi
vardı. Sadə, zəhmətkeş, ziyalı
bir insan idi. Onun üç oğlu var idi: Yusif, Nəsib
və Arif.
Hamısı bir-birindən yaraşıqlı, cəsarətli,
cəngavər. Böyük oğlu Yusif Qazaxda bir pəhləvan
kimi ad çıxartmışdı. Günlərin
bir günü Yusifin yolu onun atasının dərs dediyi
Göyçay rayonuna düşür və burada o, Xanım
adlı bir gözələ aşiq olur. Bu
xəbər böyüklərə çatır, el adəti
ilə elçilər gedir, razılıq alınır,
nişan-toy məclisləri qurulur və Xanım
Göyçaydan Qazaxa gəlin köçür. Aradan
bir il keçməmiş Yusiflə
Xanımın bir oğulları olur, adını Həvva nənəsi
(Yusifin anası) Nüsrət qoyur (Nüsrət ərəbcədən
zəfər, qələbə deməkdir), ilk nəvəsi
kimi ona böyük gələcək arzulayır. Amma Nüsrətin 3 aylığında Yusiflə
Xanım arasında xoşagəlməz söz-söhbət
yaranır, Xanım küsür və məsum Nüsrəti də
götürüb gedir atası evinə, Göyçaya.
Burada Xanımı qarşılayan valideynləri
onun qucağındakı körpəni qəbul etmək istəmirlər.
Xanım böyüklərin sözü ilə
qaytarır zavallı körpəni Həvva xanıma. Çox keçmədən Yusif başqa bir
qızla ailə qurur. Xanım da başqa
bir qazaxlı oğlana ərə gedir, ikinci dəfə Qazaxa
gəlin gəlir. Ortada qalan dünyadan bixəbər
körpə Nüsrət olur, bir də onun halına
alışıb yanan nənəsi Həvva xanım. O
özünə söz verir ki, Nüsrəti heç kimə
verməyəcək, onu elə böyüdəcək ki, o
heç atasız-anasız olduğunu bilməsin. Beləcə
zaman keçir, Nüsrət nənəsinin laylaları,
oxşamaları, bayatıları altında böyüyüb
boya-başa çatır, sazlı-sözlü Qazaxın
havasını udur, suyunu içir, məclislərində olur,
şairləşir, kişiləşir...
Orta məktəbi müvəffəqiyyətlə bitirir. Elə bu ərəfədə
artıq yaşa dolmuş Həvva xanım həyat
yoldaşı Adıgözəl kişiyə deyir: “A kişi,
bu dünya etbarsızdı, birdən nə olar, nə
keçər, başımıza iş gələr,
ölüb gedərik, Nüsrət vəziyyətdən hali
olar, bizi qınayar, gəl olub-keçənləri Nüsrətə
danışaq, yekə kişidi, başa düşər”. Kişi razılaşır və bir axşam Həvva
xanım Nüsrəti qoyur qabağına, yavaş-yavaş
ona vəziyyətin nə yerdə olduğunu söyləyir.
Nüsrət bunu eşidəndə dünya
başına fırlanır, gözünə qaranlıq
çökür, eşitdiklərinə inanmaq istəmir,
çölə qaçır, başını əlləri
arasına alıb haray qoparır, göz yaşı
tökür. Nənəsi dalınca qaçıb:
“Ölöm əyaxlarıyın altda, nooldu sana, dedim
xatamı oldu, ağrın ürəyimə. Ağlama,
a canım sana sadağa, ayıfdı, yekə oğlansan”.
Babası çıxır: “Ayə başına dönöm,
ağrın alem, ürəyimizi tökmə, əvvəl-axır
bunu bilməliydin sən, bə nağayrax, ölüm-itim
dünyasıdı”, -
deyir. “Qardaşları” Yusif və əmiləri
hərəsi bir tərəfdən yalvarır. Nüsrət heç nə eşitmək istəmir.
Axı o indi tamam yetim qalırdı, anası, atası bildiyi nənəsi,
babasını da itirirdi; əsl anasını, atasını
isə görmək belə istəmirdi... Hannan-hana
Nüsrət sakitləşir, özünə gəlir, oturub
fikrə gedir. Onu qılıqlayıb birtəhər
evə aparırlar.
Bir müddət keçəndən sonra Nüsrət
doğma anasını görmək, onunla söhbət etmək,
ona ürəyindəki çoxsaylı sualları vermək
istəyir.
Bunu hiss edən Həvva xanım bir gün onu babası ilə
birlikdə aparır Qazaxbəyli kəndinə, Xanımgilə.
Xanım onları çox mehriban qarşılayır və
arxada gələn Nüsrəti görüb, Həvva
xanımdan soruşur: “Bu da
Arifdimi, a Hava xala, maşallah, nə gözəl oğlan oluf?!
(Arif ən kiçik qaynı idi və Xanım
onu yadına salır). Həvva xanım bir az susub: “Yox, a dərdin alem,
tanımadınmı, bu sənin Nüsrətindi”, - deyir. Bunu eşidən Xanım, necə deyərlər, bu
ilmi ölmüşəm, bildirmi, Nüsrətə baxa-baxa
huşunu itirib, yerə yıxılır. Həvva xala
bir qaraqışqırıq salır, qonum-qonşu
tökülür: biri su gətirir, biri həkim dalınca
qaçır. Deyirlər, yəqin qəfil xəbərdən
ürəyi partladı. Bunu görən Nüsrət
özünü anasının üstünə atır: “Yox,
- deyə fəryad qoparır, - sən nağayrersən, ana,
harya gedersən, mən səni indi tappışam, ölmə,
ana, qurvan olom, ölmə!” Onun
üz-gözündən öpür. Doğma
balasının bu səsinə, nəfəsinə Xanım
ayılır, qollarını Nüsrətin boynuna salır,
ana-bala bir-birinə sarmaşırlar. Sonra
içəri keçir, süfrə arxasına əyləşirlər,
çay-çörək gəlir, ordan-burdan söhbət
edirlər, bir-birlərindən hal-əhval tuturlar. Hərdən
Nüsrətlə anası Xanımın gözləri
bir-birinin üzlərində qalır, amma heç nə demirlər,
ancaq gözlər danışır... Ayrılanda
Nüsrət anası ilə görüşüb
halallaşır və söz verir ki, ona həmişə
baş çəkəcək. Onu da deyim
ki, Xanımın ikinci əri də çox yaxşı, mərifətli,
istiqanlı bir insan olur.
Nüsrət orta məktəbi uğurla bitirir. Sinif yoldaşları
Bakıya, ali məktəblərə
yollanırlar. Nüsrət isə oxumağa getmir,
kənddə qalıb onu böyüdən babasına, nənəsinə
kömək etməyi, onların qulluğunda durmağı qərara
alır. Axı onlar ona atadan, anadan da
artıq olmuş, onu bu günə
çatdırmışlar. O, ancaq Əlibayramlı
(indiki Şirvan) şəhərinə üz tutur, orada peşə
məktəbinə daxil olur, sürücülük
(traktorçuluq) kursunu bitirib kəndə qayıdır. Kənddə
üç il işləyir. Hərdənbir kövrək şeirlər yazır,
rayon qəzetində çap olunur. Lakin onun ali məktəblərdə oxuyan
keçmiş sinif yoldaşlarının tətilə gələndə
onun yanında lovğalanmaları Nüsrətə çox
pis təsir edir. Axı Nüsrət onların
hamısından yaxşı oxuyurdu. Ona görə də
bir gün o, nənəsinə üzünü tutub Bakıya ali təhsil
almağa getmək istədiyini söyləyir. Nənəsi
bu xəbərdən çox sevinir, axı o özü də
bunu ona dəfələrlə demişdi. Odur
ki, “bıy sana qurvan olom, get, atam-anam, get, eləmi get. Sən kimnən əysiysən?” - deyir.
Beləcə, Nüsrət bir yay axşamı Ağstafa
vağzalından minir qatara, yük vaqonlarından birinə
Bakıya gəlir. Sonralar özünün dediyi kimi,
“vaqonlara sıxıla-sıxıla gəlir şəhərə,
heç kəs toxunmasın deyə divarlara
sıxıla-sıxıla yeriyir”. Bir qohumlarıgilə
pənah gətirir
Nüsrət, lakin burada onu çox soyuq
qarşılayırlar, tək görüb, “əlini boş
görüb əlini sıxmırlar. Kəndə
gələndə ayaqları altına qoç
yıxdıqları qohumlar onun ayağının altına bir
palaz da atmırlar”. İşini İncəsənət
institutuna verir, iki imtahandan keçir (o vaxtlar bir ay ərzində
dörd imtahan verərdilər), sevincini bölmək
üçün adam axtarır, qohumlarsa
heç buna əhəmiyyət vermirlər. Nüsrət
bu soyuq münasibətdən bezir, çıxır şəhərə,
xeyli dolanır şəhərin küçələrini,
fikirləşir ki, elə qalan günləri də şəhərin
parklarında, vağzalda birtəhər gecələyər,
sonra çıxıb gedər kəndə. Bir də gözünü açır ki, Səməd
Vurğun parkında düz heykəlin yanındadı. Qəriblikdə
darıxıb birdən öz doğmasını görən adam kimi az qalır özünü heykəlin
üstünə atıb ağlasın. Axı o, uşaq
vaxtından həm babası Adıgözəl müəllimin,
həm də Qazaxda bütün elin-obanın dilindən Səməd
Vurğun haqqında ən xoş sözlər
eşitmişdi, onun şeirlərini əzbər bilirdi, onu
özünün mənəvi atası sayırdı.
Onların taleyində də müəyyən
oxşarlıqlar var idi: ikisi də Qazaxda dünyaya göz
açmışdı, ikisinin də atasının adı
Yusif, ikisi də analarını körpəlikdən
itirmişdilər, ikisini də nənələri
saxlamışdı, ikisi də ilk sevgilərindən
yarımamışdılar... İndi də sanki
Səməd Vurğunun ruhu çəkib gətirmişdi bir
oğul kimi onu yanına.
Artıq axşam düşmüşdü, Nüsrət
heykəlin yanındakı oturacaqlardan birinə əyləşir
və çox keçməmiş gözünə yuxu gedir. Bir də hiss edir ki, onu kimsə
dümsükləyir: “A bala, ay oğul, dur görüm kimsən,
nəçisən, niyə burda yatırsan?” Diksinib
gözünü açır, görür ki,
başının üstündə bir milis nəfəri
dayanıb. Tez ayağa durur, cibindən imtahan vərəqini
çıxarır, ona uzadaraq: “Dayı, rayondan gəlmişəm,
instituta imtahan vererəm, qalmağa yerim yoxdur”. Polis çox
xeyirxah adam imiş, onu götürüb gətirir
özü ilə o vaxtki Ç.İldırım adına
Politexnik institutunun yataqxanasına, yəqin ki, çox
yaxını olan komendantdan xahiş edir ki, Nüsrət bir az
burda qalsın. Komendant da bir söz demədən
onu qəbul edir, bu qalan günlər ərzində yeməyinə,
yatmağına kömək edir. Nüsrət
iki imtahanını da uğurla verib gedir kəndə.
Hamı yüyürür qabağına, onu böyük
sevinclə qarşılayırlar, nənəsi bağrına
basıb üz-gözündən öpür: “Boy, Allaha
şükür, ömrüm-günüm! Sana demerdimmi, get, qəbul
olajaxsan, a qavağında ölöm?!”.
Adıgözəl kişi qurban kəsir,
doğmaları bayram edirlər...
Bir neçə gündən sonra dərslər başlayır, Nüsrət Bakıya gəlir, ona İncəsənət institutunun yataqxanasında yer verirlər. O, üç il İncəsənət institutunda oxuduqdan sonra oranı atır, sənədlərini verir Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə.
Fikirləşir ki, həm işləyər, həm də oxuyar. O, universitetdə oxumaqla və yazıb yaratmaqla yanaşı özünə iş axtarır. Özünün yazdığı kimi:
Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə,
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.
Elə bu zaman Allah-təala onun qarşısına çox xeyirxah bir insan çıxardır - jurnalistika fakültəsinin dosenti Nəsir İmanquliyevi. O, Nüsrət Kəsəmənlinin çox istedadlı bir gənc olduğunu görüb, onu “Bakı” qəzetinə işə dəvət edir, ona mənəvi dəstək olur. Bundan sonra Nüsrətin qarşısında geniş üfiqlər açılır. Anadan şair kimi doğulmuş, Qazaxda böyüyüb boya-başa çatmış və artıq həyatda müəyyən əzablar, əziyyətlər çəkmiş Nüsrət şeirlər yazır, sevgidən yazır, qəzetlərdə çap olunur və tezliklə onun adı, şeirləri dillər əzbəri olur. O, Azərbaycan gəncliyinin sevimlisinə çevrilir. O, həm də çox yaraşıqlı, hündürboy, qartal baxışlı, batman yerişli bir oğlan olduğundan bütün gözəllər ona aşiq olur. “Gülərüzlü bir tale düşür onun qabağına!” O, sürətlə parlamağa başlayır, maddi sıxıntılardan canını qurtarır.
Mayası məhəbbətdən tutulmuş, xəmiri sevgiylə yoğrulmuş, sevginin gözəlliyindən, qüdrətindən şeirlər yazan Nüsrət özü də sevir. Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuyan Sevda adlı bir gözələ vurulur, ona ürəkdən bağlanır. Sevda da Nüsrətə bir könüldən min könülə aşiq olur və bu sevgi də onun yaradıcılığında yeni və daha gözəl bir mərhələni açır. Nüsrət Sevda xanıma elçi göndərir, lakin onu Nüsrətə vermirlər.
Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır, içimdə mənim...
Növbəti ağır bir zərbə. Gəl, indi buna döz! Nüsrət dözür, Sevdalı dərdini, qəmini şeirlərə köçürür və daha da sevilir, seçilir, əfsanələşir. Dünyadan əlini üzmür, gələcəyə böyük ümidlə, arzularla yaşayır. O, küsmür heç kimdən, heç nədən; sevgidən yazır, məhəbbətdən yazır Nüsrət, həyata, anaya, Vətənə, insanlara olan saf məhəbbətdən. Çünki bilirdi ki, insanı insan edən yeganə qüvvə məhəbbətdir.
Bununla belə, Nüsrət içində bir boşluq, tənhalıq hiss edir; özünə bir həmdəm, könül dostu, sirdaşı, həyat yoldaşı arzulayır və onu da tapır. O zaman elə jurnalistika fakültəsində kafedrada laborant vəzifəsində çalışan Rəhilə adlı bir qızdan xoşu gəlir. Onu izləyir, yerini-yurdunu öyrənir, ətraflı məlumat toplayır. Görür ki, bu qız elə o deyəndi və günlərin birində ona tələbə dostlarının birindən makinada yığmaq üçün bir şeir göndərir. Rəhilə xanım şeiri makinada yığır və şeirdən çox xoşu gəlir. Ertəsi gün şeirin dalınca Nüsrət özü gəlir, özünü təqdim edir, bildirir ki, şeir onun şeiridi, aparmağa gəlib. Rəhilə xanım çap etdiyi şeiri əlyazması ilə bərabər Nüsrətə qaytaranda o, əlyazmanı götürmür, deyir, qoyun qalsın sizdə. Rəhilə xanım heç nə anlamadan imtina edir, Nüsrət isə acizanə bir baxışla ondan şeirin əlyazmasının qalmasını xahiş edir. Sən demə Nüsrət bu şeiri elə ona yazıbmış. “Elə bu şeir də mənim başıma bəla oldu”, - deyir Rəhilə xanım zarafatyana...
(Ardı var)
Valeh
NƏSİBLİ
525-ci qəzet.- 2016.- 17 dekabr.- S.17.