Çadır saraylarda
soldum, çərlədim,
Ömrü hədər etdim, günü vərlədim.
Ağrı gülümsədim, kədər tərlədim -
Məndən adam olmaz daha dünyada...
lll
sən imkanın olanda
ya da ki, elə-belə -
qoy, telefo num səksənsin -
hərdən mənə zəng elə...
istəyirsən, danışma,
təki hənirin gəlsin.
mənə rişxənd edənlər
bir-birindən şəklənsin.
mənsə sıxıb
köksümə,
o telefona “can!” deyim.
səninlə birlikdəyəm
-
hər zaman, hər an, deyim.
bəlkə də çox gülüncdü
arzum da, əməlim də.
inan, varlığın
durur,
sevgimin təməlində.
lll
oxundan üzülmüş yay tək
uçdum nişangaha
doğru.
sonuncu məktub tək, hay tək
üstünə gələni,
oxu...
yuxumun beşiyi yanıb,
əlimin yaddaşı
itib.
tək səni düşünüb, anıb
bilməmişəm ki, vaxt ötüb...
xatirə yüküm
- son ümid,
qorxuram qopa vərəqlər.
üstümə enib bir bulud -
leysana məni qərq elər...
lll
yenə qırıq-qırıq
səs,
yenə qəm dolu gözlər.
yenə tıncıxan nəfəs
boylanıb yolu gözlər...
xəyal qasırğa
kimi
birdən sorar könlümü.
ruhumun sarı simi
hirsdən qırar
könlümü.
ovunmaq gücüm qalmaz,
kirpikdə yaş gəzirəm.
dərdimə çəki
verən -
dərd boyda daş gəzirəm.
lll
zülüm-zülüm ağladı
içimdə bir qış günü.
mən namərd, unutmuşdum -
ömrümə o tuş
günü...
məğlub döndüm
davadan
dərddi məni
yubadan.
perik düşüb
yuvadan -
uçub gedən
quş günü.
doğranıb, ovxalanıb
səninlə doğmalanıb,
gör, necə lovğalanıb -
ürək, ağıl,
huş günü.
lll
qaldım ortalıqda,
fikrim qarışıq
nə qapım döyülür, nə də pəncərəm.
yuxum didərgindi, gözüm bulaşıq
-
dərdlə döyüşdəyəm,
qəmə səngərəm...
dağdan enən
duman sıxır gözünü
çatdırıb, üstümə
yıxır özünü.
məni tanıyanlar axır sözünü -
səbirlə saxlayır,
dözür - mən gələm.
mənə doğma
olan dərə-təpəni
yaxşı tanıyıram,
həsrət çəkəni...
hər an görmək üçün ruhum öpəni -
ümidim çənədi,
olub çən, gələm...
orada fərq varmış yerlə göy qədər
hamı eyham vurur - yanıram hədər.
hər gün sevəcəyəm, Məcnundan
betər -
hər an cəhd edəcəm, sənə tən gələm!
lll
əriyən zaman içində
nə un payım var, nə kəpək...
mənə bu yerin üzündə
çaqqal ular, hürər köpək...
küləksiz, mehsiz şam sönür
içimdə istək,
kam ölür,
hər yerdən əlim boş dönür -
hər gün də qısalır ətək.
baxıram yol - sinəsi qan
ağrısı qan - kinəsi qan...
sevgiyə, nə kinə sığan -
həyatım var, mənim fələk...
lll
oduna yananı unudan mələk,
mənim ömür
payım bir addım qalıb.
alıbdı başımın
üstünü fələk
-
sənsiz mən də yoxam - bir adım qalıb.
xəyal dünyasında
atıb getmisən
nə yol göstərmisən, nə
də ki, ümid.
məni sənsizliyə
sürgün etmisən
-
bir təbəssüm
göndər, ruhumu kirit...
kükrəyən dalğayam,
dörd yanım sahil,
gözlərim, əllərim
sənə can atır...
mənim hər sözümü fəryad
bil, ah bil -
həsrətin könlümü
didib, qanadır.
gecəmin, günümün
sərhəddi itib,
yadına düşmürəm
bəs, niyə, canım?
mənim ürəyimdə
bir xəncər bitib -
sarıma, çək
onu, qoy axsın qanım...
lll
dil tökdüm - bəyənmədi
dedi, olan olubdu.
gül tökdüm, bəyənmədi -
ayaq altda solubdu...
yeridim arxasınca,
kölgəm tək gəzmə, - dedi.
yüyürdüm qarşısına
-
yolumu kəsmə, - dedi...
uzaq durub izlədim
dedi, söz yaradırsan.
varlığınla çevrəmin
qanını qaraldırsan...
çəkildim duman-çən
tək
gözdən uzaq bir küncə.
canımı üzən
mələk,
ruhumu qoydum dincə -
mən çəkəni
sən də çək!
lll
ilan kimi sürünmək
yerimək olmasa da,
dizin-dizin yerimək
yüyürmək olmasa da,
sevgimin ünvanına
and yerim tək baxıram
kükrəyən dağ çayı tək
ona doğru axıram...
qıvrılıram içimdə,
gah qartal tək enirəm.
olan-qalan gücümlə
hər an sənə dönürəm...
iməkləmək, sürünmək
bəlkə də, xoş görünməz.
sevən əyilər
eşqə -
sevgi ölər - sürünməz...
lll
içimizdə xoş bir niyyət,
gəldik inam ünvanına.
dilədik, dözüm
göstərsin -
o, bizlərin günahına...
Haqqdan işıq pay alıb,
özümüzü haqda görək.
yazsın bizə,
yada salıb,
halal sevgi, halal çörək...
Tanrı
nuru bu yurd-ocaq,
biz pərvanə həvəsində...
diz çökmüşük,
üstümüzdə
olsun əlin, nəfəsin də...
lll
sökülən dan yeri ilk həmsöhbətim,
səhəri onunla açıram indi.
bu andan başlayır mənim heyrətim
xəyal qanadında
uçuram hər gün...
gecə köynəyini soyunan səhər
hələ nə doğacaq, özü də bilmir.
gecəsi canından
soyulan səhər -
özünü hələ
də özündə
bilmir.
bir tarix dəyişir, gün yeniləşir
hər kəs istəyinin iziylə gedir.
səsi ayaq tutur, təkcə sükutu -
gecənin həmişə
özüylə gedir.
sökülən dan yeri, ilk həmsöhbətim
səhəri onunla açıram hər gün.
özümdə bir dünya açır heyrətim -
tər dözüm, tər arzu, tər sevgi, tər gün...
lll
ayrıldıq, içimdə
ümid apardım
sözündən, hənrindən
duymuşdum onu.
mən nə arayardım, nə də tapardım,
bilsəm, ümidsizdi
hər şeyin sonu.
ayrıldıq, sabahkı
görüş vədiylə,
xəyal dünyam
oldu uçuş zolağı.
varmı bundan böyük görən, hədiyyə -
sevgimin göylərdən
gəlir sorağı.
ayrıldıq, mən
ümid şamı əlimdə
tələsdim, səhəri
tez açmaq üçün.
o qəfil bəd xəbər - telefon dilində
qırdı qanadımı,
de, necə uçum?
lll
düşdüyüm bu odun adı - məhəbbət
uzun yolçuluqdu - dözüm istəyir.
bir dünya bəxş edir, hamıdan xəlvət -
yerinə ürəyi,
gözü istəyir.
fikrində bir ünvan, dilində bir ad
ürəyin bir gözəl yuvası olur.
elə dəyişir ki, səninçün həyat -
özgəyə baxmağın
davalı olur.
yerişin, duruşun,
baxışın belə
dəyişir inan ki, səndən xəbərsiz.
dünyada olmayıb
məhəbbət hələ
sevincsiz, vüsalsız,
qəmsiz, qəhərsiz...
düşdüyün məhəbbət
odun mübarək!
qaça bilmədiyin
qismətə şükür!
sevəndə dağ boyda olursa, ürək
-
önündə ağrı
da, şübhə də çökür.
lll
dərdini çəkdiyim
mənim dərdimin,
nə adını bilir, nə də ünvanın.
bircə təbəssümlə,
bircə baxışla
dağıtmaq istəmir
nisgil dumanın.
çırpır günlərimi
taleyin əli
ruhumda dərdlərin izi göyərir.
bu yaşda mən oldum gülünc bir dəli
dəlidən de, axı,
kim nə öyrənir?
yordum gözlərimi,
işıqdan qaldı
bəs ürək neyləsin, gücü çatmırsa...
məni bu görkəmə xəyallar
saldı -
xəyal ki, heç nədi, inandırmırsa.
çin olan hələ ki, dəli həsrətim
qoymaz qaralmağa canımda közü
sən gəl, ucuz tutma, bu
məhəbbəti -
axı adımıza pay
gəlib özü...
lll
bu səhər yenə
həsrət və qəm dolu
ömrümə
ümid işığı
düşmədi.
çəkdiyim ahlar,
etdiyim dualar
və bir də
bütün olanlar
qəfil xəbər
kimi
bu səhərin də
kar qulağını
deşmədi.
mən necə deyim
və inandırım
ki,
eşitsin,
bilsin -
ürək şüşədi,
sındırmaqdan qorxsun...
lll
yaman qərib gəldi mənə,
o baxış, o göz...
elə bil ki,
min dağ uzaq
soyuqluqdan boylanırdı...
o qəriblik ürəyimi
etdikcə köz-köz
-
bu baxışlar
öz min illik
yuxusundan oyanırdı...
çətin oldu anlamaq da,
elə, yazmaq da
fikirlərin düyün
yeri
düşdü könlümə.
nolar, məni qınamayın,
belə yazmaqda.
bu qəriblik öyrədilmiş
işdi könlümə.
mən umduğum bir təbəssüm,
bir gilə işıq,
o da donub, qalıb
indi
qəribliyində.
ətrafıma sahib ikən
bir belə işıq
mən azmışam
qərib gözlər
dərinliyində.
lll
döyülən qapı
kimı,
sinəm yumruq yeridi.
qəm alın qanı kimi
üz-gözümdə diridi.
mən baxıb ovunduğum
çox təsəlli tükənib.
boynu bükük həsrət də
pardaxlayıb, dikəlib.
pəncərəmin şüşəsi
çiliklənmiş şüadı.
mən çəkdiyim “ah” deyil,
dərd ovudan duadı.
dilim sözün girovu
əlim ələ elçidi.
hər an sınanan könlüm -
məhəbbətçün ölçüdü...
lll
heç belə
inciməzdim,
səni tanımasaydım.
ötüb, keçib
gedərdim,
ya da bir “eh!” edərdim -
sənə inanmasaydım...
heç belə
ağrımazdım,
könlümü verməsəydim.
arayıb-axtarmazdım,
səsləyib çağırmazdım
-
əzəldən görməsəydim.
heç belə
yaşamazdım,
mən səni sevməsəydim.
özümlə bacarmazdım,
bu qədər ucalmazdım -
sən məni sevməsəydin!
Əbülfət MƏDƏTOĞLU
525-ci qəzet.- 2016.- 17 dekabr.- S.22.