“Həddən artıq uyğunluq”un təqdimatı oldu
Dekabrın 15-də Nizami Kino Mərkəzində
Ülviyyə Könülün
rejissorluğu ilə ekranlaşdırılan “Həddən
artıq uyğunluq” bədii filminin təqdimatı keçirilib.
AZƏRTAC
xəbər verir ki, film Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
lentə alınıb.
Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri
Ramiz Fətəliyev və Aleksandr Mərdan, quruluşçu
operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı
Rafiq Nəsirov, icraçı prodüseri
Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.
Filmin təqdimat
mərasimində çıxış
edən “Azərbaycanfilm”
kinostudiyasının direktoru
Müşfiq Hətəmov
kinostudiya tərəfindən
müxtəlif janrlarda
və mövzularda filmlər çəkildiyini
söyləyib. Son dövrlər
çəkilən uğurlu
filmlərdən danışan
direktor bildirib ki, artıq istedadlı, yaradıcı
kino heyəti yetişməkdədir. Bir
il ərzində
19 filmin ekranlaşdırıldığını
söyləyən Müşfiq
Hətəmov kinostudiyanın
10-dan artıq filmə
dəstək verdiyini deyib.
Vurğulanıb ki, kommersiya xarakteri daşıyan bu filmdə tanınmış və gənc aktyorlar rol alıb.
Ülviyyə Könül, Aleksandr
Mərdan, Xalq artisti Afaq Bəşirqızı
və digər çıxış edənlər
filmin çəkilişinə
dəstək olanlara minnətdarlıqlarını bildiriblər.
Sonra film nümayiş
olunub.
Romantik komediya janrlı filmdə rolları Afaq Bəşirqızı,
Tural Əsədov, Aydan Axundova, Kamran Ağabalayev, Azərbaycan əsilli
ABŞ aktrisası Yevgeniya
Orucova və digərləri canlandırıblar.
Qeyd edək ki,
dünəndən etibarən filmin bütün kinoteatrlarda
nümayişinə başlanılıb.
525-ci qəzet.- 2016.- 17 dekabr.- S.13.