Zamanların mozaikası: hadisələr və
şəxsiyyətlər
(Əvvəli
ötən şənbə sayımızda)
Onun tərəfdarları xüsusi partiyaya
ayrıldılar (ərəbcə bu, “şiə” adlanır,
bu sözdən də onların adı olan “şiələr”
yaranmışdır).
Onlar hesab edirdilər ki, Əli xüsusi yüksək
müqəddəsliyə malikdir və bu, onun birbaşa varislərinə
keçir. Əlinin törəmələrindən biri Ölməz
Mehdi (xilaskar) şiələrin rəyinə görə
dünyanın lap sonundan əvvəl insanların yanına gələcəkdir.
Bu ideyalar şiələrlə digər müsəlmanlar
- sünnülər arasındakı başlıca mübahisə
mövzusudur. Sünnülər Əlini müstəsna dərəcədə
nüfuzlu hesab edirlər, ancaq həm də onu adi adam sayırlar. Digər
mühüm ehkamlar və rituallar isə onlarda və digərlərində
eynidir. İndi şiəlik əsasən
İranda, həmçinin İraqda və Azərbaycanda inanc məzhəbidir.
Əlinin
ölümündən sonra xilafətdə hakimiyyət Əməvilər
nəslindən
olan Müaviyəyə keçdi. Dövlətin
paytaxtını o, Dəməşqə
köçürdü. Əməvilər
dövründə xilafətin qoşunları Şimali
Afrikanı fəth edib, 711-ci ildə Gibraltar boğazından
Avropaya keçərək, vestqotları darmadağın etdilər
və bütün Pireney yarımadasını tutdular. Şərqdə ərəblər Hindistana və
Çinin sərhədinə çatdılar. Xilafət o vaxtkı dünyanın
yarısını tutaraq öz siyasi qüdrətinin zenitinə
çatdı.
Əməvilər sülaləsindən olan və
685-705-ci illərdə xəlifəlik etmiş Əbd əl-
Malik hökmranlığının ilk yeddi ilində süqut ərəfəsi
ilə üzləşməli oldu. Bizanslılar müsəlmanlardan
Ermənistanı aldılar, İraqda isə qureyşli
ağalıq edirdi, Bəsrədə xaricitlər möhkəmlənmişdi,
Kufədə isə - şiələr hakim mövqedə idi.
Ona xilafətin zədələnmiş birliyini
çətinliklə bərpa etmək nəsib oldu. Ondan sonra Əbd əl-Malik dövləti yenidən
qurmağa başladı.
Əbd əl-Malikin dövründə ərəb dili
xilafətin rəsmi dilinə çevrildi, bütün
dövlət sənədləri həm paytaxtda, həm də əyalətlərdə
bu vaxtdan etibarən ərəb dilində yazılmağa
başlandı, əvvəllər isə bu sənədlər
işğal edilmiş xalqların dilində tərtib olunurdu. Bu tədbir
imperiyanın birliyini xeyli möhkəmləndirdi. O, xilafətdə
pul islahatı apardı və imperiyanın öz sikkələri
meydana çıxdı, onlar Bizans və İran
pullarını əvəz etdi. Dəməşqin
sikkə düzəldən müəssisəsində
qızıl dinarlar və gümüş dirhəmlər
buraxılırdı, əyalətlərdə isə
yalnız gümüş sikkələr
döyülürdü. Əbd əl-Malik həmçinin
vergi qoyulmasını qaydaya saldı və ordunu islahata
uğratdı
Yerusəlimdə o, möhtəşəm Qübbət əs-Səhra
(“Qaya qübbəsi”) məscidini çox qədim Solomon
(Süleyman) məbədinin yerində ucaltdı.
Əməvilərin ağalığını daxili
çəkişmələr gücdən saldı. Peyğəmbərin
dayısı Abbasın törəmələri xəlifəyə
qarşı üsyan qaldırdılar. Onları
şiələr və Şərqi iranlılar dəstəklədilər.
749-cu ildə qiyamçıların qoşunu
pers Abu Müslimin başçılığı altında
taxt-taca ilk Abbasi xəlifəsini yüksəltdilər. Abbasilər paytaxtı Bağdada
köçürdülər və müsəlman
imperiyasına XIII əsrin ortalarına qədər
hökmranlıq etdilər. Abbasilər
epoxasında müsəlmanların hərbi
qızğınlığı tədricən yoxa
çıxdı, Bağdad xilafətinin özü isə
müstəqil dövlətlərə parçalandı.
Əməvilərin qoşunu Pireneydən keçərək
İspaniyanı tutub, cənubi Fransaya sahib oldu. Xəlifə I Validin on illik
hökmranlığı dövründə əməvilərin
işğal siyasəti davam etdirildi. Şərqdə
və qərbdə ərəblər sürətli qələbələr
çaldılar. Onlar Şimali Afrikaya sahib
olduqdan sonra Tarik ibn Ziyadın başçılığı
altında ərəb qoşunu 711-ci ildə Gibraltar
boğazını keçib Avropa torpağına qədəm
basdı. 1200 il bundan əvvəl
Kserksin başçılığı altında perslər
Yunanıstanı tutmağa cəhd etsə də, Salamin dəniz
döyüşündəki ağır məğlubiyyətdən
sonra geri, Asiyaya çəkilməli oldular. Asiyalılar,
daha doğrusu ərəblər (mavrlar) Pireney
yarımadasını işğal etməyə
başladılar. İspaniya sahillərindəki
qaya o vaxtdan Tarik dağı - ərəbcə Cebel üt-Tarik
adlanır və ispanların tələffüzündə bu
söz “Gibraltar” kimi səslənir. 715-ci
ildə bütün İteriya yarımadası müsəlmanların
əlində idi. Əməvilər isə
bu vaxt öz qüdrətlərinin zirvəsinə
çatmışdılar.
Lakin Fransanın cənubunun işğalının
davamı uğurlu olmadı. Frank mayordomu Karl Martell
ərəbləri məğlub etdi, bu vaxt onlar Luara
çayına qədər çatmışdılar. Bu məğlubiyyətə baxmayaraq, ərəblər
hələ bir neçə onillik Provans əyalətində
hakimiyyəti əllərində saxladılar.
Müsəlman işğalçılarının hərbi
ekskanstisiyası Avropaya ərəb incəsənətinin və
fəlsəfəsinin daxil olmasına şərait yaratdı. Ərəb mədəniyyəti
Qərbi Avropada təbabətin və təbii elmlərin
inkişafına təkan verdi.
İspaniyanın cənubunda səkkiz əsr ərzində
mövcud olan Əl-Əndəlus sivilizasiyası Avropaya elmi və
mədəni inkişaf epoxasını töhfə verdi.
750-ci ildə Əməvilər sülaləsini xilafətin
taxt-tacında Abbasilər əvəz etdi. Onlar öz
yollarını peyğəmbər Məhəmmədin əmisi
və ardıcılı Abbasa bağlayırdılar. Onlar Əməvilərə qarşı mübarizədə
xilafətin şərqində dəstək tapdılar. Şərqi iraqlıların arasında ərəblərin
hökmranlığına olan narazılıq
artmışdı. Hələ 747-ci ildə
üsyan etmiş iranlıların lideri Əbu Muslim - Xorasanda
Abbasilərin qara bayrağını qaldırmışdı.
750-ci ildə axırıncı Əməvi xəlifəsi
olan II Mervan üzərində qələbədən sonra
xilafət yeni sülalənin banisi olan Əbulabbas Saffahın əlinə
keçdi. O, əməviləri rəhmsizliklə məhv
edirdi. Yalnız gənc Əbd ər-Rəhmana
Əndəlusa qaça bilmək nəsib oldu, burada o,
756-cı ildə Kordoba əmirliyini yaratdı.
Beləliklə, bu vaxt iki xilafət mövcud oldu - Abbasilərin
Bağdad xilafəti, əməvilərin Kordoba xilafəti və
axırıncı ispan dünyasında yeganə qanuni hakimiyyət
olduğunu iddia edirdi. Kordoba müsəlmanların dini mərkəzinə
çevrilir. Şəhərdə 3 min məscid
tikilmişdi.
Abbasiləri dəstəkləyən iranlılar əsasən
İslamın şiə qoluna mənsub idilər. Lakin Abbasilər
xilafətə sahib olduqdan sonra tezliklə şiəlikdən
ayrıldılar və özlərinin sünnülüyün
tərəfdarı olduqlarını göstərdilər.
Buna baxmayaraq, iranlıların xilafətdə
rolu xeyli artdı. Abbasilərin paytaxtı Bağdadda
(şəhər 762-ci ildə yenidən tikilmişdi)
küçələrdə və sarayda fars
dili tədricən ərəb dilini
sıxışdırdı. Öz sələflərindən
fərqli olan Abbasilər heç də qələbələri
ilə öyünə bilməzdilər, ona görə də
imperiyanı parçalanmaqdan saxlaya bilmədilər. XII-XIII əsrlərdə onlar türk hökmdarlarının
tabeliyində oldular. Lakin Abbasilərin idarə
etməsi tarixə ərəb-müsəlman mədəniyyətinin
və elminin çiçəklənməsi epoxası kimi
daxil oldu.
Abbasi sülaləsi 1258-ci ilə qədər
hökmranlıq etdi və xilafət ilə birlikdə
süqut etdi.
Onları monqol işğalçıları məhv
etdilər. Müsəlmanların
yaddaşında Abbasi xilafətinin “qızıl dövrü”
kimi qalan illər Harun ər-Rəşidin idarəçiliyinə
aiddir. Xəlifə öz hakimiyyətini
möhkəmləndirərək İran nəslindən olan
Barmakilərin böyük qüdrətini cilovlaya bildi. Onlar mühüm dövlət vəzifələrini
tuturdular. İmperiyanın ərazilərindəki
dinc həyat sənətkarlığın və ticarətin
inkişafına səbəb oldu.
Xəlifənin Bağdad sarayı intellektual və bədii
yaradıcılıq həyatının mərkəzi olaraq
qalırdı.
Lakin artıq Harun ər-Rəşidin vaxtında xilafətin
kənar regionlarında mərkəzdənqaçma qüvvələri
açıqca görünürdü. Xəlifə
qiyamları yatıra bilmədi. Ancaq Harun ər-Rəşid
öz dövründə böyük populyarlıq
qazanmışdı, onu ədalətli hökmdar hesab edirdilər.
“Min bir gecə” nağılları isə öz
növbəsində Harun ər-Rəşid mifi yaratdı.
Abbasilərin idarə etməsi dövründə, bu yarım minillik bir dövrü əhatə edir, müsəlman elmi xüsusi inkişaf əldə etmişdi. Bağdadda məşhur tərcümə mərkəzi meydana gəlmişdi, burada yunan, Suriya və pəhləvi dillərindəki bütün bilik sahələrinə məxsus olan əsərlər ərəb dilinə tərcümə olunurdu. Aristotelin, Platonun və neoplatoniklərin fəlsəfi əsərləri, Yevklidin, Arximedin və Ptolomeyin təbiət elmlərinə aid traktatları, Hippokratın tibb traktatları ərəb dilində yeni həyat qazandılar. Bir qədər sonra bu kitablar Qərbi Avropada ərəb dilindən latın dilinə tərcümə olundu.
Qədim yunanların nailiyyətlərinə arxalanaraq müsəlmanlar astronomiyada və astrologiyada, matematikada, coğrafiyada, əlkimyada parlaq uğurlar qazandılar. Müsəlman ilahiyyatı və fəlsəfə də xüsusi inkişafa çatdı.
Özündən sonra 150 əsər qoyub getmiş İbn Sina (980-1037-ci illər) tibb elmində böyük nüfuz sahibi idi. Onun “Həkimlik elminin qanunu” əsəri Avropanın tibb fakültələrində öyrədilirdi.
Abbasilər özləri hərbi uğurları ilə öyünə bilməsələr də, bu dövrdə Tunis ərəbləri sülaləsi olan Aqlabidlər Siciliyanı, sonra isə Cənubi İtaliyanı tutdular. Şimali Afrika ərəblərinin Bağdad xilafətindən azad olmaq istəyi hələ VIII əsrin ortalarında meydana gəlmişdi. Mərakeş müstəqillik əldə etmişdi. Bundan sonra Abbasilər Tunis və Əlcəzairin şərq hissəsində İfrikiya adlanan sərhəd markası yaratmış və onun sərhəd müdafiəsini yerli sülalə olan Aqlabidlərə tapşırmışdı. Aqlabidlər Abbasilərin valiləri olsalar da, onlar tezliklə tam müstəqillik əldə etmişdilər və İfrikiyanı məğribdəki ən qüdrətli dövlətə çevirmişdilər. Şimali Afrika iqtisadiyyatı inkişaf etməyə başlamışdı. Lakin tezliklə yeni dövlət öz təbəələrinin diqqətini daxili münaqişələrdən yayındırmaq üçün işğallara əl atdı. Bizansla müharibədə Kriti, bir il sonra, 827-ci ildə Siciliya və Cənubi İtaliyanı tutdu.
Səlcuqlar, Osmanlı imperiyası və Persiya
X əsrdə isə türkdilli xalq olan oğuz-türkmən tayfaları Orta Asiyanın cənubundan köçməyə başladılar, onları sonralar öz liderlərinin adı ilə Səlcuqlar adlandırdılar. Onlar 960-cı ildə islamı qəbul etdilər. XI əsrin ortalarında onlar İranı özlərinə tabe etdilər, 1050-ci ildə isə Bağdadı götürdülər. Xəlifə onların hərbi rəisi Toğrul bəyə sultan titulunu verdi. Onun varisi Alp Arslanın vaxtında isə (1063-1072-ci illər) türklər Kiçik Asiyanın şərqinə girdilər. Bizanslılar üzərində Manzikertdəki 1071-ci ildəki qələbə türklərə Kiçik Asiyanı işğal etmək üçün yol açdı, burada bir neçə türk əmirlikləri yarandı, onlardan ən böyüyü Rum əmirliyi idi. Sonra onlar Fatimidlərdən Yerusəlimi, Palestinanın və Suriyanın digər şəhərlərini aldılar.
Səlcuqların basqınlarından sonra xristianların Palestinanın müqəddəs yerlərinə gəlmələri çox çətinləşdi. Xristianların sıxışdırılması xəbəri bütün Avropaya yayılmaqla, Şərqə Səlib yürüşlərinin təşkili üçün başlıca səbəb oldu. Bizans imperatoru da bu ideyanı dəstəklədi, çünki onların köməyi ilə Kiçik Asiyada itirilmiş torpaqlarını geri qaytarmaq istəyirdi.
1300-cü ilə yaxın isə Osmanlı sülaləsinin banisi, türk tayfası Kayıdan olan I Osman tarixdə mühüm rol oynayacaq imperiyanın yaranması üçün birinci addımı atdı. XIII əsrdə Kayı türkləri monqol işğalçılarından qurtulmaq üçün Orta Asiyadan köçüb səlcuqların Rum sultanlığına gəldilər. Burada tayfanın başçısı Ertoğrul Bizans torpaqlarının lap sərhədində kiçik ərazi aldı, bu torpağı 1288-ci ildə onun oğlu Osman vərəsə kimi götürdü. XIV əsrin əvvəllərində Rum sultanlığı on əmirliyə parçalandı. Bundan sonra Kiçik Asiyadakı Bizans ərazilərinin xeyli hissəsini tutan əmir Osman özünü müstəqil hökmdar elan etdi və Adrianopolu (Ədirnəni) XIV əsrin sonunda özünə paytaxt edən Osmanlı dövləti artıq cənubi-şərqi Avropada ağalığını qurmağa can atdı. Konstantinopol 1453-cü ildə işğal edilənə qədər Adrianopol 88 il ərzində Osmanlı türklərinin paytaxtı oldu. Buradan onlar Balkan yarımadasındakı Bizans torpaqlarını və ya Rumeliyanı tutmağa başladılar.
Konstantinopolun işğalı isə Bizans dövlətinin varlığına son qoymaqla yanaşı, Osmanlı imperiyasının böyük hərbi zəfərinə səbəb oldu. Bizansın son imperatoru XI Konstantin Paleoloq özünün paytaxt şəhəri tutulanda həlak oldu və beləliklə, sultan II Mehmet Fatehin bu işğalı Bizansın minillik tarixini başa çatdırdı. Konstantinopolun tutulması Avropanın dini və siyasi həyatında böyük dəyişikliklərə səbəb oldu. Osmanlı imperiyasının nüfuzu yüksəldi, o öz qoşunlarına hədə gələn qüdrətli Asiya-Avropa dövlətinə çevrildi. Qorxuya düşən Avropa dövlətləri Qərb xristian sivilizasiyanı birlikdə müdafiə etməyi özlərinin başlıca vəzifəsi hesab etdilər. Avropa Qara dənizə girişdən məhrum oldu. Təhlükə hesabına Şərqlə ticarət xeyli zəiflədi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2016.- 17 dekabr.- S.20.