Xal
(Esse)
“Gözü,qaşı, zülfü, xalı ki, iki
cahanı aldı,
Qamu bir əmiri-hüsnün sipəhgəvü- ləşgərimi?”
Nəsimi
“Ey
qibleyi-əhli-üzzi iqbal,
Rüxsari-zəminə ənbərin xal”.
Füzuli
”Ey dəhanı
nəbat, ləbləri püstə,
Çəkər həsrətini bu dili-xəstə.
Xal deyil
görünən ağ sinən üstə,
Bir Quran hərfidir, qaralanıbdır”.
K.A.Salik
Tanrı 18 min aləmi xəlq edəndə boş yerə
heç nə yaratmamışdır. Və hər nə
yaratmışsa gözəl yaratmışdır. Bunu
Nizami də təsdiq edir: “Aləmi odlandırır şəkkər
ləbinlə ud xalın” deyə xalı ud (həya) simvolu (pərdəsi!)
kimi elə bil, sevdiyi gözəli vəsf edirmiş kimi vəsf
edir.
Kəbədəki qara daş Füzuliyə görə
Yer kürəsinin yanağındakı xaldır.
Bu, həm də təkcə xal deyil, Yerin (eləcə də
aləmlərin) yaradılışına qoyulan son nöqtə
deyilmi?
Sirri-əsma
daha gizli qala bilməz mələkə,
Çünki xalı üzünün nöqtə qoyub əsmayə.
(Nəsimi)
Belə deyirlər ki, kainat bir nöqtə
halındaymış. “Biq-bənq!”dən-ilkin
partlayışdan sonra guya bu aləm (aləmlər)
yaranmışdır. Və nə vaxtsa yenidən
qayıdıb “Quran”da deyildiyi tək “büzülüb”, əvvəlki
nöqtə halına düşəcəkdir.
Bu “nöqtə” lərdən biri də xaldır. İnsan Kəbədəki
“Qara daş”la- qara xalla üz-üzə dayanıb tanrıya
dualar oxuyur. Arzularının çin
olmasını, bəlalardan uzaq olmasını bu “İlahi
Müshəf”dən diləyir. Nəsimi isə
bu Müshəfdən başqa bir Müshəfin də xal
olduğunu bildirir. Xala inanmayanı kafir sayır: Deyir ki,
insanın, gözəl yaradılmış bu gözəlin
...Xalü,
xəti, zülfü...Can Müshəfidir, oxuram,
...Ey Xəttü-xalın Kəlimullah, həm
Ümmil-Kitab.
...Hər kim ki, gətirmir xalu-xətinə iman,
Kafir derəm
ona!
...Əzəlin
sirrini şərh etmək üçün dünyada,
Xəttü
xalından ona şərhü- bəyanı tapdı,
Kəşf
oldu Nəsimiyə sirr xali- xətindən!
Nəsimi
Əbcədi xaldan öyrənmişdi:
...Zülfü
xalından Nəsimi Əbcədi qıldı tamam.
Nəsimi
xala müxtəlif mənalar verməkdən sanki doymur, deyir:
“Bəbəksiz qalsın ol göz kim,
xalın qədrini bilməz”.
Şah Xətayi
hüsn dəftərində səhvən qaralanmış hərfi
görüb, hesab etmişdi ki, bu “Bismillah” deməyə bərabərdir:
Dəftəri
hüsnündə şol hərfi-xəta xalın sənin ...
Bismillah-Rəhmanir-rəhim olmuşdur.
Yaxud Xətai heç bir şeylə onu tora
salmağın mümkün olmadığını zənn edəndə
məlum olmuşdu ki, artıq çoxdan tordadır. Danə xalın
üzündən!
Danədir xalı onun, həm zülfüdür dam, mənə.
“Kəbə
rüxsarın, həcər xalındı” deyən S.Ə
Şirvani xallı gözələ bu dünyaya məndən
olsaydı gəlməzdim, xalının xətrinə gəldim,
söyləmişdi:
Bu
dami-eşqə məni saldı daneyi-xalın,
Firib verməsə idi o danə, gəlməz idim.
Adəmin behişti bir buğda dənəsinə
satdığı hamıya məlumdur. S.Ə Şirvani cənnətini
gözəlin xalına satmağa hazırmış:
Behişti
verdi Adəm daneyə,
Mən
daneyi-xalə...
S.Ə.Şirvani
gözəlin üzündəki xala aşiq gözüylə
baxaraq onun Kəbənin üzündəki xaldan-Həcərül-Əsvəddən
üstün olduğunu demiş, onu gözəl üzündəki
xaldan bir nişanə saymışdır:
Etməzdi
heç kəs Həcərül- Əsvədi təvaf,
Gər
olmsaydı üzdəki xalın nişanəsi
Seyid Əzim gözəlin üzündəki xala o qədər
aşiqdi ki, gözələ sənin xalın olan, yerdə
bizim özgə nigaha ehtiyacımız yoxdur, deyərək,
“Xalınla nigah eyləmişəm.” qərarını
vermişdir.
Göz görmək, qulaq eşitmək
üçündür, kirpiklər gözün sipəridir.
Bəs onda xal nədən ötrüdür?
Sözsüz
ki, əsl gözəli xalsız təsəvvür etmək
olmur: Axı “Qara daş nazlı gözəllər
xalıdır”.(Xaqani) M. P.Vaqif də
xalın Kəbədən əskik olmadığını
bildirmişdi:
Vaqif,
yarım deyil ol Kəbədən kəm,
Xalı-Həcərül
-əsvəd, dəhanı zəm-zəm...
Yardan
söz düşəndə xaldan ki, danışmadın,
üzdən, gözdən, qaşdan, zülfdən ki, söhbət
açmadın, onda nədən danışmış oldun ki,?
Onda
yardan, gözəldən, gözəllikdən
danışmadın demək!
Dastanlarımızda
Qurbani və Abbasın yarı da xallıdır.Haqq
aşığı Abbas Tufarqanlı öz yarını
qızlar içində qoşa xalından
tanımışdı:
Gözəllər
içində bəsli-bəllisən,
Tərlan cilvəlisən, yüz xəyallısan.
Ağ sinəsi
bir cüt qara xallısan,
Görcəyin
tanıdım oradan səni!
Qurbani də haqq aşığıydı. Onun da göz
evi örtülü, könül evi açıq idi.
Qara vəzir onu dolaşdırıb şahın
gözündən salmaq üçün bir neçə dəfə
imtahana çəkir. Qurbanini sarayda bir otağa salıb gözlərini bərk-bərk
bağlatdırır, qırx cəllada üzün tutub deyir:
- Əlinizi qoyun qılıncın dəstinə. Görək nə
baş verdiyini biləcəkmi? Münəccim deyil, rəmmal
deyil, nə biləcək!
Amma Qurbani hər şeyi olduğu kimi, gözü
bağlı halda görür və deyir.
Bu dəfə qılıncın dalını ona tərəf
çevirirlər.
Aşıq bunu da bilir.
Qara Vəzir
aşığı 3-cü dəfə sınağa çəkmək
üçün qızı Nigara üz tutur:
-
Qızım, indi sən tədbir tök.
Qız
dedi: - Dədə, Pəri xanımın çənəsinin
iki tərəfində qoşa xal var, ürəyimizdə gəl
onu tutaq, görək biləcəkmi?
Qurbani bu müəmmanı da açır. Deyir:
Ala
gözlü, şirin sözlü məhbubun
Zənaxdanı
dörd şölədi, xal olur...
Xalla bağlı ən çox yayılmış əhvalatlardan
biri Teymurlənglə Hafiz arasında olub. Teymurləng
Hafizin “Əgər ol turki-Şirazı, bizə lütf etsə
pünhanı, o hindu xalına verrəm Səmərqəndlə
Buxaranı” misralarını eşidəndə qəzəblənib,
şairi cəzalandırmaq istəyib. Lakin
şair məharətlə vəziyyətdən çıxa
bilib. Deyib ki, “Ey dünyanın Fatehi, mən elə deməmişəm,
demişəm ki, o gözəl qəlbimi ələ gətirsə,
onun qara xalına Se mən qəndu (üç batman qənd)
və do xurmara (iki xurma) bağışlaram.
Guya
Teymurun bu cavabdan xoşu gəlib və soruşmuşdur ki: “ Doğrusunu söylə, əgər o şəhərlər
sənin olsaydı, o gözələ
bağışlardınmı?” Hafiz bunun cavabında “Əgər
var-dövlətimi gözəllərə
bağışlamasaydım,bu günə
qalardımmı?” deyərək köhnə paltarını
Teymura göstərmişdi.
Hafiz bir həqiqəti də etiraf etməyə məcbur
olmuşdu; altı cəhətin altısında da
zülfü və xalı gördüyünü gizlətməmişdi.
Fəryar
ki, bənd etdi məni altı tərəfdən,
Zülf ilə Xəttu xal, yanaq, çöhrəvi
zülf.
Hafizə görə xalı görən “ovçular”
özləri şikar olurlar.
Yox bir
könül ki, zülfün ilə xalın görüb,
Dünyada olmasın o, şikarı gözəlliyin.
...Bənd
etdi işvə ilə min qəlbi qara xalın.
...Heç
bilirsən könlümü nə üçün çox
istəyirəm?
Bir
nişandır mənə hindu
xalının nəqşindən!
Qara xala
farsca hindu xal deyirlər Hindu -qara qul
anlamındadır. Onda Kəbədəki qara
daş (qara xal!) Allahın qulu anlamına gəlir.
Səlyanlı
şair Əbulhəsən Vaqif də qəzəllərindən
birində hindu- xaldan danışmışdır:
Xal
düşmüş üzünə, mərdumi-çeşminə
baxır,
Şah
hüzurunda durub sanki qulami-hindu!
Şair
demək istəyir ki, üzündəki xal deyil, sanki şah
hüzurunda ( Allah dərgahında!) bir qara
qul (Tanrı qulu) əmrə müntəzir durub boylanır.
Xaqani qara
daşı islamın ilk müəzzini qara dərili qul Bilalla
müqayisə etmişdir:
Bilaltək
dayanan qara daşa bax,
Zahiri
qaraca, batini parlaq!
O bir
daş deyildir, qızıl misaldır,
Kəbənin
üzündə o, qara xaldır!
Xaqani Kəbənin qara daşını da Allahın qulu
hesab etmiş, özünü Allahın “qulunun qulu”
adlandırmış, “qara daşın (qara Xalın!) olmuşam
qulu,” demişdir.
Xaqani
“Əsl gözəlin üzündə lalətək vardır
qara xal” deməklə sanki özündən (və
sözündən!) tam razı qalmamış, daha tutarlı bənzətmə
tapmağa cəhd etmiş, yazmışdır:
Kim
görsə üzündə o qara xalı,
Deyər:
hindli odda oturub yanır.
Salman Mümtaz “Azərbaycan ədəbiyyatının
qaynaqları” kitabında bayatılardan söhbət
açanda təxəllüslü bayatıların
olduğunu da ayrıca vurğulayır. Qurban adlı
bir müəllifin də adını çəkir,
bayatılarından misal gətirir. O bayatılardan birində
də xaldan danışılır:
Qurban, mənzil
o xalı,
Döşənibdi o xalı.
Zülfün
əcəb xaindir,
Gizləyibdir
o xalı!
Özgə
vaxtı zülfü böyük məhəbbətlə tərənnüm
edən aşiq (lər) birdən hirsindən
acığını zülfün üstünə
tökərək,hətta onu xain adlandırır. Ona görə
ki, xalın üstünü örtmüşdür.
Sən
demə, Sarı Aşığın da yarının Xalı
varmış:
Aşıq
qara yaxşıdı,
Xalı qara yaxşıdı.
Düşmənlər
al geyinsin,
Mənə
qara yaxşıdı!
Aşıq (aşiq) ürəyinin
böyüklüyünə baxın. Sevgilisinin qara xalının xətrinə,
düşmənlərin al geyinməyinə,
özününsə qara geyinməsinə hazırdır!
Ərəb dilində üzdəki xala bən (bənək)
deyilir.
Nəsimi
rübailərindən birində üzdəki xalın necə
xətakar bir padşah olduğunu vurğulayır:
Nafeyi-Çinü
xətadır bənlərin,
Daneyi-damu-bəladır bənlərin.
Məcməri-şəmi-səfadır
bənlərin,
Məliki-Rumi padişadır bənlərin.
Xalq
arasında xal haqqında məşhur olmuş bir rəvayət
də dolaşmaqdadır:
...Özündən
deyən, döşünə döyən bir aşıq
varmış. Arazın o tayından bu tayına
gəlib meydan sulayırmış.
Neçə aşığın sazını əlindən
alıb pisikdiribmiş. Xəbər Sarı Aşığa
çatanda gedib onun qarşısına özü
çıxır.
Deyişirlər. Özündən basan aşıq deyir:
Aşıq, bənək-bənəkdir,
Üzün bənək-bənəkdir.
Mənə de görüm aşıq,
Araz neçə sənəkdir?
Aldı görək, Sarı Aşıq nə dedi:
Aşıq, bənək-bənəkdir,
Üzün bənək-bənəkdir.
Çağır Araz dayansın,
Deyəcəm neçə sənəkdir!
Bununla da meydan sulayan aşığın səsi xırp kəsilir. Sazı əlindən alınır.
Yanıq Kərəmin də nədən bəxti gətrməsə də xal sarıdan işi “sarıyıb”mış.
Xalı görən kimi coşub oxuyurmuş:
Çox sevirəm ağ üzünün xalını,
Qoy bir əmim ləblərinin balını.
Sağ əlimnən
sıxım məmən solunu,
Qoy gəlsin
yerinə imanım, Əsli!
Sevgisinin şiddəti ucundan gözəlin xalına qiymət
qoyan aşiqlər də olub.
Məsələn,
belə:
Zülf
uzun, üzə dəyər,
Hörüyü dizə dəyər.
Yaxandakı
cüt xalın,
Beş
min beş yüzə dəyər.
Yaxud
aşiq öz sevdiyini onun xalına görə qısqanıb:
Mən
aşıqam Xalxala,
Xub
yaraşır xal xala!
Tanrıya
rəvadımı,
Sevdiyimi
xalx ala!
Qaracaoğlan da hər gözəli öyüb ona
şeir qoşmurmuş. “Gərdan açıq, xalların çox” dediyi
gözələ üz tutub, deyirdi ki: “Ala gözlü
xallı dilbər, Xəlvət danış, söz edərlər”.
Bununla da ürəyi soyumur deyirdi ki: “Gözəl, sənin
üzündəki xallar mən olam, mən olam!”
...İrəvanda toydu.
Xanəndə
toyu olan qızı görəndə mat qaldı. Elə bil
ki, İrəvandakı qızların, gözəllərin
üzündə nə xal vardısa, hamısını
götürüb “yapışdırmışdı”
üzünə!
Xanəndə elə oradaca ürəyində təzə
mahnı bəstələdi. İlkini də həmin toyda
oxumağa qərar verdi. Başladı oxumağa:
İrəvanda
xal qalmadı,
O xal nə
xaldı,
Üzə düzdürmüsən?
De
görüm, nə xaldı,
Üzə
düzdürmüsən,
Hal mənim,
Xal mənim,
ixtiyar mənim.
Xalxa nə
borcdu,
Üzə
düzdürmüşəm,
Yarım
deyibdi,
Qoşa
düzdürmüşəm!
Digər
məşhur bir xalq mahnısında da Xal məhəbbət və
ehtiramla yad edilibdir: Onun aşiqi yandırıb yaxmasından
söhbət açılmışdır:
...O mah
camalın...
Ağ
üzdə xalın...
Yandırdı
məni, a balam,
Nədir xəyalın?
Xal
yalnız mahnıya dönmürmüş, həm də
gözəlin yanağında çiçəkləyirmiş:
Xalına
arı qonur,
Çöldən çölə yollanır.
O dəqiqə
bilinir,
Aşiq
üzüdür üzün!
Xal M.H.Şəhriyarı da ilgiləndirmişdi. Xala elə
vurulmuşdu ki,” gözəlin xəttü xalından alıb
məşqimi, Quran yazaram” iddiasına
düşmüşdü.
M.
Füzulinin “Leyli və Məcnun” əsərində fəci məqamlardan
biri də budur: Bir gün Məcnun Leylinin qəbri üstə
gəlib çıxır. Ağlayır, sıxtayır, birdən
baxır ki, bir qarışqa sevdiyi gözəlin qəbrinin
içinə girməyə can atır, yol arayır. O,
qarışqanı götürüb kənara ata, ya da
öldürə bilərdi. Lakin atmır.
Axı Aşiqdir! Aşiqsə kiməsə, nəyəsə
toxunmaz, zülm etməz, onu öldürməz.
Məcnun
başlayır həmin qarışqaya yalvarmağa ki, Leylinin:
Xalına
təərrüz etmə ey mur,
Kim,
bağlıdır onda canı-məchur!
Məcnun
demək istəyir ki, ey qarışqa, gedib mənim
yarımın xalına toxunma ki, canım o xala
bağlıdır!
Xalsız gözəl, gözəliz xal olmaz.
Nə
mutludur cahanda halı xalın,
Ki, yatır lalə bu reyhan içində.
(Hamidi
İsfahanı)
Qazaxlı
şair Əbdürrəhman Ağa Dilbazi yazır:
Nigarə,
tökmə zülfi-pürxəmin xalı siyah üstə,
Rəva görmə çəkim mən bəxti qara
ahı ah üstə.
Şair
demək istəyir ki, nigəra, zülfünü qara xalın
üstünə töküb mənə zülm etmə! Hesab
et ki, onda ahı ah üstdən çəkmiş
olaram, bunu rəva görmə.
Klassik Azərbaycan
şairlərindən olan Mirzə Hüseyn Salari xalla
bağlı çox incə mətəblər olduğunu bəyan
edirdi:
Xalın
sirrini mən müztər sorardım,söylədi
dilbər:
Bunu təfsir qılsam gər, bu nüktə min kitab istər.
(Yəni
Xalın sirrini dilbərdən soranda dedi: Bunun təfsirini etsəm,
bu nüqtə -bu incə mətləbi açmaq
üçün min kitab yazmaq lazım gələrdi.
Başa
bir xəta gələndə və bir daha gəlməsin deyə,
evdən tasaddıq çıxararlar ki,tasa-bəla
bizdən uzaq olsun.
İsmayıl
Bəzmi İrəvanlı) yazırdı:
Hədisdir
ki, təsədduq bəlanı dəf eylər,
Dolandırıb
başə, qurban elə o xala!
(Yəni
belə bir hədis var ki, bəla təsəddüqlə (fitrə,
nəzirlə )dəf olar. Ən
yaxşı iş həmin təsəddüqü öz
başına dolandırıb, öz xalına qurban etməyin
olardı!)
Xal
haqqında ən qiymətli fikirlərdən birini Mahmud Şəbüstəri
özünün məşhur “ Gülşəni-
raz” əsərində demişdir:
Hər nə
bu aləmdə olmuşsa əyan,
Ancaq o günəşin əksidir hər an.
Sanki
zülf, xətt, xal, qaşdır, bu dünya,
Hər
şey öz yerində görünür əla!
Sən
demə qara xallı ağ üzü
görmək ən yaxşı gəncləşmək
iksiriymiş! Səməd Vurğunun “Azərbaycan” şeirində
oxuyuruq:
Hey
baxıram bu düzlərə,
Ala
gözlü gündüzlərə,
Qara
xallı ağ üzlərə
Könül
istər şeir yaza,
Gəncləşirəm yaza-yaza.
İnsanın aşiq olmasının (elə məşuq
olmasının da!) sanki əsas əlaməti onun gözəl,
xüsusən də xallı olmasıymış?!
Xal o qədər müqəddəsdir ki, hind gözəlləri
bəzənib-düzənəndə alınlarına xal
qoymağı unutmurlar. Xalın üzdə qoşa olması da bəzən
xalın xalla bəzənməsi kimi yozulmuşdur.
İnsanların
ən gözəli peyğəmbərlər və “adı
gözəl, özü gözəl peyğəmbərimiz Məhəmməd”
olub!
Gözəlin
üzündəki xal onun gözəlliyindən nişan verən bir əlamət olmuşsa da,
peyğəmbərimizin kürəyindəki xal peyğəmbərliyinə
işarət idi. Peyğəmbərlərin xətmi
Məhəmməd peyğəmbər, xalların da xətmi
peyğəmbərimizin kürəyindəki xalmış bəklə?
“...Məhəmməd
12 yaşı olanda öz əmisinə qoşulub karvanla Dəməşq
şəhərinə yollandı. Karvan Bəsrə
adlı yerdə yolustü dayandı. Əbu
Talib Məhəmmədi karvanın yanında qoyaraq, öz
adamlarıyla nəsrani kahinlərinə məxsus kilsəyə
getdi.
Kahinlərdən Bəheyra adlı birisi diqqət edib gördü ki, göydə bulud parçası bir uşağın (Məhəmmədin!) başı üstə fırlanıb onu günəşin yandırıcı şüalarından qoruyur. Bu qeyri-adi hadisə Bəheyranı maraqlandırdı. O, uşağa yaxınlaşdı və lap yaxın gəlib diqqətlə onun üzünün cizgilərinə baxdı. İki kürəyi arasında göyərçin yumurtası boyda bir xal olduğunu aşkar elədi.
“Bu, Ərəbistanda gözlənilən
peyğəmbərdi”-öz-özünə dedi. Sonra üzünü Əbu
Talibə tutub dedi:
-Bu
uşaq kimdir?
-Mənim
oğlumdur! -deyə Əbu Talib cavab verdi.
-Ola bilməz!- deyib Bəheyra başını buladı.
Əbu
Talib əhvalatı Bəheyraya danışdı:
-Bu mənim
qardaşım oğludur. Onun atası vəfat
edib.
-Özüdür
ki, var!- Kahin söylədi.
-Bu İsanın dediyi peyğəmbərdir. Bir bax, kürəyindəki bu xal peyğəmbərlik əlamətidir. Uşaqdan muğayət olun! Onu xata-bəladan qoruyun:”
(Bilgəz Ələddin. “Məhəmməd peyğəmbərin həyatı” kitabından).
Nəsimi deyirdi ki, Hüsn Əmirinin 4 əsgərdən ibarət bir qoşunu var . O qoşun iki cahanı almış, ələ keçirmiş və məğlub etmədiyi heç kim, heç nə qalmamışdır. Həmin əsgərlər bunlardir: Göz,qaş, zülf, xal.
Qəribədir, bu sıralamaya fikir versək, görə bilərik ki, xalın adı sonuncu olaraq vurğulanmışdır. Bu təsadüfənmi belə olmuşdur?
Yox! Yox!! Yox!!!
Xal- gözəllərin üzündə gözəlliyə qoyulmuş son nöqtədir.
Xal-Peyğəmbərimizin kürəyində son peyğəmbərliyə Allahın vurduğu möhürdür!
Qeyd: Həzrət Əli peyğəmbərin nəşini yuyata çıxaranda kürəyindəki xalın yoxa çıxdığını görmüşdü. Bu, o deməkdi ki, daha peyğəmbərimizdən sonra dünyada peyğəmbər olmayacaq. Ondan sonra bir daha dünyaya peyğəmbər gəlməyəcək!...
Barat
VÜSAL
525-ci qəzet.- 2016.- 17 dekabr.- S.18-19