“Baş” romanı ədəbiyyatımızda müstəsna əsərdir

 

XALQ YAZIÇISI ELÇİNƏ AÇIQ MƏKTUB

 

 

Əziz Elçin müəllim, salam! Bu məktubu mən Sizə əslində bu ilin yanvarında yazmalı idim - “Baş” romanını oxuyandan sonra. Amma həmin ərəfədə atamın vəziyyəti ağırlaşdı, 3 aya qədər ağır xəstə yatdı və aprelin 9-da atam haqqın rəhmətinə qovuşdu. İndi o vaxtdan 5 aydan artıq vaxt keçir və mən bu gün nəhayət ki, özümdə güc tapıb Sizə məktub yazmaq qərarına gəldim.

 

Keçən il dekabrın son günlərində internetdən Sizin yeni roman yazdığınızı öyrəndim. Elə həmin gün, Sizin köməkçinizə zəng etdim. Ondan xahiş elədim ki, Sizə desin, əgər mümkün olsa, yeni romanınızı mənə göndərəsiniz. Sağ olun ki, romanı avtoqrafla mənə göndərdiniz. Romanınızı axşam aldım və roman məni ilk səhifələrdən elə məftun elədi ki, həmin günün səhəri artıq bu əsrarəngiz romanı oxuyub sona çatdırdım.

 

“ Baş” təkcə Azərbaycan ədəbiyyatında deyil, dünya ədəbiyyatında mühüm bir hadisədir. Bu, ədəbiyyatımızda müstəsna əsərdir, tamamilə fərqli romandır. Bu əsərdə tariximizin ən mühüm, amma az tədqiq olunmuş dövrü qələmə alınıb. Siz 19-cu əsrin əvvəllərində Azərbaycanda, Qafqazda, Rusiya, İran, Türkiyə bəzi hallarda Avropada (Azərbaycana dəxli olan) mürəkkəb tarixi olaylar, fərdlərin psixologiyası, sabit olmayan kütlə psixologiyası, güclü dövlətlərin məkrli işğalçılıq siyasəti, dövlətlər arasında açıq-gizli çəkişmələr, insan ehtirasları və digər məsələlərin bədii həllini bu romanınızda son dərəcə mükəmməl şəkildə təqdim etmisiniz. Mən Sveyqin romanları ilə “Baş” arasında paralellər aparmaq fikrində deyiləm. Sadəcə olaraq onu deyim ki, Siz də Sveyq kimi insan psixologiyasının ən dərin qatlarına həssas bir bədiiliklə, hərarətlə nüfuz edirsiniz. “Baş” həm də psixoloji əsərdir; Mahmud bəy, Hacı Muxtar, Sarı Çoban qızı, Molla Müzəffər ağanın daxili aləmləri (xüsusilə Hacı Muxtarla Molla Müzəffər ağanın daxili təbəllüadları, onların daxilində xeyirlə şərin mübarizəsi) - psixoloji durumları nə qədər mükəmməl işlənib bu əsərdə, nə qədər inandırıcıdır. Və yaxud kütlə psixologiyası. Puqaçovun edama gətirilməsi səhnəsini oxuyanda hardasa barbar, söyüşcül kütləni sanki gözlərimlə görürdüm, havaya çökmüş ucuz araq-çaxır-samaqon iyini duyurdum. Qarlı-şaxtalı havanın soyuğunu canımda hiss edirdim. O səhnələri o qədər inandırıcı işləmisiniz ki, elə bilirdim mən də o adamların arasındayam.

 

Bu həmin kütlədir ki, vaxtilə Puqaçovu əsl qəhrəman hesab edirdi. Onu ilahiləşdirmişdi. Indisə həmin kütlə bu quldurun əzablı edamından həzz almaq üçün küçələrə tökülüb ona nifrin yağdırır.

 

Ədəbiyyatın baş qəhrəmanı həmişə insan olub-mənfisi ilə, müsbəti ilə birlikdə. Ən qəddar adamın da qəlbində işıqlı hisslər ola bilər və ya əksinə. Bədii əsərdə hər hansı surət xarakter səviyyəsinə o vaxt yüksəlir ki, həmin xarakterdə yuxarıda dediyim amil olur. Məsələn, bütün həyatının mənasını “Derjava”ya həsr edən və bunu həyatının qayəsi hesab edən, Qafqaz xalqlarının azadlıq istəyinə qənim kəsilən, Rusiyanın düşmənlərini öz şəxsi düşməni hesab edən, imperiyaya qarşı silah qaldıranların qanını içməyə hazır olan Sisianovun, Cavad xana olan sayğısı, onu qartal adlandırması, qətlə yetirdiyi bu comərd insanı xüsusi ehtiramla dəfn etməsi. Və yaxud əli minlərlə günahsız insanın qanına batan vəliəhd Abbas Mirzənin xanəndə Xudaverdi Ağa Əhsənin oxuduğu muğamdan kövrəlməsi dediklərimin bariz nümunəsidir.

 

Sizin romanınızı oxuyanda sanki böyük bir obrazlar qaleriyasına düşürsən: Bakı xanı Hüseynqulu xan, general Sisianov, Abbas Mirzə, Fətəli şah, Ağabəyim ağa - bunlar həm də tarixi şəxsiyyətlərdir. Bilmirəm, Azərbaycanda, Rusiyada, İranda Hüseynqulu xan haqqında nə qədər mənbə var, amma onu deyim ki, Sizin yazdığınız, təsvir etdiyiniz Hüseynqulu xan surəti oxucunun qəlbinə yol tapır. Şübhəsiz ki, burada Sizin bir yazıçı kimi parlaq istedadınız, zəngin təxəyyülünüz müstəsna rol oynayır. Şəxsən mən Hüseynqulu xanı bir şəxsiyyət olaraq Sizin yazdığınız kimi təsəvvür edirəm. Onun bütün xarakterik cizgiləri, dünyagörüşü əsərdə harmonik şəkildə bir-birilə uzlaşır. Sisianov surəti də elə: Bu surətin dəyişməz, sərt xarakterini, daxilindəki soyuqluğu, təmkinini, hisslərini ən gərgin anlarda belə cilovlamasını elə ustalıqla təsvir etmisiniz ki ... Ağabəyim ağa da elə, Abbas Mirzə də həmçinin. “Baş” romanının bir üstün məziyyəti də ondadır ki, o dövrün ən mühüm hadisələri xronoloji ardıcıllıqla, bütün dolğunluğu ilə və ən əsası yüksək bir bədiiliklə oxucuya çatdırılır.

 

Mən “Baş” romanını oxuyandan sonra, təbii ki, bu roman haqqında yazılan məqalələri də oxuyurdum. Bir oxucu kimi qənaətimi deyirəm - əsərə düzgün qiymət verənlər də oldu, bəzi məqamlarda yanılanlar da. Əsas odur ki, bütün müəlliflər “Baş”ı yüksək qiymətləndirdilər. Amma bu roman haqqında yazanlardan bir neçəsi Mahmud bəy surətinə irad tutdular. Yəni o cür mərd, ötkəm Mahmud bəyin, Abbas Mirzənin hüzurunda birdən-birə “sınmasını”, sonra havalanmasını bir çox tənqidçilər qəbul edə bilmədilər. Yəni onlar Mahmud bəyi sona qədər qəhrəman kimi görmək istəyirdilər. Bu surət haqqında mənim fikrim nədir? Əslində, bu romanda ən mükəmməl işlənmiş surətlərdən biri elə Mahmud bəy surətidir. Sizin zövqünüzün aliliyi, qələminizin kəsəri hamıya bəllidir. Mahmud bəy surətini sona qədər qəhrəman kimi işləmək, bu surəti Azərbaycan ədəbiyyatının ən qəhrəman obrazlarından birinə çevirmək Sizin üçün çox asan olardı. Amma əvəzində roman itirərdi. Mahmud bəy surəti elə bir surətdir ki, Abbas Mirzə ilə görüşənə qədər onun bir sözünü iki edən olmayıb (dayısı Hüseynqulu xan ona nə qədər qəzəbli olsa da, əslində o, sədaqətli, igid bacısı oğluna böyük məhəbbət bəsləyir və bunu bütün Abşeron əhalisi kimi Mahmud bəy də bilir). Sisianov kimi bir “nəhəng”i qətlə yetirib, onun kəsilmiş başını İran şahına aparanda o, Şahdan təşəkkür gözləyir. Eyni zamanda, Mahmud bəyin özü üçün ali, müqəddəs, fəqət özünün fərqində olmadığı mümkünsüz bir arzusu var - dünyadakı bütün türkləri birləşdirmək (bu surət mənə “Mahmud və Məryəm”dəki Sarışın oğlanı - Süleyman paşanı xatırladır). O, bu arzusunu gerçəkləşdirmək üçün İran şahından - əslən türk olan Fətəli şahdan dəstək almaq fikrindədir. Mahmud bəy bu fikrini Abbas Mirzə ilə gərgin-dramatik görüşündə vəliəhdə də deyir. Abbas Mirzə isə Mahmud bəyin bu absurd fikrinə nəinki rişxəndlə yanaşır, hətta onun təhqirəmiz şəkildə çadırdan eşiyə atılmasını əmr edir. Bax, bu zaman bütün arzularının məhv olduğunu başa düşən Mahmud bəy mənən sınır. Bu  hərəkəti ilə Abbas Mirzə Mahmud bəyin müqəddəs niyyəti ilə birlikdə heysiyyətini, ləyaqətini də təhqir etmiş olur. Bu psixoloji travma Mahmud bəyin düşüncəsini iflic edir. Aldığı bu travmadan o ağlını itirməli idi - itirir də. Bu, başqa cür ola da bilməzdi.

 

“Baş” romanı həm də modernist romandır. Orada bir ruh obrazı var-Sisianovun sərgərdan ruhu. O ruh dərgaha qalxana qədər-yəni romanın sonuna qədər oxucu ilə birlikdə olur. Azərbaycan ədəbiyyatında belə bir obraz (bilmirəm obraz sözü yerinə düşürmü?) yoxdur.  Hər halda mən rast gəlməmişəm. Mənim bildiyim odur ki, ruh haqqında yazmaq hər yazıçının işi deyil.  Sisianovun ruhu üçün zaman   anlayışı yoxdur. Ali bir qüvvə, Sisianovun gerçək həyatda yaşadığı, iştirakçısı, səbəbkarı olduğu hadisələri bir-bir onun ruhuna göstərir. Nədir bu hadisələr: Mənasız yerə tökülən qanlar, insanların taleyinə vurulmuş amansız zərbələr, öz soykökünə dönüklük. Mənasız həyatı-ailə qurmaması, qeyri-qanuni doğulmuş oğlunun fransız ordusunun zabiti olaraq Rusiyaya qarşı döyüşməsi, ömrünün faciəli, eyni zamanda rüsvayedici sonluğu-başının kəsilməsi, kəsilmiş başının təhqir olunması (Qurd Kərim kəsilmiş başın sifətinə tüpürür)... Sisianovun hər şeyə biganə ruhu təhtəlşüur onu da hiss edir ki, səbəbkarı, iştirakçısı, icraçısı olduğu bütün bu əməlin bir sorğusu olacaq. Oxucunun çıxardığı nəticə isə belədir ki, artıq yaşananlar yaşanıb, olanlar olub, heç nəyi geri qaytarmaq mümkün deyil.

 

Bu əsərdə nə qədər hadisələr var. Bir-birindən maraqlı olan hadisələr. Bəzən elə bil ki, roman içərisində ayrıca, müstəqil bir hekayə oxuyursan. Məsələn: Mehtər Cəfərin hekayəti, yaxud Sarı Çoban qızının macərası. Bu hadisələr nə qədər müstəqil, ayrıca mətin təsiri bağışlasalar da , əslində romandakı ideyanın oxucu tərəfindən tam mənimsənilməsində həlledici rol oynayır.

 

“Baş” çoxqatlı romandır, mən bu romanı iki dəfə oxumuşam. Hər yeni oxunuşda da yeni-yeni məziyyətləri meydana çıxır. Bütün əsərlərdə epizodik surətlər, epizodik hadisələr olur. Bəzi romanlarda epizodik bir hadisəni oxuyursan, epizodik bir surətə rast gəlirsən və həmin kitabdan daha bir neçə səhifə oxuyursan, həmin epizodik surət, hadisə, özünün də fərqində olmadan yadından çıxır   unudulur. “Baş”da isə epizodik surətlər, epizodik hadisələrlə bağlı vəziyyət tamam başqadır. “Baş”dakı epizodik hadisələr, surətlər mənim fikrimə görə, özü maraqlı bir araşdırmanın, məqalənin mövzusudur. “Baş”dakı epizodik surətləri xatırlayıram: Molla Zülfüqar, Yemelyan Puqaçovu qətlə yetirən cəlladlar, Sisianovun növbətçi zabiti. Mən bu surətlərdən ikisi haqqında (Qəssab Balarza və şagirdi) danışmaq istəyirəm. Sisianovun başının kəsilməsi üçün Qoşa Qala qapısının qarşısına yoğun qəssab kötüyünü onlar gətirirlər. Sisianovun başı kəsiləndən sonra onların mükaliməsinə diqqət edək: “Qəssab Balarzanın şəyirdi kötüyə tərəf getmək istəyəndə Qəssab Balarza onun qolundan yapışıb

 

- Hara? -soruşdu

 

Şəyird: - Kötüyü götürək də -dedi

 

Qəssab Balarza açıq-aşkar bir mütəəssirliklə:

 

- Hara götürək alə? - soruşdu - Bundan sonra mən onda ət kəsib, camaata sataciyəm?

 

Və iri, kök bir adam olan qəssab Balarza yanlarını basa-basa Qoşa Qala Qapısından uzaqlaşdı və quzu qoyunun dalınca düşən kimi, şəyird də onun ardınca getdi.

 

Qəssab Balarza bircə dəfə ayaq saxlayıb uzun illər boyu ona xidmət etmiş, o kötüyə tərəf arxaya baxdı və elə bil, öz-özünə

 

- Həyif ondan - dedi - Yaxşı kötüy idi, zay oldu.

 

Bir neçə cümlə ilə iki epizodik obrazın daxili aləmini açmaq, onların dünyagörüşünü, düşüncəsini, əxlaqi sifətlərini tam şəkildə    oxucuya çatdırmaq - bax, bu əsl böyük yazıçılara xas olan cəhətdir. Qeyri-adi bir  peşəkarlıqla, ustalıqla işlənmiş belə hadisələr,   bu cür özünəməxsus, koloritli obrazlar oxucunun yaddaşında ömürlük məskən salır,   heç vaxt unudulmur, yaddan çıxmır. Bu romanda heç bir artıq detala rast gəlməzsən.

 

Bir neçə kəlmə də əsərin dili barədə. Qısaca olaraq onu deyim ki, “Baş”ı oxuyandan sonra bu əsərin yazıldığı ana dilimizlə qürur duydum. “Baş” bir daha sübut edir ki, bizim müasir ana dilimiz dünyanın ən gözəl, cazibədar, əsrarəngiz dillərindən biridir.

 

Elçin müəllim, bu kitabla bağlı mənim kövrək, əziz xatirələrim var. Mən yanvar ayında Sizin romanınızı oxuyanda atam ağır xəstə idi. Kitabı oxuyan günün səhərisi ona dəyməyə getmişdim. Çarpayısına uzanmış xəstə atama “Baş” romanından danışmağa başladım. Atam kitabı məndən istədi. Atam o vaxt roman oxuya biləcək vəziyyətdə deyildi. Ağrıları çox idi. Gecələr pis yatırdı, ya heç yatmırdı... səhəri gün onlara gedəndə yenidən kitabı soruşdu. Gətirmədiyimi biləndə əsəbiləşdi. Səhər gətirərəm desəm də, gözləməyə hövsələsi çatmadı. Bacım oğlu axşam bizə gəldi və kitabınızı atama apardı. Gecəyarısı atamın yanında qalan bacım sevincək mənə zəng elədi , atamın vəziyyətinin yaxşılaşdığını dedi. Gününü çarpayısında uzanmış halda keçirən atam yatağından qalxıb Sizin kitabınızı oxuyurmuş. Səhər atamgilə gəldim. Çarpayısında oturmuşdu. Çiyninə yorğan atmışdılar və atam eynəyini gözünə taxıb Sizin kitabı oxuyurdu. Nə ağrılarından şikayətlənirdi, nə də yuxusuzluqdan. Sizin göndərdiyiniz həmin “Baş” romanının titul səhifəsində, son günlərinə qədər xəttini itirməyən atam belə bir qeyd yazıb: “Oxucuya ən yaxşı hədiyyədir. Oxudum 18-20. 01.2016. Eşq olsun Elçinə”.

 

Bu, atamın kitab cildinə yazdığı sonuncu qeydidir. Sonra gerçəkdən də mənim və atamın övladlarının, ona baxan həkimlərin gözləmədiyi bir hadisə baş verdi: Çayı belə köməksiz içə bilməyən atam “Baş” romanı haqqında məktub-məqalə yazdı və həmin yazı “Ədəbiyyat  qəzeti”ndə çap olundu. Həmin məqalə atamın yazdığı sonuncu məqalə oldu. Çap olunmuş həmin yazı isə atamın mətbuatda çap olunmuş sonuncu yazısı idi. Siz həmin məktub-məqalə ilə bağlı atama cavab məktubu yazdınız və o məktubu çap etdirdiniz. Həmin məktub da atama ünvanlanmış sonuncu məktub idi. Atam bütün ömrü boyu nə qədər kitab oxuyub, Allah bilir. Ağ cildli “Baş” romanı atamın oxuduğu sonuncu kitab oldu. İndi təsəvvür edirsinizmi, təkcə yuxarıda yazdığım faktlara görə Siz bizə - atamın övladlarına nə qədər doğma, nə qədər yaxın, nə qədər munis, nə qədər əziz insansınız, Elçin müəllim!

 

Etibar İmamverdi oğlu Əbilov

Neftçala

 

525-ci qəzet.- 2016.- 17 dekabr.- S.14-15