Kirayə arzular
Əlvida,
Hüseyn Cavid prospekti!
Azmayım deyə elə gəldiyim küçələrlə
Nizami metrosuna qayıtdım. Yol boyu götür-qoy
etdim. Evin sahibəsinə, ən əsası Yeganəyə nə deyəcəyimi düşündüm.
Yenə qıza yazığım gəldi. Axı, o zavallı da
mənim kimi evdən qurtulmaq istəyirdi. Ürəyim əriyib fikirlərimi yemək istəsə də, yaddaşım buna aman vermədi.
Sahibənin qızlarının ədası, Yeganənin kobudluğu, hətta şamaxılı ədiblərin
“gecələri” kinolent
kimi eynəyimin önündən keçdi.
Düşündüm ki, bəlkə
evə çatan kimi elə düzünü
söyləyim? Deyim ki,
hamınızdan bezdiyimə
görə canımı
götürüb gedirəm.
Sonra fikirləşdim
ki, belə işdə insanın karına ancaq
yalan gəlir. Bəs, çox sevdiyim “ən böyük biclik düzlükdür” kəlamı necə olsun? Düzü, bir anlıq
özüm-özümdən utandım. Amma nəsə uydurmağa məcbur idim...
Qapını açıb içəri
daxil olanda sahibənin böyük qızı kərpiclə
cins şalvarını
döyəcləyirdi. Yazıq şalvarın
dili olsaydı, bəlkə də harayı bütün prospekti bürüyərdi.
Qızla
salamlaşanda heç
üzümə belə
baxmadı. Özümü mətbəxə atdım.
Mətbəxtdə içi tərəvəzlərlə
dolu olan balonlar yenə karvan kimi sıraya
düzülmüşdü. Balonlar sınmasın deyə ayağımın ucunda otağa keçdim. Yeganə çarpayısında uzanıb
kitab oxuyurdu. Üzümə belə baxmadı.
Heç elə bil bir həftə
öncə mənimlə
küçələrə düşüb ev
axtaran bu deyildi. Düşündüm ki, bir neçə günün içində bir-birimizdən
ildırım sürəti
ilə necə uzaqlaşmışıq? Bəlkə tikəmizi yarı bölmədik, ona görədir? Axı,
un məhsulunun ən müqəddəs növü əlaqələri
möhkəmləndirir (indi
düşünürəm ki, insanlar kökəlməsinlər
deyə çörəyi
azaldandan münasibətlər
də korlanıb).
...Yeganə kitabı tumbanın üzərinə
qoyub yerindən sıçrayanda elə bildim üstümə hücum çəkəcək.
O, ayaqlarının ucunda
pəncərəyə yaxınlaşıb
ehtiyatla pərdəni
çəkdi.
- Boy, deyən sabah yağış yağacaq?- Yeganə boynunu
uzadıb səmaya baxdı.
- Mən çıxıram.
O, qaşlarını alnına
qaldırıb təəccübləndi.
- Boy... Bəs, mən necə olacam?
Həmin
an dilimi yalanın ixtiyarına buraxdım.
- Nə bilim vallah...
Bibimgildə qalacam. İmkan yoxdur.
Gərək iş də tapım...
- Hm.. Belə de! Məni atdın, hə?
- Demə day... Təsadüfən alındı. Bibim dedi, yığış
gəl yanıma...
Bunu söyləyəndə
elə bildim üstümdən böyük
yük götürüldü. Deyəsən, inandırıcı oynamışdım.
Yalanımdan ruhlanıb ayağa
qalxdım. Şifonerdən paltarlarımı götürüb
iri çantama qoydum. Yeganə çaş-baş qalmışdı.
Yardımçı olmasa da, məni diqqətlə
izlədi:
- Ay Ülü, deyirəm, qızım olanda adını qoyacam. Qoy sənə oxşasın!
-Nə gözəl! - daha heç
nə deyə bilmədim.
Bu, Yeganədən eşitdiyim
ilk və son etiraf idi. Yükümü hazırlayandan sonra
mətbəxə keçdim.
Sahibə qapağı balona
bərkitməklə məşğul
idi. Böyük qız adətinə
xilaf çıxmadı,
yenə məni yuxarıdan aşağıya
süzdü. Onun baxışları
daha məni qıcıqlandırmadı. Salamsız-kəlamsız mətləbə
keçdim:
- Gələn ay üçün
pul verməyə imkan yoxdu. Gedib bibimgildə
qalacam.
Sahibə əlini saxladı. Əvvəlcə
qızlarının, sonrasa
mənim gözümə
diqqətlə baxdı:
- Özün bil. Nə deyim. Bizim də pulumuz
olsaydı, evdə kirayənişin saxlamazdıq.
Bunu söyləyəndə
sahibə qəhərləndi. Böyük qızı
iti addımlarla otağına keçib anasını səslədi.
Mətbəxdən bir tərəfi
əyilmiş alüminium
qazanımı, köhnə
tavamı götürüb
yükün üstünə
qoydum. Kiçik
qız otağa gəlib astaca soruşdu:
- Elə bu gün
gedirsən?
Sualı eşidəndə duruxub qaldım. Mənə indi çatdı
ki, bu otaqda
son saatımı, bəlkə
də dəqiqəmi yaşayıram. Qız iri
gözlərini mənə
zilləyib cavabımı
gözlədi.
- Birazdan çıxıram,
- dedim.
- Amma maraqlı günlərimiz oldu. Yadında, şairləri yada salırdıq?
“Hə” deyib dərindən ah çəkdim. Daha ona heç nə söyləmədim. Elə bildim
yenə də Nəsimini, Sabiri, Seyid Əzimi başıma çırpacaq.
Yüküm ağır olduğundan onu sürüyə-sürüyə
qapıya gətirdim. Otaqda Yeganəylə, mətbəxdə
sahibə ilə görüşdüm. Böyük qız
otağından çıxmadı,
kiçik qız, əksinə məni prospektə kimi ötürdü. 43 nömrəli darvazanı bağlayıb yükümü
darta-darta metroya gəldim. Heç geriyə belə
baxmadım. Həmin
an düşündüm
ki, daha bundan sonra nə
hansısa qızla bir dam altında qalacam, nə də Elmlər Akademiyası ətrafında
yaşayacam. Xatirələrim
məndən qabaq vaqona tullandı...
Görəsən, Cavid əfəndinin ruhunu incitmədim ki?
P.S. Qəribədir, nə
sahibənin, nə də uşaqlarının
adı yadımda qalıb.
Bakı, fevral-avqust, 2016
Ülviyyə HEYDƏROVA
525-ci qəzet.- 2016.- 17 dekabr.- S.12.