Qədirşünaslıq
nümunəsi
Azərbaycan
Yazıçılar Birliyi milli ədəbiyyatımızı,
filoloji düşüncəmizi tədqiq və təbliğ
edən, elmi, bədii yaradıcılıqla sıx
bağlı olan xarici ölkə vətəndaşlarına həmişə
diqqət, qayğı və həssaslıq göstərmiş,
birliyin ali tədbirlərində onların fəal
iştirakına şərait yaratmış, ən layiqlilərini
AYB-nin fəxri üzvlüyünə qəbul etmişdir.
Birliyin fəxri üzvləri arasında İran,
Türkiyə və Rusiyadan olan görkəmli ziyalılar,
istedadlı qələm əhli məlum səbəblərə
görə üstünlük təşkil edir. Doktor Cavad Heyət, professor
Qulamrza Səbri Təbrizi, Əli Əsğər Şeirdust,
Məmmədəli Fərzanə, Məhəmmədtağı
Zehtabi, professor Əli Yavuz Akpınar, Seyfəddin Altaylı,
Ənvər Uzun, Çingiz Bektaş, İsa Qayacan, Metin Turan,
Anton Aqarunov, Lyudmila Lavrova, Yuri Pompeyev və b. fəxri üzvlərin
Azərbaycan ədəbiyyatı, mədəniyyəti
qarşısında ləyaqətlə göstərdikləri
fədakar xidmətlər təqdirəlayiqdir. AYB
rəhbərliyi tarixən rəğbətlə
qarşılanan qədirşünaslıq ənənələrini
bu gün də böyük sayğı və iftixar hissi ilə
davam etdirir. Cəfər Cabbarlı
Komissiyasının təqdimatı ilə birliyin fəxri
üzvləri sırasına bu günlərdə milli ədəbiyyatımızla
sıx bağlı olan daha iki nəfər tərcüməçi-alim
qəbul olunmuşdur.
Mariya
Keneşi (Maria Edit Kenessey - 1946).
Mariya
Keneş 1946-cı il aprel ayının 1-də Macarıstan
Respublikasının paytaxtı Budapeşt şəhərində anadan olub, ümumi orta məktəbin
8-ci sinfini bitirdikdən sonra ELTE Universiteti nəzdində fəaliyyət
göstərən rus dili və ədəbiyyatı təmayüllü
gimnaziyada təhsilini davam etdirmişdir. Tədris proqramında
rus dilində keçirilən dərslərin
üstünlük təşkil etdiyi gimnaziyada Mariya Keneşi
Azərbaycan ədəbiyatı ilə o vaxtlar rus dili vasitəsilə
yaxından tanış olmağa
başlamışdır. O, 1964-cü ildə gimnaziyada dördüncü
kursda oxuyarkən olduqca çətin imtahan verərək
Azərbaycan Dövlət Universiteti (indiki BDU - A.R.) Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı
ixtisası üzrə qəbul olunur.
İlk dəfə
1964-cü ilin avqust ayında Azərbaycana,
Bakı şəhərinə gələn M.Keneşi sentyabr
ayından Azərbaycan Dövlət Universiteti Filologiya
fakültəsinin Azərbaycan bölməsində ali təhsil almağa başlayır. Burada ona məşhur
dilçi-alimlərdən fakültənin dekanı
Əlövsət Abdullayev, professorlardan Fərhad Zeynalov,
Ağamusa Axundov, Musa Adilov, Yusif
Seyidov, görkəmli ədəbiyyatşünaslardan Bəxtiyar
Vahabzadə, Abbas Zamanov, Əkrəm Cəfər, Firudin
Hüseynov, Cəlal Abdullayev və b.
dərs deyirdi.
Bakı
şəhərini Mariya Keneşi üçün unudulmaz edən
xoşbəxt hadisələrdən biri də odur ki, macar xanım
burada Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət
Neft və Sənaye Universiteti - A.R.) neft mühəndisi
ixtisası üzrə təhsil alan
bolqarıstanlı tələbə Luka Zumpalov ilə
tanış olur və 1967-ci ildə onlar xoşbəxt bir ailə
qururlar. Qarşılıqlı sevgi əsasında
qurulan bu izdivacdan Mariya və Lukanın 1969-cu ildə Elica
adlı qızı dünyaya gəlir. Universitetin
son kursunda oxuyan Mariya körpə uşağının
olmasına baxmayaraq, imtahanlara ciddi hazırlaşır. Professor Bəxtiyar Vahabzadənin rəhbərliyi və
tərtibində “Azərbaycan poeziya antologiyası”
mövzusunda diplom işi hazırlayır. Azərbaycan
şairlərinin seçilmiş şeirlərini macar dilinə
sətri tərcümə edir (Təəssüf ki, həmin
antologiya bugünədək macar dilində nəşr
olunmamışdır - A.R.). O diplom müdafiəsindən
sonra Azərbaycan Dövlət Universitetini müvəffəqiyyətlə
bitirir, 1970-ci ildə Azərbaycan dili və ədəbiyyatı
üzrə mütəxəssis kimi Macarıstana, doğma vətəninə,
sevimli ailə üzvlərinin yanına qayıdır.
Mariya
Keneşi Azərbaycanda beş illik ali təhsildən
sonra, bir vaxtlar gimnaziyasında təhsil aldığı
Budapeştdəki ELTE Universitetinin Türkoloji kafedrasında fəalliyətə
başlayır. Əvvəl Azərbaycan dilini və
ədəbiyyatını, sonralar isə türk dilini də tədris
edir, elmi-tədqiqat işləri ilə məşğul olur.
Akademik, böyük türkoloq, Azərbaycana səmimi
sevgiləri ilə tanınan Georg Hazainin rəhbərliyi ilə
1976-cı ildə “Fransco-Maria Maggonun türkçə grammeri
(XVII-ci əsr)” mövzusunda dissertasiya müdafiə edərək
filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi
alır.
Xanım Mariya Keneşi qırx ilə yaxındır ki,
böyük həvəslə, tükənməz sevgi ilə
Azərbaycan ədəbiyyatını macar dilinə çevirərək
nəşr etdirir. Onun ilk tərcüməsi 1977-ci ildə
Budapeştdə çıxan “Europa könyvkiado” dərgisinin
359-cu sayında (s.349- 359) işıq üzü görən
Yusif Səmədoğlunun “Beşik” hekayəsidir. Bu əsər birbaşa orijinaldan çevrildiyi
üçün macar ədəbi-ictimai həyatında
maraqla, rəğbətlə qarşılandıa. İlk tərcüməsinin uğurundan fərəhlənən
xanım M.Keneşi Azərbaycan ədəbiyyatının
klassiklərindən Mirzə Fətəli Axundzadənin
“Aldanmış kəvakib” (Kijatszott csillagok. 1977), “Nəzm və
nəsr haqqında” (Vers es proza. 1979), “Komediyalar və nəsr”
(Komediak es proza. Budapest, 2012, 332 s.) əsərlərini, Cəlil Məmmədquluzadənin
“Seçilmiş novellaları” (Valogatott novellak, Akaprint,
Budapest, 2011, s.132), Əbdürrəhim bəy Haqverdiyevin
“Seçilmiş hekayələr” (Valogatott müvei,
Azerbajdzsani Köztarsasag Magyarorszagi Nagykövetsege, Budapest,
2015, s.128), “Azərbaycanca - macarca danışıq
kitabçası” (Azerbajdzsani - magyar tarsalgas. Europai Folklor intezet,
Budapest, 2010, 172 s.), Anarın “Seçilmiş əsərləri”ni, (2015), Kamal Abdullanın “Gəlin Azərbaycan
dilində danışaq” (Beszeljünk azerbajdzsaniul. Egy orszag es annak nyelve, Akaprint, Budapest, 2011, s.238)
kitablarını, Səlim Babullaoğlunun
“Yağışlı axşamların birində” (Egy esos
ejszaka. 2010) hekayəsini macar dilinə çevirərək nəşr
etdirmişdir. O böyük sənətkarımız Cəfər
Cabbarlının “Hekayələri”ni tərcümə
etməyi planlaşdırır. Hazırda
M.Keneşi XIX əsr macar mütəfəkkiri İmre
Madaçın “İnsan faciəsi” (1861) adlı nəzmlə
yazılmış fəlsəfi dramının Azərbaycan
dilinə tərcüməsi üzərində
çalışır. Bu günlərdə Mariya
xanım mənə yazdığı məktubda qeyd edirdi:
“Hörmətli Asif müəllim, mənə göstərdiyiniz etimada və dəstəyinizə görə təşəkkür edirəm.
Bildiyiniz
kimi, gələn il mart ayında Bakıda
Macarıstan günləri keçiriləcəkdir.
İnşallah, o zaman, imkan olarsa, mən də gələcəyəm.
İndi XIX əsr macar şairi İmre
Madaçın “İnsanın faciəsi” adli poemasının
azəricə tərcüməsində iştirak edirəm.
Mənim Azərbaycana borcum var. İndi birgə
çalışmaq üçün gözəl imkanlar var,
ancaq çox təəsüf ki, qocaldım...
Sizdən məktub alanda sevinirəm. Güc
verirsiniz. Sağ olun, Mariya, 08.11.2016”
“Mənim Azərbaycana
borcum var” - deyən filologiya üzrə fəlsəfə
doktoru, tərcüməçi Mariya Keneşinin Azərbaycan
Yazıçılar Birliyinin fəxri üzvü seçilməsi
günümüzün həssaslıq, diqqətcillik örnəyi,
qədrşünaslıq nümunəsidir.
Süleyman
Kaan Yalçın (1980)
Azərbaycan Yazıçılar Birliyi Cəfər
Cabbarlı Komissiyasının üzvü (2015), filologiya
üzrə fəlsəfə doktoru, dosent.
Süleyman Kaan Yalçın 1980-ci ildə Türkiyə
Cümhuriyyətinin Elazığ şəhərində anadan
olub, ibtidai və orta məktəbi burada bitirib. O 1997-ci ildə Elazığda
fəaliyyət göstərən Fırat Üniversiteti
Ədəbiyyat Fakültəsinin Türk dili və ədəbiyyatı
bölümünə daxil olaraq bu ali təhsil
ocağını 2001-ci ildə müvəffəqiyyətlə
başa vurmuşdur.
Fırat
Üniversitetinin məzunu həmin il
Adıyaman Merkez Menderes məktəbində Türk dili müəllimi
vəzifəsinə qəbul edilir, burada beş ay
çalışdıqdan sonra, 2002-ci ilin fevral ayında
Fırat Üniversitetinin Təhsil Fakültəsinin Türkcə
təhsil kafedrasında araşdırmaçı vəzifəsinə
dəvət aldı. Taleyini təhsil aldığı
universitetlə bağlayan S.K.Yalçın magistraturanı
bitirdikdən sonra, 2005-ci ildən həmin universitetin Ədəbiyyat
fakültəsi Türk dili və ədəbiyyatı
bölümündə doktorluq mövzusu üzərində
araşdırmalar aparır, tədqiqat xarakterli məqalələr
çap etdirir, konfranslarda, simpoziumlarda fəal iştiraka
üstünlük verirdi.
Professor-doktor
Əhməd Buranın elmi rəhbərliyi ilə üzərində
çalışdığı “Çağdaş türk
lehçelerinde ünlüler” adlı elmi-tədqiqat işini
başa vuran S.K.Yalçın 2009-cu ildə müdafiə edərək
filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini
almışdır.
Türkiyədə
və Azərbaycanda ədəbiyyatşünaslığın
və dilçiliyin aktual problemləri ilə bağlı
çoxsaylı elmi məqalələr çap etdirən,
kitablar yayınlayan S.K.Yalçın 2012-ci ildə Fırat
Üniversitetinin Təhsil Fakültəsinin Türkcə təhsil
kafedrasının dosenti elmi adına layiq
görülmüş, eyni zamanda həmin universitetin Sosial elmlər
fakültəsi çağdaş türk ləhçələri
və ədəbiyatları kafedrasının müdir
müavini vəzifəsində çalışır.
Süleyman
Kaan Yalçının Azərbaycan dili, ədəbiyyatı,
mədəniyyəti ilə yaxından tanışlığı,
bu xalqa sevgisi doğulub boya-başa çatdığı
Elazığ şəhərində bir vaxtlar
yaşayıb-yaratmış azərbaycanlı milli şair Almas İldırımın şeirlərindən,
ədəbi-bədii irsindən başlamışdır. Hər
il Elazığda keçirilən “Xəzər şeir
axşamları” adlı simpoziuma Azərbaycandan dəvət
alan görkəmli şairlər, ədəbiyyatşünaslar
ilə təmasları, sıx əlaqələri, burada Məhəmməd
Füzuliyə, Almas İldırıma, Bəxtiyar Vahabzadəyə
və b. həsr edilən beynəlxalq konfranslar onun
xalqımıza, dilimizə, ədəbiyyatımıza olan
sevgisini daha da dərinləşdirmişdir.
S.K.Yalçının “Elazığ ağzında
görülən ikiləmələrin kökü,
bünövrəsi və anlamı baxımından Azərbaycan
türkçəsindəki ikiləmələrlə
qarşılaştırılması” adlı elmi-tədqiqat əsəri
Bakıda “Filologiya məsələləri” jurnalında (2012)
nəşr edildikdən sonra mütəxəssislərin diqqətini
cəlb etmişdir. Eləcə də onun görkəmli
professorlar Əhməd Buran, Ercan Alkaya ilə müştərək
yazdıqları və 2014-cü ildə Ankaradakı
Akçağ nəşriyyatında işıq üzü
görən “Çağdaş Türk Yazı Dilleri”, I cild,
(Güneybatı/Oğuz Grubu) adlı tədqiqat əsərində
Azərbaycana geniş yer ayrılmışdır.
Dosent Süleyman Kaan Yalçın deyərdim ki,
Türkiyədə Azərbaycan ədəbiyyatının ən
fəal təbliğatçılarından biridir. O hələ 2010-cu ildə
bu sətirlərin müəllifinin “Cafer Cabbarlı:
Hayatı, Sanatı ve Mücadelesi” adlı irihəcmli
monoqrafiyasını Türkiyə türkcəsinə
çevirərək “Manas Yayıncılık” nəşriyyatında
böyük tirajla nəşr etdirmişdir. Professor
Gülşən Əliyeva-Kəngərlinin “Azerbaycan Fuzuli
Araştırmacılığı” (2013) kitabı da onun
çevirməsi və fəaliyyəti nəticəsində
Türkiyədə geniş yayılmışdır.
2014-cü
ilin sentyabr ayında Bakıya dəvət edilən
S.K.Yalçın Azərbaycan Yazıçılar Birliyinin
Natəvan klubunda böyük sənətkarımız Cəfər
Cabbarlının 115 illiyi münasibətilə keçirilən
tədbirdə “C.Cabbarlı və çağdaş türk
dünyası” mövzusunda geniş, sanballı məruzə
etdi. Bir il sonra isə AYB-ın yeni
yaratdığı Cəfər Cabbarlı Komissiyasına
üzv seçildi. Süleyman Kaan Yalçın bu sətirlərin
müəllifinə ünvanladığı son mesajında Cəfər
Cabbarlının hekayələrinin türkcəyə
çevirərək nəşrə hazırladığını,
bu fəaliyyətdən qürur duyduğunu, “Azerbaycan
edebiyatı ve dili için elimden gelen her şeyin en iyisini
yapmaya gayret göstereceği”ni bildirirdi.
Azərbaycanın
xalq şairi Zəlimxan Yaqubun anım mərasiminin
Elazığda, Manas Yayıncılıkın konfrans
zalında ziyalıların, alimlərin, şair və
yazıçıların iştirakilə keçirilməsində,
Fırat televiziya kanalı vasitəsilə
yayınlanmasında (2016 yanvar) S.K.Yalçının
böyük zəhməti olmuş və o, məclisi yüksək
səviyyədə idarə etmişdir.
Onun son vaxtlar türkoloqlar, dilçi alimlər, o cümlədən azərbaycanlı akademiklər Ağamusa Axundov, Tofiq Hacıyev və b. haqqında apardığı araşdırmaları da, güman edirəm ki, tezliklə oxuculara ünvanlanacaq, “Azerbaycan coğrafyasının Türk diline çok büyük hizmetleri olmuştur” - deyən müəllifinə böyük rəğbət hissi qazandıracaqdır.
AYB-ın fəxri üzvü seçilməsi barədə dosent Süleyman Kaan Yalçına xəbər verəndə o çox sevindi, həyəcandan səsinin tonunda xəfif bir dəyişiklik yarandı, ani fasilədən sonra dedi: “Azerbaycan Yazarlar Birligi üyesi olmak Azerbaycan sevdalısı biri olarak benim için büyük bir şereftir. Siz bana güzel işler yapmak için enerji veriyorsunuz. İnşallah, ben de buna layık hizmetler yaparım”.
S.K.Yalçın sözün həqiqi mənasında bir Azərbaycan sevdalısıdır. Təsadüfi deyildir ki, o, Azərbaycan - Türkiyə ədəbi-mədəni əlaqələri sahəsində xidmətlərinə görə C.Cabbarlının Ev Muzeyi və ədibin adını daşıyan mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyinin təsis etdiyi “Cəfər Cabbarlı Mükafatı”na (2012) layiq görülmüşdür.
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin bu günlərdə macar alimi Mariya Keneşi və türkiyəli alim Süleyman Kaan Yalçını fəxri üzvlər sırasına qəbul etməsi milli ədəbiyyatımızın xarici ölkələrdə yayılması və təbliği sahəsində əhəmiyyətli xidmətlərdən dolayı, həssaslığa hesablanmış ehtiram əlaməti, qədirşünaslıq nümunəsidir.
Asif
RÜSTƏMLİ
Azərbaycan
Yazıçılar Birliyi Cəfər Cabbarlı
Komissiyasının sədri
525-ci qəzet.- 2016.- 17 dekabr.- S.10