Elmi-ədəbi
düşüncənin imkanları və uğurları
On
doqquzuncu əsrin sonları, iyirminci əsrin ilk onilliklərində
Azərbaycan ədəbiyyatı, mətbuatı və mədəniyyətində
özünəməxsus mövqeyi olan görkəmli
ədib Eynəli bəy Sultanov çoxşaxəli yaradıcılıq
fəaliyyəti ilə xalqımızın ədəbi-mədəni
tərəqqisinə layiqli xidmət göstərib.
"Eynəli
bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında" Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 fevral 2016-cı
il tarixli Sərəncamında qeyd olunduğu kimi:
"Publisistika sahəsində səmərəli fəaliyyət
göstərən Eynəli bəy Sultanov bədii
yaradıcılıqla da məşğul olmuş, ictimai fikrə
və maarifçi mühitə təsir göstərən
hekayə və dram əsərləri, şeirlər
yazmış, tərcümələr etmişdir". Bədii ədəbiyyat və publisistika ilə
ardıcıl məşğul olan, rus və Azərbaycan dillərində
yazdığı müxtəlif səpkili əsərlərini
mətbuatda dərc etdirən ədib onları kitablarda
toplayıb oxuculara çatdırmağa o qədər də həvəs
göstərməyib, daha doğrusu, bu məsələdə
təvazökar mövqe tutub. Zəngin və çoxcəhətli
yaradıcılığa malik Eynəli bəyin
sağlığında cəmi iki bədii kitabı çap
olunub: Rus dilində yazdığı "Tatarka" (Azərbaycan
qızı") pyesi 1904-cü ildə İrəvanda kitab
şəklində nəşr edilib, 1926-cı ildə isə
Tiflisdə "Seyidlər" hekayəsi kitab halında
oxuculara çatdırılıb. Vəfatından
sonra isə ədibin yalnız bir kitabı işıq
üzü görmüşdü. 1966-cı ildə nəşr
olunmuş həmin kitabda yazıçının hekayələrinin
az bir qismi, cəmi 12 hekayəsi
toplanıb. Ona görə də deyə bilərik
ki, çağdaş oxucular E. Sultanovun ədəbi irsi ilə
geniş tanışlıq imkanına malik deyil.
Bunu nəzərə
alan tədqiqatçı Elxan Yurdoğlu (Məmmədov)
uzunmüddətli axtarışlar nəticəsində Eynəli
bəyin rus və Azərbaycan dillərində nəşr
olunmuş iyirmi bir hekayəsini də əlavə olaraq
toplayıb, əvvəlki nümunələrlə birlikdə
2016-cı ildə "Hekayələr" adı ilə
"Elm və təhsil" nəşriyyatında kitab şəklində
çap etdirib. AMEA-nın vitse-prezidenti, akademik
İsa Həbibbəylinin ön sözü ilə çapdan
çıxmış bu kitab Eynəli bəyin nəsr
yaradıcılığı barədə təsəvvürləri
genişləndirir, dəqiqləşdirir və tamamlayır.
E.Yurdoğlunun
ədibin vəfatından sonra ilk dəfə oxuculara
çatdırdığı "Naxırçı
qızı Gözəl", "Qurd balası",
"Novruz ağa", "Həsən xan", "Kürd
qızı", "Dərviş Nurəli",
"İnsafsız kimdir?", "Əmələ ailəsi",
"İnqilab zümzüməsi", "Aşıq üz
görən yerdə" və digər hekayələr on doqquzuncu əsrin
sonları, iyirminci əsrin ilk onilliklərində "Novoye
obozreniye", "Yeni fikir", "Yeni yol",
"İşıq yol", "Dan yıldızı"
kimi mətbuat orqanlarından toplanılmış, bəziləri
də əlyazmalar əsasında çapa hazırlanıb. Təqdim olunan əsərlər
yazıçının yaradıcılıq
axtarışlarının təkamülünü, rəngarəng
çalarlarını, tematika, problematika və poetika
xüsusiyyətlərini dəyərləndirmək
üçün zəngin material verir. O da aşkar
görünür ki, Eynəli bəy müasir cəmiyyətdən
yazanda da, keçmiş həyatdan mövzu götürəndə
də xalq həyatı və məişətinə
yaxından bələdlik nümayiş etdirmiş, hekayələrinin
koloritli, təbii, oxunaqlı olmasına ciddi fikir vermişdir. Onun təhkiyəsindəki folklor ənənələri
də diqqətdən yayınmır.
Kitabın sonunda E.Yurdoğlunun verdiyi izahlar hər bir
hekayənin yazılış, yaxud nəşr tarixi barədə
bilgimizi konkretləşdirir.
Bütövlükdə
Elxan Yurdoğlu-Məmmədovun ağır zəhmətinin,
çoxillik tədqiqatının nəticəsində araya-ərsəyə
gələn bu kitab ədəbiyyat tariximizdə silinməz
imzası olan Eynəli bəyin
yaradıcılığının çağdaş
oxuculara, elmi-ədəbi ictimaiyyətə
çatdırılması baxımından dəyərli
addım olmaqla yanaşı, bütövlükdə on
doqquzuncu əsrin sonları, iyirminci əsrin ilk onillikləri
Azərbaycan ədəbiyyatının unudulmuş nümunələrinin bir qisminin
diqqət mərkəzinə çəkilməsi
baxımından da faydalı və əhəmiyyətlidir.
Onu da xatırladaq ki, Elxan Yurdoğlu-Məmmədovun
görkəmli yazıçı Eynəli bəyin əsərlərini
toplayıb nəşr etdirməsi təsadüfi olmayıb,
onun bu sahədəki çoxillik fəaliyyətinin tərkib
hissəsi və məntiqi nəticəsidir. Belə ki, E. Yurdoğlu uzun
müddət Eynəli bəy Sultanovun
yaradıcılığı üzrə tədqiqat
aparmış, müxtəlif jurnal, toplu və qəzetlərdə
bir çox məqalələr dərc etdirmiş, həmçinin
ədibin irsindən bəzi nümunələri də mətbuatda
müasir elmi-ədəbi ictimaiyyətə
çatdırmışdır. 2016-cı il
Elxan Yurdoğlu üçün başqa bir cəhətdən
də əlamətdar olmuşdur. O, filologiya üzrə fəlsəfə
doktoru elmi dərəcəsi almaq üçün "Eynəli bəy Sultanovun
foklorşünaslıq irsi" mövzusunda dissertasiyasını uğurla
müdafiə etmişdir.
Azərbaycan
folklorunun toplanılması, nəşri və tədqiqində
Eynəli bəy Sultanovun çoxşaxəli xidmətlərini
hərtərəfli şəkildə araşdıran doktorant ədibin
XIX əsrin sonları, XX əsrin ilk onilliklərində
böyük zəhmətlə toplayıb Tiflisdə və Bakıda Azərbaycan
və rus dillərində çıxan müxtəlif mətbuat
orqanlarında dərc etdirdiyi folklor nümunələrini, həmçinin
şifahi xalq ədəbiyyatımızın müxtəlif
problemlərinin öyrənilməsinə həsr olunmuş dəyərli
məqalələrini elmi-ədəbi təhlil süzgəcindən
keçirmişdir. Eynəli bəyin toplayıb nəşr
etdirdiyi folklor materiallarının bəlli olan digər
variantlarla müqayisəli təhlilə cəlbi, oxşar və
fərqli məqamların aşkarlanması da Elxan müəllimin
araşdırmalarının üstün məziyyətlərindən
sayılmalıdır.
Zəngin
folklorumuzun mükəmməl bilicisi olan Eynəli bəy Sultanovun
yaradıcılığında şifahi xalq ədəbiyyatı
ənənələrinin mövqeyi də E. Yurdoğlu tərəfindən
lazımınca təhlil olunmuşdur. E.Sultanovun bədii əsərlərində
folkor mövzuları və süjetlərindən bəhrələnmənin
təzahür çalarları konkret materiallar əsasında
araşdırılmış, nağıllardan, atalar sözlərindən,
məsəllərdən, mövsüm və mərasim nəğmələrindən,
bayatılardan, aşıq poeziyası örnəklərindən istifadə barədə
müvafiq təhlillər
aparılmış, səciyyəvi məqamlar üzə
çıxarılmışdır. Eynəli bəyin
publisistik əsərlərində folklordan istifadə
imkanları da aşkarlanmış, nəticədə
mövzunun kompleks tədqiqi təmin olunmuşdur.
Elə tədqiqatçılar var ki, özlərinin
araşdırmasının dəyərini daha qabarıq (hətta
olduğundan da artıq) nəzərə çatdırmaq
üçün əvvəlki müvafiq elmi əsərlərə
lazımi diqqət yetirmir, bəzən hətta onlara ötəri
münasibət bəsləyirlər. Bu mənada Elxan
Yurdoğlunun atdığı addım, göstərdiyi elmi
etika nümunəsi sözün əsl mənasında ibrətli
və təqdirəlayiqdir. Belə ki, o,
dissertasiyasını monoqrafiya halında nəşr etdirməzdən
qabaq özündən əvvəl Eynəli bəy Sultanov
haqqında müdafiə olunmuş, fəqət indiyədək
kitab halında işıq üzü görməmiş iki
dissertasiyanı çapa hazırlayaraq elmi-ədəbi
ictimaiyyətə təqdim etmişdir. Bunlardan biri mərhum
ədəbiyyatşünas İzzət Maqsudovun 1964-cü ildə akad. M.Z.Cəfərovun rəhbərliyi ilə müdafiə
etdiyi "Eynəli bəy Sultanovun həyatı və
yaradıcılığı" adlı namizədlik
dissertasiyasıdır. E. Yurdoğlunun çapa
hazırladığı həmin dissertasiya bu yaxınlarda
"Elm və təhsil" nəşriyyatında "Eynəli
bəy Sultanov: həyat və
yaradıcılığı" adıyla kitab şəklində
çapdan çıxmışdır (elmi redaktoru və
ön sözün müəllifi akad. İ.Həbibbəyli). İ.Maqsudovun monoqrafik
tədqiqatında Eynəli bəyin həyatı, bədii
yaradıcılığı və publisistikası
ardıcıl olaraq üç fəsildə əhatəli
şəkildə araşdırılmışdır. Akademik
İsa Həbibbəylinin qeyd etdiyi kimi "zəngin mənbəşünaslıq
bazasına, ciddi elmi-nəzəri əhəmiyyətə malik
olan bu kitab Azərbaycan ədəbiyyatşünaslığında "Eynəli bəy Sultanov
kimdir?"- sualının ilk və mükəmməl
elmi cavabıdır".
E.Məmmədovun çapa hazırladığı
ikinci əsər isə İradə Əsədovanın
1991-ci ildə AMEA-nın müxbir üzvü A.Zamanovun rəhbərliyi
ilə müdafiə etdiyi "Eynəli bəy Sultanovun
yaradıcılıq yolu" adlı dissertasiyasıdır. Naxçıvanda
"Əcəmi" nəşriyyat-poliqrafiya birliyində rus
dilində nəşr olunmuş bu kitab da (məsləhətçi
AMEA-nın müxbir üzvü Ə.A.Quliyev, elmi redaktoru dos.
Ə.Qasımov) elmi səviyyəsi ilə
seçilir, ədibin həyat və
yaradıcılığı ilə bağlı bir sıra məsələlərə
aydınlıq gətirir.
Onu da deyək
ki, E.Məmmədov hər iki kitabı nəşrə
hazırlamaqla yanaşı, birincidə "Tərtibçidən",
ikincidə isə "Eynəli bəy Sultanov haqqında ikinci
dissertasiya" başlıqlı mətnlərlə
çıxış etmiş, özündən əvvəlki
tədqiqatçıların əməyini ehtiramla dəyərləndirmişdir.
Kitablarda müxtəlif məsələlərin
dəqiqləşdirilməsi üçün E.Məmmədovun
ayrı-ayrı səhifələrdə yazdığı
qeydlər və izahlar da ədəbiyyatşünaslığın
son nailiyyətlərini əks etdirməklə yerinə
düşmüşdür.
Ümumiyyətlə,
Elxan Məmmədovun əziyyətli və şərəfli zəhmət
hesabına nəşrə hazırladığı
üç kitab - E.Sultanovun "Hekayələr"i,
İ.Maqsudovun və İ.Əsədovanın monoqrafiyaları görkəmli ədibin 150
illik yubileyinə layiqli töhfələrdir.
Bir
sıra tədqiqatçılar dissertasiya müdafiə etdikdən
sonra mövzu ilə sanki "vidalaşır", işlərini
bitmiş sayırlar. Amma Elxan Yurdoğlu yenə
də Eynəli bəy irsi ilə bağlı
araşdırmalarını davam etdirməkdədir. Bu məqalə üzərində işlərkən
mətbuatda onun yeni bir tapıntısı diqqətimizi çəkdi.
E.Yurdoğlu həmin yazısında
tanınmış tədqiqatçı, əslən Azərbaycandan
olub vaxtı ilə Türkiyəyə mühacirət
etmiş professor Əhməd Cəfəroğlunun 1971-ci ildə
qardaş ölkədə Eynəli bəyin ömür və
sənət yolu haqqında dərc etdirdiyi məqalədən
söz açmış, onun mətnini ilk dəfə ədəbi
ictimaiyyətimizə çatdırmışdır.
Elxan Yurdoğlu-Məmmədovun Eynəli bəy Sultanova
olan sevgisini biz gənc tədqiqatçının ona yad olan
başqa bir sahədəki fəaliyyətində də
açıq-aşkar müşahidə edirik. Belə ki, bu ilin yaz-yay
aylarında Naxçıvan Dövlət Televiziyası tərəfindən
Eynəli bəy Sultanovun həyat və
yaradıcılığından bəhs olunan "Onun həyat
amalı" sənədli filmində baş rolda biz Elxan
Yurdoğlunu görürük. E.Sultanovun
obrazını canlandıran Elxan Yurdoğlunun başqa bir
istedadı ilə qarşılaşırıq. Bədii
və publisistik əsərləriylə düşüncəmizdə
formalaşan Eynəli
bəy Sultanov xarakterini Elxan Yurdoğlu kamera
qarşısında sanki uzun illər bu sahədə fəaliyyət
göstərən təcrübəli aktyor kimi
tamaşaçılara çatdıra bilmişdir. Bu həm də gənc alimin öz tədqiqat obyektinə,
tədqiqat sahəsinə fanatikcə
bağlılığından doğan fədakarlıq
nümunəsi kimi təqdirəlayiqdir.
Elxan Yurdoğlu səmərəli ədəbiyyatşünaslıq
fəaliyyəti ilə yanaşı, bədii
yaradıcılıqla da ardıcıl şəkildə məşğul
olur. Daha doğrusu, o, elmdən əvvəl poeziyaya qədəm
qoymuş, çap etdirdiyi şeir kitabları ilə
istedadlı, orijinal duyum və deyim tərzinə malik bir
şair kimi tanınmışdır. Hazırda Elxan Məmmədov bədii
yaradıcılığını elmi axtarışlarla
paralel şəkildə uğurla davam etdirməkdədir.
Bunlarla yanaşı, son illərdə Elxan Yurdoğlu bədii
tərcümə sahəsində də diqqətəlayiq
işlər görməkdədir. 2016-cı ildə onun
bu sahədəki yaradıcılıq fəaliyyəti iki yeni
nəşrlə əlamətdar olmuşdur. Türkiyənin
paytaxtı Ankarada Kültür Ajans Yayınları tərəfindən
nəşr olunmuş
"Nakş-ı Cihan-Nahçıvan
(Nahçıvan konulu şiirler)" adlı toplu
E.Yurdoğlu tərəfindən türk dilinə
çevrilmişdir. Kitabda doğma
Naxçıvanımıza həsr olunmuş yetmiş yeddi
şeir verilmişdir. Tərcüməçinin kitaba
yazdığı "İki dövlət, bir millətin
könül qapısı Naxçıvan şairlərin və
şeirlərin dili ilə" adlı ön sözdə də
vurğuladığı kimi, burada müxtəlif ədəbi
nəsillərə mənsub tanınmış şairlərlə
yanaşı, əlinə yeni qələm alan
bəzi gənclərin də əsərləri verilmişdir.
Topluda müxtəlif ədəbi nəsillərə mənsub
şairələrin də müvafiq şeirləri yer
almışdır. Bədii yaradıcılıq sahəsində
ilk uğurlu addımlarını yenicə atan gənc ədəbi
qüvvələrin də kitabda təmsil olunması poetik təsəvvürü
tamamlayır.
Bədii nümunələrin bir çoxunda
Naxçıvanın bugünkü yüksəlişinin poetik tərənnümü
başlıca yeri tutur.
Elxan
Yurdoğlunun tərcüməsində Türkiyə oxucularına
təqdim olunan
"Nakş-ı Cihan-Nahçıvan
(Nahçıvan konulu şiirler)" kitabı doğma
diyarımızın tarixi, bu
günü, təbii gözəllikləri, qurub-yaradan
insanları, çağdaş tərəqqisi barədə mükəmməl təsəvvür
yaradan dəyərli ədəbi topludur .
E.Yurdoğlu 2016-cı ildə daha bir tərcümə
kitabı nəşr etdirmişdir. O, tanınmış yazar və
araşdırmaçı Hayrettin İvginin "Manas-Altay
dağlarının qaplanı" adlı irihəcmli mifoloji
dastan-romanını türk dilindən Azərbaycan dilinə
çevirmişdir. Həmin tərcümə də
Ankarada Kültür Ajans Yayınları tərəfindən nəşr
olunmuşdur. Mövzusu qırğız
folklorundan götürülən bu maraqlı əsər
E.Yurdoğlunun nəsr tərcüməsi sahəsində də
peşəkarlığını göstərir.
Bu müfəssəl qeydlərdən
göründüyü kimi, istedadlı və məhsuldar qələm
sahibi Elxan Yurdoğlunun elmi və ədəbi
düşüncəsi geniş imkanlara malikdir. Və ən
önəmlisi də odur ki, bu genişlik keyfiyyətin zəifləməsi
hesabına baş vermir. Elxan Yurdoğlu-Məmmədov
həm şair, həm tədqiqatçı, həm də tərcüməçi
kimi səmərəli və dəyərli əsərlər
ortaya çıxarır (buraya onun aktual mövzularda qələmə
aldığı publisistik məqalələri də əlavə
etmək yerinə düşər). Bütün
bunlar isə Elxan Yurdoğlunun yurda, xalqa əsl övlad sədaqəti
və məhəbbəti ilə ziyalı xidmətinin
danılmaz göstəriciləridir.
Hüseyn HƏŞİMLİ
Filologiya üzrə elmlər doktoru, Əməkdar
elm xadimi
525-ci qəzet.- 2016.- 20 dekabr.- S.7.