Türk xalqlarının ədəbi-mədəni həyatında
mühüm hadisə
Birinci Türkoloji Qurultay - 90
VƏ YA BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN
BİR QRUP İŞTİRAKÇISININ KƏDƏRLİ
AQİBƏTİ
Türk xalqları ədəbiyyatı tarixinin öyrənilməsində 1926-cı il 26 fevral - 6 martda keçirilmiş Birinci Türkoloji Qurultayın materialları böyük əhəmiyyət kəsb edir.
Bakıdakı
"İsmailiyyə" binasında (hazırda AMEA Rəyasət
Heyətinin binası - A.Ş.) keçirilən qurultay
ümumtürk ədəbi dili, əlifba, termin məsələləri,
eləcə də tarix, arxeologiya və ədəbiyyat sahələrinin
bir sıra istiqamətlərini əhatə edən çox
mühüm hadisə kimi tarixə düşüb.
Azərbaycan Prezidenti İlham
Əliyevin Birinci Türkoloji Qurultayın 80 illiyi ilə
bağlı 9 noyabr 2005-ci il tarixli sərəncamının
xüsusi əhəmiyyətini vurğulamaq yerinə
düşür.Türkdilli xalqların tarix və
etnoqrafiyasının, dil və ədəbiyyatının aktual
problemlərinin həllində mühüm rol oynamış,
bu xalqların mədəni inkişafında yeni bir mərhələnin
təməlini qoymuş Türkoloji qurultayın yubileyinin
keçirilməsi haqqında ilk Prezident sərəncamı
türk xalqları arasında möhkəm əlaqələrə,
beləliklə də türkologiya elminin inkişafına
böyük təkan verdi.
Azərbaycan Prezidenti İlham
Əliyevin "Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin
keçirilməsi haqqında" 18 fevral 2016-cı il tarixli sərəncamı da həmin
qurultayın türk xalqlarının həyatında necə
böyük tarixi əhəmiyyət
daşıdığını bir daha təsdiq edir. Sərəncamda qeyd olunduğu kimi, "Qurultaydan bəri
ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində
yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın
türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən
biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi
birliyinin nəzəri-elmi bünövrəsinin
yaradılması ilə əlamətdardır".
Dövlət başçısı tərəfindən
imzalanmış hər iki sərəncam bu gün türkdilli
respublikalar arasında elmi-mədəni əlaqələrin
inkişaf etdirilməsində mühüm əhəmiyyətə
malikdir.
Qeyd etmək lazımdır
ki, 2016-cı ildə türkdilli respublikalarda Birinci
Türkoloji Qurultayın möhtəşəm yubiley mərasimləri
keçirilir.
23-25 may Qazaxıstanın paytaxtı Astana şəhərində
keçirilmiş "Böyük Çöl" Birinci Beynəlxalq
Humanitar Forumunu buna misal göstərmək olar. Belə
ki, bu tədbirdə türkdilli dövlətlərdən, eləcə
də dünyanın bir çox ölkələrindən rəsmi
şəxslər, beynəlxalq təşkilatların rəhbərləri,
diplomatik nümayəndəliklərin təmsilçiləri,
20 ölkədən 200-dən çox ekspert və alimlər
iştirak ediblər.
Tədbir çərçivəsində
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov
"Azərbaycan Respublikası Prezidentinin fəxri
diplomu"nu qazax xalqının böyük oğlu, müasir
ədəbiyyatın görkəmli nümayəndəsi və
tanınmış ictimai xadim Oljas Süleymenova təqdim edib. Qeyd edək ki, 17 may
2016-cı il tarixdə dövlətimizin
başçısı İlham Əliyev 80 illik yubileyi
münasibətilə Oljas Süleymenovun "Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif
edilməsi haqqında Sərəncam imzalamışdı.
Forumda "Avrasiya məkanında elmi
əməkdaşlıq və inteqrasiya: Müasir
yanaşmaların axtarışı", "Türkologiya
yeni mərhələdə: Metodoloji yanaşmalar, müasir
texnologiyalar və fənlərarası aspektlər",
"Türk irsi müasir etnik-mədəni inteqrasiya kontekstində",
"Böyük Çöl sivilizasiyası: ümumi və
xüsusi" mövzusunda panellərdə müzakirələr
aparılıb, "Böyük Çöl"ün mədəniyyəti,
həmin sivilizasiyada insanın formalaşması kimi
mövzular müzakirə olunub. Məşhur alimlərin tarix,
arxeologiya, etnoqrafiya, folklor, ədəbiyyat və incəsənət,
dil və terminologiya elmlərinə və sahələrinə,
latın əlifbası məsələlərinə
dair mülahizələri maraqla dinlənilib.
Bakıda keçirilmiş Birinci
Türkoloji Qurultayın 90 illiyinə həsr edilmiş
"Türkologiya yeni mərhələdə: Metodoloji
yanaşmalar, müasir texnologiyalar və fənlərarası
aspektlər" mövzusunda keçirilən panelin moderatoru
akademik İsa Həbibbəyli olub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Birinci
Türkoloji Qurultayın 90 illiyi münasibətilə
imzaladığı sərəncamın böyük əhəmiyyətini
xüsusi vurğulayan akademik İsa Həbibbəyli yubileylə
bağlı digər türkdilli dövlətlərlə
yanaşı ölkəmizdə də keçirilən tədbirlərdən
ətraflı danışıb. "Türk
dünyasında inteqrasiya prosesləri: ədəbi-tarixi ənənələr
və müasir dövr" adlı məruzə ilə
çıxış edən akademik İsa Həbibbəyli
qurultayın tarixi və elmi əhəmiyyəti, müzakirə
olunmuş məsələlər, təmsil olunmuş ölkələr
və Birinci Türkoloji Qurultayın nümayəndələri,
onların sonrakı taleyi haqqında geniş danışaraq
Birinci Türkoloji Qurultayın 131 nəfərlik nümayəndə
heyətinin ölkələr üzrə adlarını bəyan
edərək görkəmli türkoloq alimlərin xatirəsini
minnətdarlıq hissi ilə yad edib. Türkoloji Qurultaya həsr
edilmiş iclasda Seul Universitetinin professoru Yonq Sonq Li (Koreya),
Əhməd Baytursunov adına Dilçilik İnstitutunun
baş elmi işçisi Alimxan Junisbek (Qazaxıstan), Türk
Dil Qurumunun prezidenti Mustafa Kaçalin (Türkiyə),
Miçiqan Universitetinin professoru Timur Kocaoğlu (ABŞ),
İstanbul Universitetinin professoru Osman Fikri Sərtqaya (Türkiyə)
və Rusiya EA Sibir Şöbəsi Filologiya İnstitutunun
direktor müavini, professor Natalya Şirobokova (Rusiya) Altay dilləri
üzrə tədqiqatlar, ümumi türk əlifbası,
türk ədəbi abidələri, türk
dünyasının ümumi latın əlifbasına
keçid məsələləri, müasir türk
dünyasının tarixi əlaqələri və sair
mövzularda məruzələrlə çıxış edərək
dəyərli fikir və mülahizələrini bildiriblər.
Beynəlxalq forum çərçivəsində
Türk Dünyası Elmlər Akademiyaları Birliyinin də
toplantısı keçirilib. Qurumun rəhbərliyində
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin də
təmsil olunduğu iclasda bir sıra məsələlər ətrafında
fikir mübadiləsi aparılıb, mühüm əhəmiyyətə
malik qərarlar qəbul olunub. Birinci
Türkoloji Qurultayın 90 illiyi ilə bağlı tədbirlər
planından danışan akademik İsa Həbibbəyli
türk dünyasında mütəşəkkilliklə
keçiriləcək yubiley tədbirlərinin
koordinasiyası, əhatə dairəsi, mövzuları barədə
ətraflı söhbət açaraq təkliflərini səsləndirib.
Türkdilli respublikalarda qeyd olunacaq yubiley tədbirlərindən
sonra akademik İsa Həbibbəylinin təklifi ilə yekun
beynəlxalq elmi konfransın bu ilin noyabr ayında Bakıda
keçirilməsinin planlaşdırıldığı və
tədbirin elmi istiqamətləri barədə fikir mübadiləsi
aparılıb. Qeyd edək ki, yubileylə bağlı tədbirlər
2016-cı il boyu davam etdirilir.
Məlum olduğu kimi, Birinci
Türkoloji Qurultayda 131 nümayəndə iştirak
etmişdir. Sonradan 120-yə yaxın
iştirakçısının, seçmə alim və
mütəfəkkirinin əksəriyyətinin həbsi və
fiziki məhvi ilə bitən bu qurultay türkologiya elminin
müxtəlif istiqamətlər üzrə öyrənilməsi
baxımından mühüm mərhələ kimi dəyərləndirilir.
Tarixi qurultayda doqquz gün ərzində
17 iclas keçirilib, türk dünyasının dilinə,
tarixinə, ədəbiyyat və mədəniyyətinə həsr
olunmuş 29 məruzə dinlənilib. İsmayıl
bəy Qaspıralı və Vasili Radlovun şərəfinə
keçirilməsi qərarlaşdırılan qurultay,
artıq qeyd olunduğu kimi, türk xalqlarının ədəbi-mədəni
həyatında mühüm əhəmiyyətə malikdir.
Dünya türkologiya elminin məşhur
simaları olan görkəmli şərqşünas-alimlərin
tədbirdə iştirakı və məruzələrlə
çıxış etmələri Birinci Türkoloji
Qurultayın elmi-tarixi mahiyyətini daha da artırıb.
Qazax xalqının nümayəndələrinin
də fəal iştirak etdiyi Birinci Bakı Türkoloji
Qurultayında türkologiyanın çoxaspektli, geniş
yaradıcılıq istiqamətlərinə malik
mövzularını əhatə edib. Bunlar
aşağıdakılardır: Əlifba məsələsi;
İmla-orfoqrafiya problemi; Termin məsələsi; Tədris-metodika məsələsi; Qohum və qonşu dillərin
qarşılıqlı əlaqəsi və interferensiya
problemləri; Türk dillərinin
ədəbi dil problemləri, o cümlədən, ortaq ədəbi
dil məsələsi; Ulu dil nəzəriyyəsi
və türk dillərinin tarixi problemləri. Müzakirəyə
çıxarılan problemlər əsasən dil məsələlərinə
aid olub, digər filoloji problemləri əhatə etməyib.
Bunun da əsas səbəbi Sovet ideologiyası məsələləri
idi ki, bunun da səbəbləri aydındır. Sonrakı dövrdə - 1937-1940-cı illərdə
İ.V.Stalinin yenidən türklərin əlifbasını dəyişərək
kiril-rus əlifbasına keçməsi, dilin adını dəyişdirməsi
isə sovet repressiya siyasətinin və ümumən, totalitar
rejim ideologiyasının tərkib hissəsi kimi səciyyələndirilir.
Türkdilli xalqların
qarşılıqlı ədəbi əlaqələrinin daha
da genişləndirilməsinə stimul yaratmış Birinci
Türkoloji Qurultay türkologiya problemlərinin öyrənilməsində
misilsiz əhəmiyyətə malik olub. Belə ki, qurultaydan
sonrakı uzun bir dövr ərzində türkdilli xalqların
əlifbalarının
poliqrafik və orfoqrafik əsasları, ədəbi
dil, dilçilik xüsusiyyətləri, elmi terminologiya məsələləri,
ana dilində dərsliklərin yazılması, lüğətlərin
yaradılması istiqamətlərində xeyli işlər
görülüb. XX əsrin məşhur rus
şərqşünas alimi, görkəmli dilçi və
türkoloq Andrey Kononov "Qurultayın qərarlarının
elmi əhəmiyyətini bu gün də itirmədiyini"
xüsusi qeyd edib.
Qurultay türk tarixinin,
türk etnoqrafiyasının, türk təsviri sənətinin
öyrənilməsi ilə bağlı məruzələr,
çıxışlar elmi dəyəri və bu gün də
əhəmiyyətini itirməyən elmi sanbalı ilə
seçilir.
İndiyədək
qurultayın məram və məqsədi, tarixi əhəmiyyəti,
ayrı-ayrı türk xalqlarının filoloji tarixinin öyrənilməsi
və digər bir çox məsələlər barədə
müxtəlif ədəbi-elmi qaynaqlarda, kütləvi elmi tədbirlərdə
ətraflı bəhs olunub, türkoloq dilçi və filoloq
alimlərin elmi, elmi-nəzəri müddəaları öz əksini
tapıb.
Birinci Türkoloji
Qurultayın böyük coşqu və mütəşəkkiliklə
davam edən əks-sədası böyük bir
coğrafiyanı əhatə edirdi. 1927-ci ildə Krımda, 1928-ci ildə
Səmərqənddə, 1930-cu ildə Almatıda imla
konfransları, 1932-ci ildən başlayaraq keçirilən
Türk Dili Konqresləri, 1976-cı ildə Almatıda, 1980-ci
ildə Daşkənddə, 1988-ci ildə Aşqabadda
keçirilən Sovet türkoloji konqresləri Birinci Türkoloji Qurultayın təsiri ilə
keçirilmiş mühüm elmi tədbirlərdir. Bu tədbirlər türkologiyanın müxtəlif
istiqamətlər üzrə inkişafına böyük
töhfələr vermişdir ki, bu inkişafda da bütün
türkdili xalqların nümayəndələri kimi qazax
xalqının görkəmli alimlərinin də xüsusi
payı vardır.
Biz digər türkdilli
xalqların nümayəndələri ilə yanaşı,
qurultayda iştirak etmiş və müxtəlif mövzularda
çıxışlar etmiş Qazaxıstan nümayəndələri
barədə söhbət açacağıq.
Birinci Türkoloji Qurultayda
Qazaxıstan 4 nümayəndə ilə təmsil olunub. Nazir Torekulov
adlı daha bir qazax isə tədbirə Moskvadan dəvət
edilmişdi. Beləliklə, qurultayda iştirak edən 5
nəfər qazax - məşhur maarifçi, dilçi alimlər,
öz ölkələrində yeni əlifba siyasətinin
görkəmli nümayəndələri Əhməd
Baytursunov (1872-1937), Bilal Suleyev(1893-1937), İldes Omarov
(1892-1937), Əziz Bəyseyidov(1893-1955) və Nazir
Torekulov(1892-1937) olublar.
Onlar kim idilər?
Qazax xalqının tarixində misilsiz xidmətləri
ilə iz salmış bu görkəmli şəxsiyyətlərin
keçdiyi həyat yoluna qısaca nəzər salaq.
İctimai-siyasi xadim, maarifçi,
linqvist alim, ədəbiyyatşünas, türkoloq, tərcüməçi
olan Əhməd Baytursunov (5 sentyabr 1872-1937) parlaq ədəbiyyatşünas
və pedaqoq kimi tanınıb.
Əhməd Baytursunov aul ilk təhsilini mollaxanada almış, burada əlaçı şagird kimi tanınmışdı. Sonra Turqay ikisinifli rus-qazax məktəbində təhsil almışdı. Daha sonra Orenburqa gedərək təhsilini davam etdirmək məqsədi ilə görkəmli maarifçi İbray Altınsarin tərəfindən əsası qoyulmuş dördillik müəllimlər seminariyasına daxil olur. Əhməd Baytursunov olmazın əzab-əziyyətinə, böyük maddi çətinliklərə baxmayaraq 1895-ci ildə məktəbi bitirir və o vaxtdan 1909-cu ilədək Aktübinsk, Kustanay və Qarqaralı uyezdlərinin aul volost məktəblərində müəllimlik edir. Kustanay uyezdində işlədiyi zaman meşəbəyinin evində yaşayan Əhməd onun qızı Aleksandra ilə evlənir. Müsəlman adətilə ailə quran cütlüyün xanımı ərinin soyadını götürüb adını da dəyişərək Badrisəfa Məhəmmədsadıq qızı Baytursunova kimi tanınır. Kustanayda məskunlaşan ailə sonradan Omska, daha sonra Qarqaralıya köçərək 1909-cu ilədək burada yaşayır. Əhməd Baytursunov 1907-ci ildə çar üsuli-idarəsini tənqid etdiyinə görə həbs olunur və iki ildən sonra ikinci dəfə tutularaq məhkəməsiz-filansız 8 ay müddətinə azadlıqdan məhrum edilərək Semipalatinsk həbsxanasına göndərilir. 1905-ci ildə siyasi fəaliyyətə başlayan Əhməd Baytursunov bir müddətdən sonra məsləkdaşı ilə Orenburqda "Qazax" qəzetini açır və 5 il müddətində bu qəzet əsas milli ictimai-siyasi və elmi-ədəbi nəşr kimi tanınır. 1917-ci ildə "Alaş" qazax partiyasının və Alaş-Orda hökumətinin yaradıcılarından və rəhbərlərindən biri kimi tanınsa da, təşkilat bağlandıqdan sonra Sovet hakimiyyəti tərəfinə keçərək bir sıra vəzifələrdə çalışır.
Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzvlüyünə namizəd qəbul edilən Əhməd Baytursunovu 1919-cu il aprelin 24-də qurulan RSFSR Xalq Hərbi Komissarlığı yanındakı Qırğız (Qazax) bölgəsini idarə edəcək Hərbi İnqilab Komitəsinə üzv təyin olunur. Bolşeviklər hakimiyyətə gələndən sonra o, Qazaxıstan MSSR maarif naziri təyin olunur. Əhməd Baytursunov Mərkəzi Komitədə, Qazaxıstan MSSR Mərkəzi İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə və Türküstan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı "Ak jol" qəzetində işləyə-işləyə elmi-pedaqoji fəaliyyətini də davam etdirir. 1926-cı ildə onu partiya üzvlüyündən və vəzifədən azad edirlər. 1929-cu ildə keçmiş siyasi fəaliyyətinə görə NKVD tərəfindən həbs olunaraq Arxangelsk vilayətinə sürgün olunur, arvadı isə qızlığa götürdükləri Şolpanla birlikdə Tomska göndərilir.1934-cü ildə Maksim Qorkinin arvadının müdaxiləsi ilə həbsdən azad edilir və sonradan yenə də ailəsi ilə birgə-artıq övladlığa götürdüyü 3 uşaqla birlikdə Alma-Ataya köçür (burada yaşadığı ev sonradan muzeyə çevrilmişdir - A.Ş.). 1937-ci ilin oktyabr ayında yenidən həbs edilən Əhməd Baytursunov iki aydan sonra - dekabrın 8-də "xalq düşməni" adı ilə güllələnir. Yalnız ölümündən 51 il sonra - 1988-ci ildə ona bəraət verilib.
(Ardı var)
Ağahüseyn ŞÜKÜROV
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2016.- 21 dekabr.-
S.4.