Gəncədə ənənəvi Beynəlxalq Şərab Festivalı keçirilib

 

Yerli şərab istehsalçıları ilə yanaşı 8 ölkədən mütəxəssislərin və digər onaqların qatıldığı bu 4-cü Gəncə  görüşündə  bizim və Avropa ölkələrinin ən tanınmış şərab məhsulları nümayış olunub

 

Gəncə şəhəri İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin, həmçinin  Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının dəstəyi ilə keçirilən sayca 4-cü festivalın   məqsədi şərabçılıq ənənələrinin inkişafı, şərab istehlakı mədəniyyətinin təbliği, yerli istehsalçıların fəaliyyətinə və onların məhsullarının xarici bazarlara çıxarılmasına dəstək vermək olub.

Festivalda Gəncə, Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöy və Abşeronda yerləşən şərab istehsalı müəssisələri ilə yanaşı, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Fransa, İtaliya, Bolqarıstan kimi  ölkələrdən, bir sıra şəhər və vilayətlərin rəhbərləri də daxil olmaqla, yüzədək qonaq iştirak edib.

Festival iştirakçıları Gəncə şəhər Park-Bulvar Kompleksində təşkil olunan pavilyonlara baxıblar. Musiqi kollektivlərinin çıxışları, teatrallaşdırılmış səhnələr festivalı daha rəngarəng edib.

İştirakçılar ənənəvi Gəncə Şərab Festivalını maraqlı gərəkli tədbir kimi dəyərləndiriblər.

"Azərbaycan hökumətinə minnətdarıq ki, hər il  bu cür möhtəşəm festival təşkil edir. Bu işə böyük məmnuniyyətlə qatılırıq. Bu gün hava soyuq olsa da ürəklərimiz istidir. Biz Gürcüstanın qədimdən şərabçılıq ənənəsi olan İmeretiya bölgəsindən gəlmişik. Bizim diyarımızda 74 üzüm sortu yetişir. Məhsullarımız da dünyada tanınır, yüksək qiymətləndirilir. Burda biz şərabçılar öz təcrübələrimizi bölüşmək imkanı da əldə edirik."-deyə, gürcüstanlı şərabçı Givi Qobuişvili bildirib.

Qonaqlar arasında olan Belarusun Azərbaycandakı Fövqəladə Səlahiyyətli səfiri Gəncədəki şərabçılar toplantısından məmnunluğunu bildirib.

"Bizim ölkələri sıx dostluq telləri bağlayır. Burada iştirak etməzdən bir qədər əvvəl Azərbaycanın iqtisadiyyat naziri ilə görüşümüzdə digər məsələlərlə yanaşı, sizin şərab məhsullarının bizim ölkəyə ixracı haqda da razılığa gəlmişik. Tezliklə sizin gözəl Azərbaycan şərabları Belarus vətəndaşlarının süfrəsində öz layiqli yerini tapacaq" - deyə, Gennadi Axramoviç qeyd edib.

"Azərbaycanla iqtisadi əlaqələrimizdə kənd təsərrüfatı sektoru üstün çəkiyə malikdir. Əlbəttə, bu yöndə xüsusən iki ölkənin bölgələri arasında şərabçılıq sahəsində əməkdaşlığın da böyük perspektivləri var" - bu isə Fransanın Yon vilayətinin prefekti Andre Vilyenin fikirləridir.

Ölkəmizin bölgələrində şərab istehsalı sahəsində çalışan adamları da bu cür beynəlxalq görüşlərin onlara fayda gətirdiyini vurğulayıblar.

 "Yerli istehsalçılar ölkə başçısının bu sahəyə aid son sərəncam və göstərişlərindən ruhlanaraq, Azərbaycan şərabının nüfuzu üçün yorulmadan çalışırlar. Biz artıq bu sahədə qabaqcıl ölkələrdən olan Fransaya öz şərab məhsullarımızla çıxmışıq. Həmçinin Hollandiya, Serbiya, İtaliyaya spirtli içkilər ixrac edirik. Bütün məhsullarımızın üzərində "Qafqazın gözü - Azərbaycan" ifadəsi yazırıq" - deyə, tovuzlu şərabçı Naiq Məmmədhəsənov bildirir.

Festival çərçivəsində yerli istehsalçılarımızın təqdim etdiyi  30 növ şərabın keyfiyyətinin qiymətləndirilməsi üzrə "Gəncə 2-ci Salxım Dequstasiya Müsabiqəsi"nə də  yekun vurulubonun qalibləri mükafatlandırılıb.

 

Zakir MURADOV

 

 525-ci qəzet.- 2016.- 21 dekabr.- S.4.