Bakı Xoreoqrafiya Akademiyasında Qazaxıstan nümayəndələri
ilə görüş
Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının prorektorları, dekan və şöbə müdirlərinin daxil olduğu nümayəndə heyəti Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub.
Qonaqların Bakıya səfəri Bakı Xoreoqrafiya Akademiyasının Azərbaycan, region və MDB məkanında unikal təhsil müəssisəsi kimi tanınması, təhsilin bütün pillə və səviyyələrini özündə ehtiva etməsi və xoreoqrafiya sənəti üzrə qocaman təhsil ocağı olması ilə tanışlıq, təcrübə mübadiləsi, professor-müəllim heyətləri arasında əməkdaşlığın qurulması və birgə səmərəli əməkdaşlıq üçün müvafiq sazişin bağlanmasıdır. Rəsmi görüşdə və müzakirələrdə iki Akademiyanın rəhbər işçiləri fəaliyyətdə olan təhsil pillələrindən, pillələrarası imtahanlardan, tədris planları, tədris proqramları, buraxılış imtahanları, konsert fəaliyyəti, tələbə mübadiləsi, stajçəkmə və ustad dərsləri, perspektivlər və bu kimi digər mühüm məsələlər haqqında söhbət aparıblar.
Rəsmi tanışlıq və müzakirələrdən sonra qonaqlar Akademiyada son dövr ərzində aparılan təmir-tikinti işləri, yeni məşq zalları, auditoriyalar, inzibati və yeni tədris korpusları ilə tanış olub, planlar haqqında məlumatlandırılıb. Daha sonra qonaqlar Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi Pullumb Ağalıyayın klassik rəqs dərsində, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın klassik rəqs dərsində, baş müəllim, Xalq artisti Yusif Qasımovun milli rəqs dərsində iştirak ediblər. Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının prorektoru Cəmilə Tuleubaeva Bakı Xoreoqrafiya Akademiyasında olduğundan məmnunluğunu bildirib və qeyd edib ki, təxminən bir əsrlik tarixi olan Bakı Xoreoqrafiya Akademiyası xoreoqrafiya sahəsində bir çox ölkələrdə fəaliyyət göstərən akademiya və universitetlərə örnək ola bilər və Qazaxıstan Milli Xoreoqrafiya Akademiyası yaranmış bu imkandan mütləq bəhrələnəcək.
Görüşlərin yekununda Akademiyalar arasında əməkdaşlıq sazişi bağlanıb.
525-ci qəzet.-
2016.- 21 dekabr.- S.4.