Azərbaycan rəssamlığının
Mikayıl Abdullayev zirvəsi
Azərbaycan təsviri sənəti tarixində elə şəxslər olub ki, onlar hansı
dövrdə, hansı
şəraitdə yaşamasından
asılı olmayaraq, sənət ideallarını
daha uzaq zamanlara hesablayaraq əsərlər yaradıblar.
Xalq rəssamı
Mikayıl Abdullayevin
(1921-2002) yaradıcılığı bu qəbildəndir. Sənətkarın ilham mənbəyi, yaradıcılığının mayası doğma vətəni Azərbaycandır,
onun gözəllikləridir.
Rəssamın dilindən söylənən
“Azərbaycan, doğma
vətənim. Mən sənin
doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf
etməkdən yorulmuram,
doymuram” fikirləri də bunu təsdiqləyir.
Mikayıl Hüseyn oğlu Abdullayev 19 dekabr 1921-ci ildə Bakı şəhərində dünyaya
göz açıb. O, 1939-cu ildə
Ə.Əzimzadə adına rəssamlıq
məktəbini, 1949-cu ildə
isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq
İnstitutunu bitirib. İstedadlı rəssam 1955-ci ildə
Azərbaycan SSR Əməkdar
İncəsənət Xadimi
fəxri adını alıb. 1958-ci ildə SSRİ Rəssamlıq
Akademiyasının müxbir
üzvü seçilib.
M.Abdullayev 1963-cü ildə
SSRİ Xalq rəssamı
fəxri adına,
1969-cu ildə beynəlxalq
C.Nehru mükafatına,
1974-cü ildə isə
Azərbaycan SSR Dövlət
Mükafatına layiq görülüb. Qeyd etmək lazımdır ki, o, SSRİ Xalq rəssamı fəxri adına layiq
görülmüş ilk Azərbaycan
rəssamı olub.
M.Abdullayev müxtəlif illərdə
bir çox xarici ölkələrdə
- Hindistan, Əfqanıstan,
Macarıstan, Polşa,
İtaliya və digər ölkələrdə
yaradıcılıq ezamiyyətlərində
olaraq təəssüratlarını
maraqlı əsərlərdə
ifadə edib.
Rəssamın əsərləri dünyanın
bir çox şəhərlərində təşkil
olunan beynəlxalq sərgilərdə və
festivallarda nümayiş
olunub, dəfələrlə
müxtəlif mükafatlara
layiq görülüb. 1966-1967-ci illərdə Berlin və Leypsiqdə, eləcə də sonrakı illərdə başqa şəhərlərdə fərdi
sərgiləri keçirilib.
Onun əsərləri dünyanın
müxtəlif muzey, qalereya və şəxsi kolleksiyalarında
saxlanılır. Özünəməxsus yazı üslubu olan sənət ustasının öz yaradıcılığı və
dünya sənətkarlığı
barədə məqalələri
müxtəlif qəzet
və jurnallarda dərc edilib.
M.Abdullayev hərtərəfli biliyə
malik sənətkar olub. Demək olar ki, təsviri sənətin bütün
sahələrində çalışıb:
dəzgah rəngkarlığı,
qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq
və s. Sadalanan sahələrin hər birində rəssam, özünəməxsus yaradıcılıq
dəst-xəttinə uyğun,
bitib-tükənməyən zərif sənətkar duyğularının ifadəsi
olan əsl sənət inciləri yaradıb.
M. Abdullayev Sovet dövründə yaşayıb-yaradıb. Lakin rəssam
yaradıcı şəxs
olaraq, sənətkar kimi heç zaman mübaliğələrə,
aldadıcı süni
zahiri effektlərə,
ənənəvi mövzulara
üstünlük verməyib.
Rəssam hər nə
yaradıbsa, özünün
daxili aləminin meyarlarına uyğun şəkildə bədiiləşdirib,
təqdim edib. Əgər
biz rəssamın əsərlərinə
tamaşa etmiş olsaq orada impressionist sənətin xüsusiyyətlərinə,
plener işığına,
təəssürat xarakterli
bədii şərhlərə
rast gəlmiş olarıq. Bu xüsusiyyətlər koloritdə,
işlənmə üslubunda,
personajların ifadəsində
özünü qabarıq
şəkildə büruzə
verir.
M.Abdullayevin sənət uğurları
hələ Moskvada təhsil aldığı
illərdən başlayıb. Belə
ki, rəssamın
1943-cü ildə tələbə
ikən yaratdığı
“Üzeyir Hacıbəylinin
portreti”, 1947-ci ildə
işləmiş olduğu
“Axşam” tablosu sənət dünyamıza
yeni istedadın gəlməsindən xəbər
verirdi. İyirmi iki yaşlı
gənc rəssamın
böyük bəstəkar
Ü.Hacıbəylinin naturadan,
yaddaqalan portretini yaratması artıq rəssamın uğuru demək idi. Kompozisiyada kresloda əyləşmiş vəziyyətdə
çöhrəsini bir
qədər yana
çevirən, nəzərləri
uzaqlara yönəltmiş
halda dərin fikirlərə dalmış,
müasir musiqi sənətimizin banisi Ü.Hacıbəylinin obrazı
təsvir olunub. Rəssam işıq-kölgə effektindən
bacarıqla istifadə
edərək obrazın
əlləri ilə çöhrəsi arasında
ümumi uyarlıq yaradıb. Bu metod sonda bitkin
kompozisiyanın yaradılmasına
səbəb olub.
Rəssam dahi bəstəkarın
yaradıcı daxili psixoloji aləmini tamaşaçıya çatdıra
bilib.
“Axşam” tablosunda
təsvir olunmuş personajların qeyri-adi və ani şəkildə
baş verən hərəkətləri tamaşaçıda
bir qədər duyğulandırıcı lirik
hisslər yaradır. Əsərin kompozisiya quruluşu və kolorit həlli ustalıqla həll olunub. Orada Azərbaycan kəndinin çağdaş durumu ailə-məişət adətləri,
etnoqrafik xüsusiyyətləri
yüksək ustalıqla
təsvir olunub.
Rəssamın “Mingəçevir silsiləsi”nə
daxil olan “Mingəçevir işıqları”
(1948), “Beşilliyin yolları
ilə” (1949), “Səadət
quranlar” (1951), “Rəfiqələr”
(1952-53), “Kürün sahillərində”
(1954) və digər əsərləri o zamankı
Azərbaycan həyatının
möhtəşəm ifadəsidir.
Silsiləyə daxil olan “Səadət quranlar” adlı əsərində
rəssam qurub-yaratmaq əzmli insanların bədii əmək dastanını yaradıb.
Rəssam əmək mövzusunun
çalarlarını genişləndirərək
ona başqa aspektdən yanaşmış
və əməyin romantikasını ifadə
etmişdir desək, yanılmarıq. Bu işlərin hər biri rəssamın gərgin yaradıcılıq
axtarışlarının nəticəsidir.
Rəssam “Sevinc” tablosunda ana məhəbbətinin dolğun yaşantılarını
incə rəng çalarlarıyla verib. Bunu M.Abdullayevin müəllimi,
məşhur rus rəssamı, akademik İqor Qrabarın əsər haqqında dediyi fikir də
təsdiq edir: “Lövhə rənglərlə
və işıqla hədsiz dərəcədə
dolğundur...” Elə əsərin
1958-ci ildə Brüsseldə
Ümumdünya sərgisində
gümüş medala
layiq görülməsi
də onun sənətkarlıqla işlənilməsinin
nəticəsi idi.
M.Abdullayev 1956-cı ildə İtaliyada qısamüddətli yaradıcılıq
səfərində olur. Bu səfər
nəticəsində rəssam
Avropa sənətinin ən dəyərli əsərləri ilə əyani şəkildə
tanış olur və zəngin
materiallar toplayır.
1957-ci ildə rəssamın
Hindistana üç aylıq səfəri onun yaradıcılığında
yeni üfüqlər
açmış oldu. M.Abdullayevin səfər
nəticəsində yaratdığı
əsərləri Azərbaycan
incəsənətinin ayrılmaz
tərkib hissəsi hesab etmək olar. “Kəlkətəli
tələbə qız”,
“Benqal qızları”,
“Balaca Çandra”, “Körpəsinə süd
verən qadın”, “Caypur qadınları”, “İşdən qayıdanlar”,
“Uzaq Caypurda”, “Racastan qadınları” və başqa əsərləri rəssamın
“Hindistan silsiləsi”nin
ən uğurlu əsərlərindəndir.
Rəssam bu dövrdə həm də “Həmyerlilərim” silsiləsinə
daxil olan bir neçə əsər yaradır. Buna misal
olaraq “Azərbaycan çöllərində” triptixini,
“Çəltikbecərənlər” diptixini, “Qoca çoban”, “Masallı qızları”, “Lənkəranlı
qız”, “Abşeronda”,
“Tarlada” və başqa əsərləri
göstərmək olar.
“Çəltikbecərənlər”
diptixinə tamaşa edərkən kənd mövzusunun romantikasını,
mərd Azərbaycan qadınının əməksevərliyini
inandırıcı boyalarla
ifadəsini hiss edirsən.
Bu əsərə görə rəssam
1974-cü ildə Azərbaycan
SSR Dövlət Mükafatına
layiq görülüb.
M.Abdullayevin “portretlər qalereya”sına
nəzər yetirdikdə
sənətkarın yaratdığı
obrazın daxili aləminə psixoloq kimi nüfuz etməyi bacaran sənətkar olduğunu bir daha yəqin
edirsən. Bu sıradan “İmadəddin Nəsimi”,
“M.P.Vaqif”, “Aşıq
Ələsgər”, “M.F.Axundov”,
“Akademik Yusif Məmmədəliyev”, “Yüz
yaşlı şəbəkə
ustası Ə.Babayev”,
“Şair Rəsul Rza”, “Pianoçu F.Bədəlbəyli”, “Əbu
Əli ibn Sina” və digər
portretləri misal göstərmək olar.
M.Abdullayevin qrafika yaradıcılığı
da məhsuldar olub. Rəssam “Arazın
o tayında” seriyası,
“Kitabi-Dədə Qorqud”
dastanına, M.Füzulinin
“Leyli və Məcnun” poemasına, M.İbrahimovun “Gələcək
gün” və S.Rəhimovun “Şamo” romanlarına, B.Vahabzadənin
“Şəbu Hicran” poemasına və digər əsərlərə
illüstrasiyalar çəkib
və bədii tərtibat verib.
“Kitabi-Dədə Qorqud” dastanına və M.Füzulinin “Leyli və Məcnun” poemasına çəkdiyi illüstrasiyalar öz orijinal ifadə həllinə və işlənmə üslubuna görə kamil incəsənət nümunələridir. Rəssam Şərq və Qərb incəsənətinin mütərəqqi ənənələrini qovuşduraraq sonda özünəməxsus “Yeni miniatür üslubu”nun yaradılmasına nail olub.
M.Abdullayev eyni zamanda bir neçə teatr tamaşasına bədii tərtibat verib. Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu” operalarının və Niyazinin “Çitra” baletinin bədii tərtibatı belə işlərdəndir.
M.Abdullayevin monumental rəngkarlıq sahəsində yaratdığı əsərlər də misilsizdir. Onun dahi Nizami Gəncəvinin “Xəmsə”sinin süjetləri əsasında yaratdığı əsərlər Azərbaycan incəsənətinə parlaq töhfələrdir.
M.Abdullayev yaradıcılığı dövlət tərəfindən daim yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin M.Abdullayevi müstəqillik illərində “İstiqlal” ordeni ilə təltif etməsi buna bariz nümunədir. Rəssamın sənət irsi indi də prezident İlham Əliyevin rəhbəri olduğu dövlətimizin diqqətindədir.
İnanırıq ki, daim vətən eşqi ilə yaradan M.Abdullayev kimi sənətkarlar heç vaxt unudulmayacaq və hər zaman yüksək qiymətləndiriləcək. Əsəd QULİYEV
Milli İncəsənət Muzeyinin
əməkdaşı, AMEA-nın dissertantı
525-ci qəzet.- 2016.- 24 dekabr.- S.23.