Tikanı gülə çevirən
şair - Şair Ramiz Rövşənin 70 illiyinə
Bu ifadəni tanınmış siyasi xadim M.Ə.Rəsulzadə
1936-cı ildə Parisdə rus dilində nəşr
edilmiş “Çağdaş Azərbaycan ədəbiyyatı”
kitabında böyük şairimiz M.Füzuli haqqında
işlədib.
Düşünürəm ki, Füzuli haqqında
yazanların, tədqiqat aparanların heç biri Füzulinin
sənətkarlığını belə dəqiq və təsirli
ifadə edə bilməyiblər (baxmayaraq ki, bizim çox dəyərli
“füzulişünaslar”ımız var).
Ramiz Rövşənin
yaradıcılığını bir daha oxuyub, bu məqaləni
hazırlayanda nədənsə həmin ifadəni
yazının başlığında verməyi qərara aldım. Diqqət
yetirdim ki, R.Rövşənin yazdıqları adi söz
nümunələri deyil, gərgin axtarışların və
zəhmətin məhsuludur. Füzulidə
olduğu kimi, onun da yaradıcılığında söz
sirlidir, sehrlidir və insanı düşündürəndir.
Beş yüz ildən çoxdur ki, Füzuli
sehrinə bürünmüş poeziyamıza bir
işığı da R.Rövşən gətirib.
Bir
neçə il əvvəl dünyanın
ən şöhrətli yazıçılarından olan
Qabriel Qarsia Markes dünyasını dəyişdi. Onun
ölümü günündə bir kolumbiyalı
ziyalının dediyi sözlər çox maraqlı idi:
“Sağ ol Qabo, sən bizim dünyaya
baxışlarımızı dəyişdin. Bizi
başqa bir dünya ilə tanış etdin”.
Gözəl və düşündürücü
sözlər idi. Yazıçının, sənət
adamının əbədi yaşayacağına təminat verən
sözlər idi.
R.Rövşənin şeirlərini oxuyanda bu fikrin elə
ona da aid olduğu qənaətindəyəm. O, öz şeirləri ilə
oxucunu yaşadığı həyatdan fərqlənən bir
dünya ilə üz-üzə qoyur, maraqlandırır, həyata,
sevgiyə, vərdiş etdiyi qaydalara baxışlarını
dəyişir.
Bu sözləri ona görə vurğulayıram ki, bizim
müsəlman mühitində yenilik etmək, həyatı dəyişmək
və bu cəhdi edənlərə münasibət hər
zaman faciəli olub. Bu fikri bir az da genişləndirib
daha geniş ölçüdə elə bütün
insanlığa, xalqlara da aid etmək mümkündür
(Qalileyin tonqalda yandırılması, Nəsiminin dərisinin
soyulması və s.)
Ramiz Rövşənin yazdığı və
yaratdığı bəzi obrazlar isə mücərrəddir
və oxucu onu anlamaq intizarındadır. Bu əslində
elə həm də sənətin
böyüklüyüdür.
Yenə Q. Markesdən nümunə gətirəcəyəm. O, yazırdı: “Yüz il
tənhalıq” əsərindəki Buendia nəslində “donuz
quyruqlu” uşağın dünyaya gəlməsini ədəbiyyatçılar
və tənqidçilər müxtəlif formada yazırlar. 150-yə qədər izahlar olsa da, hələ
heç birisi o səbəbi açıqlaya bilməyib”.
Ramiz Rövşəndə də belə məqamlar
çoxdur.
Bizim eşitdiyimiz “Allah”, “Sevgi”, “İlahi”, “Tanrı” “Dəniz”
onun sənətində bir sehrli dünyanın sehrli kəlmələrinə
çevrilir. Onun
yaradıcılığında sözə o dərəcədə
ehtiyatla yanaşılır ki, sanki o, sözdən “qorxur”.
Sanki bu şairin söz məhdudluğu var. Ancaq
onun şeirlərini dərindən oxuyanda, şairin bu söz
“məhdudluğu”nun sözə sevgidən və onun qədrini
bilməkdən, məsuliyyətdən irəli gəldiyini
duyursan. O, istəyir ki, şeirlərindəki hər
söz bir məna kəsb etsin , oxucunu
düşündürsün (Təəccüblənməyək.
Rəssam sənətində mövcud yeddi rəngin
yüzlərlə çalarına rast gəlmirikmi?). Əslində bu yanaşma onun daha çox kitab
çap etdirməməsinin bir cavabıdır.
Ramiz
Rövşənin şeirlərində “Allah” və “Sevgi” kəlmələri
ilə müqayisədə say etibarı ilə az
işlənsə də, lakin “düşündürmə” və
“arzulamaq”, “təlqin etmək” ölçüsünə
görə “Azadlıq” sözü daha çox duyulur.
Şairin yaradıcılığında “Azadlıq” yanğısı bir alov kimi
ətrafa yayılmaqdadır.
Ramiz Rövşəndə
“Azadlıq” necə gözəl səslənir:
Mən
bir tozam, azadam göy üzündə,
Nə
olsun ki,
Azad deyil
bir adam yer üzündə,
Sən bu
cansız azadlığı
Gəl, məndən al, ilahi.
Tez ol məni
qəfəsə sal, ilahi!
Buradakı “cansız azadlıq” ifadəsi çox yenidir
və çox düşündürücüdür. Və bu ifadə
xalqımızın, eləcə də digər xalqların
uzun illər apardıqları “azadlıq mücadiləsi”ni nə qədər aktual edir. Azad
cəmiyyət qurmaq, azad yaşamaq anlamlarını “cansız
azadlıq” çox diqqətə gətirir.
Yaxud bir
başqa mövzuya yanaşaq: “Sevgi”yə. Sevgi
haqqında Nizamidən, Füzulidən, Müşfiqdən
sonra ən təsirli vəsfi son dövrümüzdə
götürsək, şair Əli Kərim etmişdi.
1960-cı illərdə yazdığı “İki sevgi”
şeiri ilə təsirli lövhələr
yaratmışdı (“Gözəl qız sən saf susan, iki qəlb arzususan...”). Lakin
Ramiz Rövşənin “Sevgi” şeirlərində başqa
yenilikləri gördük. Bu bəşəri
mövzunun daha yeni çalarları ilə onun şeirlərində
tanış olduq.
Düşünürəm ki, o, bu mövzudakı
şeirləri ilə, sanki dənizin coşqun dalğaları
ilə mücadilə edən bir insanı xatırladır. Yəni istəyir ki,
dalğaları yarıb irəliyə getsin (Qeyd etdiyim kimi, bu
dənizdə Azərbaycan poeziyasında önəmli yer tutan
şairlərin “Gecə xəlvətdə bizə sevgili yar gəlmiş
idi (Nizami), “Pənbeyi dağı cünün içrə
nihandır bədənim” (Füzuli), “Yenə o bağ
olaydı, yığışaraq sizə biz” (M.
Müşfiq), “İynənin ucu boyda işığa həsrət
qalan göz işıq sevən kimi (Əli Kərim) əvəzsiz
nümunələri var idi). Ramiz Rövşən
elə o cəsarətlə özünün “dadlı” (ifadəni
belə işlədirəm), “təsirli”, “şövqlü və
mənalı” sevgi şeirlərini yaratdı.
Yenə
bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə
də biz xoşbəxt ola bilərdik,
Bəlkə
də xoşbəxtik,
Xəbərimiz
yox...
Aradan nə
qədər il keçib görən,
Tanıya bilmədim, məni bağışla.
Mən elə
bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni
bağışla.
“Ölmədim” deyirəm. Nə bilim axı,
Bəlkə
də Mən sənsiz ölmüşəm elə,
Qəbirsiz kəfənsiz ölmüşəm.
Yaxud
“Kölgə” şeirində də şairin ifadələri
yenidir:
... Tanrı kölgəsidi bəlkə də kölgən.
...
Kaş ki, vaxt bitəndə, əcəl yetəndə,
Qəbrimi kölgəndə qazalar sənin.
Şairin
“Bağışla” şeiri isə az qala
xalq mahnısı kimi səslənmirmi və məşhur
deyilmi? (bu şeirə bəstələnmiş
mahnının əvəzsiz ifaçısı isə Flora Kərimovadır):
Bir ötən
sevgini unuda bilsəm,
Könlümü
sevginlə ovuda bilsəm,
Bir
axşam yanına qayıda bilsəm,
Bağışla, bağışla, məni
bağışla.
Yenə
böyük marağa səbəb olmuş “Qara paltarlı
qadın” şeirindəki təravətli, təsirli misralara
diqqət yetirək:
Göz
yaşları yuduqca baş daşını,
Qəbrində
qurcalanıb deyəcəksən: ilahi
İllər
boyu ağlatdığım bu qadın,
Görən
necə saxlayıbdır
bu qədər
göz yaşını?
Ramiz Rövşənin şeirlərindəki bəzi
misralar isə xalq arasında məşhurdur. Bir təbrizli dostum deyirdi
ki, Təbriz cavanları bir-biri ilə görüşəndə
şairin bu sözlərini işlətməyi sevirlər: “Yenə
bu şəhərdə üz-üzə gəldik”.
Ramiz Rövşənin yaradıcılığında “Allah” sözünə tez-tez rast gəlirik. Onun şeirlərində hansısa dinə, məzhəbə aid olan insan yoxdur, onun yazılarında sadəcə bir insan var: o, insan həm şərqlidir, həm qərblidir. O insan həm müsəlmandır, həm xristiandır. Şair üçün ucalarda dayanana doğru üz tutub gedən bir insan var. Onun hansı dinə və millətə mənsub olması önəmli deyil. O, təki insan olsun. “Çarmıxdakı İsa” şeirinə diqqət edək:
Daha bu çarmıxdan azaddı ruhum,
Daha bu
canım da ağrımır, Allah!
Ovcumda
gör necə rahatdı ruhum,
Bəs
niyə ovcumdan qan damır, Allah!
“Yalquzaq”
şeirində isə bu ifadələri işlədir şair:
Hara
qaçır, kimdən qaçır,
Ayaq açan gündən qaçır.
Nə
dini var, nə məzhəbi,
Hər məzhəbdən, dindən qaçır.
... Bir tənha yalquzaq qaçır.
Əslində “Yalquzaq” adi bir şeir deyildir (bu şeirə
Şahin Musaoğlu da təsirli musiqi bəstələyib). Bu
yığcamlığına baxmayaraq, geniş epik lövhələri
əks etdirən bir əsərdir. Müqayisəm
qəribə olsa da, bu əsər (şeir və musiqi ilə
birgə) mənə Motsartın “Rekviyem”ini xatırladır.
Bu şeirdə (oxu əsərdə) miflər, əfsanələr,
insanlar, fantasmaqoriya elementləri də çox güclü
hiss olunur.
Çox şairlərin yaradıcılığında
üz tutduğu dünya mövzusu da Ramiz Rövşəndə
şikayət kimi səslənmir. Burada dünya necə
varsa, elə də təqdim olunur. Və şair
dünyanın gücünü duydurmaqla, həm də onunla
hesablaşmaq vacibliyini də vurğulayır:
Mənim
balam, bu dünyayla oynama,
Sən cavansan, dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir, dünya necə dünyadı.
Kim nə anlar bu zalımın işindən?
Çoxlarını
keçiribdi dişindən...
Şeirdəki
sonuncu misra isə lap elə el məsəli kimi güclü səslənmirmi:
“Çoxlarını keçiribdi dişindən”.
Nəhayət, sonda. Ümumi hesablamalara
görə bu günə qədər Yer kürəsinə
100 milyarddan çox insan gəlib gedib. Və
bu insanlar 14.500-dən çox böyük müharibələr
törədib. Neçə əsrlərdir ki,
yazıçıların, şairlərin, rəssamların
digər peşə sahiblərinin də üz tutduğu bir
obyekt olub: insan. O insan ki, o hələ həm
anlaşılmayan və həm də başadüşüləndir.
Şair Ramiz Rövşən də öz təkrarsız
şeirləri ilə bu heyran olduğumuz, bəzən sevdiyimiz, bəzən incidiyimiz qəribə
insanı, onun iç dünyasını,
duyğularını məharətlə bizə təqdim etməkdədir.
Nəsiman
YAQUBLU
tarix
elmləri doktoru
525-ci qəzet.-
2016.- 24 dekabr.- S.14.