Hüzur  

 

 

 

 

Ömrün qədrinin bilinən, dəyərə minən vaxtı olur.

 

O ömür ki, dünya bazarında hər qiymətə satılır. Mənə 100-ə sırımaq istəyirdilər, 70-ə saldırıb nisyə aldım, - “Bəsimdir, təki Allah bərəkətlisindən eləsin” - payıma düşəni qoltuğuma vurub xımır-xımır yaşadım. Bədəlini savab bəd əməllərimlə ödəyəcəyim ömrün 45 ilini acgözlüklə gözümə təpəndən sonra gördüm ki, başımın üstündəki günəş sürətlə qüruba enir. Həyatın bir dəfə verildiyinə heyfsiləndim, - “Olumla ölüm arasındakı zaman “1”lə “2” arasındakı səs qədər imiş”. Əlimdə qalanı isriflə yaşamağı qərara alanda artıq canım yüz yerdən ağrıyırdı, özüm it kimi ləhləyirdim. Geriyə boylanıb gördüm ki, bu yorğa dünyada dincələ biləcəyim yeganə kölgə elə yaşadığım doğma ömrümdür. Günahlarımın kölgəsində oturub rahatca yaddaşıma baxdım, -”1”Allah, “2” isə bəndədir. Bu iki rəqəm arasındakı sonsuz ədədlərin heç bir mənası yoxdur, hamısı acılı-şirinli, keçici anlardır - dərk elədim ki, sən demə həyatın dəyəri onu dərk edəndən sonra bilinirmiş. - “1” hər şeyin əvvəli “2”nin sonuymuş” - məni dinc oturmağa qoymayıb dayanmadan dürtmələyən, dəyirman daşı, qara dəlik kimi hər şeyi üyüdüb udan zaman adlı zülmkar, şıltaq atın belinə qalxdım, - “Görəsən Allahın neçə yaşı var?...” - bu sərsəm sualı beynimdə çalxalayaraq cilovu əlimdə tarım saxlamağa çalışırdım.

 

Yaşlandıqca təcrübə, müdriklik qazanırsan keçdiyin ömür yoluna baxırsan, səhvlərini görürsən. Amma indiki təcrübən keçmiş günahlarından yan keçməyə yaramayanda yanıb qovrulursan, qayğılanırsan. Qayğıdan günahlar doğur, günahı olanın əlbət ki, hüzuru əldən gedir. Çoxları günahlarına baxmaqdan qorxur, amma mən acılı-şirinli günlərimə fərq qoymadan, - “Keçməli olduğum bir cığır idi, keçdim. Təki bundan sonra eyni bataqlığa girməyim” - belə dedim. Yoxsa, təkcə günahlara boylanmaq adamı iflic edər. Günahlar da, uğurlar da sənin doğma həyatındır, hər iki lenti sevərək izləməlisən, üzlərinə şax baxmalısan. Təsəllim bu oldu, - “Hamının günahı olur. İstəmədiyimiz planları qurduq, arzulamadığımız addımı atdıq ömrümüzün böyük hissəsini yaşamağa hazırlığa sərf etdik”.Yaşamağa başlayanda isə ömür balıq kimi əlimizdən sürüşüb gedir, anlayırsan ki, bundan sonra yaşadığın hər gün ölümə hazırlanmaq üçündür. Bir şeylə təsəlli tapırsan, - “Sabah ölmək bu gün ölməkdən yaxşıdır. Ah, zaman, zaman!... “.

 

Yaxşı ki, insan günahlarından dərs götürə bilir, çünki xeyirxahlığımızın çəkisi dərk edilən günahlarımızın misli qədərdir, - “Günahlardan dərs götürən adamlar özlərini vicdan əzabından xilas edə bilər!”. Təki hüzur səndən qaçmasın. Yoxsa, çalxalanan suda insan üzünü görə bilmədiyi kimi, ruhu narahatlıqda olan insan daözünü, nə də Allahı görə bilər, - Ömür, ölənədək bir yastığa baş qoyduğumuz, qoltuğumuzda sevə-sevə daşıdığımız ən böyük fitnə imiş... - daha atımın qüruba əyilən günəşin kölgəsinə sarı dördnala çapmağından qorxmurdum. Yolda Allahın sevgi adlı dilindən uzaqlaşaraq kütləyə çevrilmiş o qədər mərhəmətsiz insan gördüm ki... Azğın kütlə meydanlarda, küçələrdə səfillənir, vurub-dağıdır, onun yolunda gözlərini kor, ciyərlərini vərəm etmiş dahisini hay-küylə, sevincək edam edir, bir-iki həlim bəndə isə evində oturub, yediyi soyuq şorbaya gözünün qan yaşını tökərək qaşıqlayır. Əslində kütlənin axtardığı, əllərini qandallayıb çarmıxa çəkmək istədiyi Allahın özü idi. Bir tək tanrının ölümü, onun acı çəkərək can verməsi kütlənin köpünü ala bilər. Elm isə ilana zəhər verir, əl altdan riyazi tənliklərlə yaradanın varlığını inkar edən formullar istehsal edir. “Sonda bunların əlində nə qalacağını elə görmək istərdim ki...” - elm və mədəniyyətin insanların üzündən qış soyuğunu qova bilmədiyini gördükcə üzülməyib, neyləyəsən... Kütlə, qaragüruhla danışmaq çox cansıxıcı şeydir. Hərə özünü on mərtəbə ağıllı sayır səndən - danışırlar, amma səni dinləmək istəmirlər, quş dilini öyrənmək istəyirlər, amma getdikcə öz dilindən ayrı düşür, quşbeyinli olurlar. “Heyf deyil kitablar - istədiyin şirin nağılı sənə danışır...” - kitablar sənin ruhuna hüzur gətirir, ruhunu Allahın ruhuyla birləşdirə bilir, şərəf və ləyaqətlə yaşamaq istədiyin, ancaq bacarmadığın həyatı sənə yaşadır, - “Biz burda insanlığı hələ də sevirik, bəs insanlıq bizi niyə sevmir?” - kitabın vərəqlərində göydən süzülüb gələn bu nigaran səsə qulaq verib düşünürsən ki, təzə yol-riz açmağa vaxt itirməkdənsə, keçilmiş yolu izləmək daha rahatdır, onsuz da dünyanın bir üzü var...

 

Səhnənin arxasından zəmanəni yönəldən, əxlaqsız, nağıllardakı donqarqorxunc personajlara bənzəyən padşahlar şərəf və ləyaqəti kiflənmiş ərzaq məhsulu kimi dayanmadan gözdən salır, insanlara təlqin edirlər ki, - “Abır-həya kimi şeylərin qiyməti baha olsa da tez xarab olur” - ucuzlaşdırırlar insani olan hər şeyi. Yalnız özünü düşünən insanın insanlığa məhəbbət vecinə omaz. Bir yandan da bu padşahların ətəyində bəslənib dürüstlərin həyatıyla ortada təlxək kimi oynayan siyasətçilər... - “Bunları pomidor-yumurta yağışına tutmaq zamanı nə vaxt yetişəcək görəsən?!” - bunların hoqqalarından Allahın da ciyəri yanıb-yaxılır! Görəsən bunlar anlamır ki, ölümü qova bilməyəcəklər, qovduqları sevgi isə bir daha onlara yaxın durmayacaq?.. Sevgisiz ömür sürmək necə dəhşətli əzabdır, İlahi? - “Ölmədən çəkəcəyin cəhənnəm əzabı”.

 

Şüurumun altındakı ilahi pıçıltıları dinləyirəm. Bu pıçıltıların birbaşa kainatla bağlı olduğunu anlayıram, - “Sevgi var! O, insanlığa hüzur və nicatın yolunu göstərir. Sevginin təməli Allahdır!”- və birdən məni qızdırma bürüyür, atım tövşüyür və ayaqlarını yerə dirəyib durur. Başımı qaldırıram. Yolumun üstündəki təpədə, ağacın kölgəsində oturmuş yaşlı, nurani qocanı görürəm, - “Ölümdür!”. Bilirəm ki, ölümü əcəl gətirir, əcəli özün. Ölüm elə indiola bilər, yüz il sonra da, amma bir şey dəqiqdir - sən sözsüz öləcəksən. “İlan, sən onu hirsləndirmədikcə sancmayacaqdır, ilana baxmaq səni zəhərləməz” - qocaya yaxın durmaqdan qorxdum: - Niyə burda oturmusan, nəyi gözləyirsən? - səsim titrədi bunu deyəndə.

 

- Mən sənin ruhunam, yolda itirmişdin, gəlib mənə çatmağını gözləyirdim...

 

Azca toxtadım. Hətta, dilimin altında sevincək dua etdim, - bizim dualarımız Onu yaradan gücdür. O bizi yaradıb, ya, biz Onu yaratmışıq, bunun bir o qədər əhəmiyyəti yoxdur - O bizə hava-su kimi lazımdır! Ona lazım olan isə bizim dualarımızdır. “Unutduqlarımız, yolda itirdiklərimiz, indi içiboş halda gözlədiyimiz o sevgi mənbəyi elə Allahın özüdür” - Gəl min tərkimə - sevincək qocanı çağırdım.

 

Quyruq doğmuşdu, Ayın nurundakı ləkələr eynən qəlbimdəki qara ləkələrə oxşayırdı. - Yolu tanıyırsanmı? - qocanı tərkimə alanda içimdə bir yüngüllük hiss etdim. - Tanıyıram. Qarşı dağın döşündə iri sütunlar üzərində bir ölkəyə gedirik...

 

- Sütunlar üzərində ölkə?!

 

- Hə. Sevgi, Ədalət, İnam, SülhVicdan adlı sütunların üzərində bərq vuran Hürriyyətə...

 

Kitablar da eyni şeyi deyirdi ki, nicatı ay-ulduzlarda yox, öz içimizdə axtarmalıyıq. Bu beş sütun həm də içimizdə ruhu dik saxlayan dayaqlardır. Heç bir din, elm bu sütunları zədələməməlidir. Sevgini haram buyuran dini görüm lənətə gəlsin! Əgər əbədi sevgi, ədalət haram buyurulsa, onda sevgi və ədalət üçün ən böyük təhlükə yerdə qalan hər şeydir!” - arzuların nəhayətsizliyindən əl çəkib günbatana çapırdım atımı. - Orda bizdən başqa kimsə varmı? - qanrılıb məndən bərk-bərk yapışmış qocadan soruşdum.

 

- Var. Ora hüzuru axtaranların ölkəsidir...

 

... Atım qan-tər içindəydi. Uzaqda işıqları sayrışan Hürriyyətə yaxınlaşdıqca içimdə bir əndişə baş qaldırırdı, - “Çatan kimi Hürriyyətin sütunlarını nadanların, şərin nəfsindən hasarlasammı..?” Qoca dərhal ürəyimi oxudu, - Xeyrin toxumu şərinkindən gec cücərsə , onun kölgəsi şərin kökünü kəsməyə qadirdir. Şər ilk dəfə öz mülkünü çəpərə alan insanın həyətində yeriməyi öyrənib... - dedi.

 

- Ey qoca, sağlam düşüncə yalan deməz, amma yenə təlaşdayam, burda həyata keçməyən arzularım Hürriyyətdə çin olacaqmı? - bəlkə ruhuma qovuşduğumdan uşaq kimi sevincək olmuşdum.

 

- O heç vaxt yalan vəd verməz! Doğulanda sən ağlamışdın, dünya gülmüşdü, indi sən gülürsən, dünya zar-zar ağlayır!... - sinəsini kürəyimə elə sıxdı ki, içim bu istilikdən quş kimi uçmağa qanad axtardı...

 

Rəşid BƏRGÜŞADLI

 

 

525-ci qəzet.- 2016.- 24 dekabr.- S.12.