Tüstülənən qəlyan
Anar nasirdir. Yazdığı
“Ağ liman”, “Beşmərtəbəli evin
altıncı mərtəbəsi”,
“Yaxşı padşahın
nağılı”, “Əlaqə”,
“Vahimə”, “Macal”, “Ağ qoç, qra qoç” povest və romanları, “Dantenin yubileyi”, “Mən, sən, o və telefon” kimi onlarla
ədəbiyyatımıza daxil olmuş hekayəsi var.
Bu əsərlərin əksəriyyəti müxtəlif
xalqların dillərinə
tərcümə edilib
və müəllifə
Azərbaycandan kənarda
da böyük şöhrət qazandırıb.
Anar dramaturqdur. Onun “Şəhərin yay günləri”, “Təhminə
və Zaur”, “Adamın adamı”, “Səhra yuxuları”, “Sizi deyib gəlmişəm”,
“Ötən ilin son gecəsi” pyesləri Akademik Milli Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında,
eləcə də Gəncədə, Naxçıvanda,
Sumqayıtda, Şəkidə,
Lənkəranda... uğurla
tamaşaya qoyulub. Hətta 1977-ci ildə Tofiq Kazımovun rejissorluğu ilə tamaşaya hazırlanmış
“Şəhərin yay
günləri” tamaşasının
yaradıcı heyətindən
bir qrup Respublika Dövlət Mükafatına layiq görülüb.
Anar publisistdir. Mənim fikrimcə,
ədibin “Anlamaq dərdi”, “Dədə Qorqud” əsərləri milli publisistikamızın
şedevrlərindəndir.
Anar ssenaristdir. Ədibin
ssenariləri əsasında
“Azərbaycanfilm” kinostudiyasında
“Gün keçdi”, “Dədə Qorqud”, “Dantenin yubileyi” (Mərkəzi televiziyanın
sifarişi ilə), “Otel otağı”, “Təhminə”,
“Əlaqə”, “Cavid ömrü”, “Sübhün
səfiri” filmləri,
AzTV-də “Evləri köndələn yar”, “Ötən ilin son gecəsi”, “Nigarançılıq”
(Mirzə Cəlilin əsərləri əsasında)
film-tamaşaları çəkilib.
Neçə-neçə sənədli filmin
ssenarisini yazıb (məsələn, 1969-cu ildə
çəkilmiş “Bu, Səttar
Bəhlulzadədir” filmi).
Anar kinorejissordur. Öz ssenarisi
əsasında “Üzeyir
ömrü”, “Dantenin yubileyi” (Gülbəniz Əzimzadə ilə birlikdə) filmlərini ekranlaşdırıb.
Anar ictimai xadimdir. Azərbaycanın və SSRİ-nin
millət vəkili olub. Milli Məclisdə mədəniyyət
komissiyasının sədri
kimi çalışıb.
Neçə illərdir Azərbaycan
Yazıçılar Birliyinə
səbrlə, təmkinlə
ağsaqqallıq edir.
Anar şairdir,
tərcüməçidir... və nəhayət, salnaməçidir.
Onun nəfis
şəkildə, yüksək
poliqrafiya əsasında
çap olunmuş “Azərbaycanın ədəbiyyatı,
incəsənəti, mədəniyyəti”
3 cildlik kitabı sözün əsl mənasında salnamədir. Kitabların tərtibatı
kimi, formatı da bənzərsizdir, cəlbedicidir və müəyyən mənada
görkəmcə qədim-qədim
dünya salnamələrini
xatırladır.
Üç cildlik rus dilində
çıxıb və
yurdumuza gələn səviyyəli qonaq-qaraya şəstlə, inamla hədiyyə verilməyə
layiqdir. Təkcə ona görə yox ki, onu
yazan Anardır, yaxud, dediyim kimi, ağ-qara və rəngli şəkillərin çapında
alilik var, zəngin faktlar var, gözəllik və cazibədarlıq
var. Bir də ona görə ki, bu üç
cild milli-mənəvi
xəzinəmizi “çığırtısız”,
“haysız-küysüz”, əsl
vətəndaş qeyrəti
ilə dünyaya tanıdır. Üstəlik də Anar bu kitabları elimizə, xalqımıza,
dövlətimizə, dövlətçiliyimizə
səmimiməhəbbət və sevgi ilə
yazıb.
Geniş mənada bu üç cildlik neçə-neçə əsərləri
bir-birinə qovuşduran
mədəniyyətimizə tutulan sönməz çıraqdır. Elə çıraq ki, onun ziyasında mədəniyyətimizin bizə
çox az
bəlli olan tərəflərinə heyran
qalırıq, əməlli-başlı
aşina oluruq, öyrənirik, öyünürük
və milli qürurumuz qat-qat artır.
Bununla belə,
mən yalnız ikinci cild barədə
bir qədər ətraflı yazmaq istəyirəm. Çünki bu mövzu müəyyən mənada
mənə daha doğmadır və onun teatr bölməsi
elə mənim peşəmdir. Həm də
elə bu kitabdan musiqimizin ulu dühası Əbdülqadir Marağayi
haqqında (eləcə
də neçə-neçə
başqa klassiklərimiz
barədə) yeni-yeni
məlumatlar aldım.
İnanıram ki, nə vaxtsa dünya alimlərı vicdanla etiraf edəcəklər ki, peşəkar musiqinin əksər elmi-nəzəri
prinsiplərini Avropadan
neçə əsr əvvəl Şərqdə,
Şərqin Azərbaycan
adlı məkanında
Marağayi öz əsərlərində filosof
müdrikliyi ilə təsdiqləyib. Özünəməxsus, bəşəri mahiyyət
daşıyan model-estetika
yaradıb. Dünya musiqisinin
poetika səciyyələrini
riyazi dəqiqliklə
müəyyənləşdirib.
Musiqişünaslarımız Üzeyir bəy, baba və nəvə Müslüm Maqomayev, Qara Qarayev, Fikrət
Əmirov, Cövdət
Hacıyev, Soltan Hacıbəyov, Bülbül,
Rəşid Behbudov, Şövkət Məmmədova,
Süleyman Ələsgərov,
Vasif Adıgözəlov...
kimi dühalar, bu gün də
ecazkar yaradıcılıqlarını
davam etdirən bəstəkar Arif Məlikov, dirijor Rauf Abdullayev, müğənni Zeynəb
Xanlarova, pianoçu Fərhad Bədəlbəyli...
haqqında gözəl-gözəl
əsərlər yazıblar.
Bu şəxsiyyətlərə, onların zəngin yaradıcılıqlarına Anarın
öz baxışı,
öz məhəbbəti
və öz yanaşma tərzi, təhlil modeli var. Anarın yazıları bir də ona
görə cazibəlidir
ki, dili çox səmimidir, bədii, ruha dinclik verən səlist lirizmlə yoğrulub.
Elə buradaca demək istəyirəm ki, Anar səriştəli
musiqişünas, rəssamlıq
və heykəltəraşlığımızdan
silsilə məqalələr,
esselər, nəzəri
traktatlar müəllifi
olan sənətşünasdır. Eləcə də
hər hansı kino və teatr
xadimi ilə döşləşib istənilən
mövzuda elmi-nəzəri
söhbət-mübahisə apara biləcək alim teatrşünas və kinoşünas səviyyəsindədir.
Anar sənətlərinə
ehtiram bəslədiyi
aktyor və rejissorlar barədə yalnız məhəbbətlə,
sevgiylə yazmır, həm də dəqiq qiymət verən şünas mövqeyində durmağı,
prinsipiallığı əldən
verməməyi həssaslıqla
bacarır. Bacardığını söz qatarına
düzə, fikir boğçasına bükə
bilir və bu cəhdə Anarın filosofyana yanaşma qüdrəti adama ləzzət və həzz verir. Bir də ona görə
ləzzət və həzz alırasan ki, Anar “fəlsəfəçilik”
etmir, adi sözlərə dərin
məna donu biçərək hər
bir sənətkarın
fərdi yaradıcılığına
məhz fərdi estetik prizmadan yanaşa, yanaşıb təhlil edə, təhlil edib müəyyən və çox maraqlı, orijinal qənaətə gələ bilir.
Azərbaycan peşəkar teatrının təşəkkülü musiqimiz, miniatürlərimiz, dekoratıv-tətbiqi sənətimiz qədər qədim olmasa da, bütün qüsurları, tərəddüdləri, yaradıcılıq qabarma və çəkilmələri ilə bərabər, inamla şərəfli, şanlı yol keçıb. Bu şərəf və şan yolunda peşəkar dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadədən üzü bəri fədakar dramaturqlarımız, Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Mərziyə Davudova, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova, Nəsibə Zeynalova, Həsən Turabov... və onlarla bu kimi səhnə nəhənglərimiz olub. Bu sənətkarların bir qismi dünyalarını dəyişəndə hələ Anar dünyaya gəlməmişdi. Bir başqa qismini Anar məktəbli və yeniyetmə yaşlarında səhnədə canlı görüb. Amma və di gəl ki, bütün hallarda Anarın təhlil və təriflərindəki obyektivliyə, fakt zənginliyinə heyran qalırsan. O, Ədil İsgəndərovun monumental-romantik, Mehdi Məmmədovun fəlsəfi-idraki, Tofiq Kazmovun lirik-psixoloji rejissorluq estetikalarını, Şəmsi Bədəlbəylinin musiqili teatr janrına gətirdiyi həyati realizmi, onların fərdi duyumlarının özəl cəhətlərini həssaslıqla açıb.
Düzdür, Anar qarşısına milli teatrımızın nəzəri-estetik problemlərini araşdırmaq məqsədi qoymayıb. Müəllifin əsas qayəsi Azərbaycanın mədəniyyətinə, incəsənətinə, o cümlədən, teatr sənətinə dünyəvi pəncərə açmaqdır və buna da şəksiz-şübhəsiz nail olub. Məsələ ondadır ki, xatırlama, esse, publisistika, portret-oçerk, müsahibə, müəyyən məqamlarda təziyə janrının prinsip ahəngdarlığında işlənmiş yazıların bir hüsnü, bir təravəti də onların nəzəri dərinliyində, məfkurə aydınlığındadır.
Haqqında danışdığım ikinci cildin teatr bölməsində elə aktyorlar, elə rejissorlar var ki, onların bəzisi (məsələn, Həsən Turabov) Anarla həmyaşdır və Anarın hansısa əsərinin tamaşasında oynayıblar. Eləcə də Şəfiqə Məmmədova, Amaliya Pənahova, Fuad Poladov, Yaşar Nuriyev, Zərnigar Ağakişiyeva... barədə yazan Anar həm özünün əsərlərində ifa etdikləri rolları dəqiq qiymətləndirir, həm də və əsasən canlı teatr prosesində onların istedadlarının çəkisini, yerini açıb göstərir.
Son otuz ildə milli teatr rejissuramızda Vaqif Abbasov, Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev, Mərahim Fərzəlibəyov, televiziya rejissorluğunda Ramiz Həsənoğlu kimi istedadlar yetişib formalaşmışlar. Anar onlarla ünsiyyətini, iş birliyini, əsaslandıqları məzmun və forma prinsiplərinə, üslub estetikalarına dərindən müdaxilə etməklə sənətkarların canlı obrazlarını yarada bilib.
Anar həm teatr, həm də musiqi (bura ifaçılıq da, bəstəkarlıq da, dirijorluq da, müğənnilik də daxildir), rəssamlıq, kino sahəsində çalışmış və hazırda çağdaşımız olan onlarla qüdrətli sənətkarlarla həm yaradıcılıq ünsiyyəti yaradıb, həm də əksəriyyəti ilə dost olub. Üç cildliyin bir gözəlliyi, mənə xoş gələn bir cəhəti də odur ki, nasir, dramaturq, ssenarist, rejissor Anar dostluqda sədaqətlidir, səmimidir, mehribandır. Anar həm də özündən gənc dostlarına diqqətcildir, lütfkardır...
Son illər Anarın müxtəlif qəzetlərdə, jurnallarda, saytlarda verilən şəkillərində müdrik mütəfəkkirimizin damağında qəlyan var. Qəlyan ona siqaretdən qat-qat çox yaraşır, bu, öz yerində.
Yadıma SSRİ, Amerika və Böyük Britaniya liderlərinin məşhur Potsdam görüşündən bir məqam düşür. Qeyd edim ki, həmin epizodu Stalinin tərcüməçisi Berejkov öz xatirələrində qələmə alıb. (Deməli, Anarın kitabları həm də xatirələr toplusunun zənginliyi ilə gözəldir, dəyərlidir).
Üçlüyün faşist Almaniyasına qarşı İkinci cəbhəni açmaq barədə söhbətləri istənilən səviyyədə alınır. Rəsmi hissə qurtarandan sonra Çörçil Stalindən soruşur:
- Cənab Stalin, düşmənlərinizi ləzzətlə çəkib tüstüyə verdiyiniz məşhur qəlyanınızı görmürəm.
Stalin özünəməxsus təbəssümlə cavab verir:
- Mister Çörçil, mən bütün düşmənlərimi yandırıb tüstülətmişəm, daha qəlyana ehtiyac qalmayıb...
Anarla son illərdə nə vaxt görüşmüşəmsə, müəyyən söhbətdən sonra asta-asta qəlyanını ətirli tənbəkiylə doldurub damağında dəmə qoyur. Ağ saçları çox vaxt darağa həsrət qalan nurani yazıçı dostuma baxdıqca mənə elə gəlir ki, Anar ona olan hansısa haqsız kini-küdurəti ürəyinə salmır, tənbəkiyə qarışdırıb beləcə tüstüyə verir.
Bir də mənə elə gəlir və buna əminəm ki, Anarın qəlyanı tüstülənirsə, deməli onun təfəkküründə hansısa mövzu dumanı fırlanır... Və vaxtı çatanda Anar onları təfəkkür dumanından sivirib çıxaracaq, hansısa janrda yazıb-yaradıb sevənlərə, geniş mənada Azərbaycan mədəniyyətinə ərməğan edəcək...
Qəlyanın tüstülənsin, Anar bəy!..
İlham
RƏHİMLİ
525-ci qəzet.- 2016.- 24 dekabr.- S.10.