Zəng

 

 (Hekayə)

 

 

Qədim Türk elində bir kənd vardı. Bu kənd dərd-qəmi, intizar-həsrəti ilə yanaşı, düşmənə sipər olan, başı qarlı dağlarla bələnmişdi.

 

Kəndi ətrafdakı yaşayış məntəqələri arasında məşhur edən, tarixi bəlli olmayan Minnəzir kişinin "Su dəyirmanı", bir də Dəmirçi Abbasın "Dəmirçi  dükanı" idi. Bu günə qədər, kənd əhlini qürurlandıran da, şərəfləndirən də, keçmişinə  bələdçilik edən də elə  bu iki sənəti sadiqliklə qoruyub saxlamaları olmuşdu. Biri dəyirmana tələsərək şığıyan, şaqqanaq çəkərək, el-obanı əkin-biçinə səsləyən, çayın şaqraq səsi, digəri isə körüyün alovunda qovrulan dəmirin inləməsi və çəkiclə zindanın sədalarının könüllərdə yaratdığı, insan qəlbinə, iliyinə işləyən, ruhuna rahatlıq verərək birliyə səsləyirdi.  El arasında bu kənd, "Daş dərə" kimi şöhrət tapmışdı. Bu şöhrət kənd camaatının müqəddəs saydığı, dədə-babalarının uyuduğu qədim məzarlığın düşmən tapdağında qaldığı gündən elin dərdi üstünə dərd ələnməyə başlamışdı. Vətənin bir parçası olan, "Daş dərə" uğrunda qanlı döyüşlərdə nə qədər şəhid verilmişdi, İlahi!

 

"Daş dərə"lilər, dəyirmançı Minnəzir kişinin nəvəsi Muradın ermənilər tərəfindən faciəli şəkildə ölümü və onun qəhrəmanlığını unuda bilmirdilər. Qaniçənlər əvvəlcə dırnaqlarını çıxarmış, sonra isə onu tikə-tikə doğramışdılar. Düşmənin Muraddan tək bir istəyi var idi: "Ərə, türk, de ki, bu torpaq ermənilərindir". Murad isə "rədd olun, daşnak dığaları, bu torpaqlar bizimdir, türklərindir, Azərbaycanındır" - deyərək erməni zabitinin üzünə tüpürmürdü.

 

Həmin günləri kənd camaatı ürək ağrısı ilə xatırlayırdı. Ona görə ki, Muradın fəryadı qulaqlarda cingildəyir, ah-naləsi hər kəsin ürəyini sızladır, intiqam hissini artırırdı. Xüsusilə də, Dəmirçi Abbasın nəvəsi Nərgizi daha çox yandırıb-yaxırdı.  Çünki Murad onun həm uşaqlıq dostu, həm də ilk sevgisi və ilk məhəbbəti idi. Onun ciddi baxışlarını, ağayana gülüşünü və gözəl qamətini xəyalından silə bilmirdi Nərgiz. 

 

Kənd camaatını ən çox narahat edən, onların yuxusunu ərşə çəkən qədim məzarlığın düşmən əsirliyində, tapdağında olması və obanın cəsur oğlu Muradın nəşinin ermənilərdən ala bilməməsi idi. Gənclər yanıb-yaxılır, intiqam hissi daha da alovlanırdı.

 

Faciəli günlər arxada qaldıqca, biganəlik daha qabarıq görünməyə başlamışdı. Bəziləri  bu şəraitlə sanki barışır, yağı düşmən isə daha da quduzlaşır, tez-tez kəndi ağır artilleriya və avtomat silahlarla atəşə tuturdu. Bu susqunluqla barışmayan kəndin yeniyetmələri  baş götürüb getmək üçün fikir mübadiləsi aparırdılar.

 

Təkcə, Dəmirçi Abbasın zindanının səsi gecə-gündüz kəsilmir, onun əks-sədası sakinlərin gecə yuxusunu da ərşə çəkmişdi. Dəmirçi Abbasın köməkçisi, onun körüyünə nəfəs verən, nəvəsi Nərgiz kəndin ən gözəl qızı kimi çoxlarının marağına səbəb olsa da, Muraddan başqa heç kəsi görmək, baxmaq belə istəmirdi. Belələrinə onun təkcə bir cavabı var idi: "Döyüşüb-vuruşub bir qəhrəman kimi torpaqlarımızı azad edən, Muradın intiqamını alan igidə könül verəcəyəm!"

 

Kəndli gənclərin çoxu gözəl Nərgizin məhəbbəti və doğma kəndinin azadlığı uğrunda illərdi ki, canından keçib vuruşurdular. Nərgizin ağır şərti isə qüvvədə qalırdı. Nərgizin həm də qəlbləri riqqətə gətirən məlahətli səsi "Daş dərə"də hər kəsi vətənpərvərliyə sövq edirdi.

 

Ermənilər isə, özlərinin işğalçılıq siyasətindən əl çəkmirdilər, əksinə daha da azğınlaşmışdılar. Tez-tez kəndə hücumlar təşkil edərək  camaatı  təşvişə salırdılar.

 

Ağsaqqallar yığışıb bu durumdan necə çıxacaqlarını düşünürdülər. Hərə görüb-götürdüyü bir təklifi bildirirdi. Dəmirçi Abbas kişi isə, diz-dizə oturub məsləhətləşən el oğullarına heç nə deyə bilmirdi. Sadəcə susurdu. Birdən, o, dilləndi: "Mən metalları əridib, elə bir zəng düzəltmək istəyirəm ki, onun səsi hamını oyatsın, cəngə çağırsın. Ona görə də bizim dağlardan müxtəlif mənbələrdən yığıb-gətirdiyim metal külçələrini düzəltdiyim xüsusi qəlibdə əridəcəyəm. Elə bir zəng yaradacağam ki, bütün bölgə əhalisini döyüşə səsləsin. Bu zəng son döyüşün cəngisini çalacaq! Yoxsa, belə getsə, bu binamusluq bizi ellərdə başıaşağı edəcəkdir," - dedi.

 

Abbas kişi "Cin dərəsi"ndə gördüyü mənşəyi məlum olmayan, bozumtul dəmir parçasını götürmək üçün oraya yollandı. Qayanı parçalayıb, ona pərçinlənmiş metal parçasını çətinliklə də olsa qayadan ayırdı. Bir anlığa Koroğlunun Misri qılıncı yadına düşdü. "Bəlkə, bu da, oradan düşüb, ulduzların bir parçasıdır?"  deyə xəyala daldı...

 

Əvvəllər də, dəmirçi Abbas dədə-baba sənətinin bütün sirlərini tətbiq edərək zəng düzəltmişdi. Lakin gözlənilən həyəcanlı səsi ala bilməmişdi. Daha sonra zəngə vurulan zərbələr nəticəsində parçalanıb-tökülürdü. Axı, onun atası Əkbər kişi Böyük Vətən Müharibəsində Bakıda istehsal olunan "Katyuşa" raketini düzəldən zavodda mühəndis işləyirdi. Ona görə də qız nəvəsi olarsa adını Nərgiz qoymağı vəsiyyət etmişdi. Nərgizin adının mənalarından birinin "göyün atəşfəşanlığı" olduğunu və "Katyuşa"nın mənası da onunla bağlı olduğunu izah edirdi.

 

İndi isə, Nərgiz babasının  bu ağır durumuna çox acıyırdı. Həmişə ona ürək-dirək verməyə çalışırdı ki, "- Mütləq alınacaq, sən bacaracaqsan, bu mənim taleyimdir, ümidini itirmə, baba!" -deyirdi.

 

Bir gün, dan yeri söküləndə dəmirçi Abbas sevimli nəvəsi Nərgizi səslədi: "Ay qız, Nərgiz, bala,  bir yaxın gəl! Sənə sözüm var". Nərgiz əlindəki ov tüfəngini masanın üstünə qoyub, tələsik babasının yanına gəldi.

 

Bütün bildiklərimi etmişəm, metalı əlvanlaşdırıb, ona cingiltili səslər verən elementlərdən qatmışam. Nərgiz, əziz balam, mən naçar bir vəziyyətdəyəm. Əgər bu dəfə də alınmasa, mən daha yaşamayacağam, bunu gərək biləsən. Son işim də elə bu olacaq. Bu gündən işə başlayacağıq...

 

Nərgiz babasının bu halından çox pərişan oldu. Ona görə ki, atası Hüseyn Qarabağ döyüşlərində şəhid olmuş, anası isə onun cəmi doqquz yaşı olanda  dünyasını dəyişdikdən sonra, Nərgizi babası böyük çətinliklər bahasına böyüdüb boya-başa çatdırmışdı. İndi qənirsiz bir gözəl olan Nərgiz nazlı-qəmzəli, ərgən qız olmaqla həm də qoçaqlığı ilə tanınırdı .

 

Nərgiz çox istəyirdi ki, babasının düşündüyü, azadlıq savaşına səsləyən zəng düzəldilsin. Ona görə də, Nərgiz babası ilə birlikdə gecəni-gündüzə qataraq işə başladılar. Kənd ağsaqqalları, hətta səngərdə kəndin keşiyini çəkənlər belə dəstə-dəstə gəlir, dəmirçi Abbası ruhlandırırdılar. Elələri də tapılırdı ki, onu bacarıqsızlıqda suçlayır, qınayırdılar.

 

...Böyük metal çəni qaynayır, buxarlanır, durulmaq üzrə idi. Dəmirçi Abbas isə, qəliblərə töküləcək bu ərintinin damlalarında xalqının qələbəsini düşünə-düşünə, körük basan nəvəsinə nəvazişlə baxırdı. Nərgiz isə, həsrətlə qazanın içindəki alovda Muradın çığırtısını, naləsini eşidir, gözləri yaşarır, ata-ana həsrətini və Muradın baxışlarını alovun içində axtarır, onu bağrına basmaq istəyirdi.

 

"Daş dərə" kəndində faciə baş verdi...

 

Nərgiz bir göz qırpımında özünü gözlənilmədən nəhəng metal qazanına atdı. Metal qazan ecazkar səsi və gözəlliyi ilə hamını heyran qoyan Nərgizi bir anın içərisində ərintiyə hopdurdu. Polad kişi nə baş verdiyini həmin an anlamadı. Dizlərini yerə qoyub gözlərini əli ilə qapadı. Bir anlığa, elə bildi ki, onu qara basır.

 

Hər kəs qazana boylanır, Nərgizi xilas etməyə can atırdı. Çaş-baş qalan insanların çoxu hələ də nə baş verdiyini kəsdirə bilmirdilər. Hamı "Nərgiz! Nərgiz!" deyirdi. Ahu-zar ərşə bulənd olmuşdu. Nərgizi xilas etmək üçün çoxları özünü onun arxasınca atmaq istəsə də nəticə görünmürdü. Dəmirçi Abbas kişi isə nitqi batmış, dükanın küncündəki zindanın üstündə oturub, naçar  xəyala dalmışdı...

 

lll

 

Köməkçilər artıq hazır olan metalı qəliblərə süzdülər. Üç gündən sonra qəlibi açdılar. Yeni düzəldilən zəng daha parçalanmır, parlaqlığı, şəfəqliyi ilə seçilir, onun gümüşü işığı hər yerə nur saçırdı. Köməkləşib zəngi möhtəşəmliyi ilə hər kəsi heyran qoyan palıd ağacının yaxınlığındakı qaya parçasından yonularaq düzəldilmiş daş masanın üstünə  qoydular.

 

Nərgizin faciəli ölümündən sonra kənd camaatı bütövlükdə matəm libası geymişdi. Üç gün idi ki, kəndin üstünü qara buludlar almışdı. Sanki göylər də bu gözəl-göyçək, qoçaq qızın taleyinə acıyır,  hönkür-hönkür ağlamaq üçün fürsət axtarırdı.

 

Zəngi asmaq üçün hazırlıq gedirdi. Demək olar ki, kəndin bütün sakinləri meydana toplaşmışdılar. Şiravan yağış camaatı karıxdıra bilmədi. Bu zaman güclü  şimşək çaxdı. Şimşəyin çaxması ilə zəngi ildırım vurdu. Ətrafdakı insanlar pərən-pərən düşdülər. Göydəki buludlar da elə bil bunu gözləyirdi, hava duruldu, günəş çıxdı.

 

Uzun illərin həsrətinə son qoyuldu. Bir toxunuşda zəngin Nərgizin məlahəti, ah-naləsinə bələnmiş səsi "Daş dərə" boyu haray çəkdi. Bu səs hamını heyran etsə də, tükürpədici idi. Sanki Nərgizin şaqraq mahnılarıydı, el oğullarını mübarizəyə səsləyirdi.

 

Qonşu elatlardan da gəlib-toplaşan camaat əllərində yaba, balta, dəryaz düşmən işğalında olan əraziləri azad etmək üçün  hücuma keçdi. Dəmirçi Abbasın qəlbi iftixarla döyünsə də, doğma balası Nərgizi axtarırdı. Şad xəbərlər gəlirdi ki, artıq düşmən səngərləri dağıdılmış, ermənilər pərən-pərənə salınmış, doğma torpaqlar, qədim məzarlıqlar azad edilmişdi. Nərgizin oxuduğu mahnılar, qəlblərin sarı simini ehtizaza gətirən, qəhrəmanlıq mübarizəsinə səsləyən ecazkar səsi, gözəllik mücəssəməsi olan siması "Katyuşa" raketini əvəz edən "Nərgiz" raketləri dağların zirvəsində bərq vurur, sanki qələbə bayrağını göy qübbəsinə, buludlara sancmışdı...

 

Gənclər meydandakı palıd ağacından asılmış zəngin ətrafına güllər əkdilər. Gülün adını isə  Nərgiz qoydular. "Daş dərə"li gözəl el qəhrəmanı Nərgizin şəninə  nənələr bayatılar qoşdular:

 

Çıxmışdım gülşən seyrinə,

Gördüm, bülbüllər gülə yalvarır.

Bənövşə boynunu əyib Nərgizə,

Nərgiz özü, şirin dilə yalvarır".

 

Oqtay ƏLİYEV

 

525-ci qəzet.- 2016.- 27 dekabr.- S.8.