"Dərddən sonra
şair gəlir dünyaya"
Firuzə Məmmədlini Azərbaycan
oxucularına və ədəbi ictimaiyyətə
tanıtmağa ehtiyac
yoxdu.
O, qadın şairlərimiz arasında birinciliyi neçə illərdir əlində saxlayır, bu öncül mövqeyə poetik istedadının tükənməzliyi,
hər yeni şeirlər kitabında təzə söz demək məharəti ilə nail olub. Xalq yazıçısı
Anar yazır: "Firuzə Məmmədli Azərbaycan poeziyasının
zəngin ədəbi
ənənələrini davam
və inkişaf etdirən şairlərimizdəndir.
Onun şeirləri də özünə bənzəyir: bir az kövrəkdi,
bir az həzindi,
yeri gələndə
bir az da
sərtdi. Sözə
həssaslıqla və
məsuliyyətlə yanaşması,
dilinin sadəliyi, gündəlik həyatın
ən adi və ən müxtəlif faktlarında,
hətta dərddə,
ölümdə şeiriyyət
tapmaq cəhdi də Firuzə Məmmədli imzasını imzalar
içində fərqləndirir.
Ən azı bütün bunlara görə onun mənəvi haqqı var ki, desin:
mən şairəm".
Firuzə
xanımın "Seçilmiş əsərləri"nin
səkkizinci cildinə
nəzər yetirirəm:
bu kitabda toplanan şeirlərin əksəriyyəti son beş
ildə qələmə
alınıb, amma qırx-əlli il bundan əvvəl yazılan şeirlərə
də rast gəldim. Onları müqayisə eləməyə
heç bir ehtiyac duymadım. Çünki onun şeirlərinin
hansı ildə yazılmasından asılı
olmayaraq hər biri öz poetik
sanbalı ilə diqqəti cəlb edir. İlk şeirlərindən başlanan sözü ehya eləmək, fikri, mənanı sözün cövhərinə
çevirmək bacarığı
ildən-ilə davam edir. Təbii ki, bu yolda çətinlikləri
də olur, axı, şeir bilik və şairlik
istedadından başqa,
həm də axtarış deməkdir.
Axtarış isə asan başa gəlmir.
Hər bir şairin, o cümlədən,
Firuzə xanımın
da müraciət etdiyi ənənəvi, yəni əsrlərdən
bəri işlənən
mövzular var. Amma ənənəyə yaradıcı
şəkildə yanaşanda,
"köhnə havalarda"
təzəlik yaratmaq olur. Məsələn, anaya aid yüzlərlə,
minlərlə şeirlər
həsr olunub. Onların arasında ana məhəbbətini poeziya məhəbbətinə
çevirən şeirlər
az deyil. Firuzə xanımın "Ana, ay ana"
şeirini də bu yaxşılar sırasına qata bilərik:
Keçsə ömrüm, günüm,
keçsə ilbəil,
Mehriban surətin
getməz gözümdən.
Fəqət, bu illəri səninlə deyil,
Ancaq xəyalınla
keçirərəm mən.
Gözünlə torpaqdan odlar götürdün
Mənim xatirimə, ana, ay ana.
Qara gün də gördün, ağ
gün də gördün,
Sən candan keçdinsə, mən gəldim cana.
Deyirlər şirinsən, ana,
ay ana,
Canlı həqiqəti mən necə danım?!
Məni
böyütmüsən sən
yana-yana,
Qoy indi səninçün mən
özüm yanım.
Elə
ilk şeirlərindən bədii
təsvir vasitələri,
təşbih və metaforalar onun şeirlərinə axıb
gəldi, özü də bu təşbih və metaforalar təzə idi, hansı şairinsə şeirlərində
işlənməmişdi. Düz
əlli il
öncə, 1966-cı ildə
yazdığı səkkiz
misralıq bir şeirinə diqqət yetirdim. Bu kiçik şeirdə şairlik üçün vacib olan sözlə rəssamlara məxsus lövhələr yaratmaq bacarığı hər misrada nəzərə çarpır:
Xəzər qədim bir kitab,
Oxunur axşam-səhər.
Dalğa
səhifələri
Varaqlayır küləklər.
Ləpələr misra-misra
Dənizin varağında.
Ləpələr bir mahnıdır
Xəzərin dodağında.
Ələkbər Salahzadə Firuzə
Məmmədliyə həsr
elədiyi yazısında
onun şairlik təbiətini belə müəyyənləşdirirdi:
"Firuzə Məmmədli
hər şeydən öncə lirik şairdir. Lirik şeirləri zərif,
kövrək hisslərlə
zəngindir. Bu zəriflik,
kövrəklik təkcə
sevgi şeirlərində
deyil, təbiətlə,
vətənlə, anaya
həsr etdiyi yazılarında
da duyulur.
Bununla yanaşı, onun yaradıcılığında epik elementlər də qabarıq nəzərə çarpır,
yığcam, yay kimi sıxılmış
misralar arasından həmin
işartıları tez-tez
üzə çıxır,
şairin bu yöndəki potensial imkanlarını aşkarlayır". Bu məqamda
mərhum deməyə
dilim gəlmədiyi Ələkbər Salahzadəyə
həsr edilmiş və sərbəst vəzndə yazılmış
"Rekviyem" şeirini
nəzərdən keçirirəm.
Bu şeirdə Firuzə xanımın
OBRAZ yaratmaq xüsusiyyəti
üzə çıxır.
Ələkbər Salahzadənin ölümünə
təəssüflə qələmə
alınan bu şeirdə bircə artıq, yerinə düşməyən söz,
ifadə tapa bilməzsən.
Şəklin
ölümə etiraz idi
duruşun,
baxışın,
gözlərində qıyılmış
təbəssümün,
dodaqların arasında
bərk-bərk sıxdığın
sözlərinlə.
Sıxılmış dodaqlarını
partlada bilmədi
o sözlər,
ürəyini partlatdı.
Firuzə Məmmədlinin lirikasında şairin fərdi duyğuları, illər boyu onu düşündürən, narahat edən həyati problemlər, qayğılar, zamanla, dünyada baş verən ictimai-siyasi hadisələrlə bağlı düşüncələr öz əksini tapır. Amma nədən yazırsa-yazsın onun lirik "mən"i həmişə ön planda olur. Dünya da, zaman da, cəmiyyətdə baş verən hadisə və olaylar da, insanlar da, onların müxtəlif xasiyyət və xarakteri də onun ürəyindən gələn və poetik sözə, şeirə və şeirdən daha uca poeziyaya çevrilir. Hələ təbiəti demirəm. Sanki Firuzə xanımın içindəki baharla, payızla təbiətdəki bahar və qış birləşir, biri o birini təsdiq edir. Hələ sevgi şeirlərini demirəm. İllər keçir, aylar ötür, amma içində yaşatdığı o sevgi hissləri heç bir vaxt sönmür, solmur, çünki təmiz, saf hisslərdir.
Görkəmli tənqidçi Aydın Məmmədovun bir fikrini xatırlayıram: "Poeziya kədərsiz təsəvvüredilməzdir. Amma böyük poeziyaya böyük kədər, dünyəvi kədər, bəşəriyyətin taleyi haqqında narahatlıqlardan doğan kədər lazımdır" - bu fikri heç bir tərəddüd eləmədən Firuzə Məmmədlinin poeziyasına şamil eləmək olar. Onun müxtəlif mövzulara həsr olunmuş şeirlərində doğrudan da kədərə, qəmə ürcah olursan, amma bu kədərli duyğular səni ağlatmır, sızıldatmır, bu hisslər bir fərdin bu qarışıq, xaotik zamana qarşı etirazları kimi səslənir. "Amansızdı fələklər, Boşa çıxır diləklər. Susub durur mələklər, İnsan eşitmir məni"- şeir bitir və niyə sualı meydana çıxır. Bu niyə sualının cavabını biz Firuzə xanımın digər şeirlərində tapırıq.
Şam kimi içindən əriyir zaman,
Haqq özü çaşbaşdı vaxtın əlində.
Dönəsi deyil ki, geriyə zaman,
Niyə yapışmışıq ətəklərindən?
Kimi un üyüdür, kimisi də daş,
Qədərdi, hədərdi-fələkdən gəlir.
Çevirir vərəqi vaxt
yavaş-yavaş,-
Qismətin gözündən hələ
çən gəlir.
Geriyə
dönəsi deyil ki zaman,
Ömrün o dünyaya qapısı-açıq.
Geriyə
dönəmmir heyif ki, zaman,
Vaxtın kələyində çaşıb
qalmışıq.
"Vaxtın kələyində
çaşıb qalmışıq"-
bu çağdaş bir şairin səmimi etirafıdır. Bu günün
şairi bu günün həqiqətlərini
yazmalıdı, içindən
keçən fərdi,
subyektiv duyğulardan tutmuş, yaşadığı
məmləkətin ağrı-acılarına
qədər hər şeyi ...Firuzə xanımın bir yazıçının ermənipərəst
düşüncəsini əks
etdirən fikirlərinə
qarşı etirazında
sərt və haqlı ittihamlar səslənir:
Əsir
Qarabağı unutduq yoxsa?-
O yollarda qalan gözdən eyibdi.
Dərisi
soyulan, döşü
kəsilən
Qarıdan, qocadan, qızdan eyibdi.
Gəlmir
Xocalının ayağı
yalın,
Qar üzü
göynədir yer damarını.
Qızların soyulmuş abır-həyası
Qanına bələnmiş yol kənarıdır.
Firuzə
xanımın bu kitabında sevgi şeirləri də az deyil.
Vaxtilə onun şeirləri
haqqında yazdığım
bir məqalədə
"Sevgi" adlı
bir şeirindən söz açmış və həmin şeiri son əlli ildə yazılan ən gözəl sevgi şeirlərindən
biri kimi qeyd etmişdim. Yenə də o fikirdəyəm.
Gəl ömrümə, gözəl
sevgi,
Gəl ki, yanıb külün olum.
Gözəlliyin mənə gəlsin,
Gəl, gözəl
sevgilin olum.
Dünyaya yürüşüm sevgi,
Ömürlə görüşüm sevgi.
Ayağına düşüm, sevgi,
Ürəklərə yolun olum.
Minlərdən birinəm sənin,
Ömürlük sirrinəm sənin.
Ən gözəl dirinəm sənin,
Ən gözəl
də ölün olum.
Yaşanılan sevgi hissləri bu şeirlərin cövhəridir. Sevgi şeirlərinə xas olan ayrılıq,
həsrət, ümid...bu şeirlərdə də öz əksini tapır. Amma yavan-yalxı sözlər,
ifadələr, misralarla
deyil, insan qəlbinin dərinliklərindən
qopan və poetik mənalara yüklənən sözlərlə,
ifadələrlə, deyimlərlə,
diri-dopdolu misralarla.
Həmin
o "Sevgi" şeirinin
davamı kimi bir "Sevgim" şeiri də var və bu
şeir bir daha təsdiq edir ki, sevgi
insan həyatının
ən gözəl anlarıdı. Sevgisiz yaşamaq-ölüm,
sevgiylə yaşamaq-həyatdır.
Və sevgi həm də bir nəfərin
eşqiylə alışıb-yanmaq
deyil, həm də "Öpürəm
bu gün üçün canımı
sağ eləyən
Bu torpağı, bu daşı, suyu, səmanı, sevgim".
Firuzə Məmmədli müasir şairdir. Həyatda da müasirdir, poeziyada da. Poeziyada müasirlik ənənəyə qətiyyən arxa çevirmədən yenilik, novatorluq axtarışlarına qoşulmaqdır. Müasir şeirdə ən başlıca məziyyət sözün yeni məna çalarlarını, poetik ifadə imkanlarını aşkarlamaq, bunları şeirə gətirməkdir. Firuzə xanım ixtisasına görə dilçidir, şeirlərinin dili təbii, sadə, anlaşıqlıdır. Ancaq bu, azdır. Həm də bu şeirlər poetik lövhə yaratmaq baxımından mənalıdır.
20 Yanvardan
başlayan ağrını
çəkib gətirdim
ürəyimin başına.
Gözlərimin yaşı
niyə qırmızı idi,-
bilmədim.
Firuzə Məmmədlinin son on ildə yazdığı və həm də ötən illərin şeirlərini də əhatə edən bu kitabı bir daha sübut edir ki, həqiqi şair heç vaxt ilkinlikdən gələn o təbiiliyi, o səmimiyyəti, daim poetik axtarışlara can atmasını itirə bilməz. "Dərddən sonra şair gəlir dünyaya. Hər dərdin gəlişi bir şairin doğuluşudur. Şair dərdləri dənləyə-dənləyə təmizləyir düz-dünyanı" - Firuzə xanımın şairlik missiyası da elə onun bu şeirində gözəl ifadə olunub...
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2016.- 27 dekabr.- S.7.