Misilsiz maddi-mənəvi xəzinə,
nüfuzlu elmi tədqiqat
mərkəzi
ƏLYAZMALAR
FONDUNUN İNSTİTUT STATUSU ALMASININ 30 İLLİYİNƏ
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd
Füzuli adına
Əlyazmalar İnstitutu
dünyanın ən zəngin kitab xəzinələrindən sayılır.
Əlyazmaların toplanması respublikamızda
ötən əsrin
20-ci illərindən başlamış,
buradakı materialların
əsasını orta
əsr kitabxanaları,
eləcə də
XIX-XX əsrlər görkəmli
Azərbaycan ziyalılarından
Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Əbdülqəni Əfəndi
Xalisəqarızadə, Hüseyn
Əfəndi Qayıbov,
Bəhmən Mirzə
Qacar, Mir Möhsün
Nəvvab və başqalarının şəxsi
kolleksiyaları təşkil
etmişdir. 1950-ci ildən bu qurum
Əlyazmalar Fondu adı ilə müstəqil müəssisə
kimi fəaliyyət göstərmişdir. Orta
əsr elmlərinin bütün sahələrinə,
tibb, astronomiya, riyaziyyat, mineralogiya, poetika, fəlsəfə, teologiya, hüquqşünaslıq,
qrammatika, tarix, coğrafiya, bədii nəsr və poeziyaya dair Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə fond zəngin
və nadir əlyazma kolleksiyasına malikdir. İndi burada 40 mindən artıq əlyazma, sənəd, şəxsi arxiv materialları, əski çap kitabları, qəzetlər və s. saxlanılır və tədqiq edilir.
Əlyazmalar İnstitutunun elmi tədqiqat mərkəzi kimi təşəkkülü
ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Yeni 2001-ci il, Yeni
əsr, Üçüncü
minillik münasibətilə
xalqa müraciətində
Heydər Əliyev Azərbaycan xalqının
dünya sivilizasiya qarşısındakı tarixi
xidmətlərini yüksək
qiymətləndirərək demişdir: "İkinci minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dünya mədəniyyətində
öz dəst-xətti
ilə seçilən
xalqlardandır. Keçən
iki min il
ərzində bəşər
sivilizasiyasının ayrılmaz
hissəsi kimi azərbaycanlılar dünya
mədəniyyəti xəzinəsinə
sanballı töhfələr
vermişlər. Bizim əcdadlarımız ibtidai
insanın mədəniyyət
sahəsində əldə
etdiyi bütün nailiyyətlərdən faydalanaraq
özünəməxsus zəngin
mədəni-mənəvi irs yaratmışlar. Bunu istər Azərbaycan ərazisində arxeoloji qazıntılar nəticəsində
tapılmış abidələr,
istərsə də bu günümüzə qədər gəlib çatmış şifahi
xalq ədəbiyyatı
və yazılı ədəbi irsimiz sübut edir".
Hələ 1981-ci ildə Heydər Əliyevin rəhbərlik
etdiyi Azərbaycan KP
MK-nın və hökumətin Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması
haqqında xüsusi qərarı ilə müəssisənin bazası
möhkəmləndirilmiş, maddi-texniki təchizatı
yüksəldilmişdir. 1982-ci ildən fond Bakının
indi İstiqlaliyyət
adlanan küçəsindəki
ən gözəl binalardan birində yerləşdirilmişdir. Binanın tarixi barədə bir neçə söz demək istərdim. İlkin olaraq, bu bina məşhur mesenant Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına qızlar seminariyası kimi tikilmiş, 1901-ci ildən istifadəyə verilmişdir. Sonrakı illərdə
burada Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti, məktəb, Azərbaycan SSR Ali Soveti fəaliyyət göstərmişdir.
Ali Sovet yeni
binaya köçərkən
bir neçə təşkilat bu binaya köçmək üçün təşəbbüslər
etdilər. Yalnız
əlyazmalarımızın, yazılı abidələrimizin
milli mədəniyyətdəki
rolunun müstəsnalığını
dəyərləndirən ümummilli
liderin iradəsi ilə bina Respublika
Əlyazmalar Fonduna verilmişdi. Ötən əsrin 80-ci illərində
RƏF öz fəaliyyətində
akademiyanın institutlarından
geri qalmır, akademik elmi-tədqiqat institutu kimi işləyirdi. Bunu nəzərə alan
akademiya və institut rəhbərliyi
RƏF-in instituta çevrilməsinə
çalışır, "yenidənqurma" adı altında respublikalardakı
ayrı-ayrı müəssisələri
ləğv etməyi,
birləşdirməyi üstün
tutan Moskva isə buna razı
olmurdu. Yalnız bir neçə illik mübarizədən sonra, 1986-cı ildə
SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini vəzifəsində
işləyən Heydər
Əliyevin yaxından
iştirakı və köməyi sayəsində
SSRİ Nazirlər Sovetinin
28 oktyabr tarixli sərəncamı, bir müddət sonra Azərbaycan SSR Nazirlər
Sovetinin 1986-cı il
11 noyabr tarixli qərarı və Azərbaycan SSR EA Rəyasət
Heyətinin 1986-cı il
4 dekabr tarixli qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir. İndi bir neçə postsovet respublikasında Əlyazmalar institutları
yaradılmışdır. Hazırda bu o qədər də çətin məsələ deyildir.
Müstəqil, suveren ölkədə,
əlbəttə ki, əlyazmaları tədqiq
edən elmi-tədqiqat
müəssisəsi - institut
təşkil edilməsində
qeyri-adi bir şey yoxdur. Sovet dövründə isə əlyazmaları öyrənən
cəmi iki institut vardı. Tiflisdə K.Kekelidze adına Əlyazmalar
İnstitutu, İrəvanda
Matenadaran adlanan Əlyazmalar İnstitutu. "Qardaş respublikalar
ailəsində" bu
xüsusi imtiyazlı respublikalardan başqa, digərlərinin yazılı
abidələrini, əlyazmalarını
öyrənən institut
açmaları müşkül
məsələ idi.
Həmin
illərdə AMEA Əlyazmalar
İnstitutunun yaradılması
uğrunda gedən müdarizənin bir sıra şahidləri -
AMEA-nın keçmiş
prezidenti, akademik Həsən Abdullayev, Əlyazmalar İnstitutunun
keçmiş direktoru
Cahangir Qəhrəmanov
artıq dünyalarını
dəyişmişlər. Onlardan yalnız o zaman Mərkəzi Komitədə
yüksək vəzifədə
işləyən, indi
isə Azərbaycanın
Polşadakı səfiri
olan Həsən Həsənov sağdır
və deyilənləri
təsdiqləyə bilər.
Mərhum professor C.Qəhrəmanov Moskva səfərindən sonra danışırdı
ki, Azərbaycandan alimlər qrupu əvvəlcə Heydər
Əliyevin yanına gedirlər. Heydər Əliyev onlara
məlumat verir ki, artıq SSRİ Nazirlər Sovetinin sədri ilə, digər yüksək vəzifəli şəxslərlə
razılaşdırmışam, SSRİ
EA-nın prezidentinə
də demişəm, onun yanına gedin. Bizim heyət SSRİ EA-nın prezidenti Q.İ.Marçukun yanına
getdikdə əmin olurlar ki, artıq
məsələ bircə
günün içində
həll edilmişdir.
Bundan sonra xoş xəbərlə Bakıya
qayıdırlar.
Əlyazmalar İnstitutunun kimin adını daşıması
da mübahisəli məsələ olaraq qalırdı. Bir sıra şəxslərin
adları təklif edilir, hər kəs öz seçimində təkid edirdi. Sonralar hamı Heydər
Əliyevin qərarının
nə qədər məntiqli olduğunu dərk etdi. İndi hamı üçün aydındır ki, əgər Ədəbiyyat
İnstitutu Nizami Gəncəvinin, Dilçilik
İnstitutu İ.Nəsiminin
adını daşıyırsa,
Əlyazmalar İnstitutu
da M.Füzulinin adını daşımalıdır.
1996-cı ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd
Füzulinin adı verildi. Heydər Əliyev işinin
çoxluğundan, məşğulluğundan
asılı olmayaraq, həmişə yazılı
abidələrimizi, əlyazmalarımızı
düşünmüşdür. Bunu sübut etmək üçün onun "Kitabi-Dədə Qorqud"un tədqiq
və təbliği,
1300 illik yubileyinin keçirilməsi sahəsindəki
fəaliyyətini yada
salmaq kifayətdir. Ulu öndər 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud"
dastanının 1300 illik
yubileyi haqqında"
fərman, 1999-cu il fevralın 21-də "Kitabi-Dədə
Qorqud" dastanının
1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər
planı haqqında"
sərəncamları imzaladı.
Onun sədrliyi ilə Dövlət Komissiyasının 1999-cu il 16 fevral, 1999-cu il 8 aprel və
2000-ci il 11 mart tarixli üç iclası keçirildi. Bu iclaslarda
o, giriş sözü
və yekun nitqi ilə çıxış etdi.
Və nəhayət, ulu öndərin təşəbbüsü ilə
"Kitabi-Dədə Qorqud"un təntənəli
surətdə Bakıda
keçirilən 1300 illik
yubileyi bütün türk xalqlarının bayramına çevrildi.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
əməkdaşları, bütün
ziyalılarımız ulu öndər Heydər
Əliyevin bu müəssisənin tarixindəki
rolunu heç vaxt unutmur, həmişə
onu Azərbaycan elminin
və mədəniyyətinin böyük
hamisi kimi yad edirlər.
Paşa ƏLİOĞLU
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun direktor əvəzi
525-ci qəzet.- 2016.- 27 dekabr.- S.6.