Türk Dünyası səmasından bir ulduz da axdı...
Başqırdıstanın görkəmli folklorçusu
Əxmət Söləymənovla
1999-cu il martın 18-20-də Türkiyənin Elazığ şəhərində Fırat Universitesi Rektörlüğü,
Atatürk Yüksek Kurumu,
Atatürk Kültür Merkezi Başkanlığının birgə
keçirdiyi "Türk dünyasında Nevruz. Üçüncü Uluslararası
bilgi şöleni"ndə
tanış olmuşduq.
Uca və şux qamətinə milli geyimi, başındakı canavar dərisindən olan papağı xüsusi bir yaraşıq verirdi.
Onunla söhbət edərkən
haqqında oxuduğum
və yazmağı planladığım ictimai-siyasi
xadimlər, alimlər
yazıçı və
şairlər haqqında
qaranlıq qalan məsələləri aydınlaşdırmağa
çalışırdım.
Bu söhbət
bizi bir-birimizə yaxınlaşdırdı. Həmin günlərdəki
kiçik bir hadisəni də heç vaxt unuda bilmirəm. Tədbirin proqramında adı və soyadı Ahmet Suleymenov kimi yazılan, mənim də ona proqramda yazıldığı
kimi müraciət etdiyim alim vizit
kartını verərkən
bir anlığa duruxdu, əlindəki karta baxıb geri qaytardı. Yenidən cibinə qoydu. Bir az ciblərini qurtdalayandan sonra mənə də vizit kartını
verdi. Payladığı vizit kartlarında
adı və soyadı Ahmet Suleymenov yazılmışdı.
Mənim üçün
çıxardığı vizit kartını əlində bir anlıq saxladı və "mənə müraciət edəndə,
məktub yazanda burada yazılanlara əməl et" -dedi. Vizit kartını gözdən
keçirəndə orada
"Əxmət Möxəmmətvəli
ulu Söləymənov"
yazıldığını gördüm. Onda əvvəl
vermək istədiyi vizit kartını qaytarıb cibinə qoyduğunun səbəbi mənə aydın oldu. Sonralar görüşəndə də, məktub yazanda da həmişə
onun istəyinə əməl etdim.
Şəxsi tanışlıqdan sonra yaradıcılığını diqqətlə izlədim. 2004-cü ilin
martın 18-21-də Bakıda
Folklor İnstitutunun keçirəcəyi İkinci
"Ortaq türk keçmişindən ortaq
türk gələcəyinə"
simpoziumuna, yolxərci
üzündən, dəvətlilərin
bir çoxu gələ bilmədi. Əxmət Söləymənov
isə qızı Leysanla birlikdə
gəldi. Onun "Başqırd eposu "Ural Batır"da
"əbədi həyat
sirrinin axtarışı"
motivinin interpretasiya xüsusiyyətləri" mövzusunda
oxuduğu məruzə
diqqətçəkən oldu.
Milli geyimi isə yalnız iclas salonunda deyil, küçə və meydanlarda da diqqəti çəkirdi.
Anadan olmasının 65 illiyi münasibətilə, yubileyindən
3 gün keçsə
belə, kiçik bir məclis də düzəltdik.
Sadə və səmimi bir insan olan
Əxmət Söləymənov
kasıb bir ailədə doğulub. 1939-cu il
martın 15-də Başqırdıstandakı Burzyan
rayonunun Nabi kəndində doğulan Əxmət 1957-ci ildə
rayon mərkəzindəki orta
məktəbi bitirdikdən
sonra iki il kolxozda işləyib.
1958-ci ildə onu hərbi xidmətə aparıblar.
Diribaşlığına görə tankçılar
hazırlayan kursa yazıblar. Tank komandiri
olub, hərbi məktəb bitirməsə,
ali təhsili
olmasa da ona zabit rütbəsi
veriblər. 1961-ci ildə əsgəri xidmətini leytenant rütbəsində başa
vurub kəndlərinə
dönüb. Elə
həmin il
də Ufadakı Başqırdıstan Dövlət
Universitetinin tarix-filologiya
fakültəsinə daxil
olub. Ali məktəbdə
oxuyarkən tələbələr
arasından seçilənlərdən
olub. 1964-1965-ci illərdə təhsilini dayandırıb səkkizillik
məktəbdə müəllim
işləyib.
1967-ci ildə
Universiteti bitirdikdən
sonra yenə də kəndlərinə
dönüb. Kənd səkkizillik məktəbində
müəllim işləyib,
folklor toplayıb, aspiranturada təhsilini qiyabi davam etdirib.
1972-ci ildə onu Başqırdıstan Dövlət Universitetində
başqırd dili və folklorundan dərs deməyə dəvət ediblər.
1973-cü ilin fevralında
isə yazdığı
dissertasiyanı müdafiə
edərək "10.01.09 - folklorşünaslıq" ixtisası
üzrə elmlər namizədi elmi dərəcəsi alıb.
1973-1991-ci illərdə
universitetdə dərs
deyən Əxmət Söləymənov əsasən
pedaqoji fəaliyyətlə
məşğul olub. Özünün
dediyi kimi, "həmin illərdən ona elmi fəaliyyət
adına yazdığı beş-on
məqalə, 1991-ci ildə
Moskvada Lomonosov adına Universitetdə müdafiə etdiyi "Başqırd məişət
nağıllarının janr
özünəməxsusluğu"
(1990-ci ildə Ufada rus dilində kitab kimi nəşr
edilmişdir--Ə.Ş.) mövzusunda
doktorluq dissertasiyası,
bir də Başqırdıstan Respublikasının
Əməkdar Mədəniyyət
işçisi fəxri
adı qalıb". 1994-cü ildə isə Moskvadakı
"Elm" nəşriyyatı onun "Başqırd xalq məişət nağılları: süjet
repertuarı və poetika" kitabını çap edir.
Əxmət Söləymənov ciddi elmi fəaliyyətlə Sovetlər Birliyi çökdükdən sonra
məşğul olub. Elə həmin il
Rusiya Federasiyası Elmlər Akademiyasının
M.Qafuri adına Tarix, Dil və
Ədəbiyyat İnstitutunun
folklor və incəsənət şöbəsində
müdir kimi işə başlayıb,
dosent seçilib. Gənclik illərində yazdığı,
topladığı, lakin
çap etdirə bilmədiyi əsərlərinin
üzərində yenidən
işləyərək dalbadal
nəşr etdirməyə
başlayıb. 1997-ci ildə "Nağılda
həqiqət", 1998-ci ildə
"Yumoristik xalq nəsri", 1999-cu ildə
R.Rajapovla birgə yazdığı
"Başqırd xalqının
arxaik eposu", 2000-ci
ildə L.Baraq ilə birgə yazdığı "Başqırd
folklorunun təhkiyə
janrları", 2001-ci ildə
"Möcüzənin mənbəyi",
2002-ci ildə
"Hesabını bilən
qədirbilən olar"
kitablarını nəşr
etdirir.
2003-cü ildə
isə üç kitabı- "Yolumuz hayanadır?", "Ayıq-sayıq
olaq" və "Şairi ulduzlar işıqlandırdı: şair
Rif Mitxatovun ədəbi
portreti" kitablarını
çap etdirir.
Folklorla bağlı
"Başqırd xalq
novellası" (2005), Q.Xusainov
və M.Naderqulovla birgə yazdığı
"Yazılı dastanlar"
(2006), "Akmullanın
soydaşlarının - minlərin
folkloru" 1-ci hissə
(2006), "Uşaq oyun
folkloru"(2007), "Bizim
epik abidələr"
(2007), "Məhəbbət dastanları" (2007), qızı
Nərgiz Xubiddinova ilə birgə hazırladığı "Akmullanın
soydaşlarının - minlərin
folkloru. 3-cü hissə"
(2008), yenə Nərgiz
Xubiddinova ilə birgə hazırladıqları
"Başqırd uşaq
təhkiyə folkloru.
3-cü hissə" (2008) kitablarını nəşr
etdirmişdi.
Əxmət Söləymənov ictimai-siyasi
işlərdə də
fəal olmuş, zamanında baş verən hadisələrə
münasibətini yazıları
və radio-televiziyadakı
çıxışları ilə bildirmiş, başqırdların müasir
yazılı ədəbiyyatı
haqqında dəyərli
əsərlər yazmışdı. Bunu onun aşağıda adını çəkdiyimiz
əsərlərinin timsalında
aydın görə bilərik: "Seçkilər
haqqında düşüncələr"
(2004), "Ölkəmizin sevinci
- xalq şairi Mustay Kərim haqqında esse" (2007),
"Üç möcüzə:
M.Akmulla, Ş.Babiç
yaradıcılığının folklorizminə dair və Xalq şairi
Mustay Kərim haqqında esse" (2009), Nərgiz Xubiddinova ilə birgə yazdığı "Ədəbi
əsərlərin təhlil
yolları" (2012) və
başqaları.
Elmi və pedaqoji fəaliyyətindəki uğurları
nəzərə alıb
1997-ci ildə ona Başqırdıstan Respublikasının
"Əməkdar elm xadimi",
1999-cu ildə Başqırdıstan
Respublikasının "Təhsil
Əlaçısı", 2006-cı ildə Rusiya Federasiyasının "Əməkdar
elm xadimi" adlarını
vermişdilər. Onun təltifləri sırasında
2004-cü ildə aldığı
"Cəlil Kiakbayev"
adına, 2009-cu ildə aldığı
"Miftaxetdin Akmulla"
adına mükafatlar da vardı. İkinci mükafatı o, Miftaxetdin
Akmulla əsərlərinin
tərtibinə, kitaba
yazdığı izahlar
və ön sözə görə almışdı.
1991-2002-ci illərdə
Rusiya Elmər Akademiyası Ufa Elm Mərkəzinin
Tarix, Dil və Ədəbiyyat İnstitutunda şöbə
müdiri işləyən
Əxmət Söləymənovu
Ümumdünya Başqırdları
Qurultayı İcraiyyə
Komitəsinin sədri
seçirlər. Dörd il bu vəzifəni ləyaqətlə
yerinə yetirdikdən
sonra 2006-cı ildə
Miftaxetdin Akmulla adına Başqırdıstan
Dövlət Pedaqoji Universitetinin Başqırd
Ədəbiyyatı və
Mədəniyyəti kafedrasına
müdir seçilir. Burada işləyərkən "Folklor
mərkəzi" yarada
bilir və ona da rəhbərlik
edir.
30-a yaxın monoqrafiya, 400-ə yaxın
elmi məqalə, orta və ali məktəblər
üçün 40-a yaxın
metodik vəsait çap etdirən Əxmət Söləymənov
bədii yaradıcılıqla
da məşğul olduğuna görə onu Başqırdıstan və Rusiya Fedarasiyası Yazıçılar
Birliyinə üzv seçmişdilər.
Azərbaycana böyük sevgisi olan folklorçu-alimin Başqırdıstandakı Azərbaycan diasporuna qayğı göstərdiyi, hər yerdə Azərbaycanla bağlı qürurla danışdığı xəbərləri bizlərə də gəlib çatırdı. Alim Azərbaycanla Başqırdıstan arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəmirdi.
O, elmi-pedaqoji fəaliyyətlə, ədəbi-bədii yaradıcılıqla məşğul olmaqla, ictimai işlərə zaman xərcləməklə yanaşı, vətən və millət üçün gərəkli övladlar da tərbiyə edib böyütmüşdü. Böyük qızı Leysan İtkulova fəlsəfə elmləri namizədidir. Hazırda Başqırdıstan Dövlət Universitetinin etika, estetika və dinlər tarixi kafedrasına rəhbərlik edir.
Kiçik qızı, filologiya elmləri doktoru Nərgiz Xubbetdinova Rusiya Federasiyasi Elmlər Akademiyası Ufa Elmi Mərkəzində böyük elmi işçidir.
Oğlu Cəlil Söləymanov Başqırdıstan Respublikası Rəssamlar İttifaqı sədrinin müavinidir və Şeyxzadə Babiç adına Respublika mükafatına layiq görülüb.
Uzun illər Başqırdıstan radiosunun Musiqi redaksiyasına rəhbərlik etmiş xanımı Faniya Bayqidiyeva xalq artisti adını almış və Başqırdıstan Respublikasının Şaqit Xudayberdiyev adına mükafatına layiq görülmüşdür.
Ufada 75 illik yubileyi keçiriləndə AMEA Folklor İnstitutu onu təbrik etmişdi. Bu təbrik yalnız Əxmət Söləymənovu və ailəsini sevindirməmişdi. Başqırd alimləri və ziyalıları arasında ruh yüksəkliyi doğurmuşdu.
AMEA Folklor İnstitutunun tövsiyəsi ilə Əxmət Söləymənov yeni nəşrə başlayan "Türkologiya" jurnalının redaksiya heyətinə daxil edilmişdi. Ondan sonuncu məktubu sentyabrın 15-də almışdım. Xahiş edirdi ki, "Türkologiya" jurnalının nəşr olunan saylarını ona göndərim. Əfsus ki, jurnallar Ufaya çatanacan Əxmət Söləymənov dünyasını dəyişdi.
26.11.2012
Əli ŞAMİL
525-ci qəzet.-
2016.- 22 dekabr.- S.8.