Türk xalqlarının ədəbi-mədəni həyatında
mühüm hadisə - Birinci Türkoloji Qurultay - 90
VƏ YA BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN
BİR QRUP İŞTİRAKÇISININ KƏDƏRLİ
AQİBƏTİ
Türk xalqları ədəbiyyatı tarixinin öyrənilməsində 1926-cı il 26 fevral - 6 martda keçirilmiş Birinci Türkoloji qurultayın materialları böyük əhəmiyyət kəsb edir...
Birinci Türkoloji Qurultayda iştirak edən 5 nəfər qazax - məşhur maarifçi, dilçi alimlər, öz ölkələrində yeni əlifba siyasətinin görkəmli nümayəndələri Əhməd Baytursunov (1872-1937), Bilal Suleyev(1893-1937), İldes Omarov (1892-1937), Əziz Bəyseyidov(1893-1955) və Nazir Torekulov(1892-1937) olublar. Qazax xalqının tarixində
misilsiz xidmətləri ilə iz salmış bu görkəmli
şəxsiyyətlərin keçdiyi həyat yoluna qısaca
nəzər salaq..
(Əvvəli
ötən sayımızda)
Əhməd Baytursunovun
yaradıcılığı bir sıra mühüm hadisələrlə
zəngindir. 1896-cı ildə qazax çöllərini gəzərək
folklor toplayan, qazax xalqının etnoqrafiyasını, dialektlərini
öyrənən çuvaş araşdırıcısı
Alektorovla tanışlıq gənc Əhmədin
dünyagörüşündə böyük dəyişiklik
yaradır. Vətənini hədsiz məhəbbətlə
sevən Əhməd xalqının yaşadığı
coğrafiyanı, millətinin yaşam tərzini öyrənir,
folklorunu toplayır, uşaqların daha yaxşı təhsil
alması, biliklərə tez yiyələnməsi
üçün forma və metodlar axtarır. Yeniyetmə yaşlarında dombra çalmağa
böyük maraq göstərən Əhməd həm də
qazaxların jır adlandırdığı xalq
mahnılarının toplanması ilə məşğul
olur.
Baytursunov qazax əlifbasını
ərəb qrafikası əsasında yenidən işləyərək
tarixi islahat aparıb. 1912-ci ildə qazax dilində işlənməyən
ərəb hərflərini əlifbadan çıxararaq
onları doğma dilə uyğunlaşan hərflərlə əvəzləyib.
"Jan emle" ("Yeni orfoqrafiya")
adını almış bu əlifba indinin özündə də
Çin, Əfqanıstan və İranda yaşayan qazaxlar tərəfindən
istifadə olunur.
Görkəmli xadim, parlaq
maarifçi, qazax, rus, tatar dillərini səlis bilən Bilal
Suleyev Qazaxıstanda təhsil sisteminin əsas
yaradıcılarından biridir. Bilal Suleyev Orenburqda
müəllimlər seminariyasını bitirdikdən sonra bir
müddət müəllim işləyib. 1918-ci
ildə dövrün görkəmli ziyalı xanımı,
maarifçi, pedaqoq, şair və yazıçı, rus, alman
və fransız dillərinin gözəl bilicisi tatar
qızı Fatimə Qaibova ilə ailə həyatı qurub.
Bilal Suleyev tanınmış maarif
işçisi idi. 1923-cü ildə Kommunist
Partiyasına qəbul olunduqdan sonra təhsil və
maarifçilik sahəsində məsul vəzifələrdə
işləyib. 1920-1929-cu illərdə
Semireçye xalq təhsili şöbəsinin müdiri kimi
vilayətin bütün yaşayış məntəqələrində
məktəb və internatların
açılışını təşkil edib. 1928-ci ildə Qazaxıstan xalq maarif
komissarlığının məsul işçisi kimi Bilal
Suleyev Uraz Candosovla birlikdə Qazaıstanda ilk universitetin
açılmasında böyük əmək sərf edib.
Bilal və Fatimənin 1919-cu ildə qızı
Fəridə, 1923-cü ildə isə oğlu Janibek
(Böyük Vətən müharibəsində 1943-cü ildə
həlak olub) dünyaya gəlmişlər. 1929-cu ildə Suleyevlər ailəsi Aktübinskə
köçdükdən sonra Bilal vilayət xalq təhsili
şöbəsinin müdiri işləyib. 1930-cu ilin qışında 10 yaşlı Fəridənin
dünyadan köçməsi ailəyə böyük kədər
gətirib. Sonra ailə Seminapalatinskə
köçüb, Bilal Suleyev burada pedaqoji institutun rektoru vəzifəsində
çalışıb. 1930-cu ildə Azat
adlı oğlu dünyaya gəlib. 1931-ci
ildə millətçilikdə təqsirləndirilərək
həbs edilən Bilal Suleyev 1932-ci ildə azadlığa
buraxılıb. Bundan sonra, Moskvaya
getmiş, istehsalatda çalışaraq maarifçilik fəaliyyətini
davam etdirib. Məhz bu zaman Fatimə iki
övladı ilə birlikdə Semipalatinskdən Alma-Ata şəhərinə
köçüb. (Lakin onlar 1932-ci ildə
boşanıblar. Fatimə Qaibova sonradan
şair, Qazaxıstan SSR Yazıçılar
İttifaqının sədri İlyas Cansuqurovla (o da iftira ilə
1937-ci ildə tutulub, 1938-ci ilin fevral ayında "yapon
casusu" adı ilə güllələnib),
üçüncü dəfə isə məşhur qazax
yazıçısı Muxtar Auezovla ailə qurub).
1934-cü ildə Qaraqalpak MSSR-in Nukus şəhərinə
ali təhsil müəssisələri və orta məktəblər
şöbəsinə müdirlik etmək məqsədilə
Moskvadan göndərilmiş Bilal Suleyev 1937-ci ildə NKVD tərəfindən
yenidən həbs edilib və repressiya olunub. Yalnız
1958-ci ildə Qazaxıstan SSR Ali Məhkəməsi tərəfindən
bəraət alıb.
Görkəmli ictimai xadim,
publisist, tərcüməçi, alim-linqvist Eldes Omarov 29
fevral (bəzi mənbələrdə 1mart) 1892-ci ildə
Kustanay vilayətinin Semiozernıy rayonunun Kojay aulunda anadan olub.
Əvvəlcə aul mollaxanasında təhsil
alıb, sonra Kustanay ikisinifli rus-qazax məktəbini fərqlənmə
ilə bitirib. Daha sonra Orenburq
qırğız məktəbini bitirdikdən sonra Komek
volostunun Dobay aulunda müəllimlik edib. 1917-ci
ildə dərslik hazırlayan komissiyanın üzvü
seçilən Eldes Omarov Orenburqda nəşr edilən məşhur
"Qazax" qəzetinin fəal müəlliflərindən
biri kimi də tanınıb. Vətəndaş
müharibəsi illərində Alaş-Ordanın Kustanay uyezdi üzrə
sədri və uyezdin komissarı olub. 1920-ci illərin
əvvəllərindən Orenburq xalq təhsili
komissarlığının məktəb şöbəsində
işləyən Eldes Omarov Qazax Xalq Təhsili İnstitutunda dərs
deyib. Məktəblilər
üçün dərslik yazıb. Alma-Ata
şəhərində yaşayıb fəaliyyət göstərib.
Alaş-Orda muxtariyyətinin yaradılması
proqramının müəlliflərindən biri olub.
Sonradan özü kimi "vətən
xaini" damğası vurulmuş Əhməd Baytursunov,
Miryakıb Dulatov, Muxtar Murzin, Jusibbek Aymautovla dostluq edib. Doğma vətənini
dərin məhəbbətlə sevən Eldes Omarov qazax
yazısının ərəb qrafikası əsasında
işlənməsinin tərəfdarı olub. O, bu barədə
Birinci Türkoloji Qurultayda da bildirib. Qazax
şifahi ədəbiyyatının mahir bilicisi kimi
tanınmış Eldes Omarovu müasirləri
"qazaxların Lomonosovu" adlandırıblar.
Riyaziyyat, cəbr, fizika, triqonometriya, həndəsə üzrə
çoxsaylı dərsliklərin müəllifi olmuş Eldes
Omarov balacalar üçün özündə atalar sözləri
və məsəllər, xalq yaradıcılığı
nümunələrini əhatə edən əlifba
("Alippe") dərsliyi hazırlasa da nəşrinə
nail ola bilməyib. O, görkəmli qazax
yazıçısı Muxtar Auezovun elmi fəaliyyətinin ilk
tədqiqatçılarından biri olub.
Eldes Omarovun həyatı
daima məhrumiyyətlərdə keçib, dəfələrlə
həbs olunub.
Birinci dəfə ona 10 il həbs cəzası
kəsilib, Kareliya meşələrində sürgün həyatı
yaşayıb. 1933-cü ildə sürgündən
vaxtından qabaq azad olunaraq bir müddət Tibb İnstitutunda,
sonra isə Qazaxıstan Dövlət Universitetində dərs
deyib, yeni dərsliklər üzərində yorulmadan
çalışıb. Həkimlər
üçün qazax dili dərsliyinin hazırlanması ona
tapşırılıb. 22 noyabr 1937-ci ildə
yenidən tutularaq dekabrın 1-də barəsində
ölüm hökmü çıxarılıb, 1937-ci ildə
güllələnib. 25 may 1989-cu ildə qazax
xalqının görkəmli oğlu Eldes Omarova Alma-Ata
prokurorluğu tərəfindən bəraət verilib.
Görkəmli ictimai-siyasi
xadim, dilçi və diplomat, publisist, filoloq, keçmiş
Sovet İttifaqının Səudiyyə Ərəbistanında
ilk səfiri olmuş Nazir Torekulov 1892-ci ildə Fərqanə
vilayətində anadan olub. Kokandda "Cədid"
mədrəsəsində və rus-tuzem məktəbində
ibtidai təhsil alıb, burada səkkizillik kommersiya məktəbində
oxuyub, 1914-1916-cı illərdə Moskva Kommersiya İnstitutunun
İqtisadiyyat fakültəsini bitirib. O, çar Rusiyasının
əsarətində olması ilə Türküstanın nə
qədər məhrumiyyətlərə düçar
olduğunu gözəl anlayırdı. O, bu fikrini məruzə
və çıxışlarında, çap olunmuş
kitablarında dəfələrlə
açıq-açığına bildirirdi. Çar
hökuməti və bolşeviklər Türküstanı
Rusiyanın xammal məkanı hesab edirdi. Bir sıra qəzet
və jurnalların (Məsələn, "Xalık
qazetası", "İnkilob" jurnalı və s.)
yaradılmasında, eləcə də redaktə olunması və
nəşrində fəal iştirak etmiş Nazir Torekulov
diyarın müsəlman bürosunun orqanı olan
"İştrati-İyun" qəzetinin redaktoru olub.
Çoxmillətli Türküstan Respublikasının siyasi həyatında
vacib post tutan Nazir Torekulov Türküstan KP MK-nın birinci
katibi seçilmiş (1920), respublikanın Mərkəzi
İcraiyyə Komitəsinə başçılıq
etmişdi (1921-1922). Onun köməkliyi ilə Daşkənddə
ilk qazax ali məktəbi
açılmışdı. Yüksək vəzifələrdə
çalışdığı vaxt o, təkcə siyasi sahədə
deyil, mədəniyyət sferasında da xeyli işlər
görmüşdü. 1920-ci illərin əvvəllərində
müsəlmanların ən əziz bayramı olan Qurban
bayramının (Kurban-ayta) üç gün bayram edilməsi
ilə bağlı fərman vermişdi. 1922-1926-cı
illərdə Moskvada işləmiş, SSRİ
xalqlarının nəşriyyatına
başçılıq edib, eyni zamanda Şərq Zəhmətkeşləri
Universitetində mühazirələr oxuyaraq elmi-pedaqoji fəaliyyətlə
məşğul olub. O dövr üçün çox
nadir hadisə sayılan 36 yaşından Səudiyyə Ərəbistanının
səfirliyində fəaliyyətə başlayıb, cəmi
iki ildən sonra səfir kimi irəli çəkilib. 8 il böyük SSRİ-ni bu ərəb ölkəsində
təmsil etmiş Nazir Torekulov keçmiş SSRİ-nin
Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya,
İordaniya ilə dostluq əlaqələrinin qurulmasında
yaxından iştirak etmişdi. Ümumittifaq yeni türk əlifbası
komissiyasının sədri kimi türk yazı nümunələrinin
ərəb əlifbasından latın əlifbasına
tərcüməsi işində böyük səy göstərmiş
görkəmli maarifçi alim türk yazısının latınlaşdırılması
problemi ilə məşğul olaraq yeni türk əlifbası
layihəsinin müəllifi olub.
Alaş-Ordaçıları
dəstəklədiyinə görə millətçilikdə
təqsirləndirilərək 3 oktyabr 1937-ci ildə repressiya
olunub və güllələnib. 28 yanvar 1958-ci ildə
bəraət alıb.
Əziz Bəyseyidov
1893-cü ildə Semipalatinsk vilayətinin Zaysan uyezdində
anadan olub. Zaysan yeddiillik ibtidai-ali məktəbini və
Türkiyədə səkkizillik müəllimlər
seminariyasını bitirib.
1924-cü ildən Kommunist
partiyası sıralarına daxil olan Əziz Bəyseyidov 26
yaşından müəllimlik fəaliyyəti ilə məşğul
olub. Daşkənd
Qazax Maarif İnstitutunda (1919-20) və Birinci dərəcəli
Aul-Ata məktəbində (1920-21) müəllim, Aul-Ata kənd
təsərrüfatı texnikumunun müdiri (1921-22), Aul-Ata
"Koşçi" yoxsullar ittifaqının katibi, sədri
(1922-23), Aul-Ata Xalq təhsili şöbəsinin müdiri
(1923-24), Sırdərya maarif şöbəsinin inspektoru
(1924-25), Qazaxıstan SSR Xalq Maarif Komissarlığı Akademik
Mərkəzinin diyar insruktor məktəbinin müdiri (1926-27)
vəzifələrində işləyib. Semipalatinsk
şəhər avtoyol texnikumunu yaradıb, 1935-ci ilədək
texnikumun direktoru olub.
Əziz Bəyseyidov əks-inqilabi
millətçi qruplaşmaların təşkilində təqsirli
bilinib, 1935-ci il dekabrın 28-də tutularaq
1937-ci ildə mühakimə olunub. Bu zaman hamilə
olan həyat yoldaşı üç qızı ilə
birlikdə Karaqanda vilayətinin Ulutau kəndinə - ərinin
qohumlarının yanına köçüb. 5 il islah-əmək düşərgəsində
cəza çəksə də müharibənin
başlanması ilə əlaqədar olaraq həbs müddəti
1945-ci ilədək uzadılıb. Yalnız 19
yanvar 1947-ci ildə əməlində cinayət tərkibi
olmadığına görə bəraət alıb. 1949-cu ilədək Karaqanda vilayəti Ulutau rayon yol
şöbəsində işləyib. 1949-cu il mayın 3-də "xalq düşməni"
kimi yenidən həbs edilərək 10 il həbs cəzası
alıb, Kolıma və Maqadana sürgün olunub. Cinayəti sübuta yetirilmədiyinə görə
1954-cü ildə Əziz Bayseyidov yenidən azad edilib. 1955-ci ildə azad olunaraq ailəsinin yanına
qayıtsa da bir neçə aydan sonra dünyasını dəyişib.
Yalnız 2003-cü ildə Şərqi
Qazaxıstan vilayətinin prokurorluğu əməlində
cinayət tərkibinin olmaması ilə əlaqədar olaraq
Əziz Bəyseyidov kütləvi repressiyaların qurbanı
hesab edilib və bəraət qazanıb.
Göründüyü kimi, Birinci
Türkoloji Qurultay nümayəndələrinin böyük əksəriyyəti
kimi, tədbirdə təmsil olunmuş və müxtəlif səpkili
elmi müzakirələrdə yaxından iştirak etmiş 5
nəfər qazax mütəfəkkiri də ağır
repressiyaya məruz qalıb, yalnız ölümlərindən
sonra bəraət qazanıblar.
Beləliklə, Birinci Türkoloji Qurultayın ümumi fəaliyyətinə və bu mötəbər tədbirdə iştirak etmiş qazax alimlərinin həyat yoluna nəzər saldıq. Qazax xalqının görkəmli ziyalıları Əhməd Baytursunov, Bilal Suleyev, İldes Omarov, Əziz Bəyseyidov, Nazir Torekulov nə qədər məşəqqətli həyat sürsələr də, hər cür məhrumiyyətə düçar olsalar da, daima qazax xalqının maariflənməsi yolunda əsl fədakarlıq göstərib, yorulub-usanmadan hər zaman öz məsləkləri uğrunda mübarizə aparıblar. Qısa ömürlərində bir sıra dövlət vəzifələrində az müddətdə fəaliyyət göstərsələr də onlar öz əqidələrinə sadiq qalaraq xalqın maariflənməsi yolunda canlarını fəda ediblər. Birinci Türkoloji Qurultaya gələndə də onların məqsəd və məramı aydın idi: öz aydınlıqlarını və ziyalılıqlarını qazax xalqının maariflənməsinə yönəltməklə, ümumilikdə türk dünyasının aydınlığına xidmət göstərmək və xalqın mənafeyini hər şeydən üstün tutmaq! Onlar bütün ömürləri boyu yalnız bu arzu ilə yaşamış və ideallarına son nəfəslərinədək sadiq qalmışlar. Məhz elə buna görədir ki, Birinci Türkoloji Qurultayın qazax millətindən olan nümayəndələri Əhməd Baytursunov, Bilal Suleyev, İldes Omarov, Əziz Bəyseyidov və Nazir Torekulovun adı qazax xalqının qəlbində fəxrlə xatırlanaraq millətin yaddaşında uca mərtəbəyə yüksəlib, görkəmli maarifçi və eyni zamanda vətənpərvər mütəfəkkirlər türk dünyasının fəxri vətəndaşları zirvəsinə ucalıblar. Belələrini isə nə tarix, nə zaman, nə də ki, insanlar unudur! Onlar müqəddəs amallar uğrunda mübarizə aparan, bu yolda ömrünü şam kimi zərrə-zərrə əridən azadlıq carçılarına dönərək ölməzliyə qovuşurlar.
Ağahüseyn ŞÜKÜROV
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2016.- 22 dekabr.- S.6.