"Mən bu teatr dəryasında bir damla kimiyəm" - Foto

 

Aktrisa Xatirə Süleymanova həyatda səhnədə keçdiyi yoldan danışır

 

- Bir türk rejissoru deyir ki, kino rəsmdir, teatr dialoq. Siz necə müqayisə edərdiniz?

 

 - Teatr insanı insana insanla göstərən sənətdir. Həm kinonu, həm teatrı bu cür qiymətləndirərdim. Kinoya baxmaq üçün böyük auditoriya kütləsi özlərini başqa insanın simasında izləyirlər. Əslində özləri-özlərinə baxırlar. Həyatda yaşadığımız elə sarsıntılar var ki, onu öz başımıza gələcək kimi yaşayırıq. Sonra da bir filmə baxanda bu səhnəni yaşadığımızı deyirik.

- Səhv etmirəmsə, ixtisasca musiqiçisiniz. Sizi aktyorluğa gətirən səbəb oldu?

- Musiqi təhsilim var, ancaq Mədəniyyət İncəsənət Universitetində rejissor aktyor ixtisası üzrə təhsil almışam. Ailədə beş uşaq olmuşuq. Hamımız musiqi təhsili almışıq. Qarabağlıyıq. Anam evin bircə qızı olub. Həyata keçirə bilmədiyi arzularını bizdə yaşatdı. Hamımıza təhsil verdi, hamımızın iki-iki diplom almasına nail oldu. Əvvəlcə kamança ifa etmək istəyirdim. Anam dedi ki, ən yaxşısı qarmondu. Mən hər gün qarmona gedir, eyni zamanda pianoda ifa edirdim. Sevirdim pianonu. Bacım pianoçu idi, evdə olmayan günlərdə onun pianosuna cumurdum. Sovet vaxtı saat doqquzdan sonra evlərdə səs-küy olmazdı. Qonşuları narahat etmək qadağan idi. Pianoda bacım kimi ifa edə bilməsəm sevgim çox böyük idi. Musiqini bilmirəm, q arabağlı olduğum üçün sevirdim, yoxsa elə gözümüzü açandan evimizin yanındakı böyük incəsənət məktəbi görmüşdüm, ona görə. Təzə, möhtəşəm bina idi. Hamımız həvəsə düşmüşdük ki, orda oxuyaq. Ordan musiqi səsi gələndə elə bilirdik, sehirli aləmdəyik.

Orta məktəbdə  səhnəyə çıxırdım. Qarmonda ifa edirdim, mahnı oxuyurdum, rəqs edirdim. Kiçik səhnələrdə yer alırdım. Xırda tamaşalar səhnələşdirirdik. Hələ böyük tamaşalar oynamaq iqtidarında deyildik.

Qəbul olunduğum illərdə tamaşalarda oynayırdım. Sənət müəllimimiz Ələmdar Quluzadə idi. Həmişə mənə deyirdi ki, gözəl rejissor olacaqsan, amma tənbəlsən. Səni mütləq nəyəsə vadar eləmək lazımdır. Elə güclü əl lazımdır ki, kürəyindən vursun səni, irəli itələsin, gedəsən rejissor olasan. Doğrudan da tənbəllik qanımda vardı.

- Uşaqlığınız necə keçib?

- Çox xoşbəxt. Kaş o illər olaydı. Uşaqlığım Sumqayıt şəhərində keçib. Ancaq Ağdamda dünyaya gəlmişəm. Anam, atam orda yay tətilində olarkən doğulmuşam. Sonra iki-üç gün keçəndən sonra qeydiyyatım Sumqayıta düşüb. Hərdən fikirləşirəm ki, kaş pasportumda doğum yerim Ağdam yazılaydı. Çünki o ad gələndə nostalji hisslər keçirirəm. Uşaqlığım, kəndimiz yadıma düşür. Cənnət məkanlarımızda yay tətilində olurdum. Sumqayıta gəlmək istəmirdim, ora mənə yad görünürdü. Çünki qohumlarımızın hamısı kənddə idi. Mənə ora doğma gəlir.

Dəcəl uşaq olmuşam. Həyətə düşən kimi qonşunun oğlan uşaqlarını döyürdüm (gülür). Qonşular şikayətə gəlirdilər. Qızlarla dostluq edirdim, yanımıza gələn oğlanları döyürdüm ki, qızbibisən, bizim yanımıza gəlirsən? Bir şey olsa da qardaşlarıma güvənirdim (yenə gülür).

Yaxşı ailəmiz olub. Varlı olmamışıq. Atam o vaxtlar briqadir idi. Çətin islah olan insanların üzərində... Ən çox həbsdə olan adamları atama verirdilər ki, bunların öhdəsindən ancaq o gələr. Çox ötkəm adam idi.

Sovet dövrünə görə çox xoşbəxt uşaqlığım olub. Hamımız təhsil almışıq, hər şeyimiz olub.

- Bölgə teatrları ilə paytaxt teatrlarının fərqi nədir?

- Lənkəran teatrında olmuşuq qastrolda. "Qarağaclar altında məhəbbət" tamaşasında baş rolu ifa etmişdim.

Paytaxtda çoxdu tamaşaçı kütləsi. Bu, danılmaz faktdır. Ancaq Sumqayıt teatrında da tamaşaçı qıtlığı olmayıb. Yəni, Allah eləməmiş, biz boş zala oynamamışıq. Həmişə tamaşaçılarımız olub. Tamaşaya ən çox gələnlər uşaqlar olub. Elə olurdu, bir biletə uşağın valideynləri gəlirdi. Biz onlara başa salırdıq ki, olmaz axı, uşaqlar üçündü yer. "Yox, biz baxmaq istəyirik" - deyirdilər. Pərdələr bağlanırdı, valideynlər getmək bilmirdilər. Sumqayıt teatrı həmişə Bakı teatrları üçün tramplin olub. Böyük aktyorlarımızın əksəriyyəti Sumqayıt Dövlət Dram Teatrından çıxıb.

- İlk səhnə həyəcanınızı necə xatırlayırsınız?

- Universiteti bitirəndən sonra Uşaq Yeniyetmələrin Yaradıcılıq Mərkəzində incəsənət şöbəsinin müdiri vəzifəsində çalışırdım. Sumqayıt Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov baş rolda oynamağı təklif etdi. Yucin Onilin "Qarağaclar altında məhəbbət" əsərində Abba...

Bu, elə o vaxt teatrda səs-küyə səbəb oldu. Firudin müəllimin rejissorluq əməyinin nəticəsində rolumun öhdəsindən bacarıqla gəldim. Ölürdüm həyəcandan. Tamaşaya 10-15 dəqiqə qalmış özümdə deyildim. Əlim, ayağım əsirdi.

Çox sevindim, fors elədim ki, mənə baş rol verilib. Sevinirdim ki, əsərdə yeganə qadın mənəm. Teatrda böyük bir ajiotaj yaranmışdı, "küçədən keçəni gətirib baş rol vermisən". Hamıya diplomumu göstərirdim ki, küçədən keçən deyiləm. Mədəniyyət İncəsənət Universitetini bitirmişəm.

Rolu necə oynadımsa özümü hiss eləmirdim. Səhv   etmədim. Xalq artisti Məzahir Süleymanovla tərəf-müqabili olmaq çox böyük məsuliyyət idi. O, mənim ərimi oynayırdı. Qoca bir kişi olur, alıb gətirir evinə, mən onun oğluna aşiq oluram. Hamı səhnədə büdrəməyimi gözləyirdi.

Teatrın direktoru mənə üç aylıq sınaq müddəti vermişdi. Öhdəsindən gələ bilməsəm teatrdan uzaqlaşacaqdım. Ancaq şükürlər olsun, öhdəsindən gəldim. Səhnədə qazandığım uğurlara görə Firudin bəyə minnət borcluyam.

- Son vaxtlar teatrlarda gedən intriqalardan xəbəriniz varmı?

- Sosial şəbəkələrdən, müəyyən saytlardan izləyirəm. Əlbəttə, heç kimin haqqına girə, bilmədiyim şeyi danışa bilmərəm. Özümdən danışa bilərəm ancaq. 12 ildən çoxdur, teatrda işləyirəm. Məsələn, Firudin müəllimə demişəm, oynaya bilmirəm. Cavab verib, canın çıxacaq, oynayacaqsan. Ən böyük intriqam bu olub.

Özüm haqqında danışmağı sevirəm. Adamlar var, radio verilişlərində, canlı yayımda iki daşın arsında deyirlər ki, Xatirəni sevmirik. Öz zəifliklərini göstərirlər. Məni niyə sevmirsən? Koridorda mənimlə öpüşüb-görüşən adamsan. Bu hökumətdən sən maaş alırsan, mən . Hamımız alnımızın tərilə, əziyyətimizlə qazanırıq. Səhnə açıq meydandır. Tamaşaçının gözü tərəzi. Görür ki, sən necə oynayırsan, mən necə. İntriqanın mənası yoxdur.

- Turgenev deyirdi ki, mən olmasam, rus ədəbiyyatı yarımçıq qalardı. Siz necə düşünürsünüz, Azərbaycan teatrı sizsiz yarmçıq qalardı?

- Yox. Azərbaycan teatrının böyük aktrisaları var. Mən bu teatr dəryasında bir damla kimiyəm. Sabah məndən gözəl aktyor, aktrisalar olacaq səhnədə. Təkəbbürlü adamı Allah sevməz. Amma inanıram ki, Azərbaycan mədəniyyətində nəsə bir iz qoymuşam.

- Dünya Azərbaycan kino aktyorlarından kumirləriniz varmı?

- Dünya üzrə Sofi Loren. Azərbaycandan isə Şahmar Ələkbərov, Həsən Turabov, Şəfiqə Məmmədova. Mənim üçün Sofi Loren necə qüdrətli sənətkardısa, Azərbaycan səhnəsində Şəfiqə Məmmədova o qədər böyükdür.

- Maraqlıdır, aktrisa olmasaydınız kim olardınız?

- Mən aktrisalıqdan əvvəl anayam. Adamlar var ki, uşaqlarını küçəyə atırlar, yiyə durmurlar. Həmişə fikirləşirəm ki, uşaqlarım məndən xahiş etməmişdi, onları dünyaya gətirim. Onları dünyaya gətirmişəmsə, həm ana, həm ata olmalıyam. Öz ayaqları üzərində dura bilənə kimi. Uşaq vaxtı polis olmaq istəyirdim. Fikirləşirdim ki, ya polis olacam, ya prokuror. Sonra "Oğlan evi" kinokomediyasında məni hakim roluna dəvət etdilər. Həmin səhnə Yasamal rayon məhkəməsində çəkildi. Çəkiliş bitəndən sonra hakimlər soruşdular ki, sizin sənətiniz nədir? Dedim, aktrisayam. Cavab verdilər ki, sənətinizi səhv seçmisiniz. Qətnaməni o qədər soyuqqanlı oxudunuz, bizə elə gəldi ki, siz həqiqətən hakimsiniz.

 

525-ci qəzet .-  2016. - 22 dekabr. - S. 7.