İstedadın və qəhrəmanlığın vəhdəti
Şəhid heykəltəraş
Samir Kaçayev...
Aprel döyüşlərinin
ən gənc itkisiydi və 22 bahara
sığdırdığı ömründə əsərləri
ilə öz sözünü deyib getdi. Yaşasaydı
bəlkə də ölkənin hüdudlarını
aşacaq rəssam olacaqdı, amma müharibə onun
ömrünü yarıda qırdı.
İstedad adamları fərqli
qılır, amma bir Vətən övladının ən
böyük istedadı canını Vətənə qurban eləmək
deyilmi...
Samir də bunu seçdi. Öz parlaq gələcəyini
Vətənin gələcəyinə qurban verdi
və ürəyimizdəki Şəhidlər Zirvəsində
layiqli yerini tutdu.
Mənim xalqım qədirbiləndir. Sahəsindən,
yönündən asılı olmayaraq şəhidə verilən
dəyərin bir nümunəsi də Xalq BANKtərəfindən
reallaşdı. Belə ki, adından da
göründüyü kimi xalqın əmanətinə sahib
çıxan bank rəhbərliyi şəhid heykəltəraş
Samir Kaçayevin həyat və
yaradıcılığını "Heykəltəraşlıq"
albomu ilə Azərbaycan xalqına təqdim etdi. Bu bankın ilk işi deyil, əminəm son da
olmayacaq. Və ona da inanıram ki, digər
təşkilat və qurumlar da bu örnəyi genişləndirəcəklər.
Təqdimatda danışılanları diqqətinizə
çatdırıram:
" - Gözəlliklə,
böyük sənətlə görüş hər kəs
üçün bayramdır, eləcə də bizim
üçün. Bu gün bizim
üçün nisgil doludur, çünki bu bayramın
sahibi, müəllifi Samir Kaçayev aramızda deyil. Əziz Samir, divarboyu əsərlərin
düzülüb, sənin əsərlərinin
qovuşduğu bir kitab işıq üzü görüb.
Sən uzun bir ömür yaşamalıydın və bu
ömür içərisində çoxlu sərgilərin
olmalıydı..."
Çıxışına bu
sözlərlə başlayan millət vəkili, Azərbaycan
Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin
sədri Rafael Hüseynov Xalq Bankın "Xalq Əmanəti"
layihəsi çərçivəsində şəhid heykəltəraş
Samir Kaçayevin "Heykəltəraşlıq" albomunun
təqdimat mərasimini açıq elan edir:
"Əziz dostum, Samirin
müəllimi Akif Əsgərov gənc istedadlardan söhbət
açır, tələbələri arasında həm
zövq, həm yaradıcılıq nöqteyi-nəzərindən,
həm də insanlıq baxımından yüksəkdə
dayanan bir gəncdən tez-tez bəhs edirdi. Təəssüf ki, bizim
söhbətlərimizdən çox keçmədən bu
acı hadisə baş verdi. Azərbaycan 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən
böyük faciələrlə üz-üzədir. Torpaqlarımız işğal olunub, Ermənistan və
onu dəstəkləyən qüvvələrin təcavüzü
davam edir. Qətiyyən şübhəmiz
yoxdur, işğal olunan torpaqlarımız qayıdacaq, o
dağıdılmış, qəsb edilmiş şəhərlərimiz,
qəsəbələrimiz, kəndlərimiz bərpa olunacaq, əvvəlkindən
də gözəl görkəmə bürünəcək.
Lakin o yaraların izləri çox dərindir,
xüsusən mədəniyyətimizə vurulan zərbələr,
eləcə də itirdiyimiz insanlar heç bir vəchlə
qayıdan deyil. Müharibənin ilk
qurbanı həqiqət olur. Müharibə
seçmədən aparır. İkinci
Dünya müharibəsində Azərbaycanın nə qədər
igid oğlanları həlak oldu, onlar da yaşaya-yarada, bu millətə
fayda verə bilərdilər. Bir neçə il əvvəl Sloveniyada Sovet İttifaqı Qəhrəmanı
Mehdi Hüseynzadənin, əfsanəvi Mixaylonun muzeyini
açdıq. O da bir rəssam idi və həlak oldu. Mehdi kimi neçə gənc istedadların
ömrünü müharibə yarıda kəsdi. Qarabağ müharibəsində bunun örnəyi də
Samir oldu. Hər verdiyimiz qurban millətin
kisəsindən gedən, milləti ağrıdan itkilərdir,
amma Samir kimi yaradıcı insanların yoxluğu daha
ağır olur. Çox gənc
olmasına baxmayaraq artıq əsərləri üzə
çıxarılmalı bir sənətkar olan Samir ölkəmizin
baş mədəniyyət mühitlərindən Azərbaycan
Rəssamlıq Akademiyası kimi bir mədəniyyət
ocağının yetirməsiydi. Yaradıcılıqla
dolu, böyük sənətkarlarla zəngin bu Akademiyada Tokay
Məmmədov, Ömər Eldarov, Natiq Əliyev və digərləri
kimi böyük sənətkarlar vardı. Azərbaycanın böyük mədəniyyətini
yaradan bu insanların olduğu yerdə istedadlı adamların
gözəllik yaratmaması qeyri-mümkündür. Samir bir kənd uşağıydı, heç onun
ağlına da gəlməzdi ki, Rəssamlıq
Akademiyasında təhsil alacaq və böyük sənətlə
tanış olacaq".
Qəfil itkilərə
alışmaq olmur...
Rəssamlıq Akademiyasının
rektoru Ömər Eldarov: - Mən gənc insanların
ölümünü qəbul edə bilmirəm. Yüksək intellektə malik Samir institutu bitirib,
magistraturaya daxil oldu və birdən hər şey
qırıldı. Bəşəriyyət
tarixində həmişə müharibələr fəlakət
gətirib. Biz də bunun acı nəticəsini
gördük. Müharibə nə qədər
insanların həyatını məhv edir, eləcə də
Samir kimi gənc, istedadlı, yaraşıqlı heykəltəraşın
həyatına müharibə son qoydu. Bilirsinizmi,
bütün itkilər ağırdır, faciəvidir. Ancaq qəfil itkilərə alışmaq olmur.
Xüsusən də o insan gəncdirsə...
Söz tapa bilmirəm, bizim
kollektiv hələ də bu itkiylə barışmayıb. Həyat dolu
Samir artıq həyatda deyil. Əlbəttə onun xatirəsi
əbədiləşəcək, amma bütün bunlar onu geri
gətirməyəcək... Allah ona rəhmət
eləsin".
O əsərlərin
hər biri yenilikdir, hər əsər bir söz deyir və elə
belə danışmır. Orda Samirin ürəyi, biliyi var...
Akif Əsgərov Samir Kaçayevin
müəllimi və diplom rəhbəri olub: "Mənim
üçün bu gün çox ağırdır. Çünki Samir çox ağıllı, müəllimini
dinləyən, hər sözü eşidən bir tələbəydi.
Antik sənətlə maraqlanırdı, mən
bunu ona tövsiyə edirdim, çünki antik sənəti
bilmədən heykəltəraş olmaq olmaz. Mən
bütün tələbələrimlə dost idim, eləcə
də Samirlə. Siz onun əsərlərinə
diqqətlə baxın, o əsərlərin hər biri
yenilikdir, hər əsər bir söz deyir və elə belə
danışmır. Orda Samirin ürəyi,
biliyi var. Allah onun ruhunu şad eləsin. Mən
bilirəm ki, o bizimlədir".
O sülhü
sevirdi, amma müharibənin qurbanı oldu...
Tələbə yoldaşı Zamiq
Rzayev: - Samir Kaçayev Vətənin itkisidir. Biz
dostları onun yoxluğunu qəbul edə bilmirik, bu çox,
ağırdır. Biz dörd il bir
yerdə oxuduq, magistraturaya bir sənəd verdik, bizə elə
gəldi ki, bir yerdə oxuyacağıq amma... Bu
cür sülhsevən insan müharibənin qurbanına
çevrildi".
İlk və son məktub...
Əsgər yoldaşı
Müşfiq Bayramov: - Əsgər olan bilir ön cəbhə
dostluğunun nə demək olduğunu. Biz də
Samirlə eyni yerdə xidmət elədik. Ön cəbhədə...
O, dürüst adam idi və ona güvənmək
olardı. Fevral ayında hissələrimiz
ayrıldı. Onun ayrılığı mənim
üçün gözlənilməziydi. Yenə
də şifahi də olsa bir-birimizdən xəbər tuturduq.
Son vaxtlar onun ad günü ilə bağlı məktub
yazdım ondan mənə aprel ayının 1-də cavab gəldi.
Sadəcə dörd gün sonra isə şəhid
oldu".
Arpanı
biçim, gedim...
Rafael Hüseynov: - Samir kənddə
böyümüşdü, kənd uşağıydı,
bütün ruhuyla, varlığıyla Azərbaycan kəndinin
əhvalını duyan bir adamıydı. Xalqı
bütün istiqamətlərdən duymaq sənətkar olmaq
üçün vacib şərtdir. Şəhərdə
böyüyən uşaq bənövşənin ətrinin, ot biçməyin, daş hörməyin nə
demək olduğunu bilməz. Anası deyir, əsgərliyə
yola düşməzdən əvvəl dedi ki, orda arpa var,
biçim gedim. O bir kənd uşağıydı amma modern,
çağdaş dünyagörüşü olan bir
insanıydı, içərisində modernist bir baxış
birləşmişdi. Bu itki həm də ona
görə yandırıcıdır.
Şəhidlərdən
böyük qəhrəmanlar var...
deyir Rafael bəy: - Samirdən və o
aprel döyüşlərində itirdiklərimizdən daha
böyük qəhrəmanlar o oğulları böyüdən
valideynlərdir. Samirin anası Əminə
xanım, atası Ziyəddin müəllim. Əsl qəhrəmanlar onlardır. Bu cür övladı təkcə ata-anası deyil,
millət itirir. Mən onlara təşəkkür
edirəm, bu itkini dəyanətlə
qarşıladıqları üçün. Onların övladları bu dövlətin daha azad
yaşaması üçün həyatını fəda
edib. Əslində onun
yaradıcılığı da, yaşayacağı
ömür içərisində bu millətə
bağışlayacağı gözəlliklər də bu
milləti daha gözəl, daxilən daha zəngin eləməyə
yönəlmişdi. O vəfatından ikicə gün əvvəl
dostuna məktub yazır altına da "bu, mənim yeni
imzamdır, ilk dəfə bu məktuba atıram və ilk dəfə
sən görürsən" deyə imza atır. Bu imzanı növbəti dəfə hansısa əsərinə
atmaq Samirə qismət olmadı. Amma Samir
bu millətin tarixində, bu millətin tarix kitabında öz
imzasını qoydu və düşünürəm, onun
adı da, xatirəsi də hər zaman yaşayacaq. Bu,
kitab Xalq BANK tərəfindən ən əvvəl Samirin ailəsinə,
tanıyanlarına, dostlarına, Rəssamlıq
Akademiyasına bir hədiyyədir, eyni zamanda
bütövlükdə Azərbaycana böyük bir ərməğandır".
Öndə gedən
əsgər...
Müdafiə Nazirliyinin təmsilçisi
Faiq Qəribov: - Mən bir hərbçi kimi yox bu ailəni
tanıyan biri kimi onun haqqında danışmaq istəyirəm.
Samiri görməmişəm, sadəcə
telefon əlaqəmiz olub. 2016-cı ilin yanvar ayında mən
bizim ordakı nümayəndəmizdən bizi onunla
danışdırmasını xahiş etdim, Samir isə
atasına irad tutdu ki, mənə heç kim
zəng vurmasın. Mən əsl Azərbaycan
oğlu kimi öz xidmətimi özüm başa vuracağam.
Qürurlu əsgər idi. 34
ildir hərbi xidmətdəyəm, amma eşidəndə ki, o
şəhid olub, böyük bir zərbə aldım. Onun zabit yoldaşları Samirin bütün
döyüş əməliyyatında öndə gedən əsgər
olduğunu dedilər. Vətən
uğrunda canını verən bütün şəhidlərimiz
qiymətləndirilib. Eləcə də
Samir Kaçayevin "İgidliyə görə"
medalı Şamaxı rayonunda valideynlərinə təqdim
olunub. Ot kökü üstə bitər,
Samirin qəhrəmanlığı ailədən gəlir.
Əgər şəhid olmasaydı öz həyatını
yenə də millətinə həsr edən bir
yaradıcı adam olacaqdı. Samir gənclərimizə örnəkdir, onlar Samirin
yarımçıq qalan arzularını həyata keçirəcəklər.
Mən bayaqdan Samiri burda görürəm, onun
ruhu burdadır. Bu tədbirin silsilə
olmasını arzu edirəm. Azərbaycanın
mərd, igid, fədakar oğullarını bu tədbirlər
vasitəsilə xalqa yenidən təqdim etsinlər. Bu addımı bütün təşkilatlar örnək
almalıdır. Aprel döyüşləri
bizə sübut etdi ki, torpaqlarımızı
qaytaracağıq. Bu şəhidlərin
qanını yerdə qoymayacağıq. Hər
şəhidin qisası alınacaq. Azərbaycanın
yaddaş kitabında Samir kimi insanların adı əsgər
kimi qalacaq".
Nigar İSFƏNDİYAR
525-ci qəzet.-
2016.- 22 dekabr.- S. 4.