Mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri  

 

MÜHACİRƏT ƏDƏBİYYATININ ARAŞDIRILMASI PROBLEMLƏRİ

 

 

 

 

“Azərbaycan mühacirət ədəbiyyatı” simpoziumunun 25 illiyinə

 

Azərbaycan mühacirət ədəbiyyatının yaşı beş yüz ili aşsa da araşdırılmasının yaşı o qədər də çox deyil; Sovet dövründə ara-sıra mühacirət ədəbiyyatını tənqid edən və birtərəfli qiymətləndirilən tədqiqatları nəzərə almasaq, 30 illik bir dövrü əhatə edir.

 

Müstəqillik illərindən başlayaraq mühacirət ədəbiyyatı intensiv araşdırma obyekti olur. Bu müddətdə Bəkir Nəbiyev, Elçin, İsa Həbibbəyli, Nizami Cəfərov, Vaqif Sultanlı, Vilayət Quliyev, Alxan Bayramoğlu, Mübariz Süleymanlı, Şəlalə Hümmətova, Həsən Quliyev, Abid Tahirli, Nəsiman Yaqublu, Azər Turan, Təyyar Salamoğlu və başqaları mühacirət ədəbiyyatının müxtəlif problemlərinə və şəxsiyyətlərinə həsr edilmiş araşdırmaları bu zəngin irsin çatdırılması və təhlilə cəlb olunması baxımından mühüm yer tutur. 1991 və 2016-cı illərdə Nizami adına Ədəbiyyat İnstitutunda keçirilən konfranslarda edilən məruzələr də bu sahədə olan boşluqları doldurmağa, mühacirət ədəbiyyatını elmi və nəzəri cəhətdən təhlil etmək üçün mötəbər tribuna olmuşdur.

 

Ümumilikdə, Azərbaycan mühacirət ədəbiyyatı ilə bağlı çoxlu məqalələr, monoqrafiyalar, kitablar və dissertasiyalar yazılmışdır. Lakin mühacirət ədəbiyyatı irsi forma, məzmun, problem, şəxsiyyətləri baxımından o qədər zəngindir ki, onu pərakəndə şəkildə araşdırmaq, təhlil etmək və müəyyən elmi qənaətlərə gəlmək mümkünsüzdür. M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu, A.Dağlı, A.İldırım, M.Əsəd bəy (Qurban Səid), Gültəkin, C.Hacıbəyli və başqa onlarla ədəbi şəxsiyyətlərin həyatı, yaradıcılığını, mühacirət mətbuatını və s. konseptual araşdırmaq üçün vaxt, zaman və geniş elmi erudisiya tələb edir. Bundan başqa mühacirət ədəbiyyatı ədəbiyyatşünaslığımızın yeni sahəsi olduğundan onun araşdırılması məsələlərində də müəyyən problemlər vardır.

 

Əvvəlki məqalələrimizdə mühacirət ədəbiyyatı probleminin qoyuluşu, sərhədləri, strukturu, mərhələləri ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyə çalışdıq. Lakin mühacirət ədəbiyyatının araşdırılması problemləri ilə bağlı ədəbiyyatşünaslığımızda olan boşluqlar var ki, bu məsələlərə də toxunmaq istərdik. Ümumən, ədəbiyyatşünaslığımızda mövcud olan bir neçə qüsur mühacirətşünaslıqdan da yan keçməmişdir; birincisi, opponentin arqumentinə qarşı fakt qoymaq əvəzinə, bir və ya bir neçə cümlə ilə sözünü deyib keçmək; ikincisi, elm hər şeydən əvvəl, sistemlilik sevir, bu sahədəki araşdırmalarda nəzəri sistemsizlik, dağınıqlıq özünü göstərir; üçüncüsü, özünün konsepsiyasına malik olmamaq, yaxud kənardan gəlmə konsepsiyaya üstünlük vermək; dördüncüsü, məşğul olduğu sahəni özünün bostanı hesab edib  buraya daxil olmaq istəyənləri “Xudayar bəy dəyənəyi” və qeyri-etik ifadələrlə qarşılamaq və s. Sonuncu xüsusiyyət elmi üslubun malı olmasa da, araşdırmalarda tez-tez rast gəldiyimiz problemlərdəndir.

 

Məlumdur ki, Azərbaycan mühacirət ədəbiyyatının sərhədləri və mərhələləri ilə bağlı V.Sultanlı ilk dəfə sistemli şəkildə araşdırmalar aparmış və fikirlərini bildirmişdir. M.Ə.Rəsulzadəyə həsr olunmuş “Ağır yolun yolçusu” (1996), “Azərbaycan mühacirət ədəbiyyatı” (1998) kitablarının müəllifi professor Vaqif Sultanlı mühacirət ədəbiyyatının xarakteri, təşəkkülü, mərhələləri və şəxsiyyətləri ilə bağlı müəyyən fikirlər söyləmişdir.

 

Onun fikirlərindən biri də Azərbaycan mühacirət ədəbiyyatının sərhədləri ilə bağlıdır (bu barədə əvvəlki məqalələrimizdə bəhs etdiyimizdən burada üzərində geniş dayanmırıq). Olsun ki, bu fikirlərdə müzakirə üçün müəyyən məqamlar da olsun, həqiqət yalnız mübahisə və müzakirələrdə ortaya çıxır. Lakin opponentin bu fikirlərini təpki ilə qarşılamaq yox, arqumentlərinə qarşı fakt qoymaq lazımdır. Filologiya üzrə fəlsəfə doktoru  Nikpur Cabbarlı isə  opponentinin bu fikrini qəbul etməyərək yazır: “...ədəbiyyat tarixçiliyinə XIX əsrdə Azərbaycan mühacirət ədəbiyyatının mövcudluğunu təsdiq edəcək heç bir fakt məlum deyil. XX əsrin əvvəlləri Azərbaycan siyasi mühacirətinin mətbu irsində də bizim (özünü nəzərdə tutur-B.Ə.) “Azərbaycan mühacirət ədəbiyyatı” altında öyrəndiyimiz ədəbiyyatın ideoloji-siyasi və bədii-estetik dəyərlər sisteminə daxil ola biləcək örnəklərə təsadüf etmirik”.

 

Vəssalam, halbuki bu cür örnəklər həm professor V.Sultanlının, həm mənim, həm də bir çox mühacirətşünas alimlərin tədqiqatlarında yer almış, orta əsrlər və XIX əsr Azərbaycan mühacirət ədəbiyyatından bədii örnəklər gətirilmişdir. V.Sultanlı da mühacirət ədəbiyyatı ilə bağlı yazdığı ilk tədqiqat əsərlərində məhz bunu demək istəyir, bu fikri təsdiq etmək üçün gərək ondan əvvəl kimsə yazmış olmalıydı?! V.Sultanlı bu fikirdədir ki, Azərbaycan mühacirət ədəbiyyatının tarixi çox qədimlərə gedir. Əgər N.Cabbarlı bu fikrin mövcudluğunu qəbul etmək istəmirsə, onda akademik Həmid Araslının, türk alimi ikicildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının müəllifi İsmayıl Hikmətin araşdırmalarına nəzər salsın. Onların tədqiqatlarında da orta əsrlər Azərbaycan mühacirət ədəbiyyatı və onun nümayəndələrindən söhbət açılır. Türkiyədə çalışan V.Musalı isə orta əsrlərdə Azərbaycandan Osmanlıya köç edən qırxa yaxın mühacir şairin olmasından bəhs edir. Azərbaycanda aparılan ən son tədqiqatlarda da orta əsrlərdə mühacirət ədəbiyyatının olması təsdiq edilir. Filologiya üzrə elmlər doktoru, professor Yaqub Babayev yazır: “XV-XVI yüzilliklərdə yaranan bədii təfəkkür məhsullarımızın bir qolunu mühacirət ədəbiyyatı (seçmə Y.Babayevindir-B.Ə.) təşkil edir. Ayrı-ayrı sənətkarlar ölkəni tərk edib ya Osmanlı dövlətinin ərazisinə, ya da Orta asiyaya üz tuturlar. Mühacirətin müxtəlif səbəbləri var idi. Məmləkətdə baş verən feodal müharibələri, iğtişaşlar, qayğısızlıq, maddi çətinlik, özlərinə qarşı diqqət, qayğı görməməkdən doğan inciklik hissi, daha yaxşı güzəran və şan-şöhrət arzusu və s. bu səbəblər sırasında idi”.

 

İndi belə bir vəziyyət yaranmışdır; Azərbaycanın görkəmli alimləri H.Araslı, İ.Hikmət, mühacir ömrü yaşayan Ə.Cəfəroğlu, akademik İ.Həbibbəyli, professorlar V.Sultanlı, Y.Babayev, B.Əhmədov, filologiya üzrə fəlsəfə doktoru V.Musalı və daha kimlər Azərbaycan mühacirətinin tarixini orta əsrlərə aparıb çıxarsalar da, N.Cabbarlı XX əsrin 20-ci illərindən əvvəl mühacirətin olmadığını deyir. Bununla da kifayətlənməyərək 1909-1910-cu illərdə Türkiyəyə mühacirət edən Ə.Ağaoğlunun, Ə.Hüseynzadənin, M.Ə.Rəsulzadənin mühacirət dövründən bəhs edən V.Sultanlıya iradlarını bildirir, onların bu mərhələdə yazmadıqlarını və buna görə də Ə.Ağaoğlunun mühacirət yaradıcılığının yalnız 1920-30-cu illər arasında baş verdiyini iddia edir. Maraqlıdır, M.Ə.Rəsulzadənin Türkiyədə dərc edilən məqalələrini haraya qoyaq? Ə.Ağaoğlunun 1912-ci ildən başlayaraq “Tərcümani həqiqət”də, “Sirati-müstəqim”də, “İctihad”da dərc olunan məqalələrini necə edək?! Bunun müqabilində V.Sultanlıya “Araşdırmalar göstərir ki, 1909-cu ildən mühacirətdə olan Ə.Ağaoğlu yalnız 1920-30-cu illərdə qələmə aldığı bədii əsərlərlə mühacirət ədəbiyyatımızı zənginləşdirməyə başlamışdır” fikrinin arxasında heç bir fakt dayanmır. Həm də belə çıxır ki, 1909-cu ildə mühacirət edən Ə.Ağaoğlunun, 1910-cu ildə İstanbula gedən Ə.Hüseynzadənin mühacirət dövrünü onların əsərlərinin yazıldığı zamanla başlamaq lazımdır. Elə buna görə də, Ə.Ağaoğlunun “Könülsüz olmaz”, “Üç mədəniyyət” əsərlərini də mühacirətə daxil etməyərək yazır: “Yeri gəlmişkən, Ə.Ağaoğlunun Maltada sürgündə olarkən yazdığı “Könülsüz olmaz” və “Üç mədəniyyət” əsərlərini də V.Sultanlı yanlış olaraq mühacirət ədəbiyyatı nümunələri kimi təqdir edir”.

 

Maraqlıdır, Maltada ikiqat mühacirət günlərini yaşayan Ə.Ağaoğlunun bu əsərlərini N.Cabbarlı nədən mühacirət ədəbiyyatına daxil etmədiyini heç cür əsaslandıra bilmir. Tədqiqatçı bu iradları professor V.Sultanlıya ona görə bildirir ki, XX əsrin əvvəllərində mühacirətin olmadığını sübuta yetirə bilsin. Buna görə də XX əsrin əvvəllərində Türkiyəyə mühacirət edən M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğluynun bu dövrdə yaradıcılığının olmadığı fikrini irəli sürərək mühacirətin tarixini XX əsrin 20-ci illərindən başlamaq istəyir. Niyə?! Nə üçün?! Bu məntiqlə yanaşsaq mühacirlərin yalnız əsərlərin yazıldığı dövrü onun mühacirət dövrü hesab etmək olar, geridə qalan dövrünü isə mühacrətə aid etmək olmaz. Mən də bu fikirdəyəm ki, Ə.Hüseynzadə bu dövrdə “Türk yurdu”nda deyildiyi kimi “reçeteden başka bir şey yazamamıştır” (bu fikir 1914-cü ildə işlənmişdir, sonralar ədibin “Qərbin iki dastanında türk” əsəri yazılmış və I Türkoloji Qurultayda məruzə edilmişdir), ancaq bir ədibin fiziki mühacirət həyatı əgər 1910-cu ildən başlayırsa, onu necə 20-ci illərin mühacirətinə aparıb çıxarmaq olar. Buna görə də professor V.Sultanlı tamamilə doğru olaraq XX əsr mühacirətinin tarixini əsrin əvvəllərinə aparmaqda haqlıdır, bununla yalnız razılaşmaq lazımdır, zorən təkzib etmək yox... N.Cabbarlı V.Sultanlının mühacirətlə bağlı fikirlərinə sanki bir təftişçi gözü ilə baxır və təftişçi leksikonu ilə də ifadə edir. Onun X.Təbrizi, Ş.Sührəverdi, İ.Nəsimini və digər orta əsr klassik sənətkarları mühacir hesab etməsi ilə razılaşmayaraq professor haqqında “Azərbaycan mühacirət ədəbiyyatı ilə bağlı yanlışlıq və ziddiyyətlərinin bununla bitmədiyini” bildirir və sonrakı “səhvləri” üzərində dayanır. O, V.Sultanlının Y.V.Çəmənzəminlinin 20-ci illər həyatını mühacir hesab etməsi ilə ona görə razılaşmır ki, Y.V.Çəmənzəminli mühacirətdə M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, X.Xasməmmədov kimi mühacirət liderlərinə qarşı müxalifətdə olmuşdur”. Çox qəribədir, mühacirlərin arasındakı münasibətlərin onların mühacir olmaqlarına nə dəxli var?! Mühacirlərin heç də hamısı bir-birinə “can deyib-can eşitmirdilər”, bunun onların mühacirət hesab edib-etməməyimizə heç bir təsiri yoxdur. Y.V.Çəmənzəminlinin “Müsavatçıya cavab” məqaləsinə əsaslanıb onu mühacir hesab etməmək də problemə doğru yanaşmamaqdan irəli gəlir. Opponentin başqa iradları isə Y.V.Çəmənzəminlinin “Anadolu istiqlal savaşına münasibətdə qeyri-korrekt davranışı” ilə bağlıdır. Bu barədə Ə.Ağaoğlunun oğlu S.Ağaoğlunun yazısına istinad edir. Əvvələn, bu faktın özü belə onun mühacir olmasına əsla təsir göstərə bilməz, çünki Y.V.Çəmənzəminli “Paris xəbərləri” qəzetində məqalələrlə çıxış etmişdir. İkincisi, o zamanlar uşaq olan S.Ağaoğlunun xatirəsinə əsaslanıb Y.V.Çəmənzəminlinin Anadolu istiqlal savaşının əleyinə olması fikrinə gəlmək doğru deyil, sadəcə bu mücadiləyə “soyuq davranıyordu” (S.Ağaoğlu), bundan başqa qeyri bir mənbə S.Ağaoğlunun  sözlərini təsdiq etmir, hətta bu fakt düzgün olsa belə, Y.V.Çəmənzəminlinin Fransadakı mühacirliyinə heç bir dəxli olmamalıdır.

 

N.Cabbarlının bəzi ədəbiyyatşünaslara (o cümlədən, bu sətirlərin müəllifinə) başqa bir iradı isə Gültəkinin Türkiyədə yazılmış poeziyasının mühacirət ədəbiyyatına aid olub-olmaması məsələsindədir. Məsələ burasındadır ki, doğrudan da Gültəkin rəsmi şəkildə mühacir olmamış, Türkiyəyə təhsil dalınca getmişdi. Lakin o Türkiyədə olarkən Cümhuriyyət süqut etmiş, bolşeviklərin repressiyasından yaxa qurtaran və Azərbaycan istiqlalı uğrunda çalışan siyasi, ədəbi, mədəni, yaxud sadə adamlar belə bu rejimdən baş götürüb öz həyatlarını mühacirətdə yaşamağa qərar vermişdilər. M.Ə.Rəsulzadənin İstanbula gəlişi ilə siyasi mühacirət təşkilatlanma prosesini həyata keçirmiş, çox qısa bir zamanda özlərinin mətbuat orqanlarını yaratmışdılar. “Yeni Kafkasiya”, “Odlu yurd”, sonralar “Yurd bilgisi” və digər mətbuat orqanlarında Azərbaycanla bağlı siyasi, ədəbi, mədəni, tarixi yazılar gedirdi. Mühacirət mətbuatı Azərbaycanda gedən prosesləri bir an da olsun gözdən qaçırmırdı. Bu, hər şeydən əvvəl, siyasi mühacirətin təşkilatlanmasından asılı idi. Burda dərc edilən yazılara, fikirlərə önəm verildiyindəndir ki, o zamankı Sovet mətbuatı dərhal cavab  verirdi. S.Rüstəm “Müsavatçıya cavab” poemasında “Öz “Odlu yurd”unda mirzəbalalar, Hər gün haqqımızda yalan balalar”,-deyə səslənirdi. Məsələ heç də onda deyil, məsələ iki cəbhənin formalaşmasında idi. Gültəkin də tələbə olmasına rəğmən, mühacirət mətbuatında özünün istiqlal poeziyası ilə çıxışlar edirdi. Özü də bu şeirlər siyasi tonu etibarilə  bütün şeirlərdən fərqlənirdi. Hətta cəsarətlə demək olar ki, məhz Gültəkinin şeirləri ilə Azərbaycan mühacirət poeziyasının əsası qoyulmuşdur. Onun şeirləri əvvəlcə “Yeni Kafkasiya”da, 1928-ci ildə “İstiqlal uğrunda” məcmuəsində, 1948-ci ildə isə Gültəkin adı ilə “Buzlu cəhənnəm” kitabında dərc olunmuşdur. Gültəkinin şeirləri nəinki Türkiyə mühacirlərinin arasında, hətta İkinci Dünya müharibəsi zamanı Azərbaycan legionerlərinin arasında da geniş yayılmış, dillər əzbəri olmuşdur. Son araşdırmalar nəticəsində isə məlum olmuşdur ki, Gültəkinin şeirləri hətta Yaponiyada olan türk mühacirlər arasında məşhur olmuşdur. 1931-ci ildə nəşr olunmağa başlayan Yaponiyadakı türk xalqlarının ortaq orqanı “Yani Yapone möxbire” dərgisində Gültəkinin “Azəri kommunistinə” şeiri dərc edilmişdir. Şeirlə yanaşı dərc edilən redaksiya yazısından da görünür ki, “İstiqlal uğrunda” məcmuəsi onların əlinə çatmış və burada əksəriyyəti Gültəkinin şeirləri olan parçalar mühacirət mətni kimi qəbul edilmişdir: “Əmin bəy (söhbət Məhəmməd Əmindən gedir-B.Ə.) Rəsulzadə Qafqaziya müsəlman istiqlalçılarının məşhur yolbaşçılarından olub, Azərbaycan istiqlal davasını tərvicedici “İstiqlal” qəzetəsini təhrir və nəşr etməkdədir. Məzkur məktub ilə bərabər Azərbaycan nəşriyyatından 8-ci san (saylı) şeirlər məcmuəsi nam (adlı) 166 səhifəlik “İstiqlal uğrunda” yazılmış bir kitabcıq idarəmizə gəldi”.

 

Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında da Gültəkinin istiqlal şeirləri bütün araşdırmalarda mühacirət ədəbi faktı olaraq təhlil edilmişdir. M.Ə.Rəsulzadə, Ə.Cəfəroğlu, M.B.Məmmədzadə, H.Baykara və başqaları onun şeirlərini mühacirət ədəbiyyatı kontekstində araşdırmış və bu baxımdan qiymət vermişlər. Tədqiqatçı alim Əli Şamil də 80-ci illərdən başlayaraq bu şeirləri mühacirət ədəbiyyatı olaraq təqdim edir. Mənim də “Bir istiqlal yolçusu  monoqrafiyamda şairin poeziyası məhz bu istiqamətdə araşdırılmışdır. Ancaq sən demə, “Gültəkinin bu şeirləri mühacirət ədəbiyyatı olaraq öyrənilə bilməzmiş, ona görə ki, Gültəkin rəsmi olaraq mühacir olmamışdır”. Halbuki o özü mühacir olmasa da, şeirləri yaranma arealı, çap məkanı, ruhu, mövzusu, problematikası baxımından tamamilə mühacirət ədəbiyyatıdır. Onun repressiya olunduğu zaman 37-ci ilin istintaq sənədlərində də “Yeni Kafkasiya”da şeirləri ilə çıxış etməsi ittiham kimi səsləndirilmişdi.

 

Gültəkinlə bağlı bir incə məqamı mütləq burada qeyd etmək yerinə düşərdi; o da Gültəkinin mühacirətə getməməsi və yenidən vətənə dönməsidir. Lakin burada bir məsələyə diqqət yetirmək lazımdır. Bakıdan İstanbula oxumağa Əmin Abid getmişdir. Gültəkin isə onun tamamilə gizli imzasıdır. Bu imza ilə o, ancaq siyasi şeirlər yazmış və bu şeirləri özünün də işlədiyi və maaş aldığı (bu barədə Ə.Şamilin sənədlərə söykənən araşdırması vardır!) mühacirət mətbuatında çap etdirmişdir. İkincisi, Ə.Abid Bakıya heç dönməyə də bilərdi, o zaman yazdıqları mühacirət, dönərkən qeyri-mühacirət poeziyasımı olur? Üçüncüsü, bir çox mühacirlərin həyatında geri dönmələr olmuşdur, o zaman onların yazdıqları mühacirlik statusunu itirirmi? Məsələn, rus mühacirət ədəbiyyatının bəzi nümayəndələri də geri dönmüşdülər, o zaman onların mühacirət yaradıcılıqları öz statusunu itirirmi? Soljenitsinin geri dönməsinin onun mühacirət dövrü yaradıcılığına hansı təsiri ola bilər?! Və dördüncüsü, Bakıya geri dönən Əmin Abid olmuşdur, Gültəkin isə İstanbulda “qalmış”, şeirləri dəfələrlə mühacirət dövriyyəsində, mətbuatında səsləndirilmişdir. Gültəkin adı isə həmişə gizli qalmışdır, ona görə ki, bu imza məhz onun mühacir imzasıdır. Bakıya geri döndükdən sonra da heç kim onun “Yeni Kafkasiya”da dərc edilən şeirlər müəllifi olduğunu bilməmişdir. Bütün bunlar onu göstərir ki, Gültəkin Ə.Abidin mühacirlik imzasıdır və mühacirət mətbuatında siyasi istiqlal şeirlərini bu imza ilə yazmışdır.

 

Ümmül Banu (Banin) də isə vəziyyət əksinədir; 1905-ci ildə Bakıda anadan olan məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi 1920-ci ildə hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra doğma vətənini tərk etmiş və Fransaya mühacirət etmişdi. Burada 15 yaşlı qız ögey anası ilə münasibətlərinin gərgin olması səbəbindən müstəqil həyata atılmış, satıcı, manekençi, katibə, tərcüməçi işləmiş və nəhayət yazıçı kimi məşhurlaşmışdır. O, Fransada əsasən rus mühacirləri qrupuna (Bunin, Tolstoy, Şalyapin, Teffi və b.) daxil olmuş,”Qafqaz günləri”, “Paris günləri”, “Bizimlə”, “Ernst Yungerin portreti”, “Mən opiumu seçdim” və s. məşhur əsərlərini yazmışdır. O, həm də burada rus, ingilis, alman dillərindən çevirilər etmiş və tərcüməçi kimi məşhur olmuşdur.

 

Baninin əlində rəsmi mühacir arayışı da vardır, ancaq N.Cabbarlı onun arayışını qəbul etməyərək mühacirət ədəbiyyatına aid etmir. Hətta onu mühacirət ədəbiyyatına aid edən professor V.Sultanlıya, Nailə Səmədovaya öz etirazını bildirir. Onun fikrincə, Baninin “yaradıcılığı, ümumiyyətlə Azərbaycan ədəbiyyatının hadisəsi, milli ruhumuzun ifadəsi deyil”. Belə çıxır ki, yazarların əsərlərində milli ruh olmadığı, yaxud doğulduğu torpaq, vətən haqqında xoşagəlməz ifadələr işlətdiyi üçün onları mühacirət ədəbiyyatı saymaq olmaz.

 

Gültəkinin poeziyasında milli ruh var, mühacir arayışı yoxdur, Baninin isə mühacir arayışı var, əsərlərində milli ruh olmadığı üçün N.Cabbarlı onu mühacirət ədəbiyyatına daxil etmir. Ancaq bunu vurğulamaq da kifayət edər ki, Baninin Parisdə Azərbaycan Assosiasiyasının üzvü olması, Dağlıq Qarabağ hadisələri başladığı zaman olduqca həyəcan yaşamasını təsdiq edən çoxlu sayda məlumatlar vardır. Fransanın kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ problemi ilə bağlı çoxlu məqalələri dərc edilmişdi. Dördüncüsü, yazıçının vəfatı xəbərini Fransanın “Fiqaro” qəzeti ilk fransızdilli azərbaycanlı yazıçı kimi məlumat vermişdi. N.Cabbarlının Moskvada nəşr olunmuş biblioqrafik göstəriciyə əsaslanaraq Banini fransız yazıçısı hesab etməsi yalnız təəccüb doğura bilər. Məsələyə bu cür yanaşma tamamilə səhvdir. Məhz bu yanaşma ilə də N.Cabbarlı M.Əsəd bəyi də mühacirət ədəbiyyatının nümayəndəsi hesab etmir. Beləcə “çıxdaş” etməkdənsə, onların yaradıcılığını elmi dövriyyəyə gətirmək yaxşı olardı. Onsuz da Banin, M.Əsəd bəy kimi mühacirlərin yaradıcılığı nəinki milli ədəbiyyatşünaslığımızda, eləcə də dünyanın müxtəlif ölkələrində Azərbaycan ədəbiyyatı nümunəsi kimi öyrənilir.

 

N.Cabbarlının fikrincə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadəni ona görə mühacirət ədəbiyyatı hesab etmək olmaz ki, onların bu dövrə aid bədii əsərləri yoxdur (zəhmət çəkib Türkiyə mətbuatını araşdırmaq əvəzinə “yoxdur” hökmü vermək asandır, halbuki Ə.Ağaoğlunun bu cür məqalələri çoxdur). Yox əgər ədəbiyyat dedikdə yalnız bədii ədəbiyyatı nəzərdə tutursa, bu da doğru deyildir. Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadənin onsuz da bədii əsərləri çox azdır. İndi buna görə onları mühacirət ədəbiyyatının nümayəndəsi hesab etməyək?! Bəs publisistika da ədəbiyyat deyilmi? Bəlkə, XX yüzilin əvvəllərindəki bütün publisistik nümunələri ədəbiyyat hesab etməyək? Yaxud onların yalnız bədii nümunələr yazdıqları dövrü mühacirət, qalan dövrlərini isə qeyri-mühacirət hesab edək?! Ən təəccüblüsü burasındadır ki, tədqiqatlarında israrla mühacirət ədəbiyyatının nümayəndəsi hesab etmədiyi bu şəxslərin yaradıcılığını bu gün rəhbərlik etdiyi şöbənin tədqiqat obyektinə daxil etməklə praktik şəkildə özünü təkzib etmişdir. Bu cür yanlışlıqlarla professor H.Quliyevin kitabını təftiş edən N.Cabbarlı son həmləsini edir: “H.Quliyevin sözü gedən kitabının Məhəmməd Əsəd bəy və mühacirət ədəbiyyatı problemləri” adlı IV fəslinin isə araşdırdığımız mövzu ilə bilavasitə əlaqəsi olmadığından, ondan bəhs etməyi lazım bilmirik”. Görəsən, mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi M.Əsəd bəyin mühacirət ədəbiyyatına niyə dəxli yoxdur?  Göründüyü kimi, N.Cabbarlı Banin kimi, M.Əsəd bəyi də Azərbaycan mühacirətinə daxil etmir.

 

Mən burada N.Cabbarlının Azərbaycan ədəbiyyatşünaslığında özünəməxsus yeri olan professorlar V.Sultanlı, H.Quliyev, B.Əhmədov, N.Səmədova və başqaları haqqında işlətdiyi “səthi”, “mühacirət ədəbiyyatından xəbərsiz”, “zərərli”, “ziyanlı”, “yanlış”, “səhv” və sair repressiv “37 leksikonu”nun qardaşı olan qeyri-etik ifadələrindən və tədqiqat boyu opponentlərinə qarşı elmdən kənar, hikkə, hiddət, qəzəb, kin, küdurət üslubundan bilərəkdən yazmadım. Sadəcə bir məsələyə təəssüf edirəm, bu cür ifadələr necə olur ki, elmi nəşrlərdə özünə yer edir...

 

P.S. Maraqlı cəhət orasındadır ki, N.Cabbarlının ciddi-cəhdlə tədqiqatlarında mühacirət ədəbiyyatının nümayəndəsi hesab etmədiyi M.Əsəd bəy, Ümmülbanu (Banin), Gültəkin və b. yaradıcılığı onun rəhbərlik etdiyi şöbənin əsas tədqiqat obyektlərindən biri olmaqla yanaşı, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə nəşrə hazırlanan yeddi cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının sonuncu cildində, çox doğru olaraq, mühacirət ədəbiyyatının nümayəndələri kimi portret oçerk verilməsi nəzərdə tutulmuşdur.

Bədirxan ƏHMƏDOV

 

 

525-ci qəzet.- 2016.- 30 dekabr.- S.22-23.