Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər

 

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Osmanlı imperiyasının öz iqtisadiyyatını və infrastrukturasını inkişaf etdirmək cəhdləri Avropa dövlətləri tərəfindən müəyyən qısqanclıqla qarşılanırdı.

 

Elə təsəvvur yaranırdı ki, Türkiyənin hansısa böyük proyekti həyata keçirməyə səlahiyyəti yoxdur. 1891-ci ildə Türkiyə Almaniya tərəfindən nəzarət edilən Anadolu dəniz yolu kompaniyasına Bağdaddan keçməklə, öz şəhəri Konyadan Bəsrəyə qədər dəmir yolu çəkmək üçün konsessiya verdi. Bu layihə Avropa dövlətləri arasında gərginlik yaratdı. Böyük Britaniya və Rusiya Almaniya tərəfindən özlərinin Kiçik Asiyadakı maraqlarına təhlükə hiss etdilər. Şərqi böhranla əlaqədar olaraq Almaniya imperatoru II Vilhelm İstanbulda türk sultanı II Əbdül Həmidlə görüşdü. İmperatorun birbaşa müdaxiləsindən sonra dəmir yolunun tikintisi barədə danışıqlar siyasi xarakter aldı.

 

1908-ci ildə baş verən gənc türklər inqilabı Osmanlı imperiyasını daxili böhrana cəlb etdi, inqilab II Əbdül Həmidin avtokrat rejiminə son qoydu. O, siyasi sahədə mühüm güzəştlərə getməyə məcbur olsa da, 1909-cu ildə taxt-tacdan uzaqlaşdırıldı. İnqilabın uğrunda həlledici rolu 27 yaşlı zabit və siyasətçi Ənvər Paşa oynadı. Üsyana onun özü və silahdaşı Mustafa Kamal başçılıq etmişdi. Gənc türklər əcnəbilərin ölkədə ağalığına qarşı çıxış edir, idarəçiliyin mütləqiyyət formasını rədd edir, liberal konstitusiya dövləti prinsipini müdafiə edirdilər. Ənvər Paşa Türkiyəni Birinci Dünya müharibəsi illərində idarə edən triumviratın başçısı, müdafiə naziri oldu. Ermənilərin Azərbaycana təcavüzü vaxtı, 1918-ci ildə hərbi kömək göstərmək üçün Ənvər Paşanın qardaşı Nuru Paşa ordusu ilə buraya gəlir və azərbaycanlılara böyük kömək göstərir. Ənvər Paşa isə sonralar Orta Asiyaya keçib, orada Sovet quruluşuna qarşı basmaçların müqavimət hərəkatına qoşuldu və Qızıl Ordu ilə toqquşmada 1922-ci ildə həlak oldu.

 

1912-ci ildə Balkan İttfaqında birləşmiş dövlətlər - Bolqarıstan, Serbiya, Yunanıstan və Çernoqoriya Osmanlı imperiyasına qarşı müharibəyə başladılar. Onların məqsədi Balkanlarda türk ağalığına son qoymaq və yeni ərazi bölgüsünü aparmaq idi. Avropa dövlətlərinin ekspansionizmi və Balkan xalqlarının müstəqillik qazanmaq cəhdləri daim gərginlik yaradırdı. Türkiyəyə qarşı yönələn Balkan ittifaqı da bu məqsədə yönəlmişdi. Rusiya imperatoru ümid edirdi ki, Balkanlarda türk ağalığının ləğv edilməsi ilə Rusiyanın təsiri artacaqdır. Əslində onun ümidi puç oldu. Üç il sonra Bolqarıstan düşməni saydığı Osmanlı imperiyası ilə birlikdə Birinci Dünya müharibəsinin gedişində Üçlük ittifaqına - Almaniya və Avstriya-Macarıstan blokuna (müharibədən əvvəl İtaliya da bu blokda idi, lakin 1914-cü ildə neytrallıq elan edib, bir il sonra isə öz əvvəlki müttəfiqlərinə müharibə elan etdi) qoşularaq Antantaya - Böyük Britaniya, Fransa və Rusiyaya qarşı müharibə aparırdı.

 

Avqustun 1-də Rusiyadakı alman səfiri ölkəsinin xarici işlər nazirinin müharibənin elan olunması barədəki notasını bu dövlətin XİN-ə təqdim etdi. 2-4 avqustda alman hərbi birləşmələri Belçikaya daxil oldular. Almaniya Fransa və Rusiyaya müharibə elan etməklə, növbə ilə onları darmadağın etmək istəyirdi. Fransanı məğlub etmək üçün məhz Belçikaya girişmişdi. Fransız ordusunu mühasirəyə aldıqdan sonra onlar bütün qüvvələrini Rusiyaya qarşı yönəldəcəkdilər.

 

Osmanlı imperiyası da Antantaya qarşı müharibəyə qoşuldu, Almaniyanın müttəfiqi kimi Qara dənizdəki rus limanlarını türk hərbi gəmiləri atəşə tutdular. Ona görə də Antantanın üzvləri - Böyük Britaniya, Fransa və Rusiya İstanbul hökumətinə müharibə elan etdilər. Osmanlı imperiyasının Üçlük ittifaqı tərəfində müharibəyə girməsi Antanta ölkələri, birinci növbədə Böyük Britaniya üçün ciddi problemlər yaradırdı. Çünki türk qoşunlarının Misirə və Süveyş kanalına doğru irəliləməsi Hindistandakı Britaniya torpaqlarının təchizatını həyata keçirən yollara təhlükə törədirdi. Rus donanması Qara dənizdə bağlanıb qalmışdı, axı Dardanel düşmənin əlində idi. Lakin Rusiya da öz növbəsində Bosfor boğazını bağlamışdı, bu yolla alman gəmilərinin Qara dənizə girmələrinin qarşısını almışdı.

 

Osmanlı imperiyasının dağılmasına ümid edən Fransa və Böyük Britaniya onun Antantaya qarşı müharibədə iştirakının intiqamı kimi gizli müqavilə bağlamışdılar. Bu müqavilə Yaxın Şərqdə Üçlük ittifaqı dövlətlərinin maraqlarını məhdudlaşdırmaq məqsədini güdürdü.

 

Türkiyə əleyhinə mübarizədə ingilislər bütün vasitələrə əl atır, ərəbləri və yəhudiləri Osmanlı imperiyasına qarşı çıxmağa sövq edirdilər. Bu işdə Böyük Britaniya öz kəşfiyyatçılarından da məharətlə istifadə edirdi. İngilis kəşfiyyatçısı Tomas Eduard Lourens (Lourens Ərəbistanlı) Məkkə hökmdarının və onun oğlunun etibarını qazanıb, Hicaz ərəb tayfasını 1916-cı ildə Türkiyəyə qarşı üsyana qaldırdı. Partizan müharibəsi gedişində ərəb tayfaları xeyli irəlilədilər və Akabanı tuta bildilər. 1917-ci ildə artıq ərəb dövlətlərinin kralı elan edilmiş Huseyn ibn Əli paytaxtı Məkkə olmaqla, müstəqil Hicaz krallığının yaradıldığını elan etdi.

 

Ərəb üsyanının təşkili İntellicens servisin (Britaniya kəşfiyyatının) Qahirədəki Ərəb bürosunun işi idi, arxeoloq Lourens 1916-cı ildən başlayaraq onun agenti kimi xidmət edirdi. Özünün Yaxın Şərqdəki tam macəralarla dolu olan illərini o, sonralar özünün “Müdrikliyin yeddi dayağı” kitabında təsvir etmişdi. Hicazın müstəqilliyi Ərəb şərqindən, xüsusən müsəlmanların müqəddəs yerlərindən Türkiyənin uzaqlaşdırılması Osmanlı imperiyasının mövcudluğuna ağır zərbə idi və gələcəkdə bu zonada imperiyanın uğursuzluğunun “domino” prinsipinə dönəcəyi təhlükəsi yaradırdı.

 

Böyük Britaniyanın xarici işlər naziri Artur Ceyms Balfur 1917-ci ildə Britaniya sionist təşkilatının lideri lord Uolter Rotşildə göndərdiyi məktubda Palestinada yəhudilərin “milli ocağını” yaratmağa tərəfdar olduğunu bildirmişdi. Məktubda həm də qeyd edilmişdi ki, Palestinada yəhudi millətindən olmayan bütün vətəndaşların hüquqlarına hörmətlə yanaşılmalıdır. 1920-ci ildən isə Palestina Böyük Britaniyanın idarəçiliyinə keçmişdi.

 

Birinci Dünya müharibəsi 11 noyabr 1918-ci ildə başa çatdı. Müharibənin gedişində 8 milyon adam həlak olmuş, 2 milyon yaralanmış, 6,5 milyon nəfər əsirlikdə olmuşdu. Mövcud monarxiyaların çoxu dağılmış, dünyanın yenidən bölünməsi baş vermişdi.

 

Habsburq, Osmanlı, Rusiya və Almaniya imperiyaları məhv olmuşdu. 1920-ci il Sevr müqaviləsi Osmanlı imperiyasının bölünməsini rəsmiləşdirdi, imperiya faktiki olaraq bütün əldə etdiyi torpaqlardan məhrum oldu. Yalnız 1923-cü ldəki Lozanna konfransında Karfagen sülhünə bənzər Sevr müqaviləsinin müddəalarına Türkiyənin xeyrinə olmaqla yenidən baxıldı.

 

1922-ci ildə Böyük Milli Məclis sultanlığın ləğv edilməsi barədə qanun qəbul etdi, 29 oktyabr 1923-cü ildə isə ölkə respublika elan edildi. Türkiyənin paytaxtı Ankara oldu. 1924-cü ildə keçmiş quruluşun axırıncı nişanəsi olan xilafət ləğv edildi. Sonrakı onillikdə islahatlar seriyası həyata keçirildi, onlardan məqsəd ölkəni “avropalaşdırmaq” idi. İqtisadi və ictimai həyatın sekyurilaizasiyası, müsəlman hüququ normalarının ləğv olunması, dinin dövlətdən ayrılması, Avropa təqviminin tətbiq edilməsi baş verdi.

 

Keçmiş Osmanlı imperiyası əvəzinə 1923-cü ildə yaradılan Türkiyə Respublikasının ilk prezidentliyinə Atatürk adını alan Mustafa Kamal seçildi. O, Anadoluda milli hərəkata başçılıq etmişdi, sonrakı illərdə respublikanın tam müstəqilliyini təmin etdi. O, İstanbul hökuməti ilə bütün əlaqələri kəsdi. Mustafa Kamalın rəhbərliyi altında milli-azadlıq hərəkatı Lozanna sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Türkiyə Kiçik Asiyanı və İstanbulu, həmçinin Şərqi Trakiyanı aldı. Kiçik Asiyanın yunan əhalisi Yunanıstana köçürülməli, Balkan ölkələrində yaşayan türk əhalisi isə Anadoluda məskunlaşmalı idi. Atatürk xarici siyasətdə Birinci Dünya müharibəsində qalib gələn dövlətlərlə, birinci növbədə, Fransa və Böyük Britaniya ilə bərabərhüquqlu münasibətlər saxlamağa çalışırdı.

 

Mustafa Kamal Atatürk 1938-ci ildə öldükdən sonra ölkəyə İsmət İnönü rəhbərlik etdi. Türkiyə 1960-cı və 1980-cı illərdə hərbi çevrilişlərlə üzləşdi. 1920-ci illərdə demokratik yola qədəm qoyan bu ölkə iqtisadi cəhətdən inkişaf etməyə başadı. XXI əsrin əvvəllərindən isə Türkiyənin iqtisadi sahədə iri addımlaması müşahidə olunur.

 

İranda şah Böyük I Abbas taxt-taca çıxdıqdan sonra öz iqamətgahını Qəzvindən İsfahana köçürdü. Şah Abbasın hakimiyyəti dövründə - XVII əsrin əvvəllərində paytaxt böyüdü və inkişaf etdi. Şəhəri çoxlu möhtəşəm məscid binaları, Qeysəri bazar portalı və Əli-baba sarayı bəzədi. I Abbaş ordunu və inzibati idarəçiliyi yenidən qurdu, Türkiyə ilə uğurlu müharibələr apardı, Böyük Moğollardan Kandaqarı döyüşlə aldı, portuqaliyalıları Persiya körfəzindəki Ormuz adasından qovdu. Persiyanın əvvəlki qüdrətini bərpa etmək məqsədilə Persiyanın qüdrətli hökmdarı I Dara kimi şah Abbas güc tətbiq etmə siyasətini diplomatiya ilə məharətlə əlaqələndirirdi. Osmanlı imperiyası ilə uzun illər davam edən müharibələrdən sonra o, 1612-ci il müqaviləsi ilə Zaqafqaziyanın xeyli hissəsini, Kürdüstanı, Qərbi Əfqanıstanı, həmçinin Mosul və Bağdad şəhərlərini Persiya dövlətinin haikimiyyəti altına qaytardı.

 

Dövlətin sərt mərkəzləşdirilməsini həyata keçirməklə, I Abbas güclü qoşunun yaradılmasına xüsusi qayğı göstərirdi. Süvari dəstəsinə və piyadalara, həmçinin artilleriyanın tətbiqinə böyük diqqət verirdi. Qoşunda Zaqafqaziyanın müxtəlif rayonlarından qovulub gətirilmiş və islama keçirilmiş əsir xristianlar xidmət edirdi. Şah Abbas əcnəbi müşavirlərin köməyindən həvəslə istifadə edirdi. Belə ki, artilleriya yaradıldıqda perslərə iki ingilis mütəxəssisi olan qardaşlar köməklik göstərmişdilər.

 

İngilis Ost-İndia kompaniyasının gəmiləri Ormuzun tutulmasında persləri dəstəkləmişdilər. Bunun əvəzində ingilislər Persiyada rüsumsuz ticarət aparmaq səlahiyyətinin verilməsi və bir sıra şəhərlərdə ticarət kontorlarının açılmasını tələb etmişdilər.

 

Lakin şah Abbas hakimiyyət uğrundakı mübarizədə vasitələri seçməkdə anlaşılmazlığa yol verirdi. Belə ki, özünün güman edilən rəqiblərini kənarlaşdırmaq üçün o, qardaşlarının kor edilməsinə və öz böyük oğlunun qətlə yetirilməsinə göstəriş vermişdi.

 

1722-ci ildə Persiyaya soxulmuş əfqan tayfalarının təzyiqi altında 1501-ci ildən ölkədə hökmranlıq edən Səfəvilər sülaləsi süqut etdi. Bu sülalənin ən görkəmli hökmdarı, əlbəttə ki, şah Böyük Abbas idi. O, 1629-cu ildən ölənə qədər 42 il taxt-tacda olmuşdu. İqtisadiyyatın və mədəniyyətin inkişafına xeyli şərait yaratmışdı. Onun varisləri heç də belə uğur qazana bilməmişdilər. I Abbasın topladığı var-dövlət Persiya hökmdarlarını xarici təhlükəni unutmağa sövq etmişdi, onlar əfqan hücumuna hazır olmadıqlarından onlara müqavimət göstərmədilər. Səfəvi şahı Hüseyn, Persiyanın mühafizəsinə könüllü daxil olmuş əfqanlara böyük sərbəstliklər vermişdi. Şah imperiyanın maliyyə böhranını yeni vergilərlə həll etmək istədikdə, 1709-1721-ci illərdə ölkədə üsyan baş verməsinə səbəb oldu. Şah Əfqanıstana ciddi təsir göstərməyə çalışdı, lakin onlar uğurla müqavimət göstərdilər və hücumun gedişində Səfəvi sülaləsini devirdilər.

 

1736-cı ildə özünü İranın şahı elan etmiş Nadir şah da hücumçu siyasəti davam etdirdi və Dehli şəhərini qarət etməklə, Şimali Hindistanın böyük hissəsini tutdu. Bu vaxtdan da Hindistanda Böyük Moğolların dövləti parçalanmağa başladı. Nadir şahın Dehlidən İrana gətirdiyi daş-qaşlar içərisində füsunkar Tovuz taxtı da var idi. Bu taxt incəsənətin əsl pərəstişkarı olan Böyük Moğol hökmdarı Şah Cahanın sifarişi ilə onun qüdrətinin simvolu kimi düzəldilmişdi. Nadir Xorasanda anadan olmuşdu, şah II Təhmasibin xidmətinə girmişdi və İrandan əfqanları qovmuşdu. Qafqazda türklərə qarşı bir sıra uğurlu yürüşlərindən sonra Nadir şah Səfəvi sülaləsinin axırıncı hökmdarı III Abbası devirib, özünü şah elan etmişdi.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2016.- 30 dekabr.- S.20.