Etiraf məktubu
“525-ci qəzet”in redaksiyasına.
Hörmətli Rəşad müəllim,
bu yazını Sizə ünvanlamaqda məqsədim özümə
yaraşdırmadığım bir hadisədən söz açmaqdır.
İctimai Televiziyanın 6 dekabr
2016-cı il tarixli “Yadigarlar” verilişi sevimli şairimiz Tofiq Bayrama həsr olunmuşdu. Verilişə şairin bacısı
Svetlana Bayramova və mən də dəvət olunmuşdum.
Şairin yaradıcılığına
yaxşı bələd
olduğumdan və haqqında kitab yazdığımdan böyük
məhəbbətlə onun
“Valokardin”, “Qadın ürəyi”, “Vağzalı
çalınır”, “Ay gecikmiş
məhəbbətim”, “Cavanlığım”,
“Təyyarə” və
s. gözəl
şeirlərindən, Hüseyn Arifə, İsi Məlikzadəyə,
Anara həsr etdiyi, onların obrazlarını məharətlə
yaratdığı dostluq
sarjlarından söz açdım, onları əzbərdən dedim.
Sonra şairin
Rəsul Həmzətov,
A.Tvardovski və Qaysın Quliyevdən tərcümələrindən söz saldım. Qaysın
Quliyevdən tərcümə
etdiyi şeirdən dörd misranı
əzbərdən dedim:
Qoy şirin yuxuna girsin gecələr,
Sənin ürəyincə olan bir həyat.
Ləkəli deyilsə vicdanın
əgər,
Sən arxayın yat!
Sonra isə Tofiq Bayramın 2-ci kursda oxuyarkən (1956) yazdığı 12 bənddən
ibarət “Dağlar” qoşmasını yada saldım.
Oxucularda
düzgün təsəvvür
yaransın deyə qoşmanın bəzi bəndlərinin son iki misrasını burada verməyi münasib bildim:
Əyilib
su içdim qaynar döşündən,
Oldum körpə
kimi analı, dağlar.
lll
Ən gözəl əsərsən,
ən böyük rəssam,
Ey Səttar
fırçalı, boyalı
dağlar.
lll
Ələsgərin sözü səndə
qalıbdır,
Sənsən şeir qədər mənalı dağlar.
lll
Sanki Dədə Şəmşir
oxuyur pəsdən,
Yuxuya verməyə
maralı dağlar... və s.
Bəli, bu gözəl misralar 2-ci kurs tələbəsinin ürəyindən süzülüb gəlmişdir.
Təsadüfi deyildir ki, Xalq şairi Səməd Vurğun onun istedadını duymuş və yazmışdır: “Bu gəncin dili səlis, misraları ləngərlidir”.
Tofiq Bayramın poeziyası, eləcə də “Dağlar” qoşması məni özümdən ayırmışdı, coşmuşdum. İnsan çox əsəbi olanda, bir də coşanda bəzən nitqini idarə edə bilmir, dili çaşır. Mənim də dilimdən xəta çıxıb. Bəzi şairlərin “Dağlar” qoşmasından Tofiq Bayramın “Dağlar”ının üstün olduğunu, o sıradan da Aşıq Ələsgərin qoşmasından - demişəm...
Veriliş gedən günü yaxın qohumumun toyu olduğundan verilişə baxa bilməmişdim. Səhərisi gün professor Şirindil Alışanov və 1955-ci ildə Səməd Vurğun Kəlbəcərdə olarkən Turşsu bulağından şairə su gətirən, indi Dillər Universitetinin qocaman müəllimi Səfər İskəndərli zəng edərək verilişi çox bəyəndiklərini, lakin Aşıq Ələsgərlə bağlı başqa fikirdə olduqlarını bildirdilər. Düzü söhbətin nədən getdiyini anlamadım.
Dekabr ayının 18-də veriliş yenidən göstərildi. Verilişə baxanda soyuq tər məni basdı. Ürəyimdən bir sızıltı keçdi. Axı, mən Aşıq Ələsgərin “Dağlar” qoşmasına Səməd Vurğunun necə böyük qiymət verdiyini bildirdim.
Aşıq Ələsgərin bacısı oğlu Aşıq Nəcəf yazır ki, 1955-ci ildə Səməd Vurğun İstisuya gələn vaxtı Göyçədən bir neçə aşıq onun görüşünə gəlmişdik. Açıq havada yaxşı bir məclis qurulmuşdu (11 yaşlı Səfər şairə bulaqdan suyu bu məclisə gətirmişdi). Şəmşir başda olmaqla məclisdə Kəlbəcərin cavan aşıqlarından da vardı. Hamımızın nəzəri Səməd Vurğunda idi. Onun hər bir hərəkətini izləyirdik, elin bu sadə oğlunda qeyri-adilik axtarırdıq.
Şairin xahişi ilə aşıqlardan biri Aşıq Ələsgərin “Dağlar” sözünü oxudu. Sonra Səməd Vurğunun “Dağlar” sözünü oxumağa başladı.
Səməd Vurğun buna etiraz edib dedi:
- Aşıq qardaş! Ələsgərin “Dağlar”ından sonra ayrı “Dağlar” oxumazlar... Şairin nə dediyi hamımıza aydın olsa da, şair sözünə davam etdi:
- “Düzdü, biz də yazırıq, amma elə olur ki, dörd misra yazanda, bəzən ikisi xoşumuza gəlmir, pozub özgə misra yazırıq. İndiki şairlər nə yazsa, elmin gücünə yazır. Şairlərimizin yazdıqları yerin dərin qatlarından çıxarılmış artezian suyuna, yazı-pozu bilməyən Aşıq Ələsgərin şeirləri isə dağların sinəsindən təbii qaydada axıb gələn bulaqlara bənzəyir. Mən onun belə qoşmalarının bədahətən yaradıldığına şübhə etmirəm. Onunku haqq vergisidir”.
Həqiqətən də Böyük Yaradan Aşıq Ələsgərə qeyri-adi, müqayisəyə gəlməz istedad bəxş etmişdi. Hətta Aşıq sənətinin zirvəsində bərqərar olan Qurbanı, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh, Şəmkirli Hüseyn, Aşıq Alı, Molla Cümə, Bozalqanlı Hüseyn kimi nəhənglər arasında Aşıq Ələsgər zirvəsi möhtəşəmliyi ilə seçilir və apaydın görünür.
Təsadüfi deyildir ki, Sovet dönəmində Öndərimiz Heydər Əliyevin səyi nəticəsində Aşıq-şairin 150 illik yubileyi Kremlin Qurultaylar Sarayında təntənəli şəkildə qeyd olunmuşdu.
Aşıq Ələsgər qüdrətli şair idi. Bəstəkarlarımız onun sözlərinə onlarca mahnılar bəstələmişlər. Həmin mahnılar dillər əzbəri olmuşdur.
Aşıq Ələsgər xalqın qəlbində ədəbi məskən salan ölməzlik qazanan azsaylı xoşbəxt sənətkarlardandır. Aşıq sənətinə, sənətkarlara dair tədqiqatlar apardığımdan, Aşıq Ələsgərin dahiliyini dərindən duyduğumdan yersiz müqayisəyə görə heyfslənir və təskinliyi aşıq sənətini, Ələsgər poeziyasını sevən oxuculara bu mətləbi çatdırmaqda tapıram.
20.12.2016
Qəzənfər PAŞAYEV
Professor
525-ci qəzet.- 2016.- 30 dekabr.- S.18.