BİR GÜLÜŞ, MİN ÖLÜŞƏ ƏVƏZDİR...

 

 

 

 

Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub.

 

Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.

 

Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.

 

 

Yarım gülsün könlüncə; o həmişə xoşbəxt olsun ömrümcə.

 

Bir sabah gülüşü üçün min dəfə ölsəm az. Sevdamla, sevdiyimlə mənə hər mövsüm yaz.

 

Gözlərimdə bir dünya var mənim.

 

Yarımdan başqasına gözlərim həmişə divar olub mənim.

 

Könlümün gizli künclərində əllərinə, qoxusuna öldüyüm; ürəyinə, gözlərinə vurulduğum heç bir şeyinə doya bilmədiyim biri var.

 

Göz bəbəyim, qıya bilmədiyim bəbəyimsən sən yar! Saxlasam da, gizləsəm də, yazdıqlarım səni edər aşkar.

 

Ey hər şeyi eşq ətri verən sevgili! Mən eşqlə; mən eşqinlə, sevdanla, varlığınla varam. Mövlanın izni ilə, yarım, mən əbədiyyətə qədər və sonra da yalnız sənə məxsusam.

 

Yarın gülüşü; onun şən ürəyi cənnət mənə. Rəbbim bağışlasın, lakin onsuz aldığım hər nəfəs qiyamət mənə. O gülüncə qəlbim fərəhə qaçar; o xoşbəxt olsun, ruhum və ürəyim coşar.

 

Onunla aldığım hər nəfəs; hər an bir əsrə əvəz; onsuz susan dilim; onsuz atan qəlbim hər dəm, yalnız hər an yarımçün darıxar.

 

Onun gülüşü gülləri, onun gözləri ulduzları, onun baxışı dəryaları qısqandırar. Çox düşündüm, çox axtardım, lakin tapa bilmədim; mənim könlümü yardan başqa, görəsən, nə aldadar? Gözümün gördüyü hər şey Rəbbimdən sonra niyə bu qədər həmişə yarı xatırladır?

 

Sözlərim və hallarım vulkanlar bəsləyər; atəş atəşliyindən utanır içimin yanğınında. Ah bu gecələr boyu duyduğum səslər; içimdəki hüzün ağacının budaqlarını bir külək kimi yelləyib həmişə həsrət nəğməsi söyləyər.

 

İbrahim kimi qorxmaz içim atəşdən; bilirəm ki, atəşin içindəki qor belə qorxar eşqə təslimiyyətimdən.

 

Ey Ucalar Ucası! Ey eşqin və hər şeyin sahibi! Nəsib etdiyin taleyə təsliməm mən; dualarla şükrdə; zikrlərlə hər zaman yalnız səni anaram mən.

 

Yarım gülsün könlüncə; o həmişə xoşbəxt olsun ömrümcə. Razıyam onun bir gülüşü üçün min dəfə ölməyə; razıyam onunla ağrını, kədəri, sevinci ikiyə bölməyə.

 

Səndən diləyim, aşiq olduğum yarın həm dünyasını, həm də əbədiyyətini icazənlə mənə ver. Ey Rəbbim! Hansı aşiq sevdiyini səndən sonra mənim qədər çox sevir?

 

Dayandığım sənsən, güvəndiyim yalnız sən. Şükürlər olsun Rəbbim verdiyin nemətlərə; həmdü-sənalar olsun verəcəklərinə. 

 

Gecələri zəncirləyə bilsəm ağlımda,

Bir susdura bilsəm, qaldırımlarda yürüyən addımları.

Əlimi vursam bir quş kimi

Ayrılığı məhşərədək assam vüsal ağacına.

Adını yazsam tərk edilmiş divarlara

Dinərmi içimdəki özləmin?

Ah bir sönsə bilinməzləri yaxan bəlirsizlik

Dursa, çağlamasa, içimdəki düşüncələr.

Ah bir pozulsa, səsinlə səssizlik...

Mənim ən böyük dərdim

Nədir bilirsənmi yar?

Sən-siz-lik...

 

ONA DAİR...

 

Nədir deməyin, anlada bilmərəm;

 

nəyə bənzəyir deməyin,

 

başa sala bilmərəm.

 

Bir rayihə duyuram hər dəm, heç kəsilməyən, uzanıb məhşərə doğru gedən Qalu-bəladan əsən; edirəmsə edim xilas ola bilmirəm o əfsunlu haldan.

 

Ciyərlərimə çəkmişəm o qoxunu  nəfəs kimi hər telində ayrı bir nəğmə. Bir müəmmaya düşdüm naməlum; çıxışı yoxdur ki, düşdüyüm dibsiz quyunun.

 

Açımı mümkünsüz bir sirr olur xülyalarımda; ayrılığına dəli kimi oluram, susur sükuta təslim oluram səssizcə.

 

deyə soruşmayın, o bir sirr. O həsrətim mənim, bir dəfə görə bildiyim həsrətim. O eşq; o istək sadəcə anladılmayan. Bir sarmaşığa sarılırsınız sevdalanırsınız sadəcə olaraq. Mənimki elə bir eşq sanki...

 

Hərdən harada gizli olduğunu bilirsiniz cövhərin, qıya bilmirsiniz onu çıxarmağa, mənimki elə bir hal sanki. Məni məndən alan bilmədiyim diyarlara uçuran o imiş.

 

Susmaq gözləmək sevdaya yaraşır bilirəm; amma insan bəzən susmaq, gözləmək istəyir. Külək əsincə, yağış yağınca o gəlir ağlına. Gülüncə bir göz onu axtarır, hər şey yarımçıq qalmış olur onsuz bir dəryaya düşən könlüm, dəryada belə qalır susuz.

 

Çox şey anlada bilərəm əlavə olaraq, çox şey yazıla bilər, amma hansı söz, hansı nəğmə; hansı şeir onun qədər gözəldir ki. Hansı rəng; hansı qoxu; hansı əfsun çözülsə , onun qədər cəlbedici onun qədər cazibədar ki.

 

Dediyim kimi, bir dəfə görmək nəsib oldu mən məndən keçdim onunla. Bir daha görməsəm olar, lakin könül sevda atəşinə bir dəfə düşdümü həmişə yanmaq istəyir.

 

Nədir deməyin, izah edə bilmərəm; nəyə bənzəyir deməyin, təsvir edə bilmərəm. Yuxular izah edilərmi heç? Həm anlatsam da inanmazsınız ki.

 

Ona qarşı dodaqlarımdakı şövq bitməz, tükənməz həzzi bir dəfə daddısa; ruhum, nəfəsim onunla bir dəfə görüşdüsə; xoşbəxtlik və huzurum ona bir dəfə qarışdısa; onunla ovunuram artıq.

 

Mən onun həsrətiylə sərxoş bir halda gözləyərəm də; di gəl ki, o mənsiz necə dözür, onu maraq edirəm həmişə?

 

Qorxuram bəli, çox qorxuram, onun həsrətin alovu ilə tutuşmasından və onsuz qalmaqdan.

 

Bu istək, bu arzu; bu həsrət məni ona ram etdi; yandırdı kül etdi, lakin Əslini də Kərəmə qovuşduran o deyildimi?

 

Onun yoluna canım fəda.

 

Şükr edən bir qul üçün həyat bir bərəkətdir,

İnanmayanlar üçün dünyalıq olan dərddir.

Mövladan gəlir hər şey qarşı qoymam mümkünmü?

Fani olanlar bilir sonsuzluq nəhayətdir.

 

Mehmet Nuri PARMAKSIZ

 

525-ci qəzet.- 2016.- 30 dekabr.- S.18.